Afiq Ağdami“Türkəm”-dedim,
“Dinmə!”-dedin,
Məni mənə yad eylədin.
Tariximi unutdurdun,
Əsrlərcə qan uddurdun…
“Türkəm”-dedim, qılıncını işə saldın,
Of demədən neçə-neçə canlar aldın.
“Türkəm”-dedim, iki böldün bir vətəni,
Ürəyimə dağlar çəkdin, diddin məni.


“Türkəm”-dedim, torpağımı qan bürüdü,
”Türkəm”-dedim, üstümə tanklar yeridi.
Cavidimə, Müşfiqimə ”xain” dedin,
Öz yurdundan sürgün etdin, güllələdin.
Dərd vermisən, sevincimi kəm etmisən,
Sən Bozqurdu bir tülküyə yem etmisən.
Unutmuşuq, unutmuşuq…
Qaniçənə “baba” deyən biz olmuşuq,
Bir cəllada boyun əyən biz olmuşuq.
Onlar deyib,
Biz susmuşuq.
Onlar döyüb,
Biz susmuşuq.
Susa-susa uduzmuşuq…
Bu susmaqla sanma sənin bu dərdlərin yox olacaq,
Bu susmaqla Gülüstanlar, Türkmənçaylar çoxalacaq.
Susma, danış, ürəkli ol! Hünər göstər,
Azad olmaq ürək istər, hünər istər.
Bəsdir daha! Bu susqunluq daha bəsdir,
Bu səs bizə Qarabağdan gələn səsdir.
Axı nə vaxtacan susmalıyıq biz,
Tarixi qan ilə yazmalıyıq biz!

Nə oldu?!

Biz ki, bir ağacda iki budaqdıq,
Birgə çiçək açıb, bir solacaqdıq.
Biz ki, ölənədək bir olacaqdıq,
Nə oldu, sevgilim, bizə nə oldu?!

Bizim ki, qəlbimiz bölünməz idi,
Bir məğrur qalaydı, alınmaz idi.
Sevgimizin izi silinməz idi,
Nə oldu, silinməz izə nə oldu?!

Susqun dalğasıydıq coşğun dənizin,
Nəğmələr söylərdik biz həzin-həzin.
Məndən başqasını görməzdi gözün,
Nə oldu, o sadiq gözə nə oldu?!

Bəs həsrət, ayrılıq bizdən qaçaqdı,
Sevgimiz sonadək pak qalacaqdı…
Bizim ki, sevgimiz sönməz ocaqdı,
Nə oldu, o oda, közə nə oldu?!

Bizi qorxutmazdı nə boran, nə qar,
Nə həsrət, nə kədər, nə ayrılıqlar.
İndi aramızda məsafələr var,
Baxışın dönübdür buza, nə oldu?!

Kiminsə qəlbini qırıb gəlmisən,
Üzünə məsumluq sürüb gəlmisən.
Kiminsə ruhuna girib gəlmisən,
Bəs mənim sevdiyim qıza nə oldu?!