Aslan Quliyev Payız günəşi qüruba əyiləndə mazut və günəbaxan yağı qoxuyan küçələri dolaşdıqca qəlbində qüssəli duyğular baş qaldırır, böyük şəhərdə özünü, yad, qərib hesab eləyirdi. Qızların gülüşləri, evlər, maşınlar, səkinin qırağındakı şoran torpaqdan baş qaldıran payız gülləri, şam ağacları belə ona yad gəlirdi.

Damları qırla örtülmüş həyət evlərinin arasındakı daşlı, çınqıllı cığırla gedir, hansısa evin qapısını döyməyə tərəddüd eləyirdi. Nəhayət tünd göy rəngli dəmir qapının qarşısında ayaq saxlayıb zəngi basdı. Qapını kənd qızlarına oxşayan boyasız, bəzəksiz qəşəng bir qız açdı. Güllü çit don geymiş, saçlarını arxaya verib yoğun hörük hörmüş, sifəti, boynu gündə yanıb tunc rəngi almış qız ayaqyalın idi, ayaqlarına xına sürtmüşdü. Özünü itirmiş halda, sıxıla-sıxıla dilləndi.

- Mənə kirayə…
- Salamı kim verəcək? – qızın sifətindən şıltaqlıq, dəcəllik yağırdı.
- Bağışlayın… salam! – qıpqırmızı qızardı, ayağı xınalı qızın qarşısında özünü itirmişdi.
- Axır ki! Babamı gözləyin.
Belə deyib kölgəsi bütün həyəti tutmuş tut ağacının dibindəki səkiyə bir qoyun dərisi atdı. Keçib oturdu, həyətin beton döşəməsi təzəcə yuyulmuşdu, xınalı ayaqları ilə nəmi çəkilməmiş həyətdə gəzən qıza maraqla tamaşa edir, qızın yalın ayaqlarına baxdıqca dağ çayında ayaqyalın xalça-palaz yuyan, gözləri yol çəkən, baxışlarında gizli həsrət ilğımlanan güləyən kənd qızlarını xatırlayırdı. Xalçanı ağacla döyəcləyirdilər, ətrafa şəffaf su damcıları sıçrayır, damcılar günəş şüasının altında göy qurşağı kimi rəngdən-rəngə çalır, qızların gülüşləri çayın şırıltısına qarışırdı.
- Baban tezmi gələr? – soruşdu.
- Darıxdın? – qızın səsi gicitkan kimi dalayırdı.
- Deyirəm yəni…
- Yəni nə?
Tutulub qaldı, qız danışmağa imkan vermir, qızın sərt, istehzalı baxışları altda sıxılır, sözünü deyə bilmirdi. Qız deyildi, tikan koluydu, ev sahibəsinin nəvəsiydisə, işlər aşkar korlanırdı, burda kirayə otaq tapa bilsəydi də, bu qızla bir həyətdə yaşamaq, gündəlik onunla rastlaşmaq başağrısız keçməyəcəkdi.
«Bizdə toy gecəsi xına sürtürlər, - gülümsəyərək dedi, qızla söhbət eləmək arzusunda deyildi, ancaq səssizliyə də alışa bilmirdi. Qızın maraqla qulaq asdığını hiss edib həvəslə danışırdı. – Qızlar gəlinin başına yığılırlar, xınalanır, əllərinə, ayaqlarına xına qoyurlar. Biz də yaylaqlara gedərdik, ardıc meyvəsi, gəvən yağı yığar, xınalı daşların xınasından əl-ayağımıza sürtərdik».
Qız ona heyrətlə baxırdı, sanki özgə planetdən gələn birisini görmüşdü. Ağzını açıb nə isə demək istəyirdi ki, babası gəldi. Kişi boş otağı olduğunu dedi və tut ağacının solundakı otağın qapısını açıb, ona göstərdi. Otaq xoşuna gəldi, qiyməti də sərfəliydi, sövdələşmədən razılaşdı.
Şeylərini yerbəyer eləyəndən sonra ilk işi anasına məktub yazmaq oldu, ətraflı yazırdı, necə gəldiyini, iş, qalmağa ev tapdığını, ünvanını. Sonra da maqnitafonu qoşub İbrahim Tatlısəsin möhtəşəm, tükürpərdən səslə oxuduğu «Annam, anam» mahnısına qulaq asdı, bu mahnıdan doymurdu. Atasını görməmişdi, o bələkdə olanda qaban parçalamışdı, yaralı qabanın qabağından qaçmağa gecikmişdi. İstəyəni çox olsa da, anası ərə getməmiş, oturub onu saxlamışdı.
Qızın adı Nərgiz idi, dəcəlliyi, dili acılığı olsa da, ilk baxışdan göründüyü kimi tündməcaz deyildi. Universitetdə oxuyurdu, səhərlər bəzən həyətdə rastlaşır, avtobus dayanacağına birlikdə gedirdilər. Qız arada onun otağına da gəlirdi, oturub çay içir, söhbət eləyirdilər. Vaxtı oldumu yemək bişirməyə, paltarlarını ütüləməyə kömək eləyirdi. Yenə də axşamçağı qapı döyülmədən açıldı, ərlik qız idi, ancaq qəribə, uşaq xasiyyəti vardı, qapını bir qayda olaraq döymədən açırdı.
Birlikdə çay içdilər, qız çayı nəlbəkidən üfürə-üfürə içirdi. «Babam sizin yerlərdə olub, - sifəti dəcəl bir təbəssümdən işıqlanmış halda danışırdı. – Gedib meşəyə çıxır, görür meşə talasında iri bir çadır, ətrafında da doqquz balaca çadır var. Soruşub bu nə olan şeydi? Deyiblər ortalıqdakı çadır kişinindi, ətrafındakı doqquz çadır da arvadlarının. Siz hamınız beləsiz? Sən neçəsini alacaqsan?» «Keçmişdə olub elə şeylər, - öz yerlərinin şərəfini müdafiə eləməyə cəhd edirdi. – Mənə qalarsa biri də çoxdu, xüsusi ilə də sənin kimisi rast gəlsə». «Utanmaz! – qız onun əlinin üstündən vurdu. – Mənim nəyimdi? Minnətin olsun!»
Qız təzəcə getmişdi ki, babası gəldi, qaşqabaqlıydı. Pəncərənin qabağında oturub siqaret yandırdı, dinməz-söyləməz çəkirdi. Kişinin gəlişinin yaxşılığa olmadığını hiss edirdi. Evdən çıxmalısan, dedi, həbsdə yatanlara ev vermirəm, bu təklifi eləmək kişi üçün asan deyildi, səsi boğuq çıxırdı. Bir söz demədən razılaşdı. Onun etiraz edəcəyini, ya da vaxt istəyəcəyini gözləyən kişini dərhal razılaşması çaşdırmışdı, niyə yatdığın soruşdu, soruşmaqda məqsədi nə qədər ədalətli iş gördüyünə əmin olmaq idi. Adam öldürdüyünü dedi. Bu haqda danışmaq onun üçün çətin idi, hər dəfə soruşanda, xatırlayanda o anı təzədən yaşayırdı.
Kişi onun həbsdə olmasını öyrənmiş, ancaq uzağı oğurluq, quldurluq üstə yatdığın zənn eləmişdi, indisə məlum olurdu ki, qatili, adam öldürəni evinə buraxmışdı, öz xoşuna, könüllü! Niyə öldürdüyünü soruşdu, o da könülsüz halda danışırdı.
Cavan, bığ yeri yenicə tərləyən proporşik idi, Sovet ordusu üçün kiçik komandirlər hazırlayan kursu qurtarıb təzəcə qayıtmışdı. Sıraya gecikdiyi üçün anasını söydü, fikirləşəmdən avtomatı çevirib proporşikə atəş açdı. Bu o qədər ani oldu ki, kimsə ona mane ola bilmədi. Proporşik meydanın kənarındakı yaşıl çəmənliyə uzanmışdı, yarasından qan şorranıb axır, yaşıl otlar, xırda sarı güllər qana boyanırdı. Peşman deyildi, ancaq gözlərindən sonsuz kədər yağan, işləməkdən əlləri qabalaşmış, başında güllü yun şal olan rus qadınının qarşısında vicdan əzabı çəkirdi. «Oğlumu niyə öldürdün?» - qadın soruşdu. «Anamı söydü», - başını yuxarı qaldırmadan dedi. «Onun da anası olduğunu fikirləşdinmi?» «Yox, - dedi, - anası olan ananı söyə bilməz».
Məhkəmədə qadın onu həbs eləməsinlər deyə hakimə yalvarırdı. Geniş ürəkli, xeyirxah rus qadınına qulaq asır, ağlayırdı. Ona son söz veriləndə qadına tutdu üzünü. «Məni bağışlayın, - dedi, - anamı söyməsəydi onu öldürməzdim». «Allah bağışlasın!» - qadın dedi. İndinin özünə kimi də o qadını xatırlayanda xəcalət çəkirdi.
Kişi heyrətlənmişdi, bundan ötrü adam öldürərlər, adicə bir söyüşə görə cavan adamı güllələyərlər? Rusiyada ana söyüşü adi şeydi, orda qızlar da oğlanlara ana söyüşü verirlər. Kişi yenidən siqaret yandırdı, tutulmuşdu, baxışları dalğınlaşmışdı, sanki bura nə üçün gəldiyini unutmuşdu. Onu çətin vəziyyətdə qoymaq istəmədi.
- Haçan çıxım? – soruşdu.
- Qal, - kişi ayağa qalxdı. – Anamın xatirinə. 37-də ilk həbs olunanlardan idi. Günlərin birində qonşuların bizi başı kəsilmiş halda tapacaqlarını da istisna eləmirəm.
Babasından fərqli olaraq keçmişindən xəbər tutan Nərgizin ona münasibəti dəyişməmişdi, ancaq sataşmağından da qalmırdı. Axşamlar tut ağacının dibindəki səkinin üstündə oturanda ona öcəşir, sancmaq fürsətini əldən vermirdi. Kəndə gedəndə mənim üçün daşların üstündəki xınadan gətirərsən, deyir, sonra isə söz gəlişi soruşurdu:
- Toy axşamı ancaq gəlin xınalanır?
-Yox, kənd qızlarının hamısı - qızın istehzasını duymadığından sadəlövhcəsinə cavab verirdi.
- Bəs bəy?
- Bəyi də hamama göndərirlər, - ayıq-sayıq olmağa çalışır, qısa cavab verirdi.
- Sonra? – qız qəhqəhə ilə gülür, uğunub gedirdi. – Sonrasını demədinsə demək, şəhərə gəlməyinin xeyri olub, mədəniyyətə doğru azacıq da olsa irəliləyibsən.
Ona isə yalnız iş-işdən keçəndən sonra qızın xınayla, bəylə, nəyə nail olmaq istədiyi aydın olurdu. Sonra da onun otağına gedir, çay içirdilər. Qız bir qayda olaraq qıçlarını bir-birinin üstünə aşırıb oturur, çayını üfürə-üfürə nəlbəkidən içirdi. Onun hər axşam anasına məktub yazdığını bilirdi, çox vaxt da məktubları poçt qutusuna qız atırdı. Yenidən məktubu qıza verəndə:
- Səndən də yazmışam, – dedi.
- Nə yazıbsan? – qız maraqla soruşdu.
-Yazmışam, ev sahibinin qəşəng bir nəvəsi var…
- Dilini dinc qoy! – çayını üfürməkdən qalmayan qız xəbərdarlıq elədi.
- Bəs nə yazım, yazım ev sahibinin nəvəsi çirkindi? – dilxor halda dedi.
- Hökməndi yazasan, heç nə yazma!
Qız hirslənmişdi, çayını içən kimi də yanaqları allanmış halda çıxıb getdi, ancaq məktubu götürməyi də yaddan çıxartmadı.
Nərgiz bütün günü ayaqyalın gəzirdi, gecə yatmağa gedəndə isə beton pilləkəndə oturur, şlanqı tutub dizdən aşağısını yuyurdu. Kənd qızlarının yalın ayaqlarını xatırladan gözəl xınalı ayaqlardan gözlərini çəkə bilmirdi. Qız özünü görməzliyə vururdu, guya öz işiylə məşğuldu, ancaq birdən şlanqı döndərib onu təpədən dırnağa kimi isladırdı. O isə islanacağını bilsə də, qız ayaqlarını yuyanda baxmaqdan özünü saxlaya bilmirdi.
Bir axşam tut ağacının dibində qız soruşdu. «Sizdə gəlini atla aparırlar, ya maşınla?» - sanki özgə niyyəti yox idi, maraq xatirinə soruşurdu, o isə qızın nəsə məqsədi olduğunu başa düşürdü, yoxsa nəyinə lazımmış gəlinin nəylə aparılması? «Qışda atsız keçinmək olmaz, yollar keçilməz olur. Yazda, yayda isə maşınla». «Çətin məsələdi, - qız ciddi tərzdə deyirdi, - o tərəflərdən elçi göndərən olsa, toyu haçan eləmək istədiklərini soruşmaq lazım gələcək. Toyu qışda eləyəcəklərsə, yox demək lazımdı, mən atdan qorxuram». Danışır və uğunub gedirdi, elə gülürdü ki, kirayənişinlər pəncərələrdən həyətə boylanırdılar. Qızın şən, qayğısız gülüşləri beton döşəməli həyəti, üstü qır örtüklü evləri canlandırırdı, ayağı xınalı qız sevinci, fərəhi, yaşamaq eşqi, arzusu ilə həyətə sığmırdı.
Səhər işə gedəndə Nərgizin çöl qapısı ağzında səbirsizliklə gəzişdiyini gördü, onu gözləyirmiş. Dayanacağa birlikdə gedirdilər, qız sakit qalmır, tilovunu atırdı və o da yalnız indi qızın onu niyə gözlədiyini başa düşürdü. Mövzu tapmışdı, yəqin gecə yatmayıb, səhərin açılmasını gözləmişdi ki, onunla görüşsün, ürəyini boşaltsın. «Doğrudumu sizlərdə gəlin qaynatasının yanında əriylə danışmır, uşağını qucağına götürmür?» «Doğrudu, - dedi. – Təkcə qaynatasının yanında yox, böyük qayınlarının, yaşlı qohumlarının yanında da. Mən burda qəbahət görmürəm. Özləri olanda nə istəyirlər eləsinlər də, gərək qaynatanın yanında öpüşələr?» «Aydındı, - qız onun dediklərinə əhəmiyyət vermirdi, balığın tilova keçdiyinə əmin olmuşdu, arxayınçılıqla tilovun ipini yığırdı. – Lazım olanda gərək göz-qaşla, işarəylə danışasan. O tərəflərə gəlin köçən lal-kar əlifbasını da öyrənməlidi. İş azmış, biri də bu yandan çıxdı». «Gör sənə nə deyirəm! – qızın çılpaq qollarından yapışıb qızğınlıqla deyirdi. – İndi mən səninlə atanın yanında öpüşsəm, yaxşımı olar?»
- Mənimlə? – qız heyrətlə səsləndi.
- Hə də.
- Sən mənimlə heç atam olmayan yerdə də öpüşə bilməzsən!
- Bilmərəm?
- Bilməzsən!
- Necə yəni mən arvadımla…
- Dəli! – qız hirslə onun sözünü kəsdi. – Mən sənin arvadınam?
- Yəni olsaydın da!
- Nə olsaydım?
- Arvadım…
- Dəli!
Sanki yuxudan ayıldı, nələr danışırdı, niyə qızın qollarından yapışmışdı, başa düşə bilmirdi. Qız ona o qədər yaxındı ki, isti nəfəsi üz-gözündə gəzir, qızın çılpaq qollarından bədəninə istilik axır, həyəcanlanır, qızın ona bu qədər yaxın olan dodaqlarından öpməkdən özünü güclə saxlayırdı. Birdən qız hirslə dartıb qollarını onun əllərindən çıxartdı, qızın incidiyini güman eləyib onu başa salmağa cəhd eləyirdi. Elə danışdın, başımda hər şey alt-üst oldu. Neyləməli, görünür mən mədəniyyətə doğru çox ləng irəliləyirəm. Qız isə gülməkdən uğunub getmişdi, başını arxaya əyib ağappaq dişlərini göstərərək gülür, dayanacaqdakılar dönüb təəccüblə onlara baxırdılar. Koftasını qabardan döşləri, sağlamlıq, gümrahlıq yağan dişləri, saf gülüşləri onu daha cəlbedici göstərirdi. Qız nəhayət gülüşünə ara verib gözlərinin yaşını sildi, düz deyirsən, dedi, yəqin başında bir-iki bolt qırıldı, hətta mən sınan boltların səsini də eşitdim. Mən buna nədən danışıram, bu öpüşməkdən dəm vurur.
Belə olmazdı, hər halda qızın cavabını verməliydi. Axşım qız onun otağına çay içmək üçün gələndə, anamdan məktub almışam, dedi, yazır ki, ev sahibinin nəvəsi qəşəng qızdısa, daha nə gözləyirsən?
- Sən nə yazdın? – qız gülüşünə ara verib, özünə məxsus dəcəlliklə soruşdu.
- Yazdım, qəşəng olmağına qəşəngdi, - bir az fasilə verdi, qız gözlərini ona zilləyib səbirsizliklə cavab gözləyirdi, - ancaq Allahın bəlasıdı, dilinə dil çatmaz, sən onunla keçinə bilməzsən.
- Eləmi? – qız hirslə soruşdu, pul kimi qızarmışdı.
- Olanı yazmışam da, - özünü o yerə qoymurdu, guya qızın hirsləndiyini hiss eləməmişdi. - Bəs nə yazım? Yazım, mələkdi, ipək kimi yumşaq xasiyəti var, dilindən şəkər yağır? – bax belə nəhayət qıza cavab verə bildiyi üçün sevinirdi, yoxsa dilini dinc qoymur. Payını aldı, daha səsi çıxmaz.
Qız hirslənmişdi, nəinki səsi çıxmır, heç ona tərəf baxmırdı da. Qıza cavab verə bildiyi üçün qəlbində baş qaldıran sevinc duyğuları ani keçib getdi, qızın belə inciyəcəyini gözləmirdi, ancaq qəlbini almaq üçün söz tapıb deyə bilmirdi.
Elə zənn eləyirdi daha qız onun yanına gəlməz, qız isə kin saxlayan deyilmiş, elə həmən gün axşamçağı yenə onun otağına gəldi, bir dəstə qurudulmuş dağ çiçəyi gətirmişdi. Deməyinə görə dayanacaqda satırmışlar, dağ çiçəklərini sevdiyinə görə almışdı. Çiçəklər qurusalar belə, ətirləri, qoxuları çəkilməmişdi, rütubət qoxuyan balaca otağın havası bircə anda dəyişdi, otağa dağ, çöl qoxusu doldu, doğma qoxular onu gövrəldir, qəlbində xəfif həsrət baş qaldırırdı.
Qız çiçəklərin yarısını ona bağışladı, dəcəlliyi tutmuşdu, gülümsəyirdi: «Qalmışam məətəl, - qərar qəbul elməkdə çətinlik çəkən adamlar kimi deyirdi. – O tərəflərdən elçi göndərən olsa, çiçəkərə görə razılıq vermək istəyirəm. Oturasan artırmada, çöldən əsən meh dağ çiçəklərinin qoxusunu gətirə. Di gəl at minməyi, lal-karlar kimi danışmağı fikirləşəndə, çiçək sevdasını başımdan çıxarmalı oluram».
Bu gündən başlayaraq dayanacağa birlikdə gedirdilər, kim tez çıxsa çöl qapısının ağzında gözləyirdi. Hərəsi bir səmtə gedirdi. Avtobusu tez gələn minir, yerdəkinə əl eləyirdi və ona elə gəlirdi qız aralarındakı söhbəti unudub. Bu dəcəl, ərköyün qıza elə alışmışdı ki, əyər qız nə vaxtsa dərsə getməsəydi, o da evdən çıxıb dayanacağa tək getməyəcəkdi. Öcəşkənliyinə baxmayaraq qız onun qəlbində özünə yer eləmişdi.
Bir gün səhər qapının ağzında qızı gözləyirdi, bu gün qız gecikmişdi, qaça-qaça saçlarını qaydaya salırdı. Hiss elətdirmədən qızın qoluna girdi, bir əli saçlarında olan qız dönüb təəccüblə ona baxırdı. Baxanda haqlı idi, birdən-ikiyə qızın qoluna girdiyi olmamışdı.
- Mənimlə gedərsənmi?- qızdan soruşdu.
- Hara? – qız bir az da heyrətləndi.
- Kəndə.
- Boynunun dalını görərsən! – qız dilini çıxarıb ona yanıq verirdi. – Yadından çıxdı? Mən Allahın bəlasıyam, dildən itiyəm!
Dayanacağa kimi dinib danışmadılar, ilk onun avtobusu gəldi, qızla vidalaşıb mindi, arxadakı pəncərədən dayanacaqda dayanıb gülümsəyərək ona əl eləyən qıza baxır, gözləri önündə dalğalanan yaz çölləri canlanırdı. Sanki yaz küləkləri qızın saçlarını oxşayır, üz-gözünə dağıdırdı.
Bu gecə yata bilmirdi, kənddəki evlərini, anasını yadına saldıqca qəlbi sızlayırdı, ana üçün tək çətin olardı. Toyunun pulunu yığan kimi kəndə qayıdacaq, bir daha anasını tək qoymayacaqdı.
Səhərisi işdə bütün günü fikirli oldu, anasından nigarandı, bircə an belə fikrindən çıxmırdı. İşdən qayıdandan sonra maqnitafonu da qoşmadı və axşam-səhər bu mahnıya qulaq asmağa vərdiş eləmiş Nərgiz həmişə olduğu kimi qapını döymədən içəri girəndə bunu heç vaxt qıza irad tutmasa da, bu dəfə dözə bilmədi.
- Qapını döymək lazımdı. Bəlkə mən burda…
- Neyləyirsən burda? – qız heyrətlə soruşdu.
- Çılpaq gəzirəm!
- Dəlisən?
- Niyə? – gözlərini döydü.
- Onda niyə çılpaq gəzəsən?
Əlini yelləyib cavab vermədi. Maqnitafon xarab olmayıb, qızı başa salmağa cəhd eləyirdi, danışıb eləməmişəm də, kəndə telefon yoxdu, ancaq hiss edirəm. Onu mövhumatçılıqda qınayan qız çay dəmlədi, çay süzüb onunla üzbəüz oturdu. Hiss olunurdu ki, nəsə demək istəyir, ancaq deməyə tərəddüd eləyir, qızın tərəfindən görünməyən işdi.
- Sabah ad günümdü, - nəhayət dilləndi.
- Doğrudan?
- Yalandan da ad günü olur? – qız incik tərzdə dedi.
- Hə, təbrik edirəm! Nə alım sənə?
- Harda görübsən ad günü olana deyələr nə alım sənə?
Qızardı, qızla söhbətləri alınmırdı. Nərgiz gedəndən sonra soyunub yatağına girdi, yata bilmirdi. Gözləri önündə kimsəsiz, boşalan kənd, intəhasız kənd çölləri canlanırdı.
Səhər həyətdə Nərgizlə rastlaşdı, qız onun işə getmədiyini hiss elədi, çantası da çiynindəydi. Kəndə getdiyini dedi, deməyinə görə yuxusunu qarışıq görmüşdü, anasının başında nəsə bir iş var idi. Qız ona təsəlli verirdi, yuxu-filan boş söhbətdi, kəndə gedəcək, görəcəksən anan sağ-salamatdı, həmişə olduğundan da gümrahdı. O isə qıza qulaq assa da, qəlbindən qara qanlar axırdı. Qızla vidalaşıb, hədiyyən stolun üstündədi, deyərək çıxdı. Bir az gedib qayıtdı, qızı qücaqlayıb özünə sıxdı, başını qızın çiyninə qoymuşdu, ehmalca saçlarını sığallayırdı. Qız özünü itirmişdi, hətta etiraz belə eləyə bilmirdi. Qızın yanağından yüngülcə öpüb geri döndü, iti addımlarla gedir, arxaya baxmırdı.
Bir xeyli keçəndən sonra qız özünə gəldi, oğlanın qarasınca deyinirdi, demək, belə, qayıdarsan, sənə göstərərəm, cəzanı verərəm, saçını yolacağam, azından iki saat soyuq suyla isladacağam. Belə desə də, oğlana hirslənməmişdi, əksinə, qəlbində qəribə hisslər baş qaldırırdı. Yaxşı, get, gülümsəyərək deyirdi, saçını yolmaram, suyla da islatmaram, səfərə gedirsən, bağışladım səni. Qız ixtiyarsız gülürdü.
Yalnız poçtalyonun gəlişi qızı xəyaldan ayırdı. Qonşusu oğlana teleqrama vurmuşdu, anası ölmüşdü, dəfn eləmək üçün onu gözləyirdilər.
Qız sarsıldı, oğlanın otağına keçdi, boş otağa matəm sükutu çökmüşdü. Stolun üstündə saxsıdan qucağında uşaq tutmuş ana heykəli var idi, bu onun üçün idi. Qız birdən başa düşdü ki, oğlanı sevir, onsuz dünya bomboşdu, həyat dözülməz dərəcədə yeksənəq və cansıxıcıdı. Ağlamamaq üçün dodaqlarını bir-birinə kip sıxdı, boğazını qəhər tutmuşdu, göz yaşları qəlbinə axırdı.
Yaxınlaşıb maqnitafonun düyməsini basdı, İbrahimin tük ürpərdən səsi otağa yayıldı.
Anam, anam, karib anam!
Sen yoksun yanımda,
Derdi kime yanam?
Dünya yalan!
Anam, anam!