CavidanGözlərim yumulu,
ağzımı da
qapaya biləydim kaş,
qəhqəhələrimdən
qulaqlarım tutulur,
ayaqlarım
sevmədiyim yerlərdən üzülüb,
əllərim
can atmadığım göylərdə oynayır,
gözlərimdən
yaz yağışı damcılayır,

sinəm
qalxır, enir,
enir, qalxır,
ürəyimdə
dəcəl bir uşaq
qaçır o yana – bu yana,
addım səslərini eşidirəm:
tup-tup,
tup-tup…
tut,
tut,
əlimdən tut bacarsan əgər…
məni görürsənmi?
Nə rəngdəyəm?
Nə boydayam?…
Qədim,
ölü bir şeirimi pıçıldayıram:
“ Saçlarımı küləklər oynadır,
taleyimi fələklər…”
Gözlərim yumulu…
Ürəyimdə
dəcəl bir uşaq
qaçır o yana – bu yana…
Sinəm
enir, qalxır,
qalxır, enir…

Unudaram səni

Rusun sözü olmasın,
yağışdan sonrakı
cümə axşamında
unudaram səni…
Çıxaram
cazibənin relsindən
dəli sürətlə şütüyən qatar kimi,
uçaram qayalıqlara
parça-parça olub da,
məndə yol gedənləri
qırıb-töküb də boşalaram…
Üstümdəki
qan izləri səni çaşdırmasın,
məndə gedənlərin qanıdır,
mənim yox…
Sən bilirsən,
mənim qanım
lap əvvəldən olmayıb,
məni qansız yaratdılar,
damarlarıma
doluşub da yol getdilər,
ürəyimdən keçdilər,
beynimə sızdılar…
Onlar
məndən daha betər
qansızdılar…
Sən bilirsən
qansızlar necə olur,
və sən bilirsən
unudaram səni…
cümə axşamında…
yağışdan sonra…
rusun sözü olmasın…

Depressiya

Bu soyuq,
bu dəli
yağışın altda
gözünü qırpmadan yerimək,
uzaqlara,
uzaqlara getmək gərək…
Saçlarım donuma,
donum bədənimə
yapışanadək.
özüm bu yağışa
qarışanadək
getmək,
getmək…
İlahi!
Sənin göz yaşın boyda
bir damlaya dönmək…

geri dönməmək…
geri dönməmək…