www.azyazar.com portalı yaradılıb
Dünən Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda www.azyazar.com portalının təqdimat mərasimi keçirildi. Mərasimi giriş sözü ilə açan şair Səlim Babullaoğlu portal haqqında məlumat verərək bu saytın ədəbi prosesdə özünəməxsus rolu olacağına ümid bəslədiyini bildirdi: “8 bölmədən ibarət bu portal gənc şair Əli Əlioğlunun şəxsi təşəbbüsü ilə yaradılıb. Burada 15 Azərbaycan yazarı daimi yer alıb. 10 Azərbaycan yazarı isə müəyyən vaxt çərçivəsində portalda dərc olunur. Qaydalara görə, yeni yazarlar dərc olunduqca əvvəlkilər saytdan çıxarılacaq”. Portalda ayrıca olaraq “Dünya Ədəbiyyatı” dərgisinin elektron variantının yerləşdirilməsinin nəzərdə tutulduğunu deyən S.Babullaoğlu hazırda müsahibələr, xəbərlər, istedadlar, tərcümələr, tənqid və bir çox bölmələrin fəaliyyət göstərdiyini söylədi. Onun sözlərinə görə Anar, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Adil Şirin, Ədalət Əsgəroğlu, Elçin Hüseynbəyli, Qulu Ağsəs, Qəşəm Nəcəfzadə və bir çox çağdaş Azərbaycan ədəbiyyatı nümayəndələrinin təmsil olunduğu saytda yer alan şairlərin sayının artırılması da nəzərdə tutulub: “Saytda klassiklərə də yer ayrılıb. “Klassiklər” bölməsində Nizaminin, Nəsiminin, Füzulinin, Cəlil Məmmədquluzadənin, Sabirin və digərlərinin yaradıcılığından nümunələr öz əksini tapıb. “Tərcümələr” bölməsində isə Yaponiya, Argentina, Rusiya, İngiltərə, Gürcüstan və Türkiyə ədəbiyyatına yer verilib”. S.Babullaoğlu saytı ərsəyə gətirənlərin folklorumuza da biganə qalmadıqlarını önə çəkdi. O, eyniadlı bölmədə “Kitabi-Dədə Qorqud” dastanı haqqında məlumatların yerləşdirildiyini vurğuladı. Tədbirdə Qəşəm Nəcəfzadə, Aydın Xan, Oqtay Hacımusalı, Oqtay Rza, Ədalət Əsgəroğlu və başqaları da çıxış edərək portal haqqında fikirlərini bölüşdülər.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Şərhinizi bildirin