Yer kürəsiElə böyük qüdrət olaydı məndə,
Yalan qoymayaydım Yer Kürəsində.
Üstünü alaydım bir anda şərin
Böhtan qoymayaydım Yer Kürəsində.

Elə ayıraydım yaxşını,pisi
Aşikar olaydı düzü,əyrisi.
Biryolluq ataydım gora iblisi,
Şeytan qoymayaydım Yer Kürəsində.

O göz çıxsın düzü əyri görürsə,
Yaşasın o kəslər haqqa səs versə
Üzdə suilanı,daxildə gürzə,
İlan qoymayaydım Yer Kürəsində.

Dünyanın boynundan asılmış nəhəng,
Belə yaman şişlər xərçəngdir,xərçəng.
Daxildə bir rəngdə,üzdə başqa rəng
Olan qoymayaydım Yer Kürəsində.

Bizi nə gözləyir bilmirik sabah,
Adam var əfidir,adam var ufaq
Dünyanın qızıyam,dünyaya nifaq
Salan qoymayaydım Yer Kürəsində.

Yaxşılar az olur,nədənsə çox az,
Göbələk tək artır naşı,anlamaz.
Fitnələr törədib üstündən namaz,
Qılan qoymayaydım Yer Kürəsində.

Yayın istisində,çovğunda,qarda,
Köməkçi olaydım,kim qalsa darda.
Yurdu dağıdılıb boz çadırlarda
Qalan qoymayaydım Yer Kürəsində.

Ödəyib onların ehtiyacını,
Qovaydım cahandan qəmi,acını.
Elim deyə-deyə yolub saçını
Yolan qoymayaydım Yer Kürəsində.

Nurlandırıb soluxan bənizləri,
Başa keçirəydim sözüdüzləri
Nadan qarşısında qəmdən gözləri
Dolan qoymayaydım Yer Kürəsində.

Bir dünya quraydım qadadan kənar,
Məni aqil qanar,nadanlar qınar
Gecə də gəzəydim əlimdə fanar
Nalan qoymayaydım Yer Kürəsində.

Sevinc paylamaqçün hər bir mahala
Çataydı qüdrətim,düşəydim yola
Gecə-gündüz qan hissiylə xəyala
Dalan qoymayaydım Yer Kürəsində.

Keçəydi insanlar məhək daşından,
Üzüağ çıxaydı haqq savaşından
Xoşbəxtliyi tökülən göz yaşından
Alan qoymayaydım Yer Kürəsində.

Lüğətlərdən dava sözün pozaydım,
Qəlbimin səsinə qulaq asaydım
Sülh sözün Günəşə,Aya yazaydım
Talan qoymayaydım Yer Kürəsində.

Haqqın elçisinə çevriləydim mən,
Səmalarda qoymayaydım duman,çən
Qırğından,bəladan,dərddən,ələmdən
Solan qoymayaydım Yer Kürəsində.

Olaydım cahanda güllər bitirən,
Könüllərə xeyir xəbər yetirən.
Bəşər aləminə xələr gətirən
Plan qoymayaydım Yer Kürəsində.