Şəms_elHeç istəmədim gözəl olmağı…
Özümdən gözəl birini görəndə
paxıllıq hissi keçirdiyimdə də…

İstədiyim bir tək şey
anlayışdı
qayğıydı
qorunmaqdı
sığınmaqdı kölgəsinə
məni mən kimi görən
məni mən olduğumçün sevən
birinin həyəcanı
istədiyim tək şey idi…

Heç ağlıma gəlməzdi ki,
həmin o kəs mən olacam
başqasının öz mənini
qəbul edib
öz mənimi tapacağam
onun ürkək nəfəsində
titrəyişi, zərif gülüşündə,
və tər-təmiz, pak qəlbində…

***

Gedişinlə bacarmadın
aparmağı sənə aid
mənə doğma hər bir şeyi…

Əşyaları, hətta bəlkə
arzuları aparsan da
saxladığın izlərin var…

Dənizin
qumlu sahilindən
sıldırımlı qayalardan
yuyub apardığı izlərə
bənzəməz sənin izlərin…

Əllərimdə, saçlarımda
ürəyimdə, lap içimdə
həsrətimdə, kədərimdə
məndən asılı olmayan
qədərimdə
heç vaxt silinməyəcək
izlərin var…

***

Mən dənizi sevmirdim
Mən dağları sevirdim
Sənin dənizi sevdiyini bilənə qədər…
İndi sevirəm dənizi
Ona hər baxdığımda
səni gördüyüm üçün
Səndən görmədiyim diqqəti
ondan gördüyüm üçün
qəlbimi oxuduğuyçün…

Səni unutmam üçün,
onu unutmam gərək
Dənizdən qaçmam gərək
Qürurumu qaytarmam,
özümə dönməm gərək
dağlara getməm gərək…