Qara çay daşları döşənmiş pillələrlə üzü yuxarı qalxır, qızın onu necə qarşılayacağını fikirləşdikcə, həyəcanlanırdı. Doqquz ildən artıqdı görüşmədikləri. İndiyə dəyişərdi, illər izsiz keçmir. Bəlkə heç deyəcəkdi nahaq gəlibsən, mən səni tanımıram?
Həyətdə onu dolu bədənli, gözəl bir qadın qarşıladı, baxan kimi qadının Yeganənin anası olduğunu başa düşdü. Qadın o qədər cavan qalmışdı ki, heyrətini gizləyə bilmədi, belə cavan qadının o yaşda qızı olduğuna kim inanardı? Yanaqlarından qan damır, baxışlarında gizli bir ehtiras alışıb yanırdı. Nədənsə ona hövsələsiz halda qulaq asırdı, demək, tələbə yoldaşısan, onu axtarıb tapacağına söz veribsən, nə demək olar. Sözünə əməl eləyibsən, əsl kişilər kimi! Keç, içəridədi. İkinci mərtəbədə.
Qadın onunla niyə belə soyuq, hirsli danışırdı, səsindəki kinayə, istehza nə üçündü, başa düşə bilmirdi. Bura xoş niyyətlə gəlmişdi, tələbə yoldaşıyla görüşəcək, hal-əhval tutacaq, üzünə yaxşı baxarlarsa, bir-iki gün də qalıb, çıxıb gedəcəkdi, amma qadının qırımından belə görünürdü qalmaq sevdasını başından çıxarmalı olacaqdı.
Qadın ona yol da göstərmədi, bir şey başa düşmədən, oyma naxışlı pilləkənlə ikinci mərtəbəyə qalxdı. Soldakı otağın qapısı açıq idi. Qəribəydi, qız onu niyə qarşılamırdı? Yaxınlaşıb içəri boylandı, pəncərənin qabağındakı enli çarpayıda birisi uzanmışdı, insandımı, cindimi, ayırd eləmək mümkün deyildi. Qapqaraydı, çuxura düşmüş gözləri işıldayırdı. Yorğanın üzərindəki qapqara qolu meymun qoluna oxşayırdı. Amma hardasa çuxurdan işıldayan bu gözlər ona tanış gəlirdi. Haçandan-haçana çarpayıda uzananın heç kim yox, məhz Yeganə olduğunu başa düşdü.
İçəri keçib çarpayıya yaxınlaşdı. Çaşqınlıq içindəydi, bir müddət deməyə söz tapa bilməyib, haçandan-haçana dilləndi.
- Sənsən?
- Niyə gəlibsən? – çarpayıdakı kölgəni xatırladan varlıq dedi.
- Söz vermişdim, ona görə…
- Nahaq, - qızın gözlərində istehzalı gülüş canlandı.
Stulu çarpayıya yaxın çəkib oturdu, gözlərinə inana bilmirdi, insan da bu qədər dəyişərmiş? Yerişiylə neçəsinin bədəninə od salan, o gözəl, gümrah qızdan əsər qalmamışdı. Çarpayıdakı insan yox, skelet idi, o da skeletlə söhbətləşirdi. Məlum oldu ki, Yeganə institutu qurtardığı il ərə gedib, əri imkanlı adammış, onu çox sevirmiş. Uşaqları olmasa da, ömürlərinin ən gözəl günlərini yaşayırmışlar. Lakin birdən-birə qızın qıçları tutulur, Moskvaya, Türkiyəyə aparırlar, xeyri olmur, bir dəfəlik yatağa düşür. Əri onu atıb gedir, bir il olar anası durub qulluğunda, artıq arvad da beziyib.
Demək belə, kabab qoxusuna gəlmişdi, ancaq gəlib gördü eşşək dağlayırlar. Eynən beləydi, öz dərdi, iş-gücü azdı, gəldi başqalarının dərdlərinə də şərik oldu. Ay qoyun, çıx get kəndinə də, nəyinə lazımmış keçmiş tələbə yoldaşını axtarmaq? Artıq gecdi, başını başqalarının işinə soxmuşdu, burdan çıxmaq haqda düşünməliydi, gecəni qalar, sübhdən çıxıb gedərdi. Onu bura gətirən taksi sürücüsü cib telefonunun nömrəsini vermişdi, sübhdən zəng eləyərdi.
Qadın ona şam verdi, harda yatacağını göstərdi. Otağın qapısı ağzında dayanıb, əllərini qapının yanlığına söykəmişdi, qabağa əyildiyindən döşləri koftasını qabartmışdı, ehtiraslı baxışlarını ona zilləmişdi. Niyə getmirdi, qadına nə lazımdı? «Tək yatacaqsan?» - soruşdu. «Başa düşmədim?» - gözlərini döydü. «Başa düşməməli nə var? Yəni istəsən səninlə yatan birisi tapılar». İstədi soruşsun o birisi kimdi, ancaq soruşmadı, burda başqası yox idi, qadın özünü təklif eləyirdi, belə şey ağlına gəlməz, heç təsəvvür də eləməzdi. «İstəmirəm! – hirslə dedi. – Məni rahat buraxın!» «Özün bilərsən, - qadın çiyinlərini çəkdi, belə sərt şəkildə rədd edilməsi də qadını ruhdan salmamışdı, - fikrini dəyişsən, mən qonşu otaqda olacağam!»
Bircə səhər açılsaydı, bu lənətə gəlmiş xarabadan çıxıb getsəydi. Tələbə yoldaşı əvəzinə əcaib bir məxluq gördü, azmış kimi anası yaşında qadın da ona eşq təklif elədi. Qızı o gündə, bununsa dünya vecinə deyil, on beş yaşlı qıza oxşayır. Könlündən keçir bununla yatsınlar! Amma nə qadındı, Yeganənin anası olmasaydı əlbəttə imtina eləməzdi.
Səhər tezdən oyandı, heç səhər yeməyini yemədən getmək istəyirdi, qadına pul verəcəkdi, əlindən başqa nə gəlirdi? İnstituta qəbul olanda şəhərin mərkəzində bir rus qarısının evində kirayə qalırdı, ilk aylardan qarı onunla doğmaca oğlu kimi rəftar eləyirdi, elə o da qarının qayğısına qalır, qulluğunda dururdu. Qarı xəstələnədə ona dərman almağa pul çatdıra bilsin deyə kababxanada işə düzəldi, kabab bişirir, qabları yuyurdu. Qarı bu xəstəlikdən qurtardı, çox çəkmədən yenə xəstələndi və bu dəfə daha ayağa durmadı. Ölümündən qabaq ona bir xeyli sənəd verib dedi, bu ev artıq sənindi, dedi, bütün əşyaları ilə birlikdə. Evdəki əşyalar da qədim, antik əşyalardı, mebellər, qablar. Həbsdən çıxandan beş-on gün sonra evi iki yüz min dollara satıb bura gəldi. Pulu var idi, qıza qulluq eləsinlər deyə on-on beş min dollar verməyi düşünürdü. Başqa neyləyə bilərdi, əlindən nə gəlirdi? Gedəcək, bu qızı, xüsusi ilə də onun anasını bir dəfəlik unudacaqdı. Bəsdi, artıq öz həyatını yaşamalıydı.
Qadın heç yerdə gözə dəymirdi, lənət şeytana, nec olmuşdu. Yeganə yatan otağın qapısı da bağlıydı. Qapını döyüb açdı, qız oyanmışdı, gözlərini tavana dikmişdi.
- Anan hanı? – qızdan soruşdu.
- Getdi…
- Hara?
- Öz evinə.
- Necə yəni?
- Dedi, bir halda məşuqən gəlib, qoy o dursun qulluğunda. Mən bezdim.
Necə?! Qulaqlarına inana bilmirdi gözləri qaynaşan, utanmadan qarşısında əndamını oynadan, hələ bir onunla yatmaq istəyən qadın, bir vaxtlar gözəlliyi ilə yerə-göyə meydan oxuyan bu əlil qız onu ələ salırdılarmı? Yox, qışqırırdı, sən hardan olursan mənim məşuqəm, üzümə gülümsəməyə belə xəsislik eləyirdin! Yeddi il yatdım, azadlığa çıxacağımı səbirsizliklə gözləyir, az qala hər dəqiqəni sayırdım. Mən kənd uşağıyam, böyük şəhərlərdə yaşaya bilmərəm. Yadındamı, sən də lağ eləyirdin, deyirdin ərimin həyata kənd ölçüləri ilə yanaşan birisi olmasını heç vaxt istəmərəm. Qarının mənə bağışladığı evi iki yüz min dollara satdım, pulum var. Kəndimizə gedəcəyəm, orda çay yatağında yerimiz var, bulağın yanında ev tikəcək, kənd qızlarından biri ilə evlənib orda yaşayacağam. Pamidor, kartof əkəcəyəm, əzgil, şabalıd bağı salacağam. Eh, bunları sənə niyə danışıram? Yəni səndən ötrü həyatımı puç eləyə bilmərəm, incimə. Heç qalmağımın da sənə xeyri dəyməz. Artıq insanlara inamımı itirmişəm. Bilirsən yeddi il niyə yatdım? Gecə bağda üç nəfərin bir oğlanı yerə yıxıb döydüklərini gördüm, yanlarında bir qız var idi, qışqırır, köməyə çağırırdı. Oğlanı onların əlindən aldım, özlərini də döyüb qovdum, birisinin deyəsən qolu çındı. Oğlan nişanlısı ilə parka gəzməyə çıxıbmış, bu oğlanlar da deyiblər, qızı bizə verəcəksən. Razılaşmayıb, ona görə döyürmüşlər. Məhkəmədə isə qız nələr danışırdı, guya mən onu zorlamaq istəyirmişəm, nişanlısı köməyə çağırıb, bu üç nəfər də canları bahasına da olsa, qızı əlimdən ala biliblər. Özümü elə itirmişdim, danışa bilmirdim, dilim söz tutmurdu. Hamısı bir-birlərinin dediklərini təsdiqlədilər, şahidlər də tapıldı. Heç nədən yeddi il yatdım. Bəsimdi. Mən öz taleyimi yaşamaq istəyirəm.
Düz də eləyirsən, qız etinasız halda dedi. Pul vermək istəyirdi, qız dedi ehtiyac yoxdu, pul nəyimə lazımdı? Ayağa qalxa bilmirəm, gedib nəsə alam da. Çıx get, səndən incimirəm, nəyə görə də inciməliyəm? Artıq kənd uşağı kimi yox, müasir insan kimi düşünürsən, bu məni sevindirdi. Amma səndən bir xahişim var.
- Nəymiş?
Divardan asılmış qoşa lülə tüfəngi göstərdi: - Məni güllələ, get, - dedi, - qoy qurtarım bu əzablardan.
- Çox istəyirsən məni. Güllələyim, təzədən tutub kürəyimə on beş il şəpləsinlər! Yaxşı, sağlıqla qal, mən getdim. Getməmiş sənə çay, çörək verə bilərəm.
- Ehtiyac yoxdu, get.
- Bağışla, sən Allah! Vəziyyətini yüngülləşdirmək üçün əlimdən bir şey gəlmir. Neyləyə bilərəm?
Arxa çantasını götürüb, iti addımlarla pilləkəni düşdü, qara çay daşları döşənmiş pillələrlə düşərkən qəlbi sızlayırdı. Elə gözəl qızın taleyinin belə olacağı kimin ağlına gələrdi? Anaya bax, doğmaca qızını taleyin ixtiyarına buraxıb çıxıb gedir. Torpaq yolda cib telefonunu çıxarıb taksi sürücüsünün telefonunu yığmağa başladı, ancaq sona qədər yığa bilmədi. Birdən dəhşətlə dərk elədi ki, özü-özünü aldadır, qızı bu vəziyyətdə qoyub heç yana gedə bilməyəcək.
Geri qayıtdı, qız onu təəccüblə qarşıladı, niyə getmədin? Qaldım, dedi, səni burda tək, köməksiz qoyub gedə bilmədim. Qız isə onu danlayırdı, gördün, kənd uşağısan! Sənə heç bir yaxınlığı, bağlılığı olmayan əlil qızın qulluğunda duracaqsan? Çıx get, öz həyatını yaşa. Qulaq asmadı, bu tale, alın yazısıydı.
Taksi sürücüsünə zəng elədi, taksi gələndən sonra qəsəbəyə gedib burda bir ay yaşamaq üçün nə lazımsa, ərzaq, döşək üzləri, idman kostyumları, sabun, yuyucu toz alıb gətirdi. Axşamüstü isə qoşalülə tüfəngi götürüb, çayın sahilindəki qayalığa getdi, yeddi-səkkiz alabaxta ovlayıb gəldi. Həyətdəki manqalı odlayıb kabab bişirdi, çay dəmlədi. Qızın yeməyə iştahı yox idi, bir qurtum su içdi, onun təkidindən sonra güclə bir tikə kabab yeyə bildi.
Darıxma, qıza deyirdi, səni tək qoymayacağam. Bizim yerlərdə anayla qızın torpağının eyni yerdən götürüldüyünü deyirlər. Amma ananla sən tamami ilə fərqli adamlarsız. Anan qəddardı, doğma balasına belə rəhmi gəlmir, sənsə mələk kimi qızsan. Qız isə anasını müdafiə eləyirdi, atamın ölümündən sonra anam çox əziyyətlər çəkdi, təzəcə özünə gəlirdi, mən yatağa düşdüm. O da insandı, onun da yaşamaq haqqı var. Müasir qadındı, bacardığı qədər yaxşı yaşamaq, həyatdan zövq, ləzzət almaq istəyir. Sən də çıxıb getməliydin, hər kəs öz həyatını yaşamalıdı.
***
Evdə yaşamaq üçün hər şərait vardı. Hamam son dəblə, zövqlə bəzədilmiş, divarlarına bahalı üzlüklər çəkilmişdi. Daima isti, soyuq su gəlirdi. Həm içəridə, həm də həyətdə ayaqyolu var idi. Su da bol idi, gecə-gündüz bağdakı arxla axıb gedirdi.
İlk işi axtarıb gicitikan tapmaq oldu, uzağa getmədi, bağdakı arxın kənarlarında topayla gicitkan bitmişdi. Tərlərindən bir dəstə yığıb qızın otağına getdi. Qız üstünün açılmasına, soyundurulmasına qəti etiraz edirdi. Qulaq asmadı, qızın üstündən yorğanı çəkəndə başında tükləri biz-biz durdu. Yorğanın altında üzərinə qapqara dəri çəkilmiş skelet var idi, qızın bu vəziyyətdə, bir dəri bir sümüklə yaşaması əsl möcüzə idi. Mənasız işə girişdiyini başa düşsə də, onsuz da heç nə itirmədiyini düşünüb qızın bədənini başdan ayağa gicitkanla dalatdırdı. Qız ağrı hiss eləmirdi, ancaq bir kişinin, həm də vaxtı ilə tələbə yoldaşı olmuş kişinin onu belə eybəcər vəziyyətdə görməsindən hədsiz utanırdı.
Günortadan sonra tüfəngi də götürüb meşəyə getdi, xeyli axtarandan sonra meşənin cənubundakı böyük, qumlu talada sapsarı sulu bir göl tapdı. Göldə zəlilər, su ilanları qaynaşırdı, istilər düşdüyündən suyu azalmışdı, ətrafı qapqara zığ idi. Buralarda belə bir göl olacağını düşünmüşdü, nəhayət tapdı.
Geri qayıdanda meşənin ətəyində qoyun otaran çobandan bir təkə aldı, təkəni kəsib ətini soyuducuya qoydu, piyini isə ayrıca yığdı. Gecələr qızın bədənini piylə yoruluncaya qədər ovur, səhərlər isə gicirtikanla dalatdırırdı. Qız ağrı hiss eləmir, ancaq piyin qoxusundan əti çimçəşirdi.
Üçüncü gün qızı qucağına götürüb hamama apardı, paltar sabunu ilə bu qara skeleti möhkəmcə yudu, dəridə canlanma, fərq hiss olunmurdu, bir anlığa ruhdan düşdü, yazıq qıza nahaq yerə əzab verirdi. Bədəni ölmüşdü, hissiz-duyğusuz skelet canlanmayacaq, ölü toxumalar yenidən bərpa olunmayacaqdı. Bununla belə başladığı işi yarımçıq qoymaq fikrində deyildi.
Yalnız onuncu gün qız gicirtikanların bədənini ağrıtdığını dedi və bu onu xeyli sevindirdi. Ağrıları duymağa başlamışdısa, sağalmağa ümid vardı, toxumalar bərpa olunurdu. Qız isə bədbindi, nahaq özünü yorursan, deyirdi, ayaqlarım ölüb, heç vaxt ayağa dura, yeriyə bilməyəcəyəm. Yeriyəcəksən, inamla deyir, qızı, ilk növbədə də özünü bu ümidə kökləməyə çalışırdı. İnstitutu qurtaran kimi qrupumuzun bəzi oğlanları ilə birlikdə müharibəyə getdim, müharibənin son illəri idi. Altı aya yaxın döyüşdük, payızda mühasirəyə düşdük, qaldıq düşmənin xeyli arxasında. Dostum qıçından ağır yaralandı, onu arxama alıb meşəylə özümüzkülərə doğru sürünürdüm. Meşələr keçilməz idi, yol-cığır tanımadığımdan tez-tez sıldırım qayaların, uçurumların üzərinə çıxır, məcbur qalıb qayanın ətrafını dolanıb keçirdim. Dostumu ağrı əldən salmışdı, deyirdi, məni güllələ get, onsuz da bu vəziyyətdə gedib özümüzkülərin yanına çıxa bilməyəcəyik. Yeməyə heç nəyimiz yox idi, donmuş itburnu, əzgil meyvələri ilə keçinirdik, bəzən ağac göbələyi də yeyirdik. Beləcə on gün yol gedib, on birinci gün özümüzkülərə çatdıq. Görərsən, yenə də məqsədimizə çatacağıq.
Bu gündən başlayaraq qız hər gün əvvəlkindən azacıq da olsa çox su içir, yemək yeyir, hiss olunacaq dərəcədə ətə-qana gəlir, qara dəri tədricən qızarırdı. Bütün işləri təkbaşına gördüyündən çox yorulurdu, qabları, paltarları yuyur, döşəmələri silib təmizləyir, qızın qulluğunda dururdu. Qızı yedizdirmək, yuyundurmaq, ayaqyoluna aparmaq heç də asa niş deyildi. Bəzən bezir, hər şeyə tüpürüb getmək istəyirdi. Xəyala daldımı, çay yatağındakı yaşıl vadi gəlib dayanırdı gözlərinin qabağında, qarşısı alınmaz bir istəklə o yerlərə can atırdı. Onu maqnit kimi cəzb eləyən torpaqlarda nə vaxt şum vuracağını, tərəvəz, pamidor, kartof əkəcəyini səbirsizliklə gözləyirdi. Yaşıl vadi, daşlara çırpılıb köpüklənən çay onu çağırırdı!
Bir aydan sonra isə qız artıq skelet təsiri bağışlamırdı, qıçlarını tərpədə, otura bilməsə də, əl-qolunu tərpədir, danışanda, yemək yeyəndə əvvəlki tək yorulmurdu. Qızdakı irəliləyişi görüb keçi piyi və gicitkanla müalicəyə ara verdi, qıza xalat geyindirərək arxasına aldı, meşədə tapdığı həmən gölə apardı. Qızıı soyundurub isti qumların üzərinə uzandırdı. Gölün sahilindəki isti, qapqara zığdan gətirib qızın bədəninə sürtdü, günəş bədənini yandırmasın deyə zığı qalın yaxırdı. İşini qurtaranda qız eynən qədim mumiyalara oxşayırdı.
Yaxınlıqdakı vələs ağacının kölgəsində uzandı, dağ günəşi ağacların üzərindən boylandıqca yandırır, istiyə dözə bilməyən qız zarıyır, istidən yandığını deyib ondan kömək istəyirdi. O isə, döz, deyirdi, günəş bədənindəki zığı qurudana kimi gözləməliyik.
Arxası üstə uzanmışdı, göl tərəfdən meh əsdikcə başı üzərindəki yaşıl, zərif vələs yarpaqları astaca xışıldayır, yarpaqların arasında günəş şüaları oynaşırdı. Bədəninin gicişdiyini hiss eləyib ayağa qalxdı, qarışqa yuvasının üstündə uzanıbmış, bədəninə yüzlərlə sapsarı balaca meşə qarışqaları daraşmışdı. Paltarlarını çıxarıb çırpdı, hələm-hələm qarışqalar təmizlənmirdi.
Bir az da gözləyib qızın yanına getdi, bədənindəki zığ qurumuş, çat-çat olmuşdu, günəşin altında bundan artıq qala bilməzdi. Zığı təmizləmədən xalatı qıza geydirib arxasına aldı. Yalnız meşədə, ağacların kölgəsində qız özünə gəldi.
- Özünü nahaq yorursan, - dedi, - onsuz da karına gəlməyəcəyəm!
- O nə deməkdi? – heyrətlə səsləndi.
- Bəs nədən ötrü bu qədər əziyyət çəkirsən?
- Keçmiş tələbə yoldaşımı, vaxtı ilə dərdindən dəli-divanə olduğum qızı ayağa qaldırmaq üçün! – qışqırırdı. – Sözünə bax, karına gəlməyəcəyəm! Elə şey üçün mən nəinki bu qədər əziyyət çəkərəm, heç keçi piyinə belə əlimi vurmaram! Türmədən çıxanda ordakı dostarım mənə xeyli pul vermişjdilər, hamısını qızlara xərclədim. Heç bilirsən necə qızlar idi! Bir həftə başım açılmadı, gözümün qurdunu elə öldürmüşəm, bundan sonra bir il də qız, qadın görməsəm, yadıma düşən deyil!
QIzı bir başa hamama aparıb vannaya saldı, isti suyla zığını tərtəmiz yudu. Qız deyirdi ki, heç cavanlıqda özünü belə rahat hiss eləməmişəm.
- Ayağa da qalxacaqsan! – o inamla dedi.
- Nəsə inanmıram, - qız başını yırğaladı.
- Yaxşı, qalxdın, yeridin, mənə ərə gələrsənmi?
- Yox! - qız dodaqlarını kip sıxıb dedi.
- Niyə?
- Kənd uşağısan, ona görə.
Qız elə ürəkdən, saf gülüşlə gülürdü ki, özünü saxlaya bilməyib qıza qoşuldu.
Daha qız yeməyini çarpayıda yemirdi, qızı kresloda oturdur, ayaqlarının altına stulları düzür və beləcə bir stol arxasında oturub şam eləyirdilər. Qız özünə gəlib maraqlı həmsöhbətə çevrildikcə bu yerlər ona əvvəlki kimi darıxdırıcı gəlmir, daha getməyə tələsmirdi.
Bu gündən başlayaraq hər gün günortaya yaxın qızı arxasına alıb meşə talasındakı gölə aparırdı, zığla müalicə daha yaxşı səmərə verirdi. Qız ayaqlarını aça bilməsə də, azacıq da olsa tərpədir, barmaqlarını oynada bilirdi. Günü-gündən də qızı arxasında aparmaq çətinləşirdi, artıq əvvəlki tək qov kitmi yüngül skelet deyildi, kifayət qədər kökəlmişdi və qızı aparıb gölə çatdırana kimi nəfəsi kəsilir, yorulub əldən düşür, onu tər-su aparırdı.
On gün də zığla müalicə eləyəndən sonra qıza dedi ki, bədənindəki qan köhnəlib, xəstə qandı, dəyişməliyik. Qız da ona heyrətlə baxırdı, yəni nə cür dəyişəcəksən? Qızın heyrət dolu baxışları altda soyunub gölə girdi, suda bir az qalandan sonra çıxdı, qıçlarından saysız-hesabsız zəlilər sallanırdı. Uşaqlıqla kəndlərində zəlini belə tuturdular. Qız əlləriylə üzünü tutub qışqırırdı. Çətinliklə də olsa qızı zəli verməyə razı sala bildi, zəliləri tutur, bir-bir qızın bədəninə düzürdü. Qız qorxur, tir-tir titrəyirdi. Çox da qorxmasın deyə öz qoluna, qıçlarına da zəli verməyə başladı. Zəlilər qan sorduqca göz qabağındaca şişir, yalnız bəs qədər qan sorandan sonra qıvrılıb düşürdülər. Düşməyənlərin də üzərinə duz tökür, yandırıcı duza dözməyən zəlilər məcbur qalıb qan sormalarına ara verməli olurdular. Bir azdan qız da zəlilərə alışdı, artıq qorxub titrəmir, əksinə, maraqla zəlilərə tamaşa eləyirdi.
***
Bir gün səhər tezdən qızın qışqırdığını eşidib onun otağına qaçdı və içəri keçəndə başında tükləri biz-biz durdu. Bura gələni artıq neçənci dəfəydi buna bənzər hallar keçirirdi. Qız çarpayının yanında ayaq üstəcə dayanmış, bir əliylə çarpayının başlığından yapışmışdı. Qızı qucağına götürüb təzədən çarpayıya uzatdı. Gördünmü, qıza deyirdi, mən sənə deyirdim, ayağa qalxacaqsan, yeriyəcəksən. Ancaq sən inanmırdın! Bacardıq, qalib gəldik! Sən ayağa da duracaqsan, nəinki, yeriyəcək, hələ qaçacaqsan da! Qız onun əlindən yapışmışdı, yanaqları ilə göz yaşları süzülür, göz yaşları içində təşəkkürünü bildirirdi. Sənin yaxşılığını ömrümün sonuna kimi unutmayacağam. Kimsə məndən ötrü bu qədər əzab-əziyyət çəkməzdi, amma sən hər əziyyətə qatlaşdın, bundan sonrakı ömrümü sənə borcluyam! Qıza təskinlik verirdi, ağlama, sil gözlərinin yaşını. Mən bu vəziyyətə düşsəydim, yəqin sən də köməyini əsirgəməzdin, indi buna bir az pis baxırlar, amma mənə inan, mən həyatımın mənasını yaxşılıq eləməkdə görürəm. Birinə yaxşılıq elədimmi, həmən gün sevincimin sonu olmur.
Qız sürətlə sağalır, artıq çətinliklə də olsa yeriyə bilir, onun köməyi olmadan paltarlarını geyinir, hamamda yuyunurdu. Sonra isə onun köməyi ilə gəzintilərə çıxırdı, meşənin ətəyindəki cığırlarla saatlarla yol gedir, yalnız yorulanda geri qayıdırdılar. Bir azdan isə qız idman kostyumunu geyib onunla bərabər bağda qaçır, idman eləyir, səhərlər isə yaxınlıqdakı çaya gedib soyuq suda yuyunurdu. Saçını arxaya verib sancaqlamış, kökəlmiş qızın yanaqları qızarmış, gözləri işıqlanmışdı, eynən tələbəlik illərindəki gözəl, məğrur qızı xatırladırdı.
Gecələr ayrı-ayrı yatırdılar, bir gecə isə qız onu öz otağına çağırdı. Birlikdə yatacağıq dedi, yenə də zarafata salmışdı. Zəhmətin hədər getmədi, axır karına gəldim. Nə gözlərini döyürsən, sən bu anın həsrətiylə yaşamırdınmı? Tələbəlikdə mənə adi bir sözü deməyə belə cürət eləməyəndə, ağlına gələrdimi bir vaxt olacaq mənimlə yatacaqsan, ürəyindən keçən bütün istəklərinə çatacaqsan. Hələ sənə belə xoşbəxt anları çox yaşadacağam. Mən sənin türmədən çıxanda gördüyün o qızlardan deyiləm! O da təsdiq eləyirdi, doğrudan da o qızlardan deyilsən. Əslində də beləydi, o qızlarda belə ehtiras, həyəcan, qızğınlıq yox idi…
Səhərə kimi yatmadılar, yalnız pəncərədən qızaran dan yeri görünəndə gözlərinə yuxu getdi. Gec ayıldı, qız otaqda yox idi. Geyinib həyətə düşdü. Həyətdə arxın soyuq suyu ilə yuyunanda ikinci mərtəbədən qızın onu səslədiyini eşitdi. Geri qanrıldı, qız əlindəki qoşalülə tüfəngi ona tuşlamışdı, sifətində istehza dolu bir ifadə dolaşırdı. «İki yüz min dollarım var,- dedi, - səni öldürüb burdan gedəcək, həyatıma yenidən başlayacağam. Bunun üçün iki yüz min dollar kifayətdi. Ərimə zəng eləmişəm, bir azdan burda olacaq. Sağaldığımı, bu qədər də pulum olduğunu eşidəndən sonra uça-uça gəlir. Hələlik onunla yaşayacağam, amma ondan azacıq yaxşısı qarşıma çıxdımı, düşünmədən onu da qurban verəcəyəm. Meyitini aparıb həmən gölə atacağıq. Zəlilər, ilanlar sürsümüyünü də yeyəcək! Bilirəm nə demək istəyirsən. Yəqin deyəcəksən, qəbrin od tutub yanar, o dünyada İnkir-Minkirə hesabat verə bilməzsən. İndiyə kimi kimsənin qəbrinin od tutub yandığını, o dünyadan qayıdıb gələn birisini görməmişəm. Mən reallıqlarla yaşayan birisiyəm. Sənə demişdim axı. Pulu da götürüb gedə bilərdim, amma kim məni inandıra bilər ki, nə vaxtsa yolumun üstünə çıxıb, bundan ötrü qisas almaq fikrinə düşməyəcəksən. Əlavə baş ağrısı nəyə lazımdı? Bu həyatda sənin kimi sadəlövhlərə yer yoxdu, yer üzündan sadəlövhün birisini azaltdığım üçün sevinirəm».
Özünü elə itirmişdi, dili söz tutmurdu, bu necə ola bilərdi, qızı ölümün pəncəsindən qurtardı, bu qədər əzab-əziyyətini çəkdi, yaxşılıqlarını ömrü boyu unutmayacaqdı, ona hələ bundan sonra da çoxlu xoş anlar yaşadacaqdı, beləmi xoş anlar yaşatmağı deyirmiş? Daxilində qəzəb qarışıq nifrət qaynayır, aşıb daşır, sel kimi kükrəyirdi:
- Ola bilmə…əz!!!
- Olar! – qız qətiyyətlə dedi.
- Kimmişsə…ən sən?!
- Müasir insan, - qızın səsində zərrəcə də həyəcan yoxdu.
- Bəs onda mən kiməm?!
- Kənd uşağı.
Sözünü deyən kimi də tətiyi çəkdi, sinəsindən dəyən güllə onu arxaya itələdi, dizi üstə çökdü. Gözləri önündə çayın sahilindəki yaşıl vadi canlanırdı, şırıltı ilə axan çayın suyu pırıl-pırıl, göz yaşı tək dumduru idi, çay boyunca əsən sərin meh vadinin yaşıl otlarını, çöl çiçəklərini dalğalandırırdı. Sinəsini köz kimi yandıran ağrılar içində qıvrılır, hər şeyin tez bitməsini arzulayırdı.
- Ürəyimdən vur! – dedi.
Qız ikinci dəfə də atəş açdı, ancaq ürəyindən vura bilmədi, güllə bir qədər aşağıdan dəydi. Günəş qarşıdakı yaşıl təpələrin arxasından yenicə boylananda müasir insan kənd uşağını güllələdi.
Gec öldü, bir xeyli can verdi, ruh sağlam bədəni çətinliklə tərk eləyirdi, əliylə daşı-torpağı, yarpaqları xışmalayır, yarasına təpirdi.
davamı var
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Asiman
Avqust 6th, 2007 at 12:11
Salam Aslan. Əladır, təbrik edirəm. uğurlar.
Ryabina
Avqust 6th, 2007 at 12:18
Aslan bəy…-))
Allah sizi güldürsün…Ovçu Pirimin və Baron Münhauzenin də ağıllarına gəlməyəcək bir əhvalat hasil edə bilmisiniz…Hind kino senaristləri sizə həsəd apara bilər…Məni bilirsinizmi nə düşündürür? Siz öz qəhrəmanınızı o qədər sevirsiniz ki, onun üçün uydurduğunuz nağıla o qədər inanırsınız ki, daxilən halına acıyıb əzab çəkməyinizdən tam əminəm…Bu qədər saflıq nəyə gərək? Mələklər şəhərində yaşamırsız ki?
Siz heç yataq xəstəsi gördünüzmü? Allah göstərməsin…
İllərrin yataq xəstəsi, özü də belə baxımsız heç nə yox, yataq yaralarından çoxdan tökülüb getmişdi…o qızın piy iyindən iyrənməsi də təbii təsvir olunmayıb…nə isə…gələn dəfə elə nağıl uydurun ki, özünüzdən başqa da inanan olsun…-))
Sizə uğurlar, Aslan bəy…
Richard Posner
Avqust 6th, 2007 at 15:33
Sovet edebiyyati ideoloji motivlere gore butovlukde musbet / menfi, vicdanli / vicdansiz, namuslu /namussuz ve s. kimi besit ziddiyyetli qutbler uzerinde qurulmushdu. Bu hekaye, demek olar ki, muellifin bu sayta teqdim etdiyi butun hekayeleri kimi bu cur ceynenmish ve boyuk edebiyyata munasibetde boyuk mesafede duran bir ruhda koklenib.
Robert Musil ve Hermann Broch bu « sovet edebiyyati xesteliyinden » qurtulmaq ucun yaxshi dermanlardir.
Milan Kundera « Yerine yetirilmemish vesiyyetler » (« Testaments Betrayed ») adli eserinde yazir : « …butovlukde ve radikal shekilde roman : yəni, exlaqi qiymetlendirmenin texire salindigi erazi… ». Bele mudrik deyime yalniz onu elave etmek olar ki, bu, tekce romana yox, butun edebiyyata aiddir.
sabutay
Avqust 6th, 2007 at 18:46
Artıq indiki dövürdə KƏND və Müasirlik Cəbhələri yoX.Hekayədəkı obrazlar yarımçıq xarakterli və cansızdır.AMMA bütün nəsrimizdə Obrazlar Ölü adamları andırdığı üçün KƏDƏRLƏNMƏYİN.
DDEED
Avqust 6th, 2007 at 21:45
Aslan bey yene qehremani oldurdunuz
Aslan
Avqust 7th, 2007 at 08:44
Salamlar, hamınızı xoş gördük!
Səhifəni açanda yazını xeyli oxucunun oxuduğunu, bir qədər də şərh yazıldığını gördüm. Oxuyanlara, fikirlərini bölüşənlərə də təşəkkür edirəm! Sağ olun. Yəqin iradlarınıza münasibətimi bilmək Sizlər üçün də maraqlı olar.
Şərhçilərdən biri də hekayənin yarımşıq olduğunu hiss eləmədi. Baxıb gördüm hekayələrim onsuz da əndazəsiz uzundu, səhifənin yarısını aparır, iki yerə bölüb göndərdim. Yəni Siz hekayənin yarısını oxuyubsuz, davamını da göndərəcəyəm.
Ryabina, haqlısız, mən qəhrəmanlarımı sevirəm, amma onlar ücün nağıllar uydurmuram, onların həyatını yazıram. Təbii ki, inanmayanlar olur. Hamı qeydsiz-şərtsiz inansa, ansaq inandıqlarını görəcəyi ovqatı ilə yazıları oxumağa başlasa, maraqsız, məzmunsuz ab-hava yaranar. Siz “uydurma” deyəndə yəqin təxəyyülü nəzərdə tutursuz. Yazıçı təxəyyülündə canlandırdıqlarını yazıya gətirir, amma bunun ücün də həyat materialı lazımdı. Havadan heç nə götürülmür. Mən yataq xəstəsi görmüşəm, Sizsə görməyibsiz, yüzə-yüz! Görsəydiniz bilərdiz ki, belə xəstələrin allergiya verdikləri bir şey varsa, o da keçi piyinin qoxusudu.
Ricard Rosner! Mən Sovet ədəbiyyatının çinelindən çıxmışam, yaxşıdı, pisdi, faktdı, dana bilmərəm. Göydən kəndirlə enib yazmağa başlamamışam, amma o məktəbin üzərindən bütünlüklə xətt çəkmək qətiyyən düz iş deyil. Öyrəniləsi çox örnəkləri var. Bu mənəm, bundan sonra dəyişməyi, başqa cür yazmağı düşünmürəm. Məsləhətlərindən istifadə edə bilmədiyim üçün gərək bağışlayasan. Amma yaxşı olardı sən mənə ədəbiyyatımızda Böyük ədəbiyyata yaxın məsafədə olanlardan bir-ikisinin də adını çəkəydin.
Sabutay! Yəqin cavansan, bu qədəb ötkəmlik, hər şeyə yuxarıdan aşağı baxmaq nə üçündü? Səni başa düşə bilmirəm, yəqin yazdıqlarını təkrar oxusan, bu problemi sən da yaşayarsan. Nə kənd, nə müasirlik? Sadəcə mən sadəlövhlərin cox vaxt məhz elə sadəlövlüklərinin qurbanı olduqlarını vermək istəmişəm, bunun üçün üzdə olan kənar detallardan, - kənd, müasirlik və s. istifadə eləmişəm. Sənsə texniki detalların izinə düşüb gedirsən. Mən soruşmuşam, yenə soruşuram, ədəbiyyatımızda yenilik eləyənlər kimlərdi, niyə mən Rusun, türkün, italyanın, ingilisin yeniliyini baəa düşürəm, ızümüzkülərin yeniliklərini yox.
DDEED, neyləməli, yenə öldü. Bunsuz keçinə bilmədim.
Hamınıza can sağlığı, uğurlar!
Şəms EL
Avqust 7th, 2007 at 11:26
Oxudum. Balaca hekayənin içinə bu qədər hadisəni sığışdırmaq və fantaziyadan bu qədər bol istifadə etmək doğru deyil, məncə. Bir az daha realist olmaq lazımdır… Yenə də uğurlar!
Hörmətlə,
Ryabina
Avqust 7th, 2007 at 16:38
…Aslan bəy…mənim beş il sərasər qulluğunda dayandığım qadının 40-ı təzə çıxıb…
Aslan
Avqust 7th, 2007 at 20:51
Əziz Şəms El! Məni realist olmaqda qınayırdılar, Siz yeganə oxucusuz ki, realist olmamaqda qınayırsız. Məncə yazıçının nədən yazması yox, necə yazması müzakirə mövzusu olmalıdı. Təşəkkürlər!
Əziz Ryabina! Mənim fikrim belədi, əyər oxucular yazını oxuyub münasibət bildirirlərsə, nəsə soruşurlarsa, müəllif mütləq cavab verməlidi, əks halda oxucusuna sayğısızlıq elımiş olur. Buna görə də yazılarıma şərh yazanlara imkan daxilində cavab verirəm. Əyər yazdıqlarım xətrinizə dəyibsə bağışlayın. Allah şahiddi mən elə yazanda kiminsə qəlbini qırmaq fikrim olmayıb. Yoxsa çoxumuz xəstələrimizin illərlə qulluğunda durmuşuq. Bir qrup yazarlar var, xalqımızın böyüklüyündən, böyük, ulu adətlərimizdən yazanda sanki bunları söyürsən, amma belədi axı. Bu xalq böyükdü! Mən elə yazanda Sizin revmatizmdən (el arasında yel xəstəliyi də deyirlər) yatağa düşən xəstələri görmədiyinizi nəzərdə tutmuşdum. Ara həkimləri onları keçi piyi, gicitikanla, dağ göllərinin kənarında zığa basdırmaqla, qaban dərisinə salmaqla, arıyla, əqrəblə müalicə eləyirlər. Əslinə qalanda mən də eynən beləcə qaban dərisindən, arı, əqrəbdən də istifadə eləmişdim, çox alındığını görüb sildim.
Əziz Ryabina! Mətin olun, səbirli, dözümlü olun, insanlara, günəşə, həyata gülümsəyin! Yeni yazılarınızı səbirsizliklə gözləyirəm
Elchin
Avqust 13th, 2007 at 09:15
Eser pis deyil ama bele ideyalarla yaxshiliq etmek isteyen insanlari ruhdan salmish olursunuz.Indiki dovrde bizim yaxshi insanlara cox ehtiyacimiz var.
Aslan
Avqust 13th, 2007 at 18:11
Elçin, salam! Təbii, dünyamız indi olduğu kimi heç zaman yaxşı adamlara ehtiyac duymayıb. Amma razılaşarsız ki, belə hallar, hadisələr də az olmur və yazıçının bütün bunları yazmaq, oxuculara çatdırmaq borcudu. Yalnız yaxşılıqlardan, yaxşı adamlardan yazmaqla cansıxıcı, bezikdirici bir ədəbi mühit yaratmış olarıq. Yuxarıda yazmışam, hekayənin davamı var, davamını oxuyandan sonra fikrinizi bilmək mənim üçün maraqlı olardı
DDEED
Avqust 14th, 2007 at 00:05
davamini ne vaxt sayta yerleshdirecekler?
Şahanə
Avqust 15th, 2007 at 14:25
Aslan bey, emelli-basli hekimsiniz ki -))
Hedsiz safliq - mehz budur insani inanmaqa qoymayan…
Sizin uslubunuza xas olmayan, mene uzun gorunen bezi meqamlar var. Onlari daha qisa etmek olardi…
Amma yene de qehreman oldu… siz oz qehremanlariniza hacan cixis yolu gostereceksiz?
Davamini gozleyirem… amma sonu ne olur olsun, dunyani ciyinlerinde saxlayanlardan biri artiq yoxdur…
Aslan
Avqust 15th, 2007 at 16:36
Salamlar! DDEED, hekayənin davamını artıq göndərmişəm. Şahanə, mən həkim deyiləm, amma bəzi səbəblərdən bu kimi işləri öyrənmişəm. Yaylaqları, dağları qarış-qarış gəzir, dərman otlarını, şəfa verici bitkiləri, gülləri, çiçəkləri axtarırdım. Sanki nəhəng bir okeana düşmüşdüm, nə qədər axtarır, öyrənirdimsə, qarşımda bir o qədər yeni, naməlum, qaranlıq səhifələr açılırdı. Bildiklərim, öyrəndiklərim ordandı.
Uzun məqamlar, - bilmirəm, amma hər halda kənardan oxucu daha yaxşı görür.
Sizinlə razıyam, haqlısınız, amma biri yox, çoxu artıq yoxdu. Biz onları güllələyir, öldürürürük, çox vaxt da fərqinə varmadan…
Elvin
Avqust 17th, 2007 at 16:43
salam Aslan muellim! hekayenizi oxudum. cox xosuma geldi. Men buradaki hekayelerle tanis oldum. xosuma gelen ilk hekayelerden biride sizinkidir. kend usaqi yazisini oxudum. xosuma geldi ve cox tesirlendim. yani bir yere ne umudalarla gedesen orada nece hadiseyle rastlasirsan. bu ozu boyuk bir hadisedir.
Men bir oxucu kimi sizi destekleyirem. size gelecek islerinizde uqurlar arzu edirem. arzu edirem bundan sonra daha da gozel yazilar yazasiniz.
sizi tebrik edirem.
Aslan
Avqust 18th, 2007 at 14:15
Sizə də uğurlar, Elvin bəy! Təşəkkür edirəm!
Unutmuşdum, Şahanəyə yazmağı. Müəllif nə qəhrəmana, nə də oxucuya çıxış yolu göstərmir. Bu ədəbiyyatda ideyaların hakim olduğu vaxtlardaydı, yazıçını belə şeylər üstə möhkəm tənqid eləyirdilər. Mən hər şeyin unudulduğunu, keçmişdə qaldığını güman eləyirdim, amma xanım bir tənqidçi povestim haqda beləcə də yazmışdı. “əyalət yazıçısının həyat problemini əks elətdirmək kimi bir məqam olsa da, uğurlu həllini tapa bilməyib”. İndiyə kimi də bəzən düşünürəm, görəsən uğurlu həllini tapmaq üçün neyləməliydim? Əyalət yazıçısını yunan kraliçası ilə evləndirməliydim, Hollivud filmlərində oynatmalıydım, ya hansısa ölkəyə prezident seçdirməliydim? Adicə əyalət yazıçısıydı, həyatında uğurlu nə olur ki, mən də axtarıb tapam? Şahanə, Sizə aidiyyatı yoxdu, sadəcə iradınız yadıma saldı.
Nahid
Avqust 19th, 2007 at 15:26
kim ne deyir desin, dunya edabiyyatinda her bir yazici bir eseri ile sohret qazanir, sonra hemin esere gore diger eserleri de oxunur. qisacasi dediyim odur ki, Aslan bey bundan sonra ne yazirsa yazsin shexsen menim ucun o, hemishe “Payiz” hekayesi ile yashayacaq.
Aslan bey size uqurlar. heyatimiz cox uzun deyil, ancaq bu qisaliqda o qeder fantastiq, macera ve s. yashayiriq ki… hec kim de bu qisaliqda bu qeder coxluqa fikir vermir. yazilan her hansi bir hakye de, bir roman da o qisaliqinda boyukluk gizletmelidi. size uqurlar. gorushmek umudu ile.
Aslan
Avqust 20th, 2007 at 20:52
Nahid, imzanı yenidən görmək nə qədər xoş! Əskər qardaş, haralardasan? Orda internetə çıxışınız varmı? Gününüz, güzəranınız? Bütün əskərlərə atəşin salamlar!
DDEED
Avqust 21st, 2007 at 18:30
bes ne vaxt bu eserin davami sayta yerleshdirilecek?
teshekkurler,
sayt idaresinden bir cavab gozleyirem, z.o.
Şahanə
Avqust 22nd, 2007 at 15:10
Aslan bey, cixis yolunun olmamasi, mence ele muellifin de bu situasiyada ne ede bileceyini bilmemesidir… Men sovet dovrunun teleb etdiyi kimi mubariz, qehreman bir insanin yaradilmaisni gozlemirem, sadece qehremanlarin boyuk duyqularinin olmasina, en gozel arzularla yasamasina baxmayaraq hedsiz acizliyi bir qeder adami ozunden cixarir. Sadece inaniram ki, istenilen veziyyetden cixish yolu var..baxmayaraq ki, sizin qehremanlarin da heyatimizda analoqlari yeterincedi… bezen fikirlesirsen ki, Allah ureklerine gore vermir onlara…
Aslan
Avqust 24th, 2007 at 21:53
Şahanə, salam! Bağışla, bir az gec cavab yazıram. Öncə kult.az –dakı xoş sözləriniz üçün təşəkkür edirəm! Duyğulandırdınız məni.
Müəllif ilk qələm təcrübələrini yazandan, axtarışlara, vurnuxmalara son verəndən, nəhayət öz üslubunu tapandan sonra, sadəcə, çıxış yolu haqda düşünmür, buna vaxt, enerji sərf eləmir. Yazının ümumi axarına qoşulur. Təbii ki, istənilən vəziyyətdən çıxış yolu var, amma bədii yazıda bu yolların standart, zavoddan, sexdən çıxan hazır nümunələr təsiri bağışlayacağı qənaətindəyəm. Bu həyatdı, taledi, dünyanın yaşanan və yaşanmayan tərəfləri var, bəzən müəllifi yaşanmayan tərəflər daha cox cəzb eləyir.
Qaldı ürəklərinə görə… Hə, elədi, ətrafımızda belələri azdımı?
İltifat Köçəri
Avqust 27th, 2007 at 19:39
Salam Aslan müəllim. Yaxşı hekayədir, kifayət qədər maraqlı və eyni dərəcədə də oxunaqlıdır. Davamını oxumaq istərdik. Uğurlar
Hafiz Hacxalil
Avqust 31st, 2007 at 10:56
Aslan qardaşım, sənə yazılan tənqidlərə birdəfəlik”yox” deyirəm. Biz nə yazırıqsa həyatın özündən yazırıq və mən sənə haqq qazandırıram. Bu yazında bədi fə daim yaxşılıqlara can atan, insanı eqoizmin əlindən qurtarmağa çalışan “kəndçi balasının” timsalında bir ruh var. Ruhunu qoru qardaşım və sənə uğurlar arzulayıram.
Aslan
Sentyabr 2nd, 2007 at 23:40
Hafiz bəy, salam! Xoş sözlərin, mənimlə bu məsələdə həmfikir olduğun üçün təşəkkürlər! Mən oxucularımın fikirlərinə, iradlarına, rəylərinə böyük önəm verirəm. Səmimi deyirəm, tənqid olsun, ya tərif, bəyənsinlər, ya bəyənməsinlər,bütün rəylərə eyni diqqətlə yanaşıram. Amma düzünü deyim, yazı bəyənilməyəndə narahat oluram, düşünürəm, oxucunu qane eləməyən nədi? Bu tənqiddən qorxuram anlamına gəlməsin, mən tənqiddən qorxmuram, qoy bu səni də əndişələndirməsin.
Hafiz, qardaşım, təkcə burda yox, “Azərbaycan”da da bərabər çap olunmuşuq, yəni yaradıcılığını diqqətlə izləyirəm, sözümü də deyəcəyəm.
Allah hamımızı qorusun! Sənə də can sağlığı, uğurlar arzulayıram!