Zərdüşt ŞəfizadəBalaca avtobus, balaca-balaca adamlar, bir-birinə bir az sıxlaşmış halda lap bir növ insan sendviçinə oxşayır. Mən də bu sendviçin tən ortasında– qaymağında elə dayanmışam elə bil Leninin heykəliyəm, bircə onun kimi əlimlə havanı tutmamışam– aftobusun adamlar yıxılmasın deyə, yuxarısına çəkilmiş dəmirini tutmuşam. Həm də sifətimdən uydurulmuş, gözəl həyat vədləri deyil, zəhrimar yağır. Ona görə zəhrimar yağır ki, istidi, bürküdü, bir sözlə, cəhənnəmdi. İçimdəki cəhənnəmim də azmış kimi…

Nə isə, sözüm onda deyil. Bir az havanı, bir az da mənim kimi insanları fikirləşirdim ki, gözümə sataşan bir yığın adam məni düşməyə məcbur elədi. Bu artıq-əskik maraq həmişə məni nələrəsə çəkir. Maşından lap nağıllardakı kimi, min bir əzab əziyyətlə enməyimlə özümü adamların arasına vurmağım bir oldu – görəsən orda nə baş verir?
Növbəti icəazəsiz mitinqdi, yoxsa elə-belə küçə davasıdı? Ya da Allah eləməmiş, kimisə maşın vurub, kiminsə ailəsi ilə həll olunmaz olan məsələsi küçəyə çıxıb, ya da yol ortasında uzanıb ağlayan dilənçinin başına insanlar bir əlac edəcəklərmiş kimi yığışıblar– axır vaxtlar şəhərimizin küçələrində bu üç ehtimallarla daha çox qarşılaşıram. Sözün açığı, belə yığıncaqların da bir şeyi həll etmədiyini yaxşı bilirəm.
Amma mitinqdə olduğu kimi, nə əllərdə plakatlar vardı, nə şüarlar eşıdılırdı, nə davalardakı vurhavur vardı, nə qışqır-bağır səsləri gəlirdi. Cammat elə-belə söhbət edirdi…Yox əşşi… Bu millət nə vaxtdan küçələrdə xoş söhbət etməyə yığışır? Həm də nə isə intizar da var ağ bir binanın ağappaq qapısına baxan gözlərdə….Yox bunlar nəyisə gözləyirlər. Hələ əllərində şəkilçəkən apparatlar da var… Hələ kameralar da var…. Bıy, balaca uşaqlar da varmış burda, onların da əllərində maraqlı görsənən çiçəklər… Mən hər şeyi unudaraq çiçəklərin, yoxsa uşaqların gözəl olduğunu ayırd eləməyə çalışdım. Bir şey alınmadı və mən yenə də insanları müşahidə etməyə başladım.
Artıq dözə bilmirdim, maraq içində alışıb yana-yana kiməsə müraciət etrmək istəyirdim ki, həmən o ağ qapı– lənətə gələsən heç ağlıma gəlmir ki, qapının üstündəki plakatı oxuyum – dəli kimi açıldı və bir nəfər kostyumlu, kəpənək qalstuklu, ”Koroğlu bığlı” kişi çölə çıxdı, bircə saniyə insanların gözlərinin ona dikilməsini gözlədi, sonra dəli kimi qışqırdı :
– Urra!…Doğuldu!….Oğlum doğuldu!….
Hər tərəfdən “Allaha şükür” nidaları eşidildi, hamı bir-biri ilə qucaqlaşmağa başladı.Hələ biri çevrilərək məni də qucaqladı, və “bəyin oğurlanması” filmindəki kimi, məni bir gəşəng marçıltılı öpüşlə “feyziyab elədi.”
Bir əlim sifətimdə, o biri ilə özümə yol aça-aça irəliləyərkən, min cürə ağızdan min bir avaz eşitdim: yeddi il intizarda qalan ata-ana; onların belə bir yığıncaqla bağlı əhdləri və nəhayət, indi uşağın doğuluşu, üstəlik, hər kəsin şəxsi fikri, nə bilim, hütlükdü, çox şitdi, əladı, hələ biri bütün uşaq doğuluşlarını belə qeyd etmək lazım olduğunu deyirdi. Bircə bir az yaşlılarımız, başlarını narazı-narazı yelləyərək hansısa biabırçılıqdan danışırdılar…
Yaxındakı məhlənin krantına su çox sızma gəlirdi və mən demək olar ki, üzümü yumaq əvəzinə, o kişinin öpüşünü sifətimlə bir elədim– balaca uşaqlar palçığı sifətlərinə çəkən kimi…
Sanki beynim işləmirdi. İnsan izdihamı tərəfdən gələn sevinc səsləri, şaqqıldayan apparatların, ətrafa yığışıb qışqırışaraq uşaq atasından pul qopartmağa çalışan uşaqların səsləri məndən yavaş-yavaş uzaqlaşırdı və mənə niyəsə elə gəldi ki, Mirzə Cəlil dünyasına düşürəm. Mirzə Cəlil yazılarının içində, “Dəli yığıncağı”, “Danabaş kəndi” və onların personajlarının içində boğuluram…
Doğrusu, nə qədər çalışsam da, Mirzə Cəlilin bu mövzuya yaxın əsərini yadıma sala bilmədim və mənə hətta elə gəldi ki, baş verən bu əhvalat bir tamaşadı və onun ssenari müəllifi Mirzə Cəlildi. O, elə o biri dünyada da yazıb yaradır və əsərlərini tamaşaya qoymaq üçün aradabir insanların dünyasına müraciət edir.
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil!…