Yazıçılar Birliyinin “Natəvan” klubunda bugünlərdə Hollandiyada keçirilən 38-ci Beynəlxalq Poeziya Festivalına qatılmış şair Qəşəm Nəcəfzadənin iştirakı ilə tədbir gerçəkləşdi. 1970-ci ildə təsis olunan festival Avropa məkanında iki böyük bu tipli tədbirdən biri, Hollandiyada isə ildə bir dəfə keçirilən yeganə poeziya festivalıdır. Festivalın əsas məqsədi dünya şairlərini bir-birinə tanıtmaq, ən başlıcası isə Avropaya ədəbi inteqrasiyanı sürətləndirməkdir. Dünya ölkələrindən 23 şairin qatıldığı bu tədbirdə Amerika, İspaniya, Fransa, Yaponiya, Rusiya, Gürcüstan, Almaniya, Estoniya, Misir və başqa ölkələrdən tanınmış qələm adamları iştirak ediblər.


Q.Nəcəfzadə həmin tədbirə qatılan ilk Azərbaycan şairidir. Festival çərçivəsində həm Q.Nəcəfzadənin ingilis və holland dillərində kiçikhəcmli kitabları və 23 şairin birgə almanaxı çap olunub. Şollandiyanın Rotterdam şəhər teatrında keçirilən festival Avropanın müxtəlif ölkələrinin mətbuatı tərəfindən işıqlandırılıb.
Tədbiri giriş sözü ilə açan Yazıçılar Birliyinin məsul əməkdaşı Ədalət Əsgəroğlu bildirdi ki, Azərbaycan ədəbiyyatı inkişaf edir və bu inkişafın əsasında sağlam dövlətçilik, millətsevərlik prinsipləri dayanır: “Qəşəm Nəcəfzadə bu prinsipləri layiqincə daşıyan şairlərdəndir. İstər uşaq şeirlərindən, istər lirik, istərsə də müxtəlif səpkili digər əsərlərindən görünür ki, Qəşəm poeziyaya ürəkdən bağlı şairlərdəndir”.
Festivalın nəticələri haqqında danışan və mətbuat nümayəndələrinin suallarını cavablandıran Q.Nəcəfzadə bunu təkcə özünün deyil, bütövlükdə çağdaş Azərbaycan ədəbiyyatının uğuru saydığını dedi.
Birliyin katibi Rəşad Məcid belə görüşlərin, festivalların ədəbiyyatın inkişafı baxımından mühüm rol oynadığını vurğuladı. R.Məcid Hollandiya festivalının Q.Nəcəfzadəyə yeni yaradıcılıq stimulu verəcəyinə inandığını bildirdi.
Şairlərdən Oqtay Rza, Kəramət, Dayandur Sevgin, Fərqanə Mehdiyeva və başqaları da çıxış edərək, Q.Nəcəfzadənin uğuruna sevindiklərini söylədilər.