Cəlil Cavanşir(gündəlik-hekayə)

Şair dostlarından birinin dilindən:
“Dərnək rəhbərimiz Firəngiz müəllimə ilə söhbətləşirdik. Gülnarə gəldi. Yanında bir saqqallı oğlan var idi. Heç birimizin gözləmədiyi halda Gülnarə dilləndi:
- Müəllimə, tanış olun, nişanlımdı.
Ayağımızın altından sanki yer qaçdı.”


Mənim xatirimdə qalanlar:
“Hacıkəndə getmişik. Mən, bir də Anarın şair dostları- Vüsal, Bahadur, Arif. Hamı deyib-gülüb şənləndiyi halda, Anar durmadan dağ çiçəkləri dərirdi. “Gəl, bir tikə çörək ye” desək də, Anar bizə fikir vermirdi. Anar Gülnarəni sevəndə sanki bizləri- sevimli dostlarını da unutmuşdu. Verdiyimiz məsləhətləri də qulaqardına vururdu. Yalnız və yalnız sevirdi…”
Anarın gündəliyindən ilk sətirlər:
“…Həqiqətən də bu gün gözəl bir gün idi. Bugünkü gün həyatımızın ən gözəl günlərindən biri oldu…”
Anar cümlələri yazmaq üçün, demək olar ki, heç fikirləşmirdi. Yazacağı cümlələr sanki qüvvətli bir axınla sinəsindən axıb gəlirdi. Yaşantılar o qədər şirin, o qədər əziz idi ki, bu hissləri vərəqlərə köçürməkdə çətinlik çəkmirdi. O, Gülnarəni həqiqətən də sevirdi. 17 oktyabr tarixi onun üçün çox əzizdir. Çünki bu gün, məhz bu gün Gülnarə ona “səni sevirəm” demişdi.
Kənddə doğmaları ilə keçən günlər, ona çox sıxıntılı görünürdü. Yediyi- içdiyi ona acı, zəhər kimi gəlirdi.
Kənddə yazılan gündəlik:
“… Bu gün, unudulmaz şirin təəssüratlarla yadda qalan bir gün, bütün günlərimizdən olmasa da, əksər günlərimizdən gözəl mənalı, bizi səadətə aparan, bizi xoşbəxtliyə doğru addım atmağa məcbur edən, dodaqlarımıza təbəssüm qonduran, gözlərimizə sevinc parıltısı bəxş edən bir gün…”
Yazır… yazırdı öz yaşantılarını. Sevə-sevə, düşünə-düşünə yazırdı Anar. Sinəsindəki ürək sanki kürə idi. İçinin istisi gözlərindəki parıltıya yansımışdı.
Hərdən anasının suallarına da ağızucu, fikirli-fikirli cavab verirdi. Ailəsi Anar sarıdan yaman narahat idi. “Birdən uşaq xəstələnər, Allah eləməsin” deyə fikirləşirdilər. Anarın sinəsinə sığmayan ürəyi sevgi ilə dolub daşırdı.
Düşünürdü ki, bu sevgi heç zaman bitməyəcək. Sevgi və sevdiyi onun üçün ilahi bir varlıq idi. Hər şey gözəl idi. Hər şeyi oldğu kimi xatırlamağa çalışırdı.
Yenə də Anarın gündəliyindən:
“… Evinizin yuxarısında üç, aşağısında iki pəncərə var idi. Bu beç pəncərəyə beş gözlə baxırdım. Bəlkə səni gördüm deyə…”
Yazırdı Anar, sevirdi Anar, düşünürdü, yalnız onu düşünürdü Anar.

***

31 may tarixini yaşayırdı qədim Gəncə çəhəri. Məktəblilər “Son zəng”i qeyd edirdilər. “Cırtdan” parkında üz-üzə iki gənc oturmuşdu. Siluetlərindən birinin qız, digərinin oğlan olduğu anlaşılırdı. Oğlanın hikkəli səsi gəlirdi:
-Sən alçaqsan. Sən məni aldatdın, vicdansız. Mənim bu saf hisslərimə necə qıydın?!
-Anar, ayıbdı, sakit ol. Hər şeyi izah edəcəm…
-Lazım deyil heç nə, sən vicdansızsan. Sən məni aldatdın.- Anarın qəhərdən səsi boğuldu.

***

Bir neçə gün bundan əvvəl aralarında gərginləşən münasibətləri qaydasına qoymaq üçün çalışırdı. Universitetdə idi. Telefon açmışdı Gülnarəyə.
- Hardasan, gülüm? Necəsən?
Dəstəyin o biri başından yalan dolu kəlmələr axıb gəlməyə başladı:
- Salam, əzizim, sən necəsən? Mən indi evə gedirəm. Avtobusdayam.
Qəfildən gözləri pəncərədən küçəyə sataşdı; Gülnarə univermağa doğru gedirdi. Qəfildən diksindi. Dostlarının dediyi düz çıxmışdı, Gülnarə onu aldadırdı. Deməli, o…
Təkrar zəng etməyin mənasız olduğunu bildiyi üçün unversitetin pillələrini sürətlə düşüb, Gülnarəyə çatdı:
-Deməli, budur sənin avtobusla evə getməyin?! Sən necə yalan danışa bildin mənə? Hara gedirsən?
- Nişan üzüyü almağa!!!
Anarın gündəliyindən son parça:
“…Başqa birisi ilə nişan üzüyü almağa getdin. Üzüyü barmağına keçirərkən düşünmədinmi məni… Bilmirəm bu gün mən nədən yazım. Mən kənddə, sən şəhərdə. Elə yolumuz kimi qəlbimiz də uzaqdır.”