ElşənBu şeir Çingiz Mustafayevə həsr olunur

Qarşımda Xiyaban, soyuq məzarlar…
Məzardan baxışlar sinə dağlayır.
Tutulur ayaqlar, susur dodaqlar,
Bədən süst olsa da, gözlər ağlayır.

Düz 15 il qabaqlar göz önündədi,
Ayın on beşidir, qan tarixidir.
Çingizin söhbəti söz önündədi,
Torpağa qoyduğu can tarixidir.
Gözlərim axtarır onu durmadan,
Hər məzar bir Çingiz tarixi yazıb.
Gəncliyin zirvəsin başa vurmadan
Hər igid bir şəhid zirvəsi cızıb.

Nəhayət, Çingizin qəbrinə çatdım,
Baş əydim önündə, gözlərim doldu.
Bir anlıq qəflət yuxusunda yatdım,
Payız çiçəyi tək həyatım soldu.

- Salam, ay Çingiz! Necəsən, qardaş?
Səni salamlayır adi Vətəndaş.
Gəl bir söhbət edək, bəlkə dərdləşək?
Bəlkə poeziya? Şeir, deyişək?
Ay Çingiz, sənləyəm, duyursan məni?
Cavab ver, söhbət et, dinlərəm səni.
Dillənmir nədənsə, bəlkə kefi yox?
Bəlkə çox çərlədim, danışıram çox?
Ay Çingiz, bəlkə bir başqa vaxt gəlim?
Bir dillən, cavab ver, işimi bilim.
Çingiz, qadası, bir dillən barı,
Silkələrəm əsəbdən soyuq məzarı.

Sükunət. Çingizdən çıxmayır bir səs.
15 il ərzində bir adam, bir kəs
Anlamır bu Çingiz niyə danışmır,
Niyə bizə qaynamır, niyə qarışmır.
Tapmışam. Düşünür biqeyrətik biz,
Binamus, bişərəf, binemətik biz.
Düşünür torpağı geri almırıq,
Orada məskənlər axı salmırıq.
Onun da qanından axıbdır ora,
Deyir, yiyə durun siz o diyara,
Qaytarın geriyə şəhid qanını,
Qorxma, ver düşmənə şirin canını.
Amma ki, qaytar sən o torpağı,
Qaytarın geriyə o Qarabağı!
Əzin düşməni, üstündən keçin,
Ya Vətən, ya ölüm- birini seçin!
Bax, deyir bunları Çingiz qardaşım,
Əsəbdən qızıram, partlayır başım.
Dişlərim qıcışır, gözlər qan dolu,
Vətənin uğrunda ölümdür yolum.
-Mən sənin balaca qardaşın, Çingiz
Mən də sənin kimi qoyacağam iz.
Bir kişi sözünü verirəm sənə,
Özümü həsr etdim mən bu Vətənə!-
Yenə də ortaya çökdü sükunət.
Nisbətən dayandı qızışmış söhbət.
Məzar gülümsədi. Dedi:
- On beş il.
Hər gələn, gedən də bunu deyir, bil,
Onunçün dinmirəm susuram, Brat.
15 il milləti pusuram, Brat
Mənə hər söz verən görsəydi bir iş,
Vətən öz ovladın onda görərmiş.
Nə isə imkan ver uyuyum rahat,
Sən sağ qal, ay Brat, mən də salamat!


Allah Çingizin timsalında bütün şəhidlərimizə rəhmət eləsin!