Yasin Türksoy Fikirləşdikcə ağıla nələr gəlmir, nələr… Və yaxud da oturduğun yerdə, fikrə dalmadığın halda, ani fikirlər səni haralara aparır… Fəsillərin bir-birini ardıcıl əvəz etməsi, yayın gəlişi lap elə eramızdan əvvəl Ι minillikdə də belə olub. Yay girsə də, havalar yenicə əsl yay havası kimi qızışmağa başlayır. Bir neçə gün əsən şimal, şimal-qərb küləkləri, aramla yağan narın, bəzən də çox qısa müddətli yağışlar irəlidə bizi gözləyən isti yay günlərinin cırhacırına hazırlayırmış.

Yayın belə gəlişi özüylə keçmiş və gələcək xatirələri, problemləri, ağız deyəni qulaq eşitməyən şəhər küçələrinin səs-küyünu, baş qaşımağa vaxt olmayan gələcək günləri də gətirir. Kimi bu isti yay günlərinin kefini yaşamaq üçün dağa, bağa, yaylağa yollanacaq, kimi də dolanışıq üçün min cür əziyyətə qatlaşacaq. Yenə də kimiləri yığışaraq, hər cür azuqə götürüb dincəlmək üçün rayona gedib-qayıdacaq, marşrutda yol boyu laqqırtı vuracaq, yenə də kimiləri çarəsizlikdən səhərdən axşamadək sərnişin maşrutlarında konduktor, kimiləri yüksəkmərtəbəli binalarda sığortasız, Allah ümidinə fəhlə işləyəcək … Kimiləri də və sairə… və ilaxıra….
Havaların qışdan yaza doğru sərt keçməsi, nisbətən yaya doğru mülayimləşməsi dolayısı yolla bazar qiymətlərinə təsir etdi. Meyvənin qıtlığı qiymətləri də bahalaşdırdı. Bir yandan baxanda yazıq kəndçini də qınamaq olmaz. Aylarla gözləyir ki, əziyyətlə becərdiyi həyətinin barını yığıb satacaq, dərdinə-oduna, qəndinə-çayına, uşağının əyin-başına verəcək …
Və hadisələr zəncirvari halqa kimi uzanacaq… O kəndin, o həyətin, o ağacın meyvəsi bəlkə də haylı-küylü şəhər küçəsinin stresini unutmaq üçün dənizə üz tutub, çimərlikdə qızmar qum üzərində uzanıb, özünü günə verən birisinin qisməti olacaq. Bəlkə də o meyvənin dadı onu gələcək günlərini fikirləşdiyi, öz-özündən xatirə qurduğu, duyğularında gələcəkdə istəklisiylə xoşbəxt ailə qurmasının şirin anındaca, qəflətən həmən həyətin ağaclarının meyvə yığımı vaxtına düşürəcək .
“…Kənd həyatı …təmiz, saf, pak kənd həyatı… Yaşıllıq, dərələr, təpələr, bir yanda qaratoyuqlar… Pəhhhh! nə gözəl bir aləm!
Axı niyə mən şəhərdə bu gözəlliyi görmürəm, guya ki, şəhərdə bitki aləmi, yaşıllıq, təmizlik yoxdur?.. Yox, bunların hamısı var, amma bu süni şəhər təbiəti o saf təbiətlə eyni deyil. Kəndin ucqarından başlayaraq ta kəndin axırıncı mənzilinin yanından axaraq keçən dağ çayı, su kanallarının qırağında budaqları gövdəsinə əyilən söyüd ağacları, rəngbərəng meyvələrin tamı, təbiətdəki bu lətafət, toyuq-cücədən qorunması üçün çəpərlənmiş ləkli həyətin bir küncündəki arı yeşiklərindən çıxarılan təmiz bal, duruluqdan əksin düşən, hər görəni gözəlliyə tamaşa etməyə məcbur edən bir göl kimi buralar nə vaxtsa səni unutsa da, sən heç vaxt bu mənzərələri, xatirələri unutmazsan.
Hə… Bax buna deyərəm insan ağlına gələn hər şeyin mövcudatı! Yoxsa bir anlığa durduğum yerdə bu fantaziya hardan yarandı?!…”.
Elə bu fikirlər, duyğular da növbə ilə bir-birini əvəz edən fəsillər, isti, soyuq, boranlı, qarlı günlər, bir neçə ilin normal keçən havalarının ardından yenidən istiləşən havalar kimi təkrarlanacaq… Bir isti yay gününün qaranlığına qatılacaq.

“… İndiki kimi 5-ci əsrdə də hər səhər Günəş yuxusundan oyanır, axşam isə yıxılıb yatırdı. Səhər, ilk şüalar şehlə öpüşdüyü zaman torpaq oyanır, səma sevinc, məftunluq və ümid səsləri ilə zənginləşərdi, axşam isə torpaq sakitləşər və sərt qaranlıqlara qərq olardı. Gün-günə, gecə-gecəyə bənzərdi…” (Çexovdan)