Xorxe Luis BorxesXorxe Luis Borxes (Jorge Luis Borges) 24 avqust 1899-cu il tarixində Argentinada, Buenos-Ayres şəhərində doğulub. 1923-cü ildə ilk kitabı çıxan yazıçı 1938-ci ildə kitabxana məmurluğuna başlamış, “Ficciones” və “Alef” adlı kitablarında toplanan məşhur hekayələrini bu dönəmdə yazmışdır. Virginia Vulfun və Uilyam Folknerin kitabları ispancaya ilk dəfə bu vaxtlarda Borxes tərəfındən qazandırılmışdır. Bu ərəfədə «H. Bustos Domecq» ləqəbi ilə detektiv hekayələri də yazmışdır. 1961-ci ildə Samuel Bekket ilə birlikdə Beynəlxalq Yayımçılar mükafatına (Formentor mükafatı) layiq görülmüşdür. İndi isə bu yazıçının bir əsərini siz oxuculara təqdim edirik.

Etnoqraf

Bunu mənə Texasda danışıblar, amma əhvalat hansısa başqa ştatda baş verib. Bütün amerikanlar kimi hündürboylu, saçları aydın olmayan rəngli əsas qəhrəmanın adı, deyəsən, Fred idi, Fred Murdok. Onda orijinal heç nə yox idi, elə bu da onu yüngül gənclərdən fərqləndirirdi. O, kitablara hörmət edir, yazanlara inanırdı. Onun yaşında çox az adam olur ki, özünü nəyə həsr etmək istədiyini bilir, Fred də hadisələrin axımına güvənirdi və fars mistikası, macar dialektikası ilə məşğul olmağa, müharibəyə qoşulmağa, yaxud riyaziyyatçı olmağa hazır idi. Universitetdə onu hinduların adətlərini araşdırmaq fikrinə saldılar, yaşlı professor isə təklif etdi ki, preriyaya* gedib hələ qalmış tayfaları öyrənsin. Komada yaşamaq, özgə adətlərini müşahidə edərək, onların dərin mənasını, hindu ovsunçularının sirlərini açmaq lazım idi. Qayıdandan sonra Fred bu haqda iş yazacaqdı. Burası da var ki, Murdok şad deyildi. Onun əcdadlarından biri sərhəddə həlak olmuşdu, ailənin bu köhnə yarası nəyə görəsə onu həyəcanlandırırdı. Onu yolda gözləyən çətinliklərdən isə heç danışmırıq, bu vəhşi qırmızı adamlar hələ onu tayfaya qəbul etməli, ona özləri kimi inanmalı idilər. Bunlara baxmayaraq, Murdok getdi.
Gah dəri, gah da göy üzüylə örtünərək, o, səhrada iki ildən çox yaşadı. Günəşdən tez qalxır, gecə yarısı yatırdı. Yuxularını ana-atasının anlaya bilməyəcəyi şivədə görürdü. Kobud yeməyə, qəribə geyimə vərdiş etmişdi, dostlarını da, hər daşını bildiyi şəhərini də unutmuşdu.
Müəyyən müddətin sonuna yaxın tayfa kahini Fredə tapşırıqlar, bədən və ruh üçün çalışmalar verməyə başladı. Kahin ona hər hansı qəribə yuxunu xatırlamağı əmr etdi. Vaxt keçdi və bir aylı gecədə tələbə yuxusunda bizonları gördü.
Yuxusunu səhər Müəllimə danışdı. O vaxtdan etibarən, ovsunçu ona sirləri açmağa başlayır. İki ildən sonra, səhər tezdən Fred hinduları tərk edir. Şəhərə qayıdanda preriyaya qarşı nostalji hisslər keçirməyə başlayır, vaxtilə elə orda şəhər üçün eyni hissləri duymuşdu. Professora deyir ki, əldə etdiyi məlumatları çap etməmək qərarına gəlib.
- Nəsə and içmisən?
- Yox, sadəcə, indi bildiklərimi sizə danışmağı bacarmıram.
- İngilis dili sənə azlıq edir? – professor gülümsəyir.
- Elə bir şey yoxdur, ser. İndi, sirri əldə etdikdən sonra mən onu minlərlə müxtəlif üsullarla ifadə edə bilərəm. İş ondadır ki, bu bilikləri verməli olduğum elm, bizim elm indi mənə axmaqlıq, cəfəngiyyat kimi görünür.
Bir az fasilədən sonra:
- Bundan əlavə, Sirr mənim keçdiyim yolla müqayisədə heç nədir.
Professor xudahafizləşirdi:
- Şuraya bu haqda məlumat verərəm. Siz ora qayıtmaq istəyirsiz?
- Yox, bu lazım deyil. Orda öyrəndiklərim hər yerdə yararlıdır.
Fred evləndi, sonra boşandı, indi isə “Yel”də kitabxanaçı işləyir.

_____________________

*Preriya- Şimali Amerikada geniş çöl