Zəhmət olmasa, özünüz haqda qısaca məlumat verərdiniz.
1957-ci ildə Yardımlı rayonunda anadan olmuşam. İxtisasca riyaziyyatçıyam. Zavodlarda, fabriklərdə, tikintidə, dəmir yolunda, neft qazma kəşfiyyatında, təhsil sisteminin bütün sahələrində işləmişəm, qoyun otarmış, bazarda qarpız satmış, meşə qırmış, buğda biçmiş, pambıq yığmışam, hazırda təhsil sistemində çalışıram.
“Bahar küləkləri”, “Serjant mülki geyimdə”, “Yolun sonu”, “Yazıçının savaşı” nəsr kitablarının müəllifiyəm. Yazılarım jurnallarda, qəzetlərdə, almanaxlarda çap olunub.
Evliyəm, iki oğlum, bir qızım var. Ətrafdakıların tanıdığı Aslan Quliyevlə sizin tanıdığınız Aslan Quliyev arasında ciddi fərq var?
Mənim tanıdığım Aslan Quliyev bir kimsənin haqsız yerə incidilməsinə razı olmayan, imkanı daxilində hər kəsə yaxşılıq, kömək eləmək istəyən, haqqı hər şeydən uca tutan, kimsənin şöhrətinə darılmayan, yalnız öz dünyasını yaşamaq istəyən, qəlbi Vətəninə, millətinə, günəşə, payız rənglərinə, yaz yağışlarına sevgiylə dolu olan qələm sahibidi. Başqaları məni necə tanıyırlar sualına cavab verməyə çətinlik çəkdiyimdən, bu iki Aslan Quliyev arasında fərqin nədə olduğunu deməyə də çətinlik çəkirəm. Amma hər halda mənə elə gəlir başqalarının tanıdığı Aslan Quliyev özünə qapılmağı sevən, öz bildiyini eləyən, çoxluğun rəyi, fikri ilə hesablaşmayan, eqoist birisidi.
Yazmaq motiviniz və məqsədiniz nədir?
Yazmaqda məqsədim yoxdu, bu arzuyla, istəklə olmur, bir də onda ayılırsan ki, artıq yazırsan. Şablon cavab olsa da, deyim ki, hər şey nənəmin nağıllarından başladı. Bu nağılları uşaqlara danışanda sonluqlarını dəyişirdim, bəzən özümdən yeni nağıllar uydururdum, mənim nağıllarım şən, nikbin olurdu, qəhrəmanlarım divlərə, cinlərə, qulyabanılara, əjdahalara, bütün şər qüvvələrə qalib gəlirdilər. Sonda da yazmağa başladım. Yazır, poçtla redaksiyalara göndərir, ya da özüm aparırdım. Şəhərin girəcəyindən məni harda gecələyəcəyimin qorxusu, böyük şəhərin xofu basırdı, indinin özünə kimi də o xof canımdan çıxmayıb. Qapıları üzümə bağlayırdılar, buz kimi soyuq, hissiz, duyğusuz cənablar məni rədd eləyirdilər, rədd edilməyimdən çox, laqeydlik, etinasızlıq, harınlıq məni ağrıdır, incidirdi. Dəfələrlə qapılarını döydüm, bircə dəfə olsun belə, üzümə gülmədilər, bircə dəfə soruşmadılar, qardaş, bu halın nədi, sənə nə olub, sənin üçün neyləyə bilərik, qalmağa yerin-yurdun varmı? Məni ona görə rədd eləyirdilər ki, adamı, imkanı olmayan kənd uşağıydım, ən pisi də, onlardan yaxşı yazırdım. Pul kisəsini, başlıcası da şöhrəti dağlardan təşrif gətirmiş birisi ilə bölüşməyi sadəcə olaraq özlərinə sığışdırmırdılar. Hər dəfə də rədd edilib, tozlu pillələri düşəndə Martin İdenin saralmış sifəti canlanırdı gözlərim önündə, hətta səsini də eşidirdim: “Yazıq bala, səni yenə də əzdilər!”
Bütün bunlar məni ruhdan salmırdı, vəhşi bir ehtirasla, kəndçi inadkarlığı, bitməz, tükənməz bir enerji ilə qələmə sarılır, başımdakı minlərlə mövzuları kağıza köçürürdüm. İri həcmli romanları birnəfəsə yazırdım, günlərlə yazı stolundan ayrılmırdım, yazı stolu arxasında səhərləri açdığım çox olub. Həm də bu yazıları oxuyurdular. Makina yazısı ilə 330 səhifə olan (təxminən 600 min işarə) “Mavi sular” adlı romanımı “Karvan” jurnalına göndərəndə romanın bir nüsxəsini poçtla alıb oxuyan Rəhim dəhşətə gəlmişdi: Ağlını itiribsən, doğrudanmı elə zənn eləyirsən redaksiyada o qalınlıqda romanı oxuyacaq birisi tapılacaq? Ağasəfa məktub yazdı, nəinki romanı oxuyan biri tapılmışdı, baş redaktordan tutmuş redaksiyanın bütün işçilərinə kimi hamısı oxumuşdu. Çap eləyəcəklərinə də söz verirdilər, baş redaktor bu haqda intervüsündə də qeyd eləmişdi, sonda isə gözlənildiyi kimi sensasiya olmadı, sözlərinə əməl eləmədilər. Nəhayət, bu işin mənasızlığını başa düşüb, bütün əlyazmalarımı yandırdım, təbii ki, özümdə olanları. Yazmayacağıma da söz verdim, olmadı.
Sonda da öz nağıllarımı yazmağa başladım, artıq bu nağıllar şən deyildi, yaşadıqlarım, həyat öz reallıqlarını diqtə eləyirdi. Bu da sizə motiv və məqsəd!
Bu yaxınlarda yaradıcı şəxslərə dövlət təqaüdlərinin verilməsi ilə bağlı prezident fərmanı imzalandı. Dövlətin, hakimiyyət orqanlarının bu məsələyə münasibəti aydın, başadüşülən və qəbulediləndir. Yaradıcı adamların özlərinin münasibəti isə aydın və başadüşülən olsa da, qəbuledilən sayıla bilmir. Sizcə, bu cür təqaüd alan, hər hansı siyasi qüvvənin maliyyələşdirdiyi şəxsin həqiqət axtarışları, həqiqət anlayışı siyasi qüvvənin həqiqəti çərçivəsindən kənara çıxa bilər?
Çıxa bilər, amma baxır söhbət hansı siyasi qüvvədən gedir. Əgər dövləti nəzərdə tutursuzsa, dövlət siyasi qüvvə kontekstindən qavranıla bilməz. Dövlət hamınındı, siyasi baxışlarından, əqidəsindən asılı olmayaraq, vətəndaşları arasında fərq qoymamalıdı. İndiki situasiyada da təqaüdü dövlət verir, qənaətimcə əndişələnməyə ehtiyac yoxdu. Yaradıcı adamların qayğısına qalmaq, milli, mənəvi dəyərləri qorumaq, inkişaf elətdirmək dövlətin başlıca vəzifələrindən biridi və vaxtaşırı bu sahəyə vəsait qoyulmalıdı. Bütün dövlətlərdə belədi. Bu kimi təqaüdləri hansı kriteriyaları əsas götürüb verəcəklər, narahatçılıq burasındadı. Səmimi deyim, nəhayət haqqı-ədaləti ortalığa qoyub, ədalətli iş görəcəklərinə inamım yoxdu, yenə də istedad, ədəbiyyatda kimin harda olması yox, tanışlıq, dostluq, yuxarılardan gələn zənglər öz sözünü deyəcək.
Niyə bizim ədəbiyyatda çoxluq, həm müəlliflər, həm də oxucular Allahlıq, peyğəmbərlik iddiasındadır? İnsan olmaq yaddan çıxıb.
İnsan olmaq yaddan çıxmayıb, Allahlıq, peyğəmbərlik iddiasında olanlarımız da azdı, bizim dərdimiz özgədi. Biz dahilik xəstəliyinə tutulmuşuq, bəzən bu şizofrenik həddə çatır. Səbəbi isə nə qədər ağrılı olsa da, deyim ki, milli mentalitetimizdən, şərqli olmağın özünəməxsusluğundan, başlıcası isə əsərlərimizin dəyərləndirilməsi üçün normal şəraitin olmamasından irəli gəlir. Dünyanın çox ölkəsində artıq bu kimi söhbətlər yoxdu, orda yazıçı haqda əsas sözü, saray tərifçiləri, imkanları yox, oxucular və bazar deyir.
Fəlsəfə, tarix, ədəbiyyatın bir-birinə qarşılıqlı təsiri, münasibətləri haqda nə fikirləşirsiz?
Ədəbiyyata fəlsəfənin və tarixin qarşılıqlı təsiri inkar edilməzdir, əsr kompyuter, informasiya əsridi, oxucu ancaq hadisələrin bədii gəlişi ilə kifayətlənmir. Fəlsəfi roman, tarixi roman artıq pasportlaşmış, oturuşmuş ifadələrdir, baxır bu əsərləri yazanların özlərinin tarixə və fəlsəfəyə nə qədər bələdlikləri var. Yaxınlarda Sabir Rüstəmxanlının Cavad xanın həyatından bəhs eləyən “Ölüm zirvəsi” romanını oxudum və bir daha əmin oldum ki, heç bir bədii əsər tarixi mənbənin, mətnin yerini verə bilməz deyənlər yanılırlar. Müəllif Cavad xanı ölüm zirvəsinə aparan yolda, tariximizin qaranlıq səhifələrini, ziddiyyətli məqamları, düyünləri elə ustalıqla, məharətlə işıqlandırmışdı ki, inanmıram hansısa tarixi mənbə oxucu üçün o hadisələri dərk eləməkdə bundan daha artıq önəmli olsun. Ədəbiyyatda fəlsəfənin, fəlsəfi düşüncə və çalarların olması ədəbiyyata qazandıran amillərdəndir, amma unutmaq olmaz ki, nə fəlsəfə ədəbiyyatın yerini verə bilər, nə də ədəbiyyat fəlsəfənin, tarix də həmçinin. Yazıçı və filosofun eyni predmetə baxışları eyni olmur, yazıçının ustalığı bu iki baxış arasında vəhdət yaratmasıdır. Di gəl, bəzən bu arqumentlər unudulur, bədii yazıların geniş oxucu kütləsi üçün yazıldığı yaddan çıxır, daha çox fəlsəfi görünmək naminə bədii yazılar o qədər kənar detallarla, - çox vaxt da fəlsəfəyə dəxli olmayan, - yüklənir ki, yazı oxunmaz hala gəlir. Həm də bu indinin problemi deyil, Cek London da “Dəmir daban”ında bu baxımdan fərqlənməyə çalışdı və çəkinmədən deyərdim ki, “Dəmir daban” yazıçının ən uğursuz əsəridi.
Müasir real və virtual ədəbi mühit, bütövlükdə müasir ədəbiyyatımıza münasibətiniz necədir? Ədəbiyyat xalqa, xalqın həyatına, yaşantılarına nə dərəcədə yaxındır və ümumiyyətlə nə dərəcədə yaxın olmalıdır?
Müasir ədəbiyyat haqqında fikirlərim ürəkaçan deyil, irəliləyiş hiss olunur, ancaq bu mənim arzuladığım həddə deyil. Virtual aləmdə isə canlanma var, yeni ədəbiyyat saytları fəaliyyətə başlayır, bir sıra saytlar ədəbiyyat səhifələri verirlər. İllər uzunu yaranan boşluğu doldurmaq üçün dövlətin, yaradıcılıq təşkilatlarının də üzərinə vəzifələr düşür. Yüz milyonluq xalqın vur-tut bir ədəbiyyat qəzeti var idi, o da fəaliyyətə başladığı gündən SOS siqnalı verirdi, sonra redaktoru həbs olundu, qəzet də bağlandı. Belə olurmu?
Ədəbiyyat xalqa, onun yaşantılarına yaxındı, yazı üçün materialı ordan götürürük, amma xalq ədəbiyyata yaxın deyil. 7 min tirajla çıxan “Bahar küləkləri” kitabımı cəmisi bir gün sonra kitab mağazalarından tapa bilmədim. İndi isə sponsor köməyi ilə 400-500 tirajla çıxan kitablarımızı yaxşı halda ətrafımızdakı dost-tanışlarımıza paylayırıqsa, hansı yaxınlıqdan danışa bilərik?
Bizim vaxtlarda cəmiyyətin inkişafında, yeni nəslin tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında başlıca rolu ədəbiyyat oynayırdı. İndiki kimi yadımdadı, Kuperin “Sonuncu mogigan”ını oxuyandan sonra elə təsirlənmişdim, günlərlə özümə gələ bilmirdim. Romanın qəhrəmanlarına oxşamağa çalışırdıq, düzlükdə, dəqiqlikdə, alicənablıqda, artıq-əskik bir iş görəndə onları xatırlayır, əməlli-başlı utanırdıq, yəni Uzun karabin, Cəldqaçan maral da mı belə iş tutar, yalan danışar? İndisə gənc nəslin başına gecə-gündüz televiziya ekranlarından satqınçılığı, bir-birini aldatmağı, əxlaqsızlığı təlqin, reklam eləyən işıltılı, süni, kosmetik Türkiyə, Braziliya, Meksika serialları yağır. Bütün bunlardan da nə götürürlər, göz qabağındadı.
Sizcə, niyə müharibə vəziyyətində olan xalqın, dövlətin hətta bir əsl hərbçi obrazı, sözün əsl mənasında döyüş ruhlu yazıçısı yoxdur? “Xocalı”nın əsərə çevrilə bilinmədiyi bir yerə böyük ümidlər bəsləməyə dəyər?
Ağrılı yerimizdi. Müharibə mövzusu ilk baxışdan göründüyü kimi asan mövzu deyil, bu mövzuları ədəbiyyata gətirib yaşadanlar nəhəng hadisələrin fövqündə dayanıb bu hadisələri bütünlüklə görən, yazılarında canlandıra bilən nəhənglər, dahilər olur. Lev Tolstoy, Şoloxov, Vasili Yan, Sergey Barodin kimi. İkinci dünya savaşında, sonrasında da nəhəng sovet təbliğat maşını işə düşmüşdü, milyardlar xərclənir, kitablar yazılır, kinolar çəkilir, mahnılar bəstələnirdi. Onlardan hansı yadda qalıb? Bizdə bunlar yoxdu, dövlət də seyrçi mövqeyindədi. Bunun üçün müsabiqələr keçirilməli, yazıçılara sifarişlər verilməli, işləri boynuna götürən yazıçılara arxivlərdə işləmək üçün, lazımi adamlarla görüşmək, o yerlərə getmək, gəlmək üçün şərait yaradılmalıdır. Ümid bəsləməyə isə dəyər, unutmayın, ən axırda ümid ölür, ilk ölən ümid olarsa, bax, faciə onda olar.
Mənə qalarsa, Qarabağ savaşı haqda ayrıca yazı yazmasam da, yazılarımda o savaşdan çox danışılır, “Mavi gözlü qız”, “Keçmiş döyüşçü və oğlan” povestlərimin, “Payız”, “Sonuncu” adlı romanlarımın, bir çox hekayələrimin qəhrəmanları savaşdan qayıdan döyüşçülərdi.
Gələcək yaradıcılıq planlarınız necədir?
50 yaşın ərəfəsində yazdığım “Mapmavi səma və ağappaq buludlar” (ilkin variantda kultaz.com saytında gedib) hekayə rekviyemi tamamlayıram. “Köpək balıqları”, “Sonuncu” adlı kitablarımı çapa hazırlayıram, təbii ki, sponsor tapılsa. “Sonuncu” adlı eyniadlı romanım “Azərbaycan” jurnalında da bu il çap olunmalıdı. “Daş üzərində yazı” adlı irihəcmli roman, paralel olaraq bir-iki yazrımçıq povest və hekayələr üzərində işləyirəm. Dörd müəlliflə birlikdə- Əlabbas, N.Əbdürrəhmanlı, F.Uğurlu Türkiyədə almanax çap etdirmək fikrindəyik. Təki sağlıq olsun.
Sonda “Bizimki” haqda fikirlərinizi bilmək istərdik.
“Bizimki” haqda fikirlərim hamısı xoş, gözəl, ürəkaçan ovqata köklənir. Gözəl işlər görürsüz, ədəbiyyatımızın inkişafında, canlanmasında rolunuz danılmazdı. Həmişə beləcə olun! Məni tanımayan, mənim tanımadığım cavanlar beləcə obyektivlikləri, fərq qoymamaları, qısa müddət ərzində belə gözəl imic formalaşdırmaları ilə qəlbimdə özlərinə yer elədilər! “Bizimki”də çap olunmaqdan qürur duydum! Bundan sonra da Sizlərlə əməkdaşlıq edəcəyəm, artıq mənim burda xeyli oxucularım var! Özümçün nə qədər istedadlı gənci kəşf elədim! Ən xoş arzularla, sevgilərlə!
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Elnarə Şəms
Sentyabr 6th, 2007 at 10:39
Ailənizdə,həyatınızda və yaradıcılığınızda Sizə uğurlar.Yazdıqlarınız ürəyinizin səsiydi,təşəkkürlər.Nəsə elə bil ki,bulud tutmuş fikirlərimə günəş çuaları düşdüşHələ də təmiz insanlar varıymış.Şükürlər olsun Allahımıza,deməli yaşayıb,yaratmağa dəyər.Gağ olun.
DDEED
Sentyabr 6th, 2007 at 17:20
Salam Aslan bey,
size can saghlighi ve menali omur arzulayiram
gelecek heyatinizda-ishlerinizde ughurlar,
salamlar
scorpion
Sentyabr 7th, 2007 at 00:53
Aslan bəy, bu gün o qədər işim oldu ki, vaxt tapıb sizin müsahibənizi oxuya bilmədim. (Qələm adamlarının müsahibələri həmişə mənə onların yazıları qədər maraqlı gəlib. Elə buna görə də bəri başdan Gülşən xanıma və “Bizimki”nin redaksiya heyətinə öz təşəkkürümü bildirirəm. ) Ona görə də iş gününün sonunda müsahibəni çap eləyib götürdüm ki, yolda oxuyaram. İş yerimdən evə qədər avtobusla xeyli yol olduğundan həmişə gün ərzində oxuya bilmədiyim yazıları çap eləyib götürürəm ki, yolda oxuyum. Ancaq sən demə bu da qismətdə yoxuymuş. Deməli avtobusda yerimi rahatlayıb çantadan yazıları çıxartdım və birinci səhifəni qurtarıb o biri səhifəyə keçmək istəyirdim ki, heç gözləmədiyim halda yanımda əyləşən orta yaşlı kişi çəkinə- çəkinə soruşdu: “Qardaş bağışla çox-çox üzr istəyirəm elə bil ki, orda Yardımlı haqqında nə isə yazılmışdı. Deyə bilərsinizmi nə yazıdı oxuduğunuz ?” Mən dedim nə yazıdı, dalınca da soruşdum ki, siz Aslan Quliyevi tanıyırsınızmı? Bu mənim üçün maraqlı idi niyə? Çünki, bu adam hiss olunurdu ki, ədəbiyyatdan uzaq adamdı. Sonra söhbət əsasında aydın oldu ki, onun adı Heybətdir. Özü də Yardımlıya lap yaxın bir kənddən - Daşkənd kəndindəndir. Sizin əsərlərin heç birini oxumasa da sizi tanıyır. “Təhsil şöbəsində işləyən Aslan müəllim tanıyıram…Ancaq kitablarını oxumamışam .” Bunu da bir az utana - utana dedi. Yolboyu beləcə söhbət uzandı. Mən müsahibəni oxuya bilmədim…Ancaq əvəzində Azərbaycanın o gözəl guşəsini xatırladıq. Mən keçən il yağışlı bir oktyabr günündə Yardımlıya ilk və hələ ki son səfərimi yada saldım…Xəyalən o dağlarda, o dağların havası qədər saf insanların arasında hiss elədim özümü…Bax beləcə yolu başa vurduq…Müsahibəni evdə elə indicə oxuyub qurtardım və bu hadisəni və hislərimi yazmaqdan özümü saxlaya bilmədim. İndi bu yazını klaviaturada tıqqıldada- tıqqıldada bir şeyi fikirləşirəm.( Əslində mən bunu həmişə fikirləşmişəm, indi yeri gəlib ona görə deyirəm.) Azərbaycanın ən ucqar bir dağ rayonunda oturub yerli şəraitdən irəli gələn o sıxıntılar, problemlər içərisində ƏDƏBİYYAT yaratmaq və ƏSİL ƏDƏBİYYAT uğrunda mübarizə aparmaq doğrudan da qəhrəmanlıqdır. Yardımlıda yaşayıb ədəbi yaradıcılıqla məşğul olan xeyli adamı ya qiyabi ya da şəxsən tanıyıram…Onları yəqin siz də tanıyırsınız…Gözəl müəllim və gözəl insan Mehdi Həsənov, rayon qəzetinin redaktoru Ələsgər Cəfərli, gözəl ürəyi və incə yumoru olan qardaşınız Fikrət Şahbazov (səhv eləmədim ki?), Rəfail (təəssüf ki, imzası necədir xatırlaya bilmirəm). Bakıda isə Sabir Rüstəmxanlıdan Hafiz İmamnəzərliyə qədər onlarla belə ziyalı…Bütün bu adamları bilirsiniz nə birləşdirir daxili saflıq, mərdlik …xülasə insan övladına xas ən gözəl keyfiyyətlər.
Aslan bəy, mən inanıram ki, o insanlarda gördüyüm bu xüsusiyyətlərin hamısı sizdə var…Allah qoysa Yardımlıya bir də gələ bilsəm, (bir yazıçı kimi sizin əsərlərinizi bəyənib-bəyənməməyimdən asılı olmayaraq) qismət olsa şəxsən tanış olarıq.
Sizə uğurlar arzulayıram!!!
Bəlkə də bu qəribə şərh çoxlarının xoşuna gəlməyəcək, bəlkə də heç səhifəyə buraxılmayacaq…Hər halda mən içimdən keçənləri yazdım…
Aslan
Sentyabr 7th, 2007 at 02:00
Əziz Bizimkilər, əziz Gülşən xanım! Yada saldığınız üçün, müsahibə üçün dönə-dönə təşəkkür edirəm!
Elnarə xanım, xoş sözləriniz üçün minnətdaram! Sizə yazmışam, təkrarlamayacağam, gözəl şairsiniz, gözəl qələminiz var! Tənqidlərə, qərəzli olsa belə, kəskin reaksiya verməyin. Əsla belə tənqidlərdən sınmayın! Nə yazıq ki, bir həqiqət var, acı həqiqət, qələm sahibi nə qədər haqsızlıq görürsə, qələmi bir o qədər püxtələşir! Bütün yazılarınızı izləyəcək, vaxtaşırı münasibətimi bildirəcəyəm.
DDEED, salamlar! Xoş gördük! Qardaş, haralardasan? Ədəbiyyat səhifələrində haçan görəcəyik səni? Qərarə gələ bilmədinmi?
Scorpion! Bu gecə məni büsbütün caşdıran ikinci adam oldun. Xoş sözlərin, xüsusi ilə də unudulmuş, ucqar kiçik Vətənim, onun adamları ücün dediyin xoş sözlərə görə çox sağ ol, qardaş!
Yox, səhv eləməyibsən, Fikrət Şahbazlı qardaşımdı. Rəfael İbişlidi. Məni çaşdıran sənin bizləri belə dəqiq tanımağın oldu.
Harda istəsən tanış ola bilərik, Yardımlaya da gəlsən, mütləq axtar. Burda emailim var, ora yaz, cib telefonumu verim.
Qaldı bəyənib bəyənməməyinə, yazmışam, şəxsi işindi, zövq məsələsidi. Tənqidi həmişə normal qarşılamışam, bu şərtlə, mövzu ədəbiyyat ola. Tənqid yazını aşıb müəllifə keçməyə.
Görüşənədək!
Fikrəti yada saldıqsa, bir bənd şeirini yada salmasam olmaz
Üşüdüm, nə günüm şıxdı,
Yazdım, nə ad-sanım çıxdı.
Darıxmaqdan canım çaxdı,
Burası da Yardımlıdı.
İltifat Köçəri
Sentyabr 7th, 2007 at 02:31
Salam Aslan. Sənə uzun ömür, can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Yaxınlaşan yubleyin münasibəti ilə isə xüsusi olaraq təbrik edirəm. Yaşa.
Seyidsasha
Sentyabr 7th, 2007 at 03:49
Mende aramizda olan bezi “elmi” mubahiselere baxmayaraq, Aslan muellime heyat ve yaradiciliginda ugurlar arzulayiram…
Novarg
Sentyabr 7th, 2007 at 10:30
Aslan muellim`i yubileyi munasibetile tebrik edirem, yaradiciliq ugurlari arzulayiram…
Qəşəm Nəcəfzadə
Sentyabr 7th, 2007 at 13:20
Aslan mellim ,Lenkaran rayon qezeti zarafat idi.
Mence, qarabaq-xocali movzusunda yazmaqi bize dovlet sifaris vermemeidir . Neceki bu seiri men 1993-cu ilde yazmisdim.
Xocalı mövsümü fevral
Yanvar ayından başlayır Azərbaycanın
matəm mövsümləri…
Qan fışqırır televizorlar…
Məhkəmələr təzədən işə düşür…
Xocalını göstərirlər…
Oğlum deyir ki, mənə
keçən ilki lentdi…
Həmin uşaqdı yanında potu…
Mən ondan kiçik idim,
Böyüyüb ötdüm onu - deyir oğlum.
Xocalı mövsümüdür bu ay
Lentin tozu alınır…
Bir də göstərilməyi qaldı gələn ilə .
Xocalını göstərirlər…
Həmin kişidir yenə,
Heç böyüməyib,
Saqqalı ağarmayıb.
Xocalını göstərirlər
Balaca uşaqlar,
Dirsəklənib təpələrə.
Böyüklər uzanmışdı deyə,
Aldanıblar böyüklərə.
Uşaqlar böyür - böyürə
Yan - yana uzansalar da,
Gəlib çatmadılar insafımıza.
Xocalını göstərirlər deyə
qadın keçdi mətbəxə,
Keçən ilki lentdi
Təkrardı-təkrar.
Müxbir küçədə
Kəlbəcərin getdiyi günü soruşur
nazlı bir oğlandan,
Güya bilsə nə olacaq,
Ya bilməsə?
Bəlkə Kəlbəcərin mövsümü başlayır…
Onun da ayrıdı lentləri,
Ölümləri ayrıdı,
Ayrıdı dərdləri…
Sonra Zəngilanın ildönümü…
Sonra Qubadlının, Ağdamın…
Xocalı mövsümüdü bu ay…
Kişiliyin qısır ayı…
Fırlat qardaş,
Onsuz da işin bu lenti fırlatmaqdı,
Allah gələn iləcən sənə ömür versin,
Çünki sən bilirsən bu lentin yerini.
b.hidayet
Sentyabr 7th, 2007 at 14:14
salam,Aslan bey.ugurlar arzulayiram size
heqiqeten qehremansiniz.
sizin kitablari nece elde ede bilerem
bhidayet@mail.ru-bu menim e-mailimdi.yazin size unvan verim,kitablarinizdan gonderin-
xahish edirem xahishimi yere salmayin
Leyla Mövsumova
Sentyabr 7th, 2007 at 16:58
Sizi təbrik edirəm. yaradiciliq ugurları arzulayıram
DDEED
Sentyabr 7th, 2007 at 18:02
Salam Aslan bey, inshaAllah sizinle yeniden elaqe saxlayacam, bir az derslere bashim qarishib, ona gore hech bir shey ede bilmirem,
semimi olaraq onu deye bilerem ki, burdaki butun ichden ve semimi sherhler sizin nece insan oldughunuza chox gozel delalet edir, AllahCC insanlari edebiyyatimizdan ve cemiyyetimizden eksik etmesin,
scorpionun sherhi ise meni kovreltdi, sagh olun scorpion muellim bele xosh sozlere gore,
salamlar
Fikrət
Sentyabr 7th, 2007 at 22:20
Aslan bəy salam.Madəm ki məni yada saldınız, sizə bir şerimi
ərməğan edirəm.
Bu qapı mənim
Gəzirəm çölləri çörəyə görə,
Uçurum bilmirəm, qaya bilmirəm.
Nə vaxtdı, özümü atalar kimi,
Oğlumun önündə öyə bilmirəm.
Haqsızı, zalımı, ancaq, güldürür,
Qanqala boy verir,gülü soldurur,
Fələk, gün günorta məni öldürür,
Nə üçün gəlmirlər, haya bilmirlər.
Fikrət eyləyibdi zülüm bu evə,
Gecə-yarı düşür yolum bu evə,
Nə qədərəliboş gəlim bu evə,
Bu qapı mənimdi döyə bilmirəm
Aslan
Sentyabr 7th, 2007 at 23:06
Burda şərh yazanlara, 50 yaşım münasibəti ilə məni təbrik eləyənlərə səmimi qəlbdən təşəkkür eləyirəm! Allah Sizləri qorusun! Hər birinizə can sağlığı, uzun ömür, səadət arzulayıram!
İltifat bəy, “Bizimki”də kəşf etdiyim ictedadlardan biri də Sizsiniz! İnanın,hər uğurunuza sevinəcəyəm! Mən ömrünü-gününü ədəbiyyata verən birisiyəm, bu ədəbiyyatın içindəyəm, ara-sıra hardansa gözəl, yeni səslər eşidəndə, kiminsə ədəbiyyatın inkişafı üçün bir iş gördüyünü biləndə, heç bilirsən necə sevinirəm!
Saşa, Novarg, gözəl, yaxşı bir nümunə göstərdiniz! Yəni, zövqlərimiz müxtəlifdi, baxışlarımız üst-üstə düşməyə, fikirlərimiz uyğun gəlməyə bilər, bir-birimizin yaradıcılığını kəskin tənqid eləyə bilərik. Amma bunun bir-birimizə olan münasibətlərə dəxli olmamalıdı, belə günlərdə bir-birimizin əlini möhkəmcə sıxmalı, bir-birimizi gülər üzlə, açıq qəlblə salamlamalı, bir-birimizə xoş sözlər deməliyik! Bu günkü kimi! Təşəkkürlər!
Hamınızı bağrıma basıram!
Aslan
Sentyabr 7th, 2007 at 23:09
Bəxtiyar bəy, salamlar! Xoş sözləriniz üçün minnətdaram! Yalnız conuncu kitabımdan, “Yazıçının savaşı”ndan qalır özümdə. İri həcmli kitabdı (910 min işarə). Bakıya yolun düşsə, deyərsən. Yazılarımı sənin kimi həmkarlarımın oxumasına yalnız sevinərəm. 25 - də özüm də Bakıda olacağam. E.mailinə də yazaram.
Qəşəm bəy, dövlət mütləq sifariş verməlidi, bunsuz olmaz, dövlətin seyrçi qalmaq haqqı yoxdu. Bu ağrı-acıları yaşayan bizlərə qalanda isə, təbii ki yazmalıyıq, sifariş gözləmədən. Şeir üçün də sağ ol! Gözəl şeirdi, o faciənin böyüklüyünü, o böyük faciəyə öldürücü etinasızlığı gözəl veribsən!
Leyla xanım, xoş sözləriniz üçün Sizə də sağ ol deyirəm!
DDEED, salamlar! İşlərində uğurlar! Qardaş, bilirsən necədi, kimə qarşı azacıq haqsızlıq edildiyini hiss elədimmi, illər öncəsi yarıqaranlıq, tozlu redaksiya dəhlizlərində əzilən, alçaldılan, təhqir olunan kənd uşağı gəlib dayanır gözlərimin önündə və mənə elə gəlir yenə də o uşağa qarşı haqsızlıq eləyirlər, əzirlər, öldürürlər! O uşağın kömək istəyən, ümidsiz,
su içində oynayan gözlərinə baxır, hər şeyi unuduram. Neyləməli, elə şeylər var, izsiz keçmir, ömrünün sonuna kimi unuda bilmirsən.
Eh, sağlıqla qal, qardaş!
Şahanə
Sentyabr 8th, 2007 at 13:14
Aslan bey, Allah uzun omur versin! Yazilariniz her zaman beyenilsin! Her zaman beyenilmek ucun calismaq enerjinizi Tanri elinizden almasin!
Size uqurlar!
Vüqar
Sentyabr 8th, 2007 at 19:03
Təbrik edirəm qardaş, uğur olsun.
Rəbiqə
Sentyabr 10th, 2007 at 03:31
Ugurlar!
Aslan
Sentyabr 13th, 2007 at 19:58
Əziz Şahanə! Əziz Vüqar! Əziz Rəbiqə! Xoş sözləriniz, təbrikləriniz üçün sağ olun! E.mail ünvanıma məktub yazıb təbrik eləyənlərə də, qəzetlərdə haqqımda yazanlara da burdan minnətdarlığımı bildirirəm! Ən çox da “Bizimki”-yə, Gülşən xanıma minnətdaram! Sizin sayənizdə oxucularım, hətta qohumlarım da bu yubileydən xəbər tutublar! Bir daha təşəkkürlər!