Elçin HabiloğluÇıxmırsan fikrimdən, xəyallarımdan,
Mən xoşbəxt oluram səni görəndə.
Təbəssüm boylanır baxışlarımdan,
Sevincdən uçuram səni görəndə.

Sənsiz itirirəm izimi belə,
Yollara dikirəm gözümü belə.
Hər şeyi, dünyanı, özümü belə,
Sanki unuduram səni görəndə.

Səadət yağışı yağır ömrümə,
O sənli günləri çağır ömrümə.
Xoşbəxtlik günəşi doğur ömrümə,
Dərddən qurtuluram səni görəndə.

Məhəbbətin acısı da bal olur,
Bir ürəkdən bir ürəyə yol olur,
Dilim söz tutmayır, nitqim lal olur,
Donub tutuluram səni görəndə.

Yayın istisində, qışın qarında
Yaşasın eşqin də, arzuların da!
Sevgi dənizinin lal sularında
Batıb boğuluram səni görəndə.

Düşməsin bu eşqə, sevgiyə düyün,
Könül ver, sevginlə, eşqinlə öyün.
Bəlkə də anbaan, bəlkə günbəgün
Sənə vuruluram səni görəndə.

Hamıya məlum

Şər işdən uzaq ol, doğrunu danma,
Şan-şöhrət oduyla alışıb-yanma,
Vədi yalan olan kəsə inanma,
Doğrunun qiyməti hamıya məlum.

Haramla halalı bir-birindən seç,
Pis yoldan qayıdıb doğru yola keç,
Bağında güllər ək, tikanları biç,
Gülün məhəbbəti hamıya məlum.

Şairlər söz kimi dad qoyub gedir,
Məhəbbət ürəkdə od qoyub gedir,
Yaxşılar dünyada ad qoyub gedir,
Pisin aqibəti hamıya məlum.

Elçin, xoşdur məhəbbətin baharı,
Qoy ömür bağının çox olsun barı!
Fərhad bir külünglə yıxdı dağları,
Sevginin qüdrəti hamıya məlum.