Dosta göndər
|
Çap et
Şair – dramaturq İftixar özü haqda nə deyə bilər “Bizimki” oxucularına?
Özüm haqda yalnız tərcümeyi-hal xarakterli məlumat verə bilərəm. 1960-cı ildə Gürcüstan Respublikasında, Qaraçöp mahalında doğulmuşam. İncəsənət Universitetini bitirmişəm. Akademik Milli Dram Teatrında bir sıra əsas və aparıcı rollar oynamışam. Teletamaşalara, teleseriallara, filmlərə çəkilmişəm. “Yaşadığım bu ömür”, “Nə qəribə yuxuymuş” şeirlər, “Böyük Turanın Himni” himn-poema kitablarının, “Dan yeri söküləndə”, “Körpü”, “Məngənə və ya Kor Aşığın işığı”, “Eşqin tikan dairəsi”, “Qarışqalar yuvasını dəyişmir” pyeslərinin, “Müstəqil Vətənin Memarı” poemasının müəllifiyəm. “Dan yeri söküləndə” pyesim teatrda tamaşaya qoyulub. Üç pyesim rus və türk dillərinə, “Müstəqil Vətənin Memarı” poemam isə dünyanın bir çox dillərinə tərcümə olunub. Azərbaycan Milli “Dastan” Teatrının yaradıcısı, Tiflis Azərbaycan Dövlət Dram Teatrının bərpa rəhbəri olmuşam.
Hal-hazırda İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsində işləyirəm. Az.MEA-nın dissertantıyam. Dörd övlad atasıyam. Yaradıcılığım barədə isə yazdığım şeirlər, hekayələr, pyeslər və pyeslərdəki obrazlar daha dolğun danışa bilər. Hər halda onlar mənim düşüncələrimin açarıdır.
Bu gün Azərbaycan dramaturgiyasında mövcud vəziyyət sizi qane edirmi?
Deməzdim ki, durğunluqdur. Amma Azərbaycan dramaturgiyası zirvəyə gedən yolda nimdaş paltarlı bir ilğıma bənzəyir. O, yavaş–yavaş əynindəki nimdaş paltarı soyunacaq və daha möhtəşəmini – ona layiq olanını geyinəcək. O gün isə elə də uzaqda deyil.
Şair İftixar dramaturq İftixardan hansı cəhətlərinə görə fərqlənir?
Şair İftixar şeirləri ilə anlamağa çalışır; Tanrını, dünyanı, zamanı, insanı, həyatı, olumu, ölümü… Dramaturgiyası ilə isə günahlandırır; İnsana qənim kəsilən insanı…
Sizcə, bu gün niyə Azərbaycan xalqı daha çox poeziyaya meyllənir? Bugünki gənc nəslin arasından nə vaxt sanballı dramaturqlar çıxacaq?
Hər bir Azərbaycanlının düşüncə mexanizmi poetik olduğuna görə şeirə meyl güclüdür. Şekspir, Şiller, Axundov, Mirzə Cəlil və sair kimi düşünən duyğu sahiblərinin var olduğuna inanıram və gələcəyə ümidlə baxıram.
Dünyada gedən proseslər işığında öz obrazlarınızdan hansına daha çox bənzəyirsiniz? Cəlil əfəndiyə yoxsa….
Cəlil Əfəndi mənim ana babamın obrazıdır. Mən hər zaman ona bənzəməyə çalışmışam.
Ümumiyyətlə bu gün cəmiyyətdə ədəbiyyatın cəmiyyətin düşüncəsini formalaşdirması ve yönləndirməsi nə dərəcədə realdır?
Ədəbiyyat bütün zamanlarda cəmiyyətin düşüncəsinə təsir etmişdir və cəmiyyətin formalaşmasında ədəbiyyatın müstəsna rolu var.
Şeir misra–misra gəlir insanın içinə… Bircə anda insan qəribə duyğularla dolub, boşalır. Bəs dramaturgiyada vəziyyət necədir?
Əslində vəziyyət şeirdə də, dramatirgiyada da, ümumiyyətlə hiss, duyğu ilə bağlı bütün məsələlərdə eyni cürdür. Yaradıcılıq ayrı bir aləmdir.
Ortaq Türkcə məsələsinə toxunaq… Ortaq Türkcə necə olmalıdır sizcə?
Türk-Turan dünyasının sərbəst anlaya biləcəyi bir vəziyyətə gətirilməlidir.
Qloballaşan dünya və Azərbaycan ədəbiyyatı… Hansı şəkildə balanslaşmalıdır bu münasibətlər?
Bədii ədəbiyyat rəngin tabloya, səsin nəğməyə, çevrildiyi kimi, hissin, duyğunun söz olaraq adilikdən poetikliyə çevrilməsidir. Dünya qloballaşsa da, qloballaşmasa da yazı sərbəst şəkildə doğulur. Dünya ədəbiyyatı müstəvisinə milli ənənəni, milli düşüncəni, milli ruhu saxlamaqla, özünəməxsus şəkildə qalxmaq lazımdır. O zaman səni qloballaşan dünya daha rahat qəbul edəcək. Çünki, sən orda özün olacaqsan.
Sonunda ənənəvi bir sual: Azərbaycan e–məkanında “Bizimki” e–dərgisinin yeri hardadır sizcə?
Ənənəni müasirliklə ortaq bir məxrəcə gətirə bildiyiniz üçün ucada.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Ryabina
İyul 21st, 2007 at 11:31
Çox qəribə bir vəziyyətdir…Şair - dramaturq ÖZÜ haqqında daha çox məlumat verdi, nəinki DRAMATURGİYA haqqında…
Mən daha ətraflı, daha dolğun söhbət gözləyirdim…bu mənim bir oxucu kimi də haqqımdır, sanıram!
Çağdaş Azərbaycan dramaturgiyası YOXDUR!!!
Dramaturgiya adı altında oxucuya və tamaşaçıya “sırınanlar” isə bərbad vəziyyətdədir.
Gah ən mənasız pafoslar, gah ən əndrəbadi “yeniliklər” , gah da ən şit “komediyalar” yordu bizi artıq…
İftixar bəy, çox istərdim bu haqda “Bizimki”də məqalənizlə çıxış edəsiniz…Öncədən təşəkkür edirəm və uğurlar diləyirəm.