Əvvəllər biz qəfəsdə yaşayırdıq,
indi isə uzun çubuğun üstünə qonub oturmuşduq,
amma ayağımızdakı zəncirlər hələ açılmamışdı.
(Rabindranat Taqor)
Universitetə getdiyim birinci gün anlamışdım ki, təsəvvürlərimlə heç uyğunluğu olmayan yerdəyəm. Həm adamlar, həm də təhsil baxımından. Özlərindən razı, jestləri mədəni, mahiyyətləri isə kobud dekanlıq, müəllimlər, onlardan da təkəbbürlü, universitetə qəbulu, hüquq fakültəsinə ayaq basmağı böyük bir şey sayan, hətta özlərinə yeni yeriş tapmış “n” sayda tələbələr…
Saçda “kant” qoydurmaq və bahalı mobil telefon xüsusi bir simvola, fərqləndirici nişana çevrilmişdi. Xüsusilə ödənişli qrupların tələbələri; hər kəsin əvəzinə “lovğalanmaq”, “təkəbbür” funksiyasını həyata keçirirdilər. O vaxt düşünmüşdüm ki, bunun səbəbi kimin nə qədər zəhmət çəkməyinə, çətinlik görməyinə bağlıdır… Sonralar universitetlər, fakültələr, ixtisaslar üzrə təkəbbürləri müqayisə edəndə lap əmin oldum. Zəhmət ilə təkəbbür, lovğalıq tərs mütənasibdir.
Universitetdaxili, fakültədaxili mühit bir məsələ idi, başqa məsələ universitetətrafı mühit idi; ayağını universitet darvazasından çölə qoyan kimi üstünə əcaib-qəraib danışıq tərzli, gözləri axan və hiyləgərcəsinə parıldayan, əlində hansısa ocaq, sekta, nə bilim nə materialları olanlar “hücum”a keçirdilər. Fikir vermişdim, daha çox birinci, aşağı kursların uşaqlarını hədəfdə tuturdular, uşaqların lovğalığı, təkəbbürlü yerişi sayəsində onlara yanaşma üsulunu müəyyənləşdirmək çətin olmurdu. Əvvəlcə hər birinin qoltuğuna qarpız verilirdi, onsuz da lovğalığı üzündə yazılmış (insanda hansı cəhət daha dərindirsə, mütləq üzündə nişanələr qoyur) uşaqlar təriflərdən sonra lap hayıl-mayıl vəziyyətə düşürdülər. Sonra da başlayırdı əcaib-qəraib sözlərə ağzını ayırıb, məftunluqla qulaq asan “dahilər”in çoxalması prosesi… “Dərin mənalı fəlsəfi-dini” söhbətlərdən yaxanı qurtarmaq üçün ya təcili surətdə universitet tərəfdən uzaqlaşmalıydın, ya da kafeyə girməliydin. Dükanlara etibar olmurdu, bir də görürdün materialları ksereks elətdirdiyin yerdə kimsə yanında durub, astadan, sakitcə, yavaş-yavaş, sanki şprislə yeridirmiş kimi, sözləri beyninə yeridir…
Özümü bu iki mühit arasında sıxışdırılan, aşınmaya, özümə yadlaşmağa məcbur edilən biri kimi hiss edirdim. “Qarşındakı danışanda hiss eləsən ki, beynin dumanlanır, oranı tərk elə, ya da fikrini yayındır; danışdıqlarını eşit, amma qulaq asma” vaxtında mənə deyilməsəydi, bəlkə də mən özüm də “çoxalma prosesi”nin iştirakçılarından birinə çevrilmişdim, bundan xəbərim belə olmadan.
Bir qutu siqaret
Bəzi dərslərdə müəllimlərin əzbərçilik, “Bəli, müəllim, siz deyəndir!” metodlarından və mənasızlıqdan dəli olmamaq üçün başımı cızma-qaralarla qatırdım. Əvvəl uşaqların təsviriylə məşğul idim, sonra müəllimlərin, sonra da bütövlükdə fakültənin və universitetin təsvirinə keçdim, hərdən başqa mövzular da olurdu. Haqq-hesab çürütmələri nəzərə almasam, təsvirlər onunla nəticələndi ki, tələbə dostumun o vaxt filologiyada magistrant, sonradan aspirant olan bacısı ədəbi dünyagörüşümü genişləndirmək, zənginləşdirmək üçün kömək etmək qərarına gəldi. Həyatımın son yeddi ili ərzində elə bir adam tanımıram ki, inkişafıma onun qədər real kömək edib, təkan verdi; birinci dəfə dörd-beş kitab gətirib “bunları oxu” deyəndə özümü həyatında ilk dəfə “sən bizə lazımsan” sözünü eşidən uşaq kimi hiss eləmişdim. Onda ikinci kursda idim.
Bir gün dostum dedi ki, bacısı “filfak”da bir neçə uşaqla danışıb, onlar ədəbi məclislərə, Yazıçılar Birliyinə və başqa bu kimi xüsusi ədəbi yerlərə gedirlər, günorta mən də onlarla gedim, sadəcə baxım görüm nə var, nə yox, nəsə məni açmasa, bir də getmərəm. Görüş vaxtı mənim dərs vaxtımla üst-üstə düşürdü. Fikirləşdim ki, “Ekologiya hüququ”nun səksən dəqiqəsini ədəbi təcrübəyə həsr edim, onsuz da böyük mühazirə zalında keçirilən bu dərsdə müəllim özü danışıb, özü də qulaq asırdı. Həmin dərsə girməklə heç nə qazanmadığın kimi (başağrısından başqa), girməməklə də heç nə itirmirdin (başağrısından başqa). Ancaq “qayıb” məsələsi var idi, o da ki, qoy olsun bir qayıb!
Biri magistrant olmaqla, altı-yeddi tələbə görüşdük və harasa istiqamət götürdük. Bir neçə dəfə verdiyim “hara gedirik?” sualıma “az qalıb, çatırıq” cavabından başqa, düz-əməlli cavab ala bilmədiyimi gördükdə səbirli olub, hələlik ətrafdakı binalara, yollara tamaşa etməyi qərara aldım. Tanımadığım bir binanın sonunda sağa döndük və dəmir qapını göstərib dedilər ki, çatmışıq.
İçəridə bizi yaşlı bir kişi qarşıladı, uşaqların “bəh-bəh”li salamlaşmasından belə anladım ki, onlara çox dəyərli biridir. Kişi də etika xatirinə gülümsəməyə çalşırdı; hər halda mənə elə gəldi.
Masa arxasına keçib, söhbətlərə başladıq. Bu vaxt daha iki gənc bizə qoşulmuşdu, amma onlar tələbə deyildilər, aramızdakı yaş fərqi də kifayət qədər böyük idi. Gözlədiyim ədəbi söhbətlərin tam tərsinə olaraq, əvvəl şəxsi, sonra da siyasi xarakterli, motivli söhbətlər başladı. İranda tələbə hərəkatı, universitet rektorluğuna seçkilər, yaxud təyinat və nə bilim nələrdən tutmuş, ölkəmizdəki siyasi partiyalara və adlarını birinci dəfə orda eşitdiyim əndrabadi cəmiyyətlərə, tələbələrdən biri ilə yaşlı kişinin eyni rayondan olması, yaşlı kişiylə bibisinin eyni məktəbdə oxumasına qədər çox şey yad edildi… Bizə burda qoşulmuş gənclərdən birinin təşkilatlanmaq barədə “hansı gənc kimi tərifləyirsə, onu da ona tərifləyin; kimi pisləyirsə, onu da ona pisləyin- əsas odur ki, gənclər bura cəlb edilsin” orijinal təklifinin qarşısında yaşlı kişinin başını razılıqla tərpətməsi və filoloqların məftun baxışları həyatım boyu unuda bilməyəcəyim bir səhnə kimi həyatımda iz qoydu…
Bu görüşdə ədəbi təcrübəyə az-çox dəxli olan yeganə məqam o oldu ki, sonda yaşlı kişinin həm də kifayət qədər tanınmış, bəh-bəhli şair olduğunu öyrəndim…
Universitetə geri qayıdanda uşaqlar hansısa şeirlər haqda mübahisə etməyə başladılar. Tələbələrdən biri öz şeirini deyəndə digərlərinin “”bir qutu siqaret” yeni deyil, çoxlarında var” etirazlarını cavablandırmalı oldu. Yolun azı on beş dəqiqəsi “bir qutu siqaret”ə həsr olundu. Amma təəssüf ki, uşaqlar əslində elə özlərinin bir qutu siqaret olduqlarını bir dəfəsə də anlamadılar. Anlamadılar ki, kimlərsə onları siqaret kimi yandırıb, küllərini göyə sovurur… Və xalqın bəzən kibrit qutusuna bənzədilməsi də bir qutu siqaretə istiqamətləndirilən informasiyadır. Xalqın oduna yandırılıb, külləri göyə sovrulanlar…
Dil məsələsi
Universitet həyatımdan başlayaraq keçən yeddi illik müddət mənə Azərbaycan dili ətrafında çox ciddi müşahidələr imkanı verdi. Əvvəlcə uzun müddət heç cür anlaya bilmədim ki, rus bölməsinin uşaqları Azərbaycan dili, rus dili və hansısa xarici dil keçdiyi halda, Azərbaycan bölməsinin uşaqlarının proqramında niyə Azərbaycan dili yoxdur, amma rus dili və hər hansı xarici dil var. Səbəblərini sonradan anladım; hər şey keçmişdənqalma siyasi maraqlara, məsələlərə söykənirdi.
Sonra başa düşmədim ki, 2000-ci illərdə azərbaycanlılar niyə Azərbaycan dilində bərbad vəziyyətdə danışırlar. Bunun da səbəblərini sonradan anladım; yenə də keçmişdənqalma siyasi söhbətlər.
Daha sonra başa düşmədim ki, niyə hüquqda bir çox məsələlərin izahında “bu, Azərbaycanca yaxşı alınmır, rusca yaxşı alınır” cümləsini eşitməli olurdum. Hər dəfə də mənə maraqlı gəlirdi ki, bu xalqın dilçiləri nə işlə məşğuldur ki, heç olmasa, hüquqşünaslarla bir masa arxasında əyləşib, hüquqi dil formalaşdırmağa çalışmayıblar. Bunların da səbəbi yuxarıdakı suallarla bağlı çıxdı. Təbii ki, milli səmimiyyət məqamı da öz yerində olmaqla.
Sonralar isə daha maraqlı məsələlər meydana çıxdı. Demə, müasir, mədəni, savadlı, geniş dünyagörüşlü biri sayılmaq üçün hər dildən bir söz gətirib, calaq etməlisən. Eləcə də sadə camaatın danışdığı dildə danışmağı özünə sığışdırmamalısan. Hal-hazırda türk dili, ingilis dili və rus dili dəbdədir. Məsələn, “ilginc”, “ilk öncə”, “xoşca qal”, “tolerans”, “ok”, “yes”, “pardon” və s. Siyahı çox uzundur. Bu dilləri, bu dillərdən sözləri işlətməklə yanaşı, Azərbaycan dilini də hər cümləbaşı təhqir etməyi unutmamalısan. Ömrü boyu Azərbaycanda böyümüş biri də bir neçə il, lap bir neçə ay hansısa xarici ölkədə təhsil alan kimi mütləq dilində dəyişikliklər olmalıdır. Eləcə də xarici dildə material oxuyursansa, özünü çətinə salıb, hər hansı sözün Azərbaycanca qarşılığını axtarmağa çalışmamalısan; hamı bilməlidir ki, başqa dildə oxuyursan.
Höte deyirdi ki, xarici dil bilməyən adam öz dilinin də dəyərini bilməyəcək. Bir məsələ də bundadır, başqalarını təlqin etmə, başqasının kölgəsinə çevrilmə meylləri ilə başqa (xarici) dil bilmənin fərqi hələ çoxlarına aydın olmayıb. Ona görə də proses öz dilinin təhqir edilməsi ilə yanaşı gedir.
Hərdən ətrafdakıları yoxlamaq üçün danışığımda yad sözlər işlədirəm, əsas da “milli uşaqlar”ın yanında. Təəssüf ki, reaksiya sıfır olur. Bunun da səbəblərini düşünməyə hələ davam edirəm…
Yeddi il ərzində bütün kitab dükanlarını ələk-vələk elədim, Azərbaycan dilinin müasir qrammatikası haqda normal bir kitab tapmaq üçün. Çox şeyin məntiqini anlamaq istəyirdim. Məsələn, “şe’r” sözü apostrof götürüləndən sonra “şeir” şəklində yazıldığı halda, niyə “fe’l” sözü apostrof götürüləndən sonra “feil” şəklində yazılmadı? Halbuki eyniyyət təşkil edən məqamları kifayət qədər çoxdur.
Axtarışlarım dərsliklər, universitetlərə hazırlıq materialları, “Azərbaycan dilinin Orfoqrafiya Lüğəti” və “Azərbaycan Dilinin İzahlı Lüğəti”ndən başqa bir nəticə vermədi. Orfoqrafiya lüğətinin əvvəlindəki bir neçə səhifəlik materialla kifayətlənməli oldum. Heç bir məntiqi, qanunauyğunluğu açıqlamayan, sadəcə əzbərçilik diqtə edən materialla.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Atilla Cavid
İyul 22nd, 2007 at 17:37
Gülşən xanım, universitetdə 6 il təhsil almış bir nəfər kimi mən də müəyyən iradlarınıza, gileylərinizə qoşuluram. Necə deyərlər “tanış melodiyadır”. Amma müəyyən məqamlarda “ətrafdakılarınıza” üstən aşağı baxmaq meyilləri də hiss olunmaqda…Demək istəyirsiniz ki, fakültədə təhsil alanların 80 faizi ağıldankəm, lovğa, özündənrazı, müəllimlər də bivecdir…?
Məsələn Elşad müəllim, nə qədər lovğa olsa da dərinə gedəndə bir o qədər də keyfiyyətli insan idi. Nə isə belə misallar az da olsa var.
Dil məsələsində sizinlə tamamilə razıyam. O gün bir dilçi dostumuza sual edirəm ki, niyə ruscadan “Nauchniy sekretar” birləşməsi dilimizə “Elmi katib” kimi tərcümə olunur? Deyir “bu mənim işim deyil”. Əslində “Alim katib” olmalıdı axı….Bu da bizim dilçiliyimiz!
Sizə uğurlar
Gülşən Cəbi
İyul 22nd, 2007 at 18:49
Salam!
Universitetdə olmaq bir şeydir, konkret fakültədə olmaq başqa şey… Fakültə haqda heç nə demək istəmirəm, o, özü öz adından çox yaxşı danışır və xalqa bəxş elədiyi “kadr”lar da (çoxluq) həm savadları, həm də mənəvi dəyərlərə münasibətləri baxımından “dərin iz”lər qoymaqdadırlar… Gəlin, fakültə haqda danışmayaq, mənim gördüklərimi siz görməmisiz…
Açığı, şərhinizdən belə anladım ki, əslində dediyimi anlamamısız. Məsələn, ağıldankəmlikdən ümumiyyətlə danışmamışam. Yazıda heç bir giley yoxdur, sadəcə gördüklərimi olduqları kimi yazmışam, heç bir düzəliş etmədən. Və yazıda əsas məsələ fakültə söhbəti deyil. Fakültə ən axırıncı məsələdir.
Əgər tutaq ki, “Hüquq fakültəsi” adlı roman olsaydı və orda bir nəfər də müsbət obraz, bir dənə də müsbət hadisə olmasaydı, onda “yüz nəfərdən biri” təsəllisini axtarmaq, irad tutmaq olardı.
Təhlil etmək üçün cəmiyyətə də, hadisələrə də üstdən aşağı baxarlar. Əsas odur ki, yuxarıdan aşağı baxmaq olmasın…
Ümid edirəm ki, məni düz anladınız.
Sizə də uğurlar!
Atilla Cavid
İyul 23rd, 2007 at 01:08
Bir daha çalışaq…
…uşaqlar (lovğa I kurs tələbələri) təriflərdən sonra lap hayıl-mayıl vəziyyətə düşürdülər. Sonra da başlayırdı əcaib-qəraib sözlərə ağzını ayırıb, məftunluqla qulaq asan “dahilər”in çoxalması prosesi.
Bizdə belə “dahilərə” ağıldankəm- yəni ağlı az olan adam deyirlər. Bu məsələ belə…
“Sonralar universitetlər, fakültələr, ixtisaslar üzrə təkəbbürləri (?) müqayisə edəndə lap əmin oldum.” Deməli, müəyyən bir fakültədə oxuyan adam digər fakültələrdəki müəllim-tələbə heyətinin təkəbbürünü (yəqin belə demək istəmisiniz?) bir-biri ilə müqayisə edə bilər. Bilərsə (siz buna əminsiniz!) niyə “Universitetdə olmaq bir şeydir, konkret fakültədə olmaq başqa şey” fikri yaranır?
“Əslində” dediyiniz nədir ki:
-Universitet və buradakı mühitin “anormallığı”, sonrakı 7 ildə baş verən hadisələr, danışığımızda əcnəbi sözlərdən ifrat istifadə, dilçilərimizin ortaya qoyduğu elmi məhsulun lazımı səviyyədə olmaması- Burda anlamamalı nə var ki? Maksvel tənliyi zad deyil ki…Bütün bunlara isə bizdə “giley” deyirlər. Bu da belə…
Doğrudur, üstən baxış bütün hallarda aşağıdan baxışa nisbətən yaxşıdır. Cəmiyyətdə gedən proseslər, özünütəşkil, özünüparparçalama, bu və bu kimi digər hadisələr (onların daha yaxşı qavranılması və qiymətləndirilməsi) siz deyən rakursdan daha aydın seçilir. Bu yaxşı…
Amma adamlara “üstdən aşağı” (frazeoloji birləşmə-Kiməsə
rişxəndlə baxmaq) baxmaq yaxşı şey deyil.
Yəqin məni düz anlayarsınız.
P.S. “Pardon”, birinci şərhdə “Nauchniy sekretar” ifadəsi “Ucheniy sekretar” kimi oxunmalıdır.
Gülşən Cəbi
İyul 23rd, 2007 at 02:06
Atilla Cavid, yazımdan fərqli olaraq, şərhimdə dediklərimi anladınız. Sadəcə “sonuncu şərhi kim yazar?” məsələsinə keçirsiz…
Siz tərəflərdə bir sıra anlayışların açılışı səhvdirsə, bu, mənim günahım deyil. Bu məsələ belə.
Universitet və fakültə məsələsinə diqqətlə baxın; bu haqda dediyim (ümumiyyətlə yazımdakı) heç bir sözümü geri götürmürəm, çünki bu sözlərdən heç birində obyektivlik, qərəzsizlik, əsaslılıq, vicdanlılıq pozulmayıb.
Zahiri əlamətlərə görə aparılan müqayisələrlə işin içində olmaqla aparılan müqayisələri bir-birinə qarışdırmayın.
Və sonuncu. Ətrafdakılara rişxəndlə yanaşsaydım, məsələn, konkret elə burda sizin şərhinizə cavab verməzdim. .
Uğurlar!
Sima N.
İyul 23rd, 2007 at 22:53
Gülşən, ürək ağrısı ilə yazdığınız həqiqətlər yalnız universitetə deyil, ümumən cəmiyyətimizə aiddir. Bu da onu göstərir ki, çoxluq daxili mədəniyyətə, əsil savada yiyələnmək əvəzinə zahiri mədəni “göstəricilərə” meyl edir. Bu bizim dövrumuzun bəlası deyil, tarix boyu düşünən Fərd və düşünməyən Kütlə arasında dərin bir uçurum olmuşdur. Bədbəxtçilik ondadır ki, kütlənin nümayəndəsi özünü fərd sayaraq, gənc beyinləri öz mənfur, çirkin dünyagörüşü ilə zəhərləyir.
Üzülməyin, kütlədən qaçmaq üçün ən azından düşünən beyniniz, ÖZ YOLUNUZ var.
Orxan
İyul 24th, 2007 at 13:41
Yeddi il ərzində bütün kitab dükanlarını ələk-vələk elədim, Azərbaycan dilinin müasir qrammatikası haqda normal bir kitab tapmaq üçün.
Gulshen, salam. Men de coxdandir bu tip axtarisa baslamisam ve hele ki, hec bir muveffeqiyyete nail olmamisam. “Axtaran, tapar!” ifadesinin yaradicisina qarshi 1-0 irelideyem.)))
sabutay
İyul 26th, 2007 at 22:29
Eslinde Siz tesvir etdiyinis muhutde oz acizliyinizi gostere bilmemisiniz…Sizin gordukleriniz bele ushaq mushahideleri ve derkidir
Gülşən Cəbi
İyul 26th, 2007 at 23:01
Salam!
Sabutay, kim dedi ki, mən aciz idim, yaxud acizəm? Eləcə də acizliyimi göstərmək istəmişəm? Qətiyyən!!!
Mətnin adına baxsaydınız, görə bilərdiniz ki, ad “Gənc və cəng”dir. Deməli, mətndə gənclərin cənglərə düşməsi üçün mövcud olan və hər kəsin elə-belə sayıb, yanından keçdiyi məqamlardan söhbət gedirdi. Siyasi partiyalar, nə bilim nələr, hər yerdə danışılan, müzakirə olunan məsələdir, hər addımbaşı yanımızda olanlar isə diqqətdən kənarda qalıb.
Daha burda cinayətkarlığın səbəbləri, cinayətkarın psixologiyası-filan mühazirələri deyəsi, uşaqlar, gənclər üçün olan yazını böyüklər üçün yazası deyildim ki.
Mətn ünvanlandığı auditoriyanın dilində və onlara yaxın olan müşahidələr üzərində olar.
Üstəlik sizin uşaq müşahidələri saydıqlarınız sayəsində, məsələn, elə nə qədər gəncin “başıxarab” sektaların caynağında olduqlarından xəbəriniz var?
Hörmətlə.
Şahanə
Avqust 3rd, 2007 at 18:40
Gulsen xanim, duzu, diqqetle oxumaqa hovselem catmadi… Diliniz bir xeyli aqirdi, daha doqrusu qurudur…
Janri da mueyyenlesdire bilmedim, meqalemi, hekayemi…
Ancaq musahideleriniz, sanki gundelik yazirsiniz kimi… Sonra bu gundelikdeki qeydlerinizde hansisa bedii yazida istifade edeceksiniz kimi gorundu mene.
Azerbaycan dilinin qrammatikasi ile baqli durum doqrudan da berbaddir. Adam hec bilmir hansindan baslasin… Yeni orfoqrafiya luqetinin icinde super sozunu diger sozlere bitishik yaziblar. Girisdeki izahda ise tire ile yazildiqi qey olunur. Dilcilik Institutundan ise sakitcene deyirler ki, icinde sehv gedib, tire ile yazilmalidir… Indi bu informasiyani 8 milyon 500 min insana hansi vasite ile catdiraq??
sabutay
Avqust 6th, 2007 at 18:26
salam.Bir az geciksəmdə cavabı yazıram. Sız cəng adamı deyılsınız.Hekayəniz sadəcə şikayətdir. Üstəlik nəsr heç də Sizin Nəzəri çəhətdən izah edə bilmədiyiniz müşahidələrinizin qeydlər səviyyəsində yazılması deyil.UNİVERESTETə getdiyiniz ilk gün təsəvvürləriniz puça çıxıb.Bütün TƏsəvvürlərinizin PUÇA çıxması lazımdır Kİ NASİR kimi formalaşa biləsiniz.Gənclərin sekta caynağı na düşməsi barədə;BƏlkə bu mövzulu hekayə yazasınız? AMMA müəllif olaraq mövqeyinizi NÜMAYİŞ etdirməyin.Reallığı,səbəbləri göstərin VƏ…..BU mövqeni də nəzərdən keçirin; Bəlkə başDanxarab SEKTALAR Sizə XARAB görünür?BU tip düşüncə ilə SİZ Hər bir fəlsəfi,ədəbi cəryanları belə xarab çıxara bilərsiniz.YAZARkən 100 dəfə öz fikrinizə qarşı NİYƏ ?-nı qoyun.MƏSLƏHƏT üçün üzr.Hörmətlə.
Gulshen Cebi
Avqust 6th, 2007 at 19:40
Nece isteyirsiz, ele de fikirleshin. Onsuz da sozumden bashqa her sheye aid sherhler var. Hetta tam, herterefli, obyektiv yanashmani, heyati, ozumde olanlari mene ‘oyreden’ler. 1)Heyat haqda kitabda oxuduqlarinizin bir coxunu men yashamisham. Umid, inam, pucolma ve s., neticelerini cox yaxshi bilirem 2) Sozun nece, kim terefinden deyilmesi yox, mahiyyeti, realligi esasdir.
Umid edirem ki, bu sherhim kimsenin xetrine deymedi. Hormetle.
sabutay
Avqust 10th, 2007 at 17:27
xətrə dəyməz.Ən azı Sizin hekayənin timsalında mən AZərbaycan realliqlarının nəsrə gətirılmə məsələlərini müzakirə etmək istərdim.əkrəm.ə ana r və bir çoxları yanlış nəsr ənənələri ilə çox his və pis YOL yaradıblar.Mən şərhlərimlə demək istəyirəm ki Arxayınlaşmayın.ə.əylislinin ən azı 4povestinə dəyən (ətirşahmasan istisna)hekayənızın dəyəri kiçik deyil sadəcə olaraq SIzdən niyə də daha dəyərli əsərın yazılmasını gözləməyım və oxumayım.Lakın nəsr şerın tənhalığı deyil Düşüncə Fikir mübadilə bir vacib əsas.BU günün nasirinin məncə İCTİMAİ VƏZİFƏSİ VAR.REALLIQLAR real surətdə nəsrə gətirilməli və AZADLIQ dəyəri uğrunda vuruşan AZƏRBAYCAN Nəsri bir cəryan halında meydana çıxmalıdır..YAZDIQLARINızla razılaşmayın kı CƏmiyyətımizdə BU günkü vəziyyətı ilə- Cəmiyyən ƏT olması ılə razılaşmasın.Bu sahədə hekayəniz kiçik addımdır.
Gülşən Cəbi
Avqust 11th, 2007 at 13:46
Aydındı, Sabutay, fikrinizi başa düşdüm. Razıyam.
sabutay
Sentyabr 29th, 2007 at 22:06
salam.NƏhayət şərhimizi davam etdirmək üçün paytaxta ğəlib çatdim.YENİ hekayənizin saytda yer alacağını ğözləyirdim…