(Zəlimxan Yaqubun “Layla, Xocalım, layla” şeirinə)
Sən “Cəngi” çal, sən “Misri” çal,
Layla çalma Xocalıma!
Üsyan elə, bir məlhəm ol
O sinəsi yaralıma!
Layla çalma Xocalıma!
Günləri günlərə satdıq,
Baş girləyib çox baş qatdıq,
Xumarlanıb yaman yatdıq,
Oyan, xalqım, bax halıma.
Layla çalma Xocalıma!
Bizə hansı ad yaraşır?
Demə ki, fəryad yaraşır,
Bu xalqa cihad yaraşır,
Son qoy giley-güzarına,
Layla çalma Xocalıma!
Yalanları duymadıqmı ?
Boş vədlərə uymadıqmı ?
Laylalardan doymadıqmı ?
Bir cavab ver sualıma,
Layla çalma Xocalıma!
Qamçıladı zaman bizi,
Sıxdı bu imtahan bizi,
Silaha dəyişək sözü,
Reallıq qat xəyalına,
Layla çalma Xocalıma!
Qara gözlü körpə quzu,
Xocalımın şəhid qızı,
Dinləyərmi laylamızı,
O yetməmiş vüsalına,
Layla çalma Xocalıma!
Biz düşünsək dərin-dərin,
Əlacı var bu dərdlərin,
Bax, qocalmış əsirlərin
Uzanılı qollarına,
Layla çalma Xocalıma!
İllərlə yatdıq beləcə,
Hünəri atdıq beləcə,
Son həddə çatdıq beləcə,
Düşək döyüş yollarına,
Layla çalma Xocalıma!
Layla çalma Xocalıma!
Mübariz ol
Mübariz ol, Vətən oğlu,
Dəniz kimi coş, dalğalan.
İçindəki qorxunu boğ,
Hayqır, kükrə, bir çalxalan.
Mübariz ol, Vətən oğlu,
Bu son haray, son yalvarış.
Gedək birlikdə dolanaq,
Qarabağı qarış-qarış.
Mübariz ol, Vətən oğlu
Qorxsan, bu yurd sənin olmaz.
Çingizlərin, Təbrizlərin
Ruhu bizi bağışlamaz.
Mübariz ol, Vətən qızı,
Əyilməzdir türk qadını.
Dönmə geri, daşlara yaz
Şuşada məğrur adını.
Mübariz ol, Vətən qızı,
Səninkidir o torpaqlar.
Güllələrə qonaq oldu,
Orda neçə gül yanaqlar.
Mübariz ol, Vətən qızı,
Sən Tomrisin nəvəsisən,
Qalxsan bil ki, onun kimi
Düşmən başı kəsəsisən.
Mübariz ol, nənəm, babam,
Qeyrət yaşa baxmır, Vallah.
Haqq yolunda cəngə qalxsaq,
Bizə kömək olar Allah.
Mübariz ol, nənəm, babam,
Şəhid balalar eşqinə.
O dəhşətə, o vəhşətə
Şahid balalar eşqinə.
Mübariz ol, körpə bala,
Qundaqda tanı düşməni,
Onlar kəsib-doğradılar
Neçə sənin tək körpəni.
Mübariz ol, körpə bala,
Gizlətməyin nə adı var?
Dinlədiyin hər laylada
Xocalıda
ürəkləri çıxarılan
Beyinləri,
bəbəkləri çıxarılan
Körpələrin fəryadı var.
Mübariz ol, Ana-Vətən,
Bu dərd silkələdi bizi.
“Humanizm” hörümçəyi
Toruna bələdi bizi.
Çırpın, silkin, cır o toru!
Birgə gedək irəliyə!
Mübarizə meydanında
Yolumuz yoxdur geriyə!
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
savalan muganli
Oktyabr 10th, 2007 at 21:41
eshq olsun sukani bele saxla chox ugurlu sheirlerdir chagdash edebiyyatimizin mubariz ruhlu sheirlere ehtiyaci var yaz yaz yaz
Qəşəm nəcəfzadə
Oktyabr 10th, 2007 at 23:11
Qardaşım, belə şeirlər yazmaq olar, amma bu yazdıqlarınızın poeziyaya dəxli yoxdur, təfəkkür yoxdur.
Aslan
Oktyabr 11th, 2007 at 00:53
Gecədən xeyli keçmiş bu sətirləri yazıram, adətim belədi, yazıb yorulandan sonra ədəbi saytlara girib yazıları oxuyur, bəzən də şərh yazıram. Biz yaşlı nəsil böyük bir ədəbi məktəb keçdik, dünyada özünü təsdiq elətdirmiş o məktəb qüsurlardan da xali deyildi. Sərhədlər, qadağalar, mütləq müəyyən çərçivələr daxilində yazmaq, reallığı, həyatiliyi qoruyub saxlamaq. Gurultulu marşlar, partiyanı, Vətəni təbliğ, tərənnüm eləyən əsərlər yazılırdı. İmperiya dağıldı, rejim çökdü, ədəbiyyatda hüdudlar, sərhədlər götürüldü, amma nə qədər qəribə olsa da bu azadlıq ədəbiyyatımıza gözlənilən uğurları gətirmədi. Niyə? Çünki biz sovet ədəbi məktəbindəki yaxşı ənənələrin üstündən xətt çəkdik, dünya ədəbiyyatının isə qeyri ciddi tərəflərinə aludə olduq.
Baxın, artıq 4-cü ya 5-ci müəllifdir, hamınız az qala eyni səpkidə, eyni mövzuda yazırsız, ən acınacaqlısı da budur ki, səriştəsiz yazırsız. Sovet məktəbinin gurultusu, şüarçılığı, boz duyğuların boz üsyanı qulaq dəlir. Bütün hallarda bəsit fikirlərin, mənaların oxucuya bəsit tərzdə çatdırılması müəllifin imkanlarının bəsitliyindən xəbər verir. Vətəni bu cür sevməz, tərənnüm eləməzlər, ağlaşma, elegiya, ifrat sentimentalizm, - yeri gəlmişkən bu terminin türkcə gözəl qarşılığı var, duyğusallıq, - adamları bezdirir. Yeni söz gətirin, yeni mövzu! İşlənmiş, köhnə mövzulara da yeni yanaşma! Ola bilər, indi bu yazdıqlarımı qəbul eləməyəsiniz, amma nə vaxtsa əsl ədəbiyyatın, böyük ədəbiyyatın incəliklərinə bələd olanda haqlı olduğumu görəcəksiniz. Deyə bilərsiz, hamı bəyənir, siz yox. Haqlısız, zövqlər korşalır, bu da indiki nəslin oxumamasından, dünya ədəbiyyatına nabələdliyindən irəli gəlir. Kəndimizin kitabxanasında 5 min kitab var idi, amma mən 8-ci sinifdə oxuyanda orda oxumağa kitab tapa bilmədiyimdən kilometrlərlə uzaqda olan rayon mərkəzinə gedirdim. Başımda minlərlə şeirlər, əsərlər yanıb söndüyü halda hər nümunəni qəbul eləyə bilmirəm. Sakit, ağır yazın, mövzunun nəbzini tutun, muğam ustalarının dediyi kimi, ilk cümlədən pərdəyə girin.
Deyək dünya ədəbiyyatını oxuya bilmirsiz, dil baryeri var, bəs öz ədəbiyyatımız? Xalq ədəbiyyatımız, şifahi ədəbiyyat. Məmməd Aslan danışır ki, Mahmud adlı oğlan gəlir kəndə, xəstə, qulağı ağır eşidən uzaq qohumu olan qarıdan soruşur, günün necə kecir? Qarı da cavab verir:
günüm budu, ay Mahmud,
ünüm budu, ay Mahmud,
günüm gündə belə keçir,
zülüm budu, ay Mahmud.
Sizdən soruşuram, çoxmu uzağa getmişik?
Istedadınıza bələdəm, yazılarınızı oxumuşam, əminəm, düşünüb, daşınıb daha yaxşı yazacaqsınız. Bu yolda sizə uğurlar!
Qismet
Oktyabr 11th, 2007 at 12:57
Eziz dost bu seirde dediklerinle hami razidir.hami bu yazdiqlarini cox gozel bilir.kucede on adamdan doqquzundan fikrini sorus senin seir kimi yazdiqlarini onlar sohbet formasinda sene soyleyecekler.dostum istedadlisan ancaq bunlar quru pafosdan basqa bir sey deyil.ugurlar
Elvin Cabay
Oktyabr 11th, 2007 at 16:41
… Bundan önce de bir şeirini oxumuşdum burada. İkisini müqayise etsek, mence bu şeirler daha uğurlu alınıb. Yeni, ümumiyyetle baxanda, şeirler zeyif olsa da, evvelkine nisbeten güclüdür. Bu da o demekdir ki, öz üzerinde işleyirsen. Bu sebeble inkişaf var. Demek ki daha çox işlesen, daha çox inkişaf olacaq. Amma inkişafı da 2 qurupa ayırmaq olar; 1. Şaquli, (sethi), 2. Üfüqi (derinlemesine). Senin şeirlerinde behs etdiyim inkişaf şaqulidir, belke biraz texnik inkişafdır. Üfüqi, yeni mena derinliyinde, şeirin ağrıbaşlılığında ele bir inkişaf yoxdur, çalış bu yönünü de inkişaf etdir.Aslan beyin şerhini de diqqetle oxumaq lazımdır, mence orada önemli tesbitler var. Uğurlar
NAMIQ HACIHEYDERLI
Oktyabr 11th, 2007 at 20:30
PIS DEYIL CHALISHMAQA DEYER
Məhsəti Musa
Oktyabr 16th, 2007 at 13:17
Savalan Muğanlı,Qismet,Namiq Hacıyeydərli,fikirlərinizə görə təşəkkür edirəm.
Qəşəm müəllim, fikrinizlə razılaşıram.Bu barədə düşünəcəm də.
Amma bir şeyi qeyd edim ki,mən qardaş deyiləm.Bir ədəbiyyat bilicisi kimi ən azından XII əsrdə yaşamış Azərbaycanın qadın şairəsi Məhsəti xanım Gəncəvinin adından yadınıza düşməli idi ki,Məhsəti kişi yox,qadın adıdır.
Yox,əgər Osmanlı türkləri kimi ucdantutma qadına da,kişiyə də kardeş deyirsinizsə bu başqa məsələ.
Aslan bəy,düzü şərhinizi oxuyarkən özümü savadlı,istedadlı bir müəllim qarşısında hiss etdim.Bütün qüsurları xırdalığına qədər açıq yazmağınız çox xoşuma gəldi.Bilirsiniz, qısaca “Pisdir”, “Bəyənmədim”, “Bir də yazma” və s.sözlər yazıb ötə bilərdiniz.Amma bunun heç bir xeyri olmayacaqdı.Çünki,sizin nəyi bəyənmədiyiniz mənə bəlli olmayacaqdı.Və təbii ki,mən də həmin şərhə ötəri göz gəzdirəcək və heç bir nəticə çıxarmayacaqdım.Qısası,şərh yazarkən məqsədiniz adamı ruhdan salıb özünə qapandırmaq yox,öyrətməkdir. Bunun üçün təşəkkürlər.
Ümumiyyətlə,özüm qapalı insan olduğum üçün yazılarımı da hər zaman insanlardan gizlətmişəm.Nəticədə məni düz yola istiqamətləndirəcək məsləhətlərdən məhrum olmuşam.Son illər tələbə yoldaşlarımın və sonra bir neçə müəllimimin səyindən,danlağından sonra yazılarımı üzə çıxarmağa başladım.Düzü pis də qarşılanmadı.Ola bilsin ki,sizin qeyd etdiyiniz kimi zövqlər korlanıb.Nə isə,bəlkə də o tərifli sözlər məni arxayın saldı.Öz nöqsanlarımı görmə qabiliyyətim azaldı.
Lakin,bu gün sanki,siz mənim qarşıma böyük ayna qoydunuz və dediniz: Özünə diqqətlə bax.
Baxdım və baxdığımda hələ lap əlifbada olduğumu anladım.Düzü,bir təcrübəli yazar kimi,bir boyük kimi iradlarınızı çox səmimi qəbul etdim.Və nə isə öyrəndim.Demirəm ki,mənim yazdıqlarım sabah,o birisi gün öz qaydasına düşəcək.Ola bilsin ki,sabah yazacağım daha zəif olacaq.Lakin zaman keçdikcə inanıram ki,bu cür məsləhətlər nəticəsində nə isə əldə edə biləcəm.
Amma bir şeyi qeyd etməliyəm ki,əgər yazılarımda bu hiss olunmursa,bu o demək deyil ki,mən mütaliə etmirəm.Burada bir az yanılmısınız.Şifahi ədəbiyyatımızı da çox sevirəm və hələ uşaq vaxtlarımdan folklorumuza böyuk marağım olub və böyük məhəbbətlə oxumuşam.Bəlkə gələn dəfə bir neçə təcnisimi də bura göndərdim.Hər halda onlara verəcəyiniz qiymət də maraqlı olardı mənimçün.Bir daha təşəkkür edirəm.
Elvin bəy,sizə də təşəkkür edirəm.Hər zamankı kimi mülayim və ruhverənsiniz.Çalışacam daha çox öyrənim və öz üzərimdə işləyim.
Deniz_Z
Oktyabr 21st, 2007 at 18:54
Pis deyil xosuma geldi.amma emosianalliq azdir
MEN
Oktyabr 28th, 2007 at 12:12
Salam,
Evvelce seri oxudum..ve normal qarsiladim..sonra ise serhleri oxudum..Sizi dehsetli bir sey yazmishsiniz kimi tenqid edirler ..Ve men sizi bir sey deyim semimi sozumdur..Seer mence o zaman gozel olur ki Yazar heqiqeten hiss etdiklerini yazir..Amma sizin son serhinizin bele anladim ki, seerdeki mubariz insan siz deyilsiniz. Yeni ozunuzu duzeltmeye gerek yoxdur..nece varsinizsa ele olun..
Məhsəti Musa
Noyabr 1st, 2007 at 16:22
Salam,Men!
Məncə tənqidi qəbul etmədən heç nə əldə etmək olmaz.O zaman qəbul etməyə bilərsən ki,artıq sözünü demiş birisi olasan və səndən qat-qat aşağı olan kimsə səni tənqid edə.
Təbii ki,ən adi bir şey yazan da ozünü haqlı bilir.Ətrafdakılar da onun səhvlərini göstərməyib yalnızca tərifləyəndə isə o insan yalnız uçuruma gedər.Təbii ki,Aslan bəyin fikirlərindən razılaşmadıqlarım da olub.Məsələn,sovet məktəbinin mənə heç ümumiyyətlə dəxli yoxdur.Çünki,mən birinci sinifə gedərkən ilk andan 20Yanvar şəhidlərinin xatirəsi üçün hazırlanmış sərgilər,o dəhşətli gecənin acı nəticələrni əks etdirən fotoşəkillər qarşıladı məni məktəbdə.Bu göynərtidən qurtarmamış ikinci sinifdə ikən Xocalı facəsinin nəticələrini izlədim,şahid oldum.Sonra məktəbimizdə məskunlaşmış ayaqyalın,başıaçıq,ac-susuz,yatacaqsız qaçqın həmyaşıdlarımı gördüm.Və bundan sonra nə oxudumsa,nə gördümsə yalnız bu mövzularda oldu.Yəni mən “Layka göydə hürdükcə ham-ham,biz yerdə baxıb alırıq ilham”,”Lenin lenin yolunda,qızıl saat qolunda” və s. bu kimi misralarla yox,şəhidlərimizə,vətənimizin dərdlərinə,başımıza gətirilən müsibətlərə həsr olunmuş şeirlərlə,yazılarla böyüdüm.Uşaq ikən artıq bu həyatın iyrəncliklərinin şahidi oldum.Bu sızıltı,göynərti qanıma,ruhuma hopdu.Lakin sızıltı içimdədir.Mən Aslan bəyin qeyd etdiyi kimi ağlaşma qurmuram,əksinə ağlaşmaya dözməyib də ona qarşı çıxıram.
Amma bunlarla yanaşı mən Aslan bəylə razılaşıram da.Onun yazdıqlarında həqiqət çoxdur.Yeni ruh,yeni söz,yeni nəfəs olmalıdır. Mənalarda düşündürücü dərinlik olmalıdır.Hərçənd ki,şeiri oturub yazmırlar,gözlənilmədiyi halda özü gəlir amma tənqidlərdən nəticə çıxararaq düzgün istiqamətlənmək mümkündür.O cümlədən digər şərhlərdəki iradlar da hardasa haqlı iradlardır.
O ki qaldı mənim özümlə şeirlərim arasındakı bağlılığa , bu mənim qəlbimdən gəlməsə yaza bilmərəm.Mübariz insanam,ozü də yetərincə.Amma özümün tam haqlı olduğumu bildikdə mübarizə edirəm. Mövcud nöqsanı göstərənə qarşı mübarizə aparmaq isə,mübarizə yox, hay- qara salmaqdır.
Yazdığınız kimi,”özümü dəyişmək” fikrində isə heç vaxt olmamışam.Sadəcə yazdıqlarımda düzəliş etməyə çalışacağımı yazmışdım.