Alfred Bester (18.12.1913-30.09.1987)–ABŞ-da, Nyu-York şəhərində doğulub. Pensilvaniya Universitetini bitirib. İlk qısa hekayəsi “Pozulmuş aksiom” 1939-cu ildə həvəskar hekayələri müsabiqəsində qalib olduqdan sonra “Thrilling Wonder Stories”də çap edilib. 1942-ci ildən o, “DC Comics”də “Superman”, “Green Lantern” və digər sərlövhələrin müəllifi kimi çalışmağa başlayıb. Elmi-fantastik əsərlərin müəllifi 1953-cü ildə “Məhv edilmiş adam” romanına görə “Hugo Award” mükafatının birinci yerinə layiq görülüb. “O kimdir?” (1953), “Məhv edilmiş adam” (1953), “Yer kürəsinin qaranlıq tərəfi” (1964), “Alfred Besterin omnibusu” (1967), “Kompyuter əlaqəsi” (1975), “Yalançılar” (1982), “Virtual qeyri-reallıqlar” (1997) və digər çoxsaylı qısa hekayələr, roman kitablarının müəllifidir. Radio sahəsində “Kölgə”, “Çarli Çan”, “Detektiv Nik Karter” və başqa verilişlərin ssenarilərini yazıb. 1950-1970-ci illərdə “Holiday” jurnalında baş ədəbi redaktor vəzifəsində çalışıb.
Qoca
- Keçmişdə, - Qoca dedi, - Birləşmiş Ştatlar da, Rusiya da, İngiltərə də, İspaniya da, Rusiya da, İngiltərə də, Birləşmiş Ştatlar da vardı. Ölkələr. Suveren dövlətlər. Millətlər. Xalqlar.
- Qoca, xalqlar indi də var.
- Sən kimsən? – Qoca qəfildən soruşdu.
- Tomam.
- Tom?
- Yox, Tom.
- Elə mən də “Tom” dedim.
- Qoca, siz düz tələffüz etmədiz. Başqa Tomun adını çağırdız.
- Siz hamınız Tomsuz, - Qoca qaşqabaqlı dedi.– Hər bir Tom… hamısı eynidir.
O, gün altında yırğalanaraq və bu gəncə nifrət edərək əyləşmişdi. Onlar hospitalın eyvanında idilər. Qarşıdakı küçə nə isə gözləyən, bayram libaslı adamlar, qadınlar, kişilərlə dolu idi. Gözəl ağ şəhərin hansısa küçəsində kütlə uğuldayır, həyəcanlı səslər yavaş-yavaş bura yaxınlaşırdı.
- Onlara bir baxın, – Qoca hədələyici tərzdə əsasını silkələdi, – hamısı Tomdur. Hamısı Deyzdir.
- Yox, Qoca. – Tom gülümsədi.– Başqa adlar da var.
- Mənim yanımda yüzlərlə Tom olub, - Qoca qışqırdı.
- Biz çox vaxt eyni adı işlədirik, amma başqa cür tələffüz edirik. Mən Tom deyiləm, nə də Tom və ya Tom. Mən Tomam.
- Bu nə səs-küydür? – Qoca soruşdu.
- Qalaktika Səfiridir, - Tom izah edirdi. – Siriusdan, Orionda belə bir ulduz var, gəlib. O, şəhərə daxil olur. İlk dəfədir ki, Yerə bu cür şəxsiyyət gəlir.
- Keçmişdə, -Qoca dedi, -əsl səfirlər olurdu. Parisdən, Romadan da, Berlindən də, Londondan da, Parisdən də, həm də… Onlar təmtəraqla, təntənəli surətdə gələrdilər. Müharibə elan edirdilər, sülh bağlayırdılar. Mundirlər və qılınclar və… və mərasimlər. Maraqlı vaxtlar idi! Cəsarətli dövr idi!
- Qoca, bizim dövr də maraqlı və cəsarətlidir.
- Yox! –qoca əsasını qəzəblə silkələdi.- Nə ehtiras var, nə sevgi, nə qorxu, nə də ölüm. Sizin damarlarınızda qaynar qan qalmayıb. Siz məntiqsiz. Siz özünüz ölümsüz! Siz hamınız Tomsuz. Hə.
- Yox, Qoca. Biz sevirik, hiss edirik, biz çox şeydən qorxuruq. Biz ancaq özümüzdəki pisliyi məhv etmişik.
- Siz hər şeyi məhv etmisiz! Siz adamı məhv etmisiz!- Qoca qışqırdı. Titrəyən barmağını Toma tuşladı.– Sən! Sənin…necə deyirdilər…qan damarlarında nə qədər qan var?
- Ümumiyyətlə yoxdur, Qoca. Mənim venalarımda Taymer məhlulu var. Qan radiasiyaya tab gətirmir, mən isə radioaktiv maddələri tədqiq edirəm.
- Qan yoxdur. Sümüklərin də yoxdur.
- Qalanı da var, Qoca.
- Nə qan, nə sümüklər, nə daxili orqanlar, nə… nə də ürək. Siz qadınlarla nə edirsiz? Səndə neçə mexanik var?
- Çox deyil, - Tom güldü. – Mənim uşaqlarım var.
- Bəs başqalarında?
- Otuz faizdən yetmiş faizədək. Onların da uşaqları var. Sizin dövrün adamlarının dişləriylə etdiklərini biz bütün bədənimizlə edirik. Bunda pis heç nə yoxdur.
- Siz adam deyilsiz! Bədheybətsiz! – Qoca qışqırdı.- Maşınlar! Robotlar! Siz adamı məhv etdiz!
Tom gülümsədi.
- Maşında adamdan, adamda da maşından o qədər çox şey var ki, sərhəd müəyyənləşdirmək çətindir. Həm də sərhəd nəyə lazımdır axı? Biz xoşbəxtik, həvəslə çalışırıq. Bunun nəyi pisdir ki?
- Keçmiş vaxtlarda, - Qoca dedi, - hamının əsl bədəni var idi. Qan, əsəblər, daxili orqanlar- hər şey necə lazımdırsa. Məndəki kimi. Biz işləyirdik də, tərləyirdik də, sevirdik də, mübarizə də aparırdıq, öldürürdük də, yaşayırdıq da. Siz isə yaşamırsız, sizinki funksional fəaliyyətdir: ora-bura… Siz kombaynsız. Heç yerdə mübahisə, öpüş görmədim. Xoşbəxt həyatınız hardadır elə? Mən nəsə görmürəm.
- Bu, sizin psixikanın qədimiliyi, arxaikliyinin sübutudur, - Tom ciddi dedi.- Niyə icazə vermirsiz ki, sizi rekonstruksiya etsinlər? Biz sizin refleksləri yeniləyə bilərdik, dəyişikliklər…
- Yox! Yox! – Qoca qorxu içində qışqırdı. – Mən də Tomlardan biri olmayacam.
O, yerindən sıçrayıb gənci əsasıyla vurdu. Bu elə gözlənilməz oldu ki, gənc heyrətindən qışqırdı. Başqa bir gənc qaçaraq eyvana gəldi, qocanı tutdu və ehtiyatla kreslosuna əyləşdirdi. Sonra o, sıyrıntıdan süzülən dupduru mayeni silən zərərçəkmişə sarı döndü.
- Tom, hər şey qaydasındadır?
- Boş şeydir. – Tom Qocaya təşvişlə baxdı. - Bilirsən, mənə elə gəlir ki, o doğrudan da mənə xəsarət yetirmək istəyirdi.
- Əlbəttə. Birinci dəfədir onunla olursan? Biz onunla fəxr edirik. O, nadir tapıntıdır, tayı yoxdur. Patologiya muzeyidir. Mən onunla qalaram, sən get Səfirə bax.
Qoca titrəyir və hıçqırırdı.
- Keçmiş dövrlərdə, - o, öz-özünə danışırdı, - cəsarət və mərdlik vardı, ruh da, güc də, qırmızı qan da, cəsarət də…
- Yaxşı da, Qoca, bütün bunlar bizdə də var, - yeni həmsöhbət sözünü kəsdi, - biz adamı rekonstruksiya edəndə ondan heç nəyi götürmürük. Ancaq korlanmış, zədələnmiş hissələri dəyişirik, vəssalam.
- Sən kimsən? – Qoca soruşdu.
- Tomam.
- Tom?
- Yox, Tom. Tom yox, Tom.
- Dəyişmisən.
- Mən mənə qədər olmuş Tom deyiləm.
- Siz hamınız Tomsuz, - Qoca boğuq səslə dedi. – Hamınız eynisiz.
- Yox, Qoca, biz hamımız fərqliyik. Sadəcə, siz bunu görmürsüz.
Səs-küy və qışqırıqlar yaxınlaşırdı. Hospitalın qarşısındakı küçədə kütlə bağırırdı. Bəzədilmiş küçənin sonunda mis parıldadı, orkestrin gurultusu eşidildi. Tom qocanı qoltuğuna alıb, kreslodan durğuzdu.
- Qoca, məhəccərə yaxınlaşın! – o, hərarətlə dedi. – Yaxınlaşın və Səfirə baxın. Bu, bizim hər birimiz üçün möhtəşəm gündür. Axır ki ulduzlarla əlaqələr yarada bildik. Yeni era başlayır.
- Çox gecdir, - Qoca öz-özünə dedi, - çox gecdir.
- Nəyi nəzərdə tutursuz?
- Biz onları tapmalıyqdıq, onlar bizi yox. Biz! Keçmiş dövrlərdə biz birinci olardıq. Keçmiş dövrlərdə cəsarət və mərdlik vardı. Biz səbir edirdik və mübarizə aparırdıq…
- Odur! – Tom küçəyə işarə edərək qışqırdı. - O, institutun yanında dayandı… Çıxır… Yoluna davam edir… Gedir… Dayanın, yox. O yenə dayandı. Memorialın qarşısında… Necə də möhtəşəm jest! Gözəl jest! Yox, bu, sadəcə nəzakət deyil.
- Keçmişdə biz od və qılıncla gələrdik. Hə… Yad küçələrdə yürüş edərdik, günəş də dəbilqələrimizdə bərq vurardı.
- O gəlir! - Tom qışqırdı. -Yaxınlaşır… Qoca, yaxşı-yaxşı baxın. Bu anı yadda saxlayın. O, - Tom nəfəsini dərdi, - o, hospitala daxil olmağa hazırlaşır!
Ekipaj küçə qapısının ağzında dayandı. Kütlə uğuldayırdı. Lokomobili əhatəyə almış rəsmilər gülümsəyir, nələrisə göstərir, izah edirdilər. Ulduz Səfiri bütün fantastik boyunca ayağa qalxdı, maşından çıxdı və eyvana aparan pillələrlə yavaş-yavaş qalxmağa başladı. Müşayiətçiləri onun dalınca gedirdilər.
- O, bura gəlir! – Tom qışqırdı və səsi kütlənin alqış sədalarında batdı.
Bu vaxt planlaşdırılmamış hadisə baş verdi. Qoca yerindən qalxdı. Tomlar və Deyzilər kütləsində ağır əsasıyla özünə yol açıb, Qalaktika Səfiri ilə üz-üzə gəldi. Gözlərini bərəldib qışqırdı:
- Sizi salamlayıram! Yalnız mən sizi salamlaya bilərəm!
Əsasını qaldırıb Səfirin üzündən vuraraq:
- Mən Yerdə sonuncu adamam! – bağırdı.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
ilmar Gahramanov
İyul 4th, 2007 at 18:59
Əvvəl tərcümə ilə bağlı.
Mən Alfred Besteri bugünə kimi heç tanımamışam, onu da tanıdıq, buna görə təşəkkürlər. Amma açığını deyim ki, tərcüməyə sərf olunmuş zəhmətin dəyəri, burada yenidən Borxesi (və ya başqa güclü yazar) görəcəyimiz halda bir başqa olacaq idi.
Keçim başqa mətləbə. Yazacaqlarımı şəxsən də deyə bilərəm, amma…
Etiraf edirəm ki, “Bizimki”yə çox nadir hallarda girirəm, ən azından “Bizimki” nə “mənimki”, nə də “bizimki” ola bilmədi. Bu bir illik fəaliyyətində yalnız keçən ilin yay aylarında Bakıda və İnternet məkanında böyük maraq və səs-küy qaldırmağı ilə yadda qalan “Bizimki”dən, sonradan bəzi uğurlu tərcümələrin yerləşdirilməsi, Türk bölməsinin açılışı və “Yüksək Liqanın” bir neçə nümayəndəsinin peyda olması gözlənilən ümidləri doğrultmadı.
Dediyim kimi nadir hallarda girirəm, buna da əsas səbəbkar elə Gülşən Cəbinin özüdür. Və hər dəfə girəndə Gülşən ya köhnə şeirləri ilə, ya da tərcümələri ilə “baş aldadır”. Bu yaxınlarda Mir Şahinin “Hesabat” (və indi “525″-də) jurnalında çap olunmuş məqaləsində yaxşı sual verir “niyə ədəbiyyatda “hadisə” adlanan bir şey baş vermir… ” , aldığı cavab onu qanə etmədiyindən davam edir: ” axı qırmızı işığı keçəniniz də yoxdur”. Bu gün Gülşəndən mən (və inanın ki, çoxları) məhz bunu gözləyirəm, “qırmızı işığı keçməyini”. Tərcümə, araşdırma, publisistika - bunlar hamısı yaxşıdır və səndə uğurlu da alınır, amma mən (”biz” kimi oxuyun) bədii ədəbiyyat görmək istəyirəm. Sənin yazmaq qabiliyyətin var! və yazmaq lazımdır.
Sənə uğurlar (tərcümədə yox, öz yaradıcılığında).
Gülşən
İyul 5th, 2007 at 14:09
Salam, İlmar!
Haqqımdakı iradına ancaq bir cavab verə bilərəm: haqlısan!
Sahile
İyul 6th, 2007 at 19:06
Ilmar beyin fikri ile razi deyilem. Chox oxunmalidir ki, yaxshi yazilsin. Bu baximdan tercume edebiyyatinin Azerbaycan yazichilarinin siz gozlediyiniz “inqilab”ina boyuk tekani lazimdir. Hekaye sechimi ve tercume peshekarligi ugurlu alinib, mence.
Fidan
İyul 18th, 2007 at 22:25
Salam Gülshen xanim,
mence Dunya edebiyyatinin klassik ve modern yazichilarinin hamisini , ister guclu/meshhur, isterse de bir o qeder de meshhur olmayan yazichilarinin hamisini Azerbaycan diline tercume etmek zeruridir. Bu tercumechinin gunahi deyil ki, hansisa xarici shair yaxud yazichi zeifdir. Meqsed Azerbaycan oxucusuna dunya edebiyyatini Azerbaycan dilinde tanitdirmaqdir; dunya edebiyyatinin hem guclu, hem de zeif yazichilarinin ferqini gostermekdir .Hem de ki, guclu-zeif eslinde zovq meselesidir.Ona gore de Size Teshekkur edirem ve ugurlar dileyirem.
Hormetle.
Gülşən Cəbi
İyul 21st, 2007 at 11:52
Salam!
Hər birinizə bir daha təşəkkür edirəm və uğurlar diləyirəm!
Bir məsələni də diqqətə çatdırmaq istəyirəm.
Əksəriyyətin bildiyi kimi, “Bizimki”də “Gülşən” imzasıyla yazılan şərhlər mənə aid olurdu. Amma artıq iki dəfə jurnalda “Gülşən” imzasıyla yeni birini gördüyümdən aydınlıq gətirmək istədim ki, “Bizimki yeniliklərlə” bölümündə və Cavidanın “Seçmə şeirlər”ində “Gülşən” imzasıyla yazılmış şərhlərin mənə heç bir aidiyyatı yoxdur.
Bundan sonra yazılacaq şərhlərdə müəllifin adı “Gülşən Cəbi”, yaxud “Gülşən Cəbiyeva” olmazsa, deməli, iki halda olduğu kimi, o hallarda da şərhin mənə heç bir aidiyyatı olmayacaq.
Hörmətlə.