Sahilə İbrahimovaBasabası yara-yara balet teatrlarınının aktyorları kimi barmaqlarının ucunda çətinliklə arxaya keçdi. Arxa cərgədə oturan oğlanlardan biri qalxıb ona yer verdi. Yorğunluğunu, ayağının sızıltısını oturanda hiss elədi. Sızıltı bədəninə yayıldıqca rahatlandı. Bir anlıq avtobusa sanki isti hava üflədilər. Böyüklü-kiçikli insan nəfəsləri bir-birinə qovuşaraq avtobusdakı soyuğu itələyib saldılar yerə. Ömrünün üç ilini çıxmaqla qalan qırx yeddi ili yay aylarından savayı bütün fəsillərdə ayaq barmaqları özü demişkən dağların başı kimi bumbuz olurdu. İndi də tanımadığı, amma eyni canlılar sırasından olanların nəfəsləri ilə içinə dolan istilik barmaqlarının ucuna gəlib çatmırdı.

Avtobusa çaxnaşma düşmüşdü. Hamı bir ağızdan danışırdı. Ağız deyəni tək-tük qulaq eşidirdi. Onun da qulaqları söhbətin məğzini eşidən kimi beyninə ötürdü. Sürücü yol pulunu qaldırmışdı. Hamı deyinirdi. Gec xəbər tutduğundan gec dilləndi. Arxadan atılan daş kimi dediyi sözlər ən arxa cərgədən start götürüb birbaşa sürücünün qulağına çatdı.
Sürücü maşını saxlayıb arxaya çevrilərək düz onun üzünə baxdı.
- Xoşun gəlmir, düş piyada get.
- Mən niyə piyada getməliyəm, özü də mən yolun yarısından
minmişəm. Əslinə qalsa yarı qiymətə də getməliyəm. Hər dayanacağın öz gediş haqqı olmalıdır. Mən özüm Lomonosov adına Universiteti bitirmişəm. Demək olar ki, keçmiş SSRİ ölkələrinin hamısında olmuşam. Dünyanın hər yerində gediş haqqı məsafəsinə görədir.
- A kişi nə boş-boş danışırsan, mən Lomonosov zad tanımıram. Mən belə aparıram. Sən əgər bir də oralara gedəsi olsan, ordakı kimi də ödəyərsən.
Yerbəyerdən hamı qınaq dolu gözlərlə sürücüyə deyil, ona baxırdılar.
- Əşşi sür güdək….
- Sən də danışmağa vaxt tapdın, oldu qurtardı da
- O da belə aparır da…
Təzəcə rahatladığı ayaqları ikisi də birdən etiraz edirdilər. Durmaq
istəmirdilər. Amma sürücü onu qovmasaydı da, özü düşməli idi, artırılmış yol pulunu verməyə cibində yetəri qədər pulu yox idi.
Necə minmişdisə, elə çətinliklə də barmaqlarının ucunda avtobusdan düşdü.
Bir-iki addım getmişdi ki, sürücü nə fikirləşdi, nə fikirləşmədisə maşından düşüb onun dalınca gəldi. Qısa çək-çövürdən sonra onu yenidən maşına qaytardı. Yəqin sürücüyə onun yaşından çox tez ağarmış saçları, qupquru budaq kimi büzüşmüş arıq bədəni təsir etdi. Deyirlər göz insan orqanizmində yeganə orqandır ki, üç yaşından başlayaraq artıq qocalmağa başlayır. Onun gündən qaralmış qırışlı sifətində isə cavan qalan bircə qabağa dombalan iri qara gözləri idi. İki cavan göz qırışlı sifətində qurumuş ağac budağındakı yuvadan ətrafa boylanan iki bala sığırçına oxşayırdı.
- Hamımız bir tikə çörəyin dalınca düşmüşük də. Denən pulum yoxdu,
mən də adamam da, başa düşərəm.
Sürücünü vicdanı danışdırırdı.
Yenə barmaqlarının ucunda keçib yerində oturdu.
Adəti üzrə yenə qarnı quruldayırdı. Dayanacaqlarda tez-tez öskürürdü ki, yaranmış sakitlikdə qarnının səsini eşidən olmasın. Həftə səkkiz mən doqquz qarnı quruldayırdı. Fikirləşdi ki, sürücü düz eliyib Lomonosovu tanımaq belə istəmir. Axı onun nəyinə lazım idi basa-basa gedib Lomonosovun Universitetində oxusun. Heç olmasa dəlləkliyi bacarsaydı… maraqlı sənəttir, vallah. Özünü ağ xalatda təsəvvür etdi. Müxtəlif insanlar gəlir, üz-gözünü tük basmış saqqallı kişinin üzünü təraş edirsən, saçını sahmana, özünü zahirən abıra salırsan. O da güzgüdə özünə baxıb zövq alır. Sonra sənə təbəssümlə baxaraq əlindəki pulu ağ xalatının döş cibinə dürtür. Bir anlıq bu sənətə yiyələnmədiyi üçün yanıb-yaxıldı. İndi də gec idi. Həm də çox gec. İndi taleyi onun başında dəlləklik edirdi. İndi o qocalığa və ölümə doğru sürünürdü. Bu yolda da basabas idi. Bu yolda da hamının qarnı quruldayırdı. Avtobusa çökmüş ani sükutda qulağına qurultu səsi gəldi. Özü deyildi. Öz qarnını qurultusunu tanıyırdı. Böyründəki idi. İkiyə qatlanmış göy üzlü dəftərindən tələbə olduğunu bildi. Tələbəni başa düşmək olardı. Bəs bu şişman qarnı olan Əsgər kişininki niyə quruldayır? Onun ki qarnı həmişə dolu olur.
- Az düz otur da, çər dəymiş, elə hey qurcalanırsan.
Qarşı oturacaqda iri çantasını bərk-bərk sinəsinə sıxmış qadın böyründəki
altı-yeddi yaşlı qızına təpindi.
- Neyləyim ey, qarnım qaruldayır.
Qız bu sözləri şirin dillə, həm də bərkdən dedi.
Avtobusdakılar gülüşdülər.
- Allah səni biabr eləsin. Yavaş deyə bilmirsən? Quruldayan elə bircə
bizim qarnımızdı?
Qadın qızın böyründən elə bir çimdik götürdü ki, qız səsini xırp kəsdi.
- Uşağı nöş danlayırsan, bacı, onun nə günahı var? İndi dünyanın qarnı
quruldayır.
Sürücü bu sözləri maşının güzgüsündən ona baxa-baxa dedi.
Avtobusa yenə gülüş yayıldı. Yol boyu qarnının qurultusuna qulaq asa-asa
xəyalən dünyanı dolaşdı. Fikirləşdi ki, gör dünya necə monopolistdir ki, qalan heç bir planetdə insan yaşamır, bircə o insanları qəbul edir. Bu qədər müharibə, qırğın, pul, qızıl, var-dövlət içində fırıldaq dalınca fırıldaq hörür. Arandan tutumuş Turana kimi, gündoğandan tutmuş günbatana kimi zəli kimi insan qanı sorur. Qabaq sırada oturan onsuz da basabas olan avtobusda daha da darısqallıq yaradan o gombul arvad kimi dünya da dieta saxlaya bilmir, elə ağzı mala-mülkə, qana açıq qalır. Fikirləşdi ki, hə demək zəlzələ olanda dünyanın qarnı quruldayır. Özü də bu qurultu onunku kimi təhlükəsiz ötüşmür. Qarnı quruldayanda da dünya minlərlə qurban udur.
Avtobusdakılar basabasla deyil, bir-birinə yol verə-verə yerə düşdülər. Sürücüyə baxdı. Sanki “düz deyirsən, qardaş, dünyanın da qarnı quruldayır” deyərək gülümsədi.