Hafiz HacıxəlilGetməyin könlümə elə dərd olub,
Hələ də saxlayır izini yollar
Gedirəm üstünnən quru can kimi
Bulayır üstümə tozunu yollar

Əyilər, burular gedər dərinə
Nə bezər, yorular, nə də ərinər
Sürüyər arxamca kölgə yerinə
“Unutsun” kəlməni, sözünü yollar
Əl açar, əlləri çatmaz ki, göyə
Sığınar qəlb adlı uçuq bir köyə
Getdiyin yollarla gələrsən deyə
Dikər yollarına gözünü yollar

Son ayaq səsində gömüldü andın
Artıq bir xəyaldır ötəri andın
Bir Allah bilir ki, gələndə andın
Nə çəkdim, söyləsin düzünü yollar

Adın çiçəkliyər dilimin üstə
Südəmər həsrətin qolumun üstə
Min günəş doğsa da yolumun üstə
Əritməz hicranın buzunu yollar

Hafizəm dil bilməz dərdin , qəmin də
Sən kef həvəsində,vüsal dəmində
Elə apardığı qız görkəmində
Nə olar qaytara özünü yollar

Bu gün onu gördüm

Qırpma kipriyini, alma nəfəs də,
Sınıb, çiliklənər adın bir səsdən.
Sən ərindən gizlin, mən də anamdan
Elə bil çıxmışıq bu dar qəfəsdən
Nə yaman çaşdırıb bu görüş bizi.

Üz-üzə gəlməyə üzümüz yazıq,
Bir kəlmə deməyə dilimiz gödək.
Bir ömür boyunca danışammadıq.
Bəlkə bu görüşdən diliboş gedək.

Sən nə itirəcən, mən nə tapacam
Keçmişə qayıtmaq günahdı, gülüm.
Bu cavabsız qalan sevgi tapmacam-
Tapılsa cavabı min ahdı, gülüm.

O susuz baxışlar göyərməyəcək,
Donmuş kipriklərin əriyə çətin.
Sənin əllərinlə bələnməyincə
Bu körpə ürəyim kiriyə çətin.

Yeri, yerişini qucaqlayım mən,
Təsəlli tapıbdı izindən gözüm.
Girim gözlərində qoy ağlayım mən
Su içib gül kimi gözündən gözüm.

Çalxanar içində bu dəniz ömür,
Bəxtimi tutmağa tilov qoymuşam.
Uzaqdan baxanda kim axı görür,
Ömrümü yolunda girov qoymuşam.

Adını çəkmirəm, yaxşı yol sənə
Sınıb, çiliklənər adın bir səsdən.
Yuxuma gələndə özün görərsən.
Şəklini asmışam başımın üstdən.

Nə yaman çaşdırıb bu görüş bizi.