(əvvəli burada)

Aslan Quliyev

Maşını həyət qapısının yanındakı nəhəng, qollu-budaqlı palıd ağacının kölgəsində saxlayıb düşdü. Həyəcanlıydı, qapını bağlayanda əlləri əsirdi. Qara çay daşları döşənmiş pillələri qalxanda isə qıçları da əsir, özünü ələ ala bilmirdi. Doğrudanmı sağalmışdı? Səsindəki gümrahlıq, əvvəlki saflıq, cingilti qızdakı dəyişiklikdən xəbər verirdi, ancaq ayağa durduğuna, hətta qaçdığına heç cür inanmırdı.

Gəzmədikləri xəstəxana qalmadı, hamısında da həkimlər sağalmayacağını dedilər. Bəs iki yüz min dollar qızda hardandı? Lap elə sağalmışdısa, onu necə qarşılayacaqdı, atıldığını, tək-tənha, taleyin ümidinə buraxıldığını ona bağışlayacaqdımı?
Yeganə qabağına qaçırdı, gözlərinə inana bilmirdi, heyrətdən yerindəcə donub qalmışdı. Əvvəlkindən də gözəl, gümrah görünürdü, sifəti sanki işıq saçırdı, ona doğru qaçdıqca xurmayı saçları dalğa-dalğa yatıb qalxır, üz-gözünə səpələnirdi. Qız onu qucaqlamışdı, göz yaşları içində hər şeyin arxada qaldığını, artıq sağaldığını deyirdi. O isə söz tapıb deyə bilmir, hələ də yuxu gördüyünü zənn eləyirdi.
Yalnız qız onu buraxandan sonra həyətdə üstünə döşəkağı örtülmüş şey diqqətini cəlb elədi, döşəkağının bəzi yerləri qandan qıpqırmızı olmuşdu, qan təzə idi, hələ də buğlanır, axırdı.
- Bu nədi? – təşvişlə soruşdu.
- Meyid, - qız heç nə olmayıbmış kimi dedi.
- Nə?!
- Eşitmədin, meyid.
- Kimin meyididi? Kim öldürüb onu?
- Kənd uşağıydı. Mən öldürmüşəm.
- Niyə?! – başında tüklərinin biz-biz durduğunu hiss eləyirdi, evliliklərinin ilk vaxtlarında qızın qəribə hərəkətləri, barışmazlığı, azacıq belə güzəştə getməməsi onu düşünməyə məcbur edirdi, bu qızda nəsə qeyri adilik vardı, amma adam öldürəcəyini, belə soyuqqanlılıqla deyəcəyini təsəvvür eləməzdi. Bunun üçün insan hissiz, duyğusuz, dəmir iradəli, qəddar olmalıydı. Qəlbinin dərinliklərindən gələn səs ona nahaq gəldiyini deyirdi, getmişdisə, geri qayıtmamalıydı. Gəldiyi ilk anlardan dolaşıq işlərə, qanlı cinayətə cəlb olunmaqdaydı. Bundan sonra deyə bilməzdi xəbərim yoxdu, ya mən öldürməmişəm.
Qız qoluna girib onu artırmaya doğru apardı.
- Gedək çay içək.
- Bəs o? – gözləri arxadaydı.
- Kim?
- Meyid.
- Onu da dəvət edək? – qız gülürdü və növbəti dəfə soyuqqanlığı, iradəsi ilə onu dəhşətə gətirirdi.
- Elədik, gələcək?
- Gəlməyəcək, ölüb, ona görə.
Mexaniki instintkdə qızın yanıyca gedir, burda nələr baş verdiyini tezliklə öyrənmək istəyirdi. Niyə öldürmüşdü, necə öldürmüşdü? Artırmadakı stol arxasına keçən kimi də qız çay gətirdi və çay içə-içə başına gələnləri danışdı. Heyrətdən ağzı açıla qalmışdı, eşitdiklərinə inana bilmirdi. Tələbə yoldaşı gəlir, doğma anasının belə imtina elədiyi qızı atıb getməyi özünə sığışdırmır, min cür əzab-əziyyətə qatlaşır, bunu ölümdən qurtarır, qız da ömrünün sonuna kimi minnətdar olacağı adamı güllələyir. İnanılası deyildi, amma həyətdəki meyid, gözləri əvvəlki qızğınlıqla, ehtirasla parlayan qız, əl çantasındakı pullar qızın doğru danışdığını sübut eləyirdi.
Olan olmuşdu, mərd, alicənab, insanlara ancaq yaxşılıq eləməyi düşünən, buna görə də həmişə olmazın əzablar çəkən, sonda isə özünü də qurban verən kənd uşağına yazığı gəlsə də, geriyə yol olmadığını düşünürdü. Bənzərsiz gözəlliyi, qızğınlığı ilə bədəninə uçunma salan, qarşılaşdığı bütün qadınlardan seçilən keçmiş arvadı yenidən xoşbəxt həyat, unudulmayacaq anlar vəd edirdi.
Çaylarını içəndən sonra qız xahişi elədi ki, meyiti aparıb gölə atsınlar, etiraz eləmədi. Həyətə düşdülər, çöl qapısını açıb maşını həyətə verdi, meyitin yanında saxlayıb düşdü. Baqaja qoymamışdan əvvəl döşək üzünü kənarə çəkib öldürülən adamın sifətinə baxdı və ayağa qalxıb kənara sıçradı, gözləri vahimə içində açılmışdı, tir-tir əsirdi.
- Sənə nə oldu? – qız heyrətlə ona baxırdı.
- He..eç… - dili söz tutmurdu.
- Nəydi, onu tanıyırdın?
- Yo..ox!
- Bəs onda nədən qorxdun, niyə əsirsən?
- Meyitə allergiyam var, - nəhayət özünü ələ alıb dedi, alnında puçurlanan tər yanaqlarıyla axır, dəsmal çıxarıb tərini silmək istəyir, ancaq əlləri əsdyindən heç cür dəsmalı çıxara bilmirdi.
- Ay qorxaqsan ha! – qız gülümsəyərək ona yaxınlaşdı, özünün balaca, güllü dəsmalı ilə onun üz-gözünün tərini sildi.
Meyiti gölə atıb qayıtdılar, evdə izləri itirib, yır-yığış elədilər, dəniz kənarında yenicə tikdirdiyi evə köçüb, orda yaşayacaqdılar. İşlərini qurtarandan sonra qız qolundan yapışıb yataq otağına apardı. Getmək istəmir, sonraya qalsın, deyirdi, ancaq qız əl çəkmədi. Hara tələsirsən, heç bilirsən sənin üçün necə darıxmışam. Məni atıb gedəndən sonra çox qadınlarla yatağa giribsən, amma unutma, heç biri mənim yerimi verməz. Belə xoş anlardan sənə hələ çox yaşadacağam.

***

Ana qızına baxır, gözlərinə inana bilmirdi, qız da anasına başına gələnləri, yanına gələn tələbə yoldaşının onu amansız xəstəlikdən necə xilas eləməsini həvəslə danışırdı. Tələbə yoldaşını öldürüb pulunu götürməsinin üstündən sükutla keçdiyindən anası soruşmalı oldu.
- Bəs o hanı?
- Kim?
- Tələbə yoldaşın.
- Öldü, - qız etinasız halda dedi.
- Nə cür yəni?
- Ana, bu haqda danışmaq istəmirəm. Öldü, amma öz əcəliylə yox. Sən mənə demirdinmi sadəlövhlərdən sona qədər istifadə elə, sonda düşünmədən qurban ver. Necə demişdinsə, elə də elədim.
Kənarda dayanıb söhbətə qulaq asır, qadının bu xəbəri təşvişlə, həyəcanla qarşılayacağını gözləyirdi, qadın isə eynən qızı kimi halını da dəyişmədi, əksinə, sifətində razılıq ifadəsi canlandı, azmış kimi qızını da qucaqlayıb özünə sıxdı. Çaşıb qalmışdı, çox oxumuş, çox gəzmiş, çox görmüşdü, amma insanları tanımaqda, sona qədər başa düşməkdə, dərk eləməkdə çətinlik çəkirdi. Sanki qız anasına bostandakı günəbaxanı yeyən sərçələri qovduğunu deyir, anası da bundan ötrü qızına təşəkkür eləyirdi. Bu nəydi, ana-bala peşəkar qatil psixologiyasına harda yiyələnmişdilər?
Tezliklə bütün bunları unutdu, qızın dediyi kimi yenidən həyatlarının ən xoşbəxt günlərini yaşamağa başladılar, ölümün astanasından qayıdan qız ömrünün hər dəqiqəsini, saatını mənalı, maraqlı keçirməyə çalışır, bacardığı qədər gəzir, əylənir, onunla birlikdə qonşu ölkələrə gəzintilərə gedir, bahalı turist düşərgələrində dincəlirdi. Kifayət qədər pulu olduğundan qızın tələbə dostundan götürdüyü iki yüz min dollara toxunmurdular, heç qız da adını tutmurdu, bu pula neyləmək istəyirdi, nə alacaqdı, məlum deyildi.
Payıza dönəndə qız ona özü üçün maşın da aldırdı və bundan sonra artıq öz maşınıyla şəhəri gəzməyə çıxır, restoranlara da tək gedirdi. Etiraz eləmirdi, onsuz da işinin çoxluğundan qızla vaxt keçirməyə imkanı yox idi.
Əvvəllər qız bircə dəfə də olsa onu sağaldıb həyata qaytaran tələbə yoldaşından danışmırdı, amma vaxt keçdikcə yad eləməyə başlamışdı. Şikayətlənirdi, yuxuma girir, yuxuda görürəm məni arxasına alıb meşədəki gölə aparır, bədənimə zığ yaxır. Güllə sinəsindən dəyəndə dizi üstə çökdü, başını qaldırıb mənə baxdı, baxışları gözümün önündən getmir. Xəyala daldımmı onu görürəm, həyətin ortasında dizi üstə çöküb, mənə baxır, baxışlarında ağrı, sonsuz nifrət var. Qıza təsəlli verir, sakitləşdirməyə çalışırdı. Unut onu, deyirdi, olan oldu, fikirləşməklə, ya da özünü darıxdırmaqla kimisə həyata qaytara bilməzsən.
- Sən onu tanımırdın, - qız fikirli halda dedi, - elə adamı hələm-hələm unutmaq olmur.
- Tanımırdım, amma haqqında eşitmişdim.
- Hardan? – qız heyrətlə səsləndi.
- Dostumdan. Qarabağda birlikdə döyüşmüşdülər, döyüşlərin birində mühasirəyə düşürlər, dostum qıçından yaralanır. Dostumu arxasına alıb on gün meşələrlə, dağlarla, qayalarla sürünür, iməkləyir, on birinci gün gəlib özümüzkülərin yanına çıxırlar.
- Hə, bunu mənə danışmışdı, yaralı əskərin dostun olduğunu bilmirdim.

***

Dostu ona deyirdi ki, arvadını bir-iki dəfə Nicatın maşınında görüblər, yaxşı deyil axı, balaca şəhərdi, burda belə şeylərə yaxşı baxmırlar. Nicatı yaxşı tanıyırdı, atası şəhərin ən varlı adamlarından hesab olunurdu, elə özünün də imkanları pis deyilidi, şəhərdəki əksər dükanlar onundu. Tez-tez xaricə gedir, dükanlarına malları Türkiyədən, İrandan, Rusiyadan gətirirdi. Arvadından xeyi cavandı, aralarında azından on il yaş fərqi var idi.
Gecə dostundan eşitdiklərini Yeganəyə deyəndə qız hirsləndi, haçana kimi onun bunun dediklərinə qulaq asacaqsan. Mən müasir qadınam, kimin maşınında istərəm, onun da maşınında gəzərəm. Olmaya bunun üçün kimdənsə icazə almalıyam? Ürəyində qara qalmasın, özümdəki pulla Bakıda dükan almaq istəyirəm, belə işlərdə Nicatın yaxşı səriştəsi var. Deyən kimi kömək eləməyə söz verdi, dörd-beş yerdə sərfəli qiymətə tapıb, hansını istəsəm, onu da alacağıq.
Daha bir söz demədi, ancaq arvadının səsindən yalan danışdığını hiss eləyirdi, dükan almaq istəyirsənsə, Nicata niyə deyirsən? Mən ala bilməzdimmi? Yeganə isə yenidən şikayətlənməyə başlamışdı, bəs necə olsun, o mənə rahatlıq vermir, yuxuma girir, gözlərimi yumdummu, meşə cığırını görürəm, məni arxasına alıb gedir meşədəki gölə doğru. Məni gölün sahilində uzadır, göldən zığ gətirib, bədənimə yaxır. Elə gözəl əlləri vardı!
- Məni inandırmağa çalışmazsan ki, gözəl əllər təkcə bədəninə zığ yaxmaqla kifayətlənib? – özünü saxlaya bilməyib dedi.
- Nəydi, qısqandın?
- Yox, elə belə, maraqlandım.
- Heç səndən soruşan olmayıb gözəl əllər mənim bədənimə zığ yaxanda sən nə işlə məşğuldun? Gərək məni ayağa qaldırıb təzədən sənə qismət elədiyi üçün o gözəl əllərin sahibinə minnətdar olduğumuzu unutmayasan.
- Heç vaxt unutmaram, ancaq onun artıq minnətdarlığa ehtiyacı yoxdu. Biz ona minnətdar olmuşuq, yəni sən təşəkkürünü bildiribsən. Mən də gölə gedib sümüklərinə təşəkkür eləyəsi deyiləm hər halda.
Qız bir söz demədi, ancaq incidiyi hiss olunurdu. Onunla vidalaşmadan yatmağa getdi, yalnız qapının ağzından qayıdıb dedi ki, sakit yatarsan, məni oyatmazsan.
Gecə yarısı səsə oyandı, qız qışqırırdı, ayağa qalxıb işığı yandırdı. Gördüyü mənzərədən vahiməyə düşdü. Qız çarpayının baş tərəfində ayaq üstə durmuşdu, tir-tir əsir, gözləri alacalanmış halda qışqırırdı.
- Nəydi, nə olub? – qızın çiynindən yapışmaq istədi.
- Yaxın gəlmə! – qız divara sıxılıb qışqırdı.
- Nə olub axı?
- Sən məni öldürəcəksən!
- Nə danışırsan?! – heyrətlə səsləndi.
- Öldürəcəksən! Pulları da götürüb cavan bir qızla evlənəcəksən! Məni kabus kimi izləyirsiz! Neyləyim sizdən qurtarmaq üçün?!
Qız qışqırır, ağlayır, göz yaşları içində məzmunsuz, məntiqsiz sözlər danışır, ona qulaq asmırdı. Gec sakitləşdi, bir stəkan soyuq su içib onu qucaqladı, daha ağlamasa da, titrətməsi keçməmişdi, ağacdakı payız yarpağı kimi əsirdi. Yenə də onu yuxuda gördüm, deyirdi, həyətdə dizi üstə çökmüşdü, mənə elə baxırdı, az qala dəli olacaqdım. Bu yandan da sən bıçağı götürüb üstümə cumdun, öldürmək istəyirdin, deyirdin, onun intiqamını alacağam.
Qızı çarpayıya uzadıb üstünü örtdü, oturub yuxuya getməsini gözlədi, yalnız qızın yatdığını hiss eləyəndən sonra özü də yatağa girdi.

***

- Molla, arvadımı ölmüş birisinin ruhu təqib eləyir. Nə köməyin dəyə bilər?
- Kimin ruhudu? – molla bardaş qurub oturmuşdu, başını qaldırıb onun üzünə belə baxmırdı.
- Bilməyiniz vacibdimi?
- Vacibdi.
- Cavan bir oğlandı.
- Cavandısa, nədən öldü?
- Öz xoşuna ölmədi hər halda, öldürdülər!
- Mümkün deyil, - ondan fərqli olaraq molla sakit, həyəcansız danışırdı.
- Yüz dollar versəm, necə?
- Pul çox şeyə qadirdi, amma qadir olmadıqları da çoxdu. Biri də elə bu. Cinayəti törədən cəzasız qalmayacağını bilməlidi, yalançı dünyada da, axirətdə də.
- Heç köməyin dəyməz?
- Heç, yalnız bu işlərdən çəkinsin deyə, Allaha onun üçün dua elərəm.
- Vəssəlam?
- Başqa neyləyə bilərəm? – molla nəhayət başını qaldırıb onun üzünə baxdı.
- Mənmi deməliyəm belə halda mollalar neyləyirlər?
- Belə halda neyləməli olduğunu mollalar özləri bilirlər.
Qapını çırpıb çıxdı. Qanı qaralmışdı, gedirsən başqa dinlərdən olanların yanına, pulunu verirsən, günahını da bağışlayırlar, üzünə də gülürlər. Bu isə elə bilirsən daş heykəldi, on əsrdi yapışıb qalıb balıncın üstünə.

***

Qız meşənin ətəyindəki evə getmək istədiyini deyəndə diksindi. Qulaqlarına inana bilmirdi, bu günə qədər yanında o evin adını tutmalı deyildi, satdırmaq istəyirdi, orda o kənd uşağının ruhu dolaşır, deyirdi. Birdən-birə niyə ora getmək fikrinə düşmüşdü? Etiraz eləmək istədi, ancaq qızın bir qayda olaraq istədiyinə nail olduğunu, zor-xoş onu ora aparacağını bildiyindən könülsüz halda razılaşdı.
Onun maşınıyla gedirdilər, çölə, təbiətə payız öz naxışlarını vurur, meşəni, ağacları öz rəngləri ilə rəngləyirdi. Meşəyə yaxınlaşdıqca da payız özünü daha çox hiss elətdirirdi, açıq pəncərədən içəri rütubət, xəzəl qoxulu payız havası dolurdu.
Qara çay daşları döşənmiş pillələrin üstünə qızılı xəzəllər tökülmüşdü, xəzəlləri tapdalayaraq evə qalxırdılar. Artırmaya qalxıb oturdu, çoxdan adam yaşamadığından evin görünüşündən, həyət-bacadan kimsəsizlik, tənhalıq yağır, payız sükutu qulaq dəlirdi. Evi gözləməyi tapşırdığı adam isə ancaq bağdan meyvəni yığmaqla işini bitmiş hesab eləmiş, heç olmaya həyətə, pillələrə səpələnmiş xəzəlləri süpürməmişdi.
Qız həyətdə, bağda gəzir, ağacların arasından payız çiçəkləri yığırdı, bura gələni tələbə dostundan söz salmırdı. Bir xeyli payız çiçəkləri yığıb artırmaya, onun yanına qalxdı.
- Gedək meşədəki gölə, - onun gözləmədiyi halda dedi.
- Niyə? – heyrətlə soruşdu.
- Onu unutmayacağıma söz vermişəm. Çiçəkləri gölə atıb, yad eləyəcəyəm.
- Bəlkə lazım deyil?
- Lazımdı! Özü də çox lazımdı!
İstəməsə də razılaşmalı oldu, gölün yaxınlığına qədər maşınla getmək olurdu, ora getmək elə də çətinlik törətməyəcəkdi, elə isə niyə etiraz eləsin? Çoxdandı payız meşəsində olmurdu, baxar, gəzərdilər. Qızın qoşalülə tüfəngi də götürdüyünü görəndə lap heyrətləndi.
- Tüfəng nəyinə lazımdı?
- Orda alabaxta vurarıq.
- Heç alabaxta vurduğun olub?
- Hər cürə quşlar vurmuşam, - qız ona qulaq asmadan pilləkənlə həyətə düşdü.
Maşına mindilər, bu yerləri yaxşı tanıyırdı, meşənin ətəyi ilə dolanıb üzü yuxarı qalxırdılar. Payız yağışlarından sonra çöllər göm-göy göyərmişdi, göbələklər torpaqdan şişib qalxırdı, qayıdanda göbələk yığardılar. Qız fikirliydi, o nəsə soruşanda dərhal cavab vermir, yalnız bir az keçəndən sonra fikirdən ayrılıb, ondan nə dediyini xəbər alırdı.
Gölə bir qədər qalmış yolu ağaclar kəsdi, maşını saxlayıb düşdülər, qızılı xəzəlli çətirləri nəhəng tonqalları xatırladan ağacların arasından keçib, xəzəllərə bata-bata gedirdilər, ayaqları altda qalan xəzəllər xışıldayır, başlarına ağaclardan qızılı, sarı yarpaqlar səpələnirdi. Yarpaq tökümü başlayırdı.
Qız qoşalülə tüfəngi çiynindən asmışdı, eynən hansısa jurnalda rəngli şəklini gördüyü hərbi paltarda olan serb qızına oxşayırdı. Jürnalda hərbi paltarda olan qızların daha cəlbedici olduğunu yazmışdılar. Doğrudan da silahlı qız baxışlarındakı qətiyyəti, sərtliyi ilə daha gözəl, cəzbedici görünürdü.
Payız girəni yağışlar ara vermədiyindən, göldə su artmışdı, artıq zığ yox idi, sarı sular ləpələnir, meşə yoncası, ayıpəncəsi ilə örtülmüş sahilləri yuyurdu.Qız bağdan dərdiyi gülləri gölə atdı, ləpələnən sular çiçəkləri göl boyunca yayır, gölün sarı sularında payız çiçəkləri astaca yırğalanırdı.
Başı qarışmışdı, birdən qızın onu səslədiyini eşitdi, dönüb geri baxanda gözlərinə inanmadı. Qız qoşalülə tüfəngi ona tuşlamışdı. Ürəkdən gülürdü, meyitini gölə tək gətirə bilməzdim, sağ ol, məni əziyyətə salmadın, öz ayağınla gəldin. Səni öldürüb burdan gedən kimi də Nicata qoşulub gedəcəyəm. İncimə, evdəki pullarını da götürəcəyəm, onsuz da sənin daha o pullara ehtiyacın olmayacaq. Əyər məni o vəziyyətdə atıb getdiyini, mən canımla əlləşəndə, ağrılardan qıvrılanda, anamla o biri otaqda sevişdiyni sənə bağışlayacağımı güman eləyirdinsə, səfeh imişsən.
- Səfeh deyiləm. Məni bağışlamayacağını, belə də eləyəcəyini bilirdim.
- Bilirdin? – qız heyrətlə soruşdu.
- Hə.
- Onda niyə gəldin?
- Öldürə bilməyəcəyini də bilirdim.
- Öldürə bilməyəcəyəm? – qız inamsızlıqla səsləndi. - Nə cür yəni? Güllə batmayacaq? Biləcəyəm, heç canının çıxmasını da gözləmədən meyitini sürüyüb it leşi kimi gölə atacağam.
Qız yubanmadan tətiyi çəkdi. Atəş əvəzinə boğuq çaqqıltı eşidildi, gözləri vahiməylə geniş açılmış qız tətiyi çəkir, ancaq atəş açılmırdı. Saçları üz-gözünə dağılmış, aramsız tətiyi çəkən qızın qorxunc görkəmi vardı.
Bu mənzərəyə igrahla baxır, başını yırğalayırdı. Sakitcə tapançasını çıxarıb qıza tuşladı. «Özünü nahaq yorma, sən çiçək yığanda patronları islatmışdım. Səni həyata qaytarmış tələbə dostunu öldürəndən sonra sənə inamımı itirdim, bu günün mənim üçün də olacağını düşünüb, ehtiyatı əldən vemirdim, daha nələr eləyə biləcəyin mənim üçün maraqlıydı. Mən səni heç vaxt atıb getməzdim, ömrünün sonuna qədər yatağıının yanında olar, qulluğunda durardım, amma anan imkan vermədi. Qoca kaftarın gözü doymurdu, zorla yatağıma girirdi. Axır hər şeydən bezib qaçdım. Hə, vaxtındı! Ona yaxşılıq eləyəni öldürüb gölə atan birisi günlərin birində özünün də öldürülüb gölə atılacağını düşünmürsə, səfehdi!»
Nə qədər qəribə olsa da, qız gülürdü: - Mən səfeh deyiləm.
- Deyilsən?
- Hə, məni öldürməyəcəyini bilirəm.
- Demək, doğrudan da səfehmişsən.
- Guya sənin ona yazığın gəlir? Bəs onda niyə gətirib bura atırdın?
- Bəs neyləməlyiydim? Dədə-baba qaydası ilə dəfn eləsəydim, deməzdilər bunu kim öldürüb? Səni tanıyıram, üzümə durardın, deyərdin bu vurub, mənə görə! Səni öldürməyə də bilərdim, ancaq kimsə məni inandıra bilməz ki, nə vaxtsa yolumun üstünə çıxıb, intiqam almaq fikrinə düşməyəcəksən. Əlavə baş ağrısı nəyə lazımdı? Yer üzündən insanlıqdan çıxmış bir varlığı azaltdığım üçün sevinirəm.
Dərhal da atəş açdı, qız böyrü üstə yaşıl çəmənliyə aşdı, bir xeyli titrəyib, çapaladı, yaşıl otları, payız çiçəklərini yolub yarasına təpirdi, bunca əzab çəkməsini istəmədi, yaxınlaşıb gicgahına atəş açdı. Bir qədər də gözləyəndən sonra sürüyüb gölə atdı, gölün sarı suyuyla əllərini yuyub, suyun üzərinə əyilmiş yaxınlıqdakı vələs kötüyünün üstündə oturdu, siqaret çıxarıb yandırdı, siqaret çəkə-çəkə göldə yırğalanan payız çiçəklərinə tamaşa eləyirdi.

***

Oğlunuzun döyüş dostuyam, qocaya deyirdi. Türmədən çıxandan sonra evini mənə satdı. Şərtimizə görə bir həftədən sonra gəlib pulunu aparmalıydı, amma gəlib çıxmadı. Özüm axtardım, tapa bilmədim, sorağını verən, yerini, yurdunu bilən olmadı. Ona görə də bura gəldim. Bu pul sizə çatacaq, iki yüz min dollardı.