Ax, unudulmuş Vətən, ax yazıq Vətən!
Dünyalar titrədi, aləmlər mayallaq aşdı, fələklər bir-birinə qarışdı, millətlər yuxudan oyanıb gözlərini açdılar və pərakəndə düşmüş qardaşlarını tapıb, dağılmış evlərini bina etməyə üz qoydular.
Bəs, sən haralardasan, ay biçarə Vətən?!
Dünya və Aləm dəyişildi, mənalar özgə təbir əxz elədi, yəni bizim dilcə söyləsək, o şeylər ki, əsl mənalarını itirmişdi, qayıdıb əslini tapdı, inna lillahi və inna ileyhi raciun; amma buna hamı qail oldu ki, vətən, vətən, vətən, dil, dil, dil, millət, millət, millət!… Dəxi bu dairələrdən kənar bəni-noi-bəşər üçün nicat yolu yoxdur.
Bununla bərabər, yəni “bavücude inki” hər söz danışıldı, hər mətləbə əl vuruldu, hamı pəhləvanlarımız öz hünərlərini çıxartdılar meydana və lakin bununla bərabər bu qədər var ki, bircə lazımlı söz ki, mənim zəndeyi-zəhləmi aparır- haman söz Azərbaycan vətənimin üstündədir.
Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, xəyalata cumuram, özümdən soruşuram ki:
- Mənim anam kimdir?
Öz-özümə də cavab verirəm ki:
- Mənim anam rəhmətlik Zöhrəbanu bacı idi.
- Dilin nə dilidir?
- Azərbaycan dilidir.
- Yəni vətənim haradır?
- Azərbaycan vilayətidir.
Demək, çünki dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, vətənim də Azərbaycan vilayətidir.
- Haradır Azərbaycan?
- Azərbaycanın çox hissəsi İrandır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən; qalan hissələri də Gilandan tutub, qədim Rusiya hökümətilə Osmanlı höküməti daxillərindədir ki, bizim Qafqazın böyük paçası ilə Osmanlı Kürdüstanından və Bayaziddən ibarət olsun
Bilirsiniz, bu söhbət hardan yadıma düşdü? Bu söhbət oradan yadıma düşdü ki, keçən həftə Tiflisdə müsəlmanların milli komitəsində bir məsələyə baxılırdı ki, aya bizim bu məclisdə nə dil ilə gərək müzakirə olunsun. Biri dedi rusca, biri dedi osmanlıca, biri dedi ermənicə. Axırda belə qərara qoydular ki, türk dili müəllimlərinin və müəllimələrinin çoxusu türkcə danışmağı yaxşı bacarmır, bu səbəbdən də bunlara izn verilsin ki, rusca danışsınlar. O ki qaldı rus darülfünununu oxuyub başa çıxan bəzi üzvlər,- bunlara da izn verildi ki, rusca danışsınlar və həqiqətdə mən ki, gedib sümük sındırıb, illər ilə kafirlər içində əlimi murdar professorlara verə-verə elm oxumuşam, insafdırmı ki, bugünkü gündə də oxuduğum elmi gizlədim və rusca danışmayım? Hərçənd məclisdə oturan əsnaflar və hətta axundlar rusca danışılan mətləbləri başa düşmürdülər,- cəhənnəmə düşmürdülər, gora düşmürdülər!
O ki qaldı Bakı qurultaylarında olan səliqə,- bu barədə yaxşısı budur ki, heç danışmayım. Onsuz da düşmənimiz çoxdur, xəbərdar olar və gəlib baxıb və qurultaylarımızda olan nəzmü nizamı görüb bizə göz vurarlar; çünki nədənsə bizim bədxahların hamısı bədnəzərdir.
Ax, gözəl Azərbaycan vətənim! Harada qalmısan?… Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoylu, meşginli, sərablı, goruslu və moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstanlı quli-biyaban vətəndaşlarım, ey ərdəbilli, qalxanlı bəradərlərim! Gəlin, gəlin, gəlin mənə bir yol göstərin! Vallah ağlım çaşıb! Axı dünya və aləm dəyişildi, hər bir şey qayıdıb öz əslini tapdı, hər mətləbə əl vuruldu, gəlin biz də bir dəfə oturaq və keçə papaqlarımızı ortalığa qoyub bir fikirləşək haradır bizim vətənimiz?!
Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş, vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar?!
Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım?!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 27 noyabr 1917, №24
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
ehtiram
Sentyabr 14th, 2007 at 23:35
90 il evvel yazilan ,bu gun ucun kecerlidir ve yeqin ki,90 il sonra da kecerli olaraq qalacaq.
Emin
Sentyabr 15th, 2007 at 02:04
Bunu Celil Memmedquluzade yazib, ya Gulshen Cebi?
Seyid Ramin
Sentyabr 16th, 2007 at 00:36
Bunu Mirzə Cəlil yazıb. Gülşən Cəbi isə “Bizimki”yə göndərib.
scorpion
Sentyabr 16th, 2007 at 01:13
Bu yazının yazılma tarixinə fikir verin!!! 27 noyabr 1917-ci il… həmin günlərdə Azərbaycanda, Bakıda nələr baş verirdi… Bakıda daşnak-bolşevik koalisiyasının meydan suladığı bir dövr…Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri…Bir neçə aydan sonra başlayacaq mart qırğınları… Mirzə Cəlil yəqin ki, bu faciələri duyub hiss eliyirdi…Həmişə bu yazını oxuyanda o qanlı tarixi xatırlayıram və mənə elə gəlir ki, Mirzə Cəlil bu yazını mürəkkəb əvəzinə ürəyinin qanı ilə yazıb…
Gülşən xanım, bu əziz gündə- Bakının Daşnak-bolşevik işğalından azad edildiyi gündə bu yazını bir daha bizə xatırlatdığınız üçün sizə minnətdaram!!!
fariz
May 28th, 2008 at 17:46
allah sene rehmet etsin mirze Celil! yeqin bu yaziyla vatan deyenlerin coxunun papagi qarsiya qoyulacaq