Sahilə İbrahimova Çirkli qapı-pəncərəli köhnə evdə ara-sıra işıq yanırdı. Bu qonşuların marağına səbəb olsa da, kimsə cürət edib qapını tıqqıldatmırdı. Çünki bu köhnə evin köhnə sahibi xeyli vaxtdı buralarda görünməyən məşhur biznesmen idi. Bununla belə, kəşfiyyatda olan qonşular işığın köhnə ev sahibi tərəfindən yandırıldığını tez bir zamanda öyrənə bildilər. Bəs niyə ev sahibi gecələr xəlvəti gəlir? Özü də maşınsız, pay-piyada…

- Yəqin…
- Məlum məsələdi…
- Məhəllədə qız-gəlin var…
- Belə qeyrət məsələləri köhnəlib indi.
- Pullu kişilərin hamısı belədi.
- Əşşi özü bilər, bacarana can qurban.
- Kişidi də…
- Həri…
- Bəli…

***

Ofisiantı səslədi. Ofisiantın başı düz onun oturduğu stolun yanında əl-qolunu irəli-geri ata-ata danışan iki oğlana qarışdığından ona məhəl qoymadı.
O, bundan əsəbiləşmədi. Son vaxtlar çoxları ona məhəl qoymurdu. O da ona məhəl qoymayan adamların soyuqqanlığına alışmışdı. Yenə qara qovluğunu qarşısına qoyub beynində burulğana düşmüş kimi burulan fikirləri ilə baş-başa qaldı.
O, yazıçı idi. Az-çox tanınan ortabab yazıçı. İnsanları sevirdi, vətənini sevirdi, qara rəngli qovluğunu və bu qovluğun içərisində səliqə ilə yığılmış bir yığın yazıları sevirdi. Bu yazılarda onun sevgiləri yaşayırdı. Özü də çox sevirdi bu sevgilərini. Onların nazı ilə oynayırdı. Onları dəyişdirməyi, gözəlliyini itirməyi, başqalaşdırmağı özünə icazə vermədən yalnız onlardan yazırdı. Bu yazılarda onun insanlara, vətəninə, xalqına sevgiləri yaşayırdı. Bər-bəzəksiz, damarıyla, qanıyla axıb gələn sevgiləri…
Beləcə ömrü bu sevgilərlə yaşayıb həyata keçməyən müqəddəs arzularıyla birgə keçirdi. Onun ömründə bircə oktava var idi, özü də notların hamısı “do” idi. Hərdən ona yaxın olan “re” səslənsə də, tez də səsini kəsirdi.
“Danq, danq, danq”…
Müavin olduğu jurnalın dövlət büdcəsindən maliyyələşəcəyi məsələsi ortaya çıxdığı ana qədər, yəni düz iyirmi beş il ona dəyib- toxunan olmadı.
- Humanistliyi, yüksək mədəniyyəti, əməksevərliyi ilə kollektivin böyük hörmətini qazanıb.- Baş redaktor bu sözləri ona, onun həmişəki kimi mülayim sifətinə, gözlərindən ətrafa yayılan sevgilərinə baxa-baxa deyirdi.- Bununla belə biz redaksiyanın tərkibinə, kadr məsələsinə yenidən baxmalıyıq. İndi gənc kadrlara üstünlük vermək gərəkdir.
Əvvəlki mülayim, sevgilərlə dolu simasına qatılmaq istəyən məyusluqdan utanırmış kimi, sevgilərini dizlərinə səpələdi.
Cəmi bir həftədən sonra növbəti yığıncaqda anladı ki, onun sevgiləri köhnəlib, daha ağacları, yarpaqları, çiçəkləri, torpağı, insanları onun kimi incə-incə sevmək olmaz, indi insanlar başqa cür sevirlər. O yazıları ilə artıq gənclərin zövqünü oxşaya bilmir, onun sevgiləri gülüş doğurur, əsərləri monotondur, birtərəflidir, bayağıdır, ən əsası isə səmimilikdən uzaqdır, yəni indiyə qədər onu yaşadan sevgiləri süni səslənir. Axı o sevgilərini ürəyinin dərinliyindən isti-isti çıxarır, bütün səmimiyyəti ilə yazır, bəs onda niyə, nə üçün?..
- Nə yeyəcəksiniz?
Ofisiantın robotsayağı vərdişkar görkəmini mənalı-mənalı süzdü.
- Bir az günəş, bir az ay, yan-yörəsinə də ulduzlardan yığ gətir.
- Bağışlayın anlamadım, qardaş, nə istədiniz?
Ofisiant ona tərəf ikiqat əyildi.
- Deyirəm yəni bir az istilik, bir az işıq, yan-yörəsinə də sevgilərdən yığıb gətir mənə, ölürəm acından.
- Bizim menyuda belə qida növü yoxdu.
- Buna mənəvi qida deyirlər, bala. İndi bu qida növü menyudan çıxarılıb.
Bərkdən güldü. Ofisiant qəzəbləndi.
- Siz xəstəsiz, - deyərək dönmək istəyərkən sol qolunun arxaya doğru dartıldığını hiss etdi.
- Ey oğlan, sən deyəsən qarşındakını tanımırsan axı?
- Mən nə dedim ki, qardaş?
- Sən çox şey deyə bilərsən. Amma onların heç biri söz ola bilməz. Eşitdin?
- Siz bir az yavaş danışa bilərsiniz?
- Bu sizin işiniz deyil, səsimin sahibi mən özüməm. Get dediklərimi gətir, sonra sənə kim olduğumu göstərəcəm.
Ofisiant sanki nəfəs almadan dimdik gözdən itdi.
- Nə boş-boş danışırsız…
Yazıçı bayaqdan bəri tarixi hadisələri baş-ayaq sadalaya-sadalaya dil-boğaza qoymayan kişinin əli ilə ona susmaq işarəsi verməsindən qəzəbləndi.
- Bəli, mən tarixi sizin qədər bilmirəm. Mən bildiyim tarix artıq köhnəlib. Amma bir tarixi hadisə dəqiq yadımdadır. Bu tarix heç vaxt köhnəlməyəcək. Qulaq asın.
Kafeyə bir anlıq sükut çökdü.
- 944- cü ildə slavyanlar Bərdəyə hücum ediblərmiş. O zaman hamını məscidə yığıb, can qiyməti qoyublar. Kimin pulu verməyə gücü çatıbsa, sağ qalıb, pul verməyənlər qılıncdan keçirilib. Ən dəhşətli, qorxulu şey bilirsiz nədir? Pulsuzluq. Deyin görüm indi kimsə bizə hücum edib, can pulu tələb etsə, nə edərik? Allahın bizə havayı verdiyi canı onun bəndəsindən təzədən almaq üçün can pulunu haradan taparıq? Bax, siz bu barədə düşünün, bu barədə.
Səs-küydən qulaq tutulan kafeyə sanki slavyanlar hücum etmişdilər. Hamı can pulu barəsində düşünürdü.

***

İndi köhnə kafenin yerində on dörd mərtəbəli yaşayış binası ucalırdı. Bu binanı yazıçı biznesmen tikdirmişdi. Belə binalardan şəhərdə çox idi. Çoxunu da yazıçı tikdirmişdi. Keçmiş baş redaktor onun qarşısında baş əyirdi. İndi o köhnə sevgilərini bir kənara tullayıb müasir sevgilərdən yazırdı. İndi insanları əvvəlki tək sevmirdi. Özünü onlara sevdirirdi. Onun bekar vaxtlarında yazdığı cızma-qaraları məşhur tənqidçilər tərəfindən təriflənirdi, yayımlanırdı. Yazıçı əsərlərində hamını can pulu toplamağa çağırırdı.

***

Bir səhər o köhnə sevgiləri üçün qəribsədiyini hiss etdi. Onlar üçün burnunun ucu göynədi. Köhnə yolla, amma yeni salınmış asfaltla köhnə məhəllələrinə sarı getdi. Xonçalı qapını köhnə açarla açdı. Düz evin ortasında atılıb qalaraq toz basmış qara qovluğunu uzaq səfərdən qayıtmış əzizi kimi tozlu-tozlu sinəsinə sıxdı. Toz basmış, unudulmuş qovluğundakı köhnəlmiş sevgilərindən utandı. Kövrəldi. Hönkürdü. Əli ilə pəncərənin tozunu sildi. İlk gözünə dəyən ilk tikdirdiyi hündürmərtəbəli bina oldu. Ara-sıra görünən bu binalar köhnə binaları kölgədə qoyurdu. Birdən-birə çərçivəsi köhnəlmiş pəncərənin şüşəsindən çoxmərtəbəli binalar ona vahiməli göründü. Balaca bir oğlan iydə ağacının budağından sallanırdı. Əvvəllər o belə dəcəl uşaqların qulağını astaca buraraq, onlara öyüd-nəsihət verərdi. Amma indi dillənə bilmədi. Çünki o ozü ağacları qırıb yerində hündürmərtəbəli binalar tikdirirdi. Qarşıdakı uşaq bağçasında məskunlaşmış Mustafa uşaqlara təpindi. Sağ qolunu Qarabağda itirmiş Mustafa ona çox doğma göründü. Bu həmin Mustafa idi ki, o, hər axşam yarım kilo “Halal” kolbasası ilə yarım litr araq şüşəsini qoltuğuna vurub, onun darısqal otağında Qarabağı dərdli-dərdli yad edirdilər. Amma indi… İndi o, ən bahalı restoranlarda, ən varlı kişilərlə biznes uğurlarını danışa-danışa qızlarla əylənirdi. Pəncərənin qırağındakı bir topa kağızı vərəqlədi. Toz basmış vərəqlərin qoruduğu şəkil olduğu kimi qalmışdı. Əlinə alıb xeyli baxdı. Zeynalabdın Tağıyevin şəkli idi. Onun vətənpərvərliyindən həmişə ağızdolusu danışardı. İndi də iri portretini öz ofisində asmışdı. İndi o da xeyriyyəçi idi. Dəbdən geri qalmayıb, hətta Həcc ziyarətində şeytana daş atıb, Hacı da olmuşdu. O, doğrudanmı, Zeynalabdın Tağıyevin adına layiq xeyriyyəçi idi? Əlbəttə yox. Bunu özü də bilirdi. Hətta iki gün qabaq ondan oxumaq üçün bir aylıq icazə istəyən qıza:
- Sən oxuyacaqsan deyə, mənim işim qalacaq? – deyərək onu işdən getməyə məcbur etmişdi. Sanki Zeynalabdın Tağıyevin Azərbaycan qızlarına açdığı gimnaziyadan xəbərsiz idi. Ayağa qalxarkən gözü onun portretinə sataşmışdı. Elə bil Tağıyev yazıq-yazıq ona baxırdı. Artıq vaxt keçirdi. O, bu köhnə evini tərk etməli idi.
Qapıdan çıxarkən gözü dəhlizdəki köhnə güzgüyə sataşdı. Başı “can pulu”na qarışmış yazıçı özünü tanımadı.