Elvin Cabay Uzun zamandır dərgimizdə yayımlanan yazılara yazılan şərhlər maraq dairəmdədir. Hətta dəmək olar ki, son günlər yazılardan çox şərhləri oxuyuram. Bunun iki səbəbi ola bilər. 1. Şərhlər çox dəyərli, öyrədici, faydalı olduğu üçün. 2. Şərhlər çox gərəksiz, anormal, faydasız olduğu üçün. Əgər birinci səbəb mövzu bəhsidirsə o zaman şərhləri xoş niyyətlə, nələrsə öyrənmək üçün oxuyarsan, yox, ikinci səbəb mövzu bəhsidirsə o zaman heyrətlə, heyifslənərək oxuyarsan. Şəxsən mənim, şərhlərə qarşı yaranan bu həssaslığımın səbəbi ikincisidir. Düzdür, bütün şərhləri də keyfiyyət və xüsusiyyət baxımından eyni boxçanın içinə qoymaq olmaz. Amma çox hayıf ki, sözü gedən şərhlər son zamanlar çoxluq təşkil edir.

Ədəbi yazılara yazılan şərhləri 2 təməl xüsusiyyətlərinə görə 2 qrupa bölmək olar; 1. Qurucu şərhlər. 2. Yıxıcı şərhlər.

Qurucu şərhlər

Türklər burada “yapıcı” sözünü işlədir. Məncə bu söz daha məqsədə uyğundur. Bələ şərhlər xoş niyyətli şərhlərdir. Məqsəd yazını oxuyub həqiqətən bəzi kriteriyalara tabe tutaraq təhlil ədib, müsbət, orijinal, tərəflərini, xüsusiyyətlərini qeyd etməklə yanaşı, çatışmayan, əksik, səhv olan (mövzu və texnik baxımından) xüsusiyyətlərini də qeyd etməkdir. Beləliklə yazara şərhdən istifadə etmə fürsəti doğur. Bu cür şərhlər ona ayna olur, təkmilləşməsinə kömək edir, bir növ ədəbiyyat yolunda onun əlindən tutur.

Yıxıcı şərhlər

Təvafüqə bax ki, bu aralar Cəmil Məriçin “Bu ülkə” kitabını oxuyuram. Cəmil Məriç Türkiyənin Cumhuriyyət dönəminin ən güclü mütəfəkkirlərindən biri sayılır. Bir neçə kitabı, yaşadığı dönəmdə dərgilərdə yayınlanan məqalələri var. Yazıları ümumiyyətlə məqalə və dənəmə tərzindədir. Və dəmək olar ki, hamısı da tənqid, şərh yazılarıdır. Əlimdəki kitaba öz oğlu Mahmud Əli Məriç ön söz yazıb. O ön sözündə atasından bəhs edərkən, onun xüsusiyyətlərini sayarkən, bu xüsusiyyətlər arasında Cəmil Məriçin yazılarında “küstah” (bu sözü dilimizə “yəkəbaş” kimi tərcümə edə bilərik ) olduğunu da qeyd edir. Həqiqətən də onun yazılarında bunu açıq-aydın görmək olur. Amma o bütün yazılarında hər hansısa bir ədəbiyyat yazısını, şeiri deyil, idealogiyaları tənqid edib. İdealogiya tənqidində də yıxıcı olmaq hardasa şərtdir. Çünkü məqsəd tənqid etdiyiniz idealogiyaların üzərində durduğu təməlləri yıxmaqdır. Və Məriçin tənqidlərində insanı heyrətə salacaq dərinliklər mövcuddur. Gözlərinin nurunu 38 yaşında tamamiylə itirəcək qədər çox oxuyan bu insanın, fikri dərinliyi sanki ona bir növ “küstahlıq” etmə haqqı verir.
Gəl gör ki, ədəbiyyatın ruhuna belə “küstah” tənqidlər, şərhlər yaraşmır. Bu cür şərhlər yazarlara heç bir şey qatmır, əksinə, onların “yaratma” qabiliyyətlərini baltalayır. Heç kəsə faydası olmayan bu tənqidlərdə hansısa “xoş niyyət” tapmaq da qeyri mümkündür.
Belə tənqidlərin ortaq xüsusiyyəti də tənqid yazanların özlərini “bir şey” zənn etmələridir. Bu xəstəlik ümumiyyətlə bizdə xalq olaraq var. Bəlkə də dünyada nəyisə ən çətin bəyənən bizlərik. Həqiqətən də bizə nəsə bəyəndirmək çox çətindir. Çünki hər şeydən öncə özümüzü bəyənmişik. Özünü bəyənən heç özgəsini, başqasını, başqa şeyləri bəyənərmi? Təbii ki, hər kəs bəyənib bəyənməməkdə sərbəstdir. Burada önəmli olan verilən reaksiyadır. Bəyənmədiyin şeyi mütləq təhqir etmək məcburiyyətində deyilsən. Dərgimizdəki şərhlərə göz atsanız bu cür şərhlərlə çox qarşılaşarsınız. “Bu şeir deyil, apar qaytar. Bunu apar tulla. Bunu nə bilim nə ət…” Güya tənqid yazılarıdır bunlar. Halbuki hem verilən əməyə, həm ortaya qoyulan məhsula, həm yazara edilən təhqirdən, hörmətsizlikdən başqa heç nə deyil.

Yazarın təkmilləşmə vəziyyəti

Bu aralar bir müzakirə getdi dərgidə. Burada yaşlı nəslin yazar nümayəndələrinin əsərləri dərc olunmalıdır, yoxsa yox? Hər kəs öz fikrini bildirdi. Amma bir şey diqqətimi çəkdi. “Yox” deyənlərin çoxu, buna səbəb olaraq bu dərginin “gənclərin” dərgisi olduğunu göstərirdirlər. Halbuki, həmin şərh yazanlar, ədəbiyyatda bəlkə də hələ iməkləyən, təkmilləşmə mərhələsinə yeni başlayan gənclərin yayınlanan əsərlərinə şərh yazarkən, onların gənc, ədəbiyyatda “körpə” olduqlarını heç diqqətə almırlar. Qarşılarındakı kamil ədəbiyyatçı imiş kimi, yıxıcı şərhlərlə onların ədəbiyyat yolunda əllərindən tutmaq əvəzinə, ayaqlarından tutaraq geri çəkirlər. Bu həm yazarlara, həm də dərgiyə vurulan böyük zərbədir. Bir azyaşlı tanışımın dərgiyə şeirini göndərmək istədiyini, lakin buradakı bəzi şərhləri gördükdən sonra bu fikirdən daşındığını deməsi, buna yətərli sübut deyilmi?
Bəlkə belə şərhlər də yazılmalıdır. Amma yazılarkən yazarların ədəbiyyatdakı təmkilləşmə vəziyyətlərinə diqqət edilməlidir. Özünü sübut etdirən, ədəbiyyatçı olaraq özünə güvənən yazarlara istədiyin cür tənqid yaza bilərsən. Bu bəlkə də sadəcə polemika yaradar, amma yazara heç bir mənfi təsiri olmaz.

Dil və üslub

Bəzən bir məsələdə 100% haqlı olarsan. Amma haqqını müdafiə edərkən elə dildən, elə üslubdan istifadə edərsən ki, sonra haqsız vəziyyətinə düşərsən. Tənqidlərdə də buna diqqət etmək şərtdir. Ola bilsin ki, əsərdə heç kəsin görmədiyi bir əksik məqamı görə bilmisən. Bunu normal, faydalı üslubla dilə gətirsən, çox faydalı da olacaq. Amma elə dildən, elə üslubdan istifadə edirsən ki, vərəcəyin fayda da yoxa çıxır. Bu da azmış kimi, zərər vurursan.
Bəzi şərh yazanlar, “mən şərhlərimi mütləq “küstahca” yazacam, yazmalıyam!” deyə bilər. Əgər həqiqətən də belə iddiaları olan varsa, ən az Cəmil Məriç qədər oxumalıdırlar ki, buna haqları olsun. Yoxsa, “milçəyin” özünü “fil” zənn edib belə şərhlər yazması onu daha da cılızlaşdırar.