Gülşən Cəbi“Kütlələrə bir oyuncaq verin!
Onunla oynayarlar və lider öz həqiqi hədəflərini
saxlayacaq dərəcədə bacarıqlıdırsa,
hər vaxt başqalarının özünü idarəetmə imkanı
verməsindən istifadə edəcək.”
(Napoleon Bonapart)

Düzü, bunları çoxdan demək (yazmaq) istəyirdim, sonra nəsə oldu, istəyim elə ən adi istək kimi də qaldı. İndi isə bir az reallaşdırmaq fikrim var, ona görə yox ki, bugünkü çiskinli hava, gah şıdırığı, gah narın yağış poetik-xəyali əhval-ruhiyyə verir, ona görə ki, vaxtı gələndə vaxtı da öldürməyi bacarmaq lazımdır.

***

İmtiyazlar- təbii ədalətin pozulmasıdır
(Y.V.Çəmənzəminli)

Uşaqlıqda şeirlərə qəribə münasibətim vardı; şeiri ciddi qəbul edə bilmirdim, hər dəfə şeir oxuyanda, yaxud eşidəndə gülməyim gəlirdi, bəzən hətta “ətim töküldü” halı da olurdu. Həqiqi ictimai-siyasi, sosial məzmunlular istisna idi; bu mövzular istənilən janrı, məsələni dəyərli, əvəzolunmaz edə bilir. Əlbəttə ki, belə münasibət səbəbsiz deyildi. Bəlkə də ədəbi mütaliəm Çarlz Dikkensin əsərləri ilə yox, cəmiyyətimizdə göz toruna çevrilmiş əsərlərlə başlasaydı, şeirlər barədə ənənəvi “ürəkgetmə” halı mənə də keçərdi.
Öz-özlüyündə “şeir” sözü nəzəri anlayışdan başqa, bir şey demək deyildi. Fikir vermişdim, şeir ətrafı söhbətlərdə şeirdən çox, müəllif danışırdı. Şeirlərin zahirən göründüyü kimi, daxildən də qeyri-ciddi olub-olmadığını aydınlaşdırmaq üçün bir ara özüm də onlara baş qoşdum, çox intensiv şəkildə yox, amma baş qoşdum. İndi də cüzi müşahidələrim və nəticələrlə bölüşüm.
Ədəbi mühitdə şeir məsələsi əsasən belə qoyulur: şairlik Allah vergisidir, şeir şairin balasıdır, şair şeirdə ürəyini, ruhunu qoyur, şairlər səmimi insanlardır və s. Əvvəl birinci məqama baxaq. İstedad yalnız Allahdan gəlmir, iblisdən də gəlir. Məsələn, “Yaradıcı adam iblisdən ilham almalıdır” yanaşması, insan iradəsini dağıdan narkotiklər, alkoqollu içkilərə, beyin dumanlandıran həyat tərzinə meyl hər halda Allahdan xəbər vermir. Sonra, istedad insanın müftə, asan qazanc yolu, müştəbehlik, lovğalıq, yekəbaşlıq mənbəyi deyil. İstedad imtiyaz yox, vəzifə, məsuliyyətdir. Başqa insanların, xalqın, zəiflərin rifahı, müdafiəsi üçün icra edilməli, həyata keçirilməli olan vəzifə. Şeir tənbəllik, tüfeyli yaşam, məsuliyyətsizlik üçün də əsas deyil. İnsana xəyaldan başqa, həyatla üz-üzə dura bilmək üçün ayaqlar, həyatın gözünün içinə düz baxmaq üçün gözlər, düşünmək üçün ağıl verilib (ən azından).
Keçək şairin balası, ruhu, ürəyi, səmimiyyəti məqamlarına, fərz edək ki, bu yanaşmalar həqiqidir, yəni şeir şairin balasıdır, şair ruhunu- ürəyini şeirdə qoyur, şairlər səmimidirlər və s. Əgər belədirsə, onda balanın satışa çıxarılması, ruhun- ürəyin, səmimiyyətin satışından maddi gəlir, qazanc əldə edilməsi nə deməkdir? Çox da ki maddi gəlir “qonorar” adını daşıyır. Görəsən, balasını, ruhunu, ürəyini, səmimiyyətini, bir sözlə, özünü satmağı, bundan gəlir götürməyi bacarana nə ad vermək olar? Hələ əsər sifarişlə, müəyyən miqdarda pul qarşılığında yazılırsa, nə ad vermək olar? Sifarişlə yazanın rüşvətlə iş görəndən fərqi nədir? Səmimiyyət şəxsi həyatın, şəxsi həyata aid duyğuların da camaata təqdim olunmasını əhatə edirsə, görəsən, məğrurluq, qürur hansı qəbirstanlıqda dəfn olunub?
Məncə, nəsr əsl insan zəhmətinin nəticəsidir.

***

Çin fəlsəfəsində belə bir yanaşma var ki, hökmdar külək, xalq torpaqda bitən otdur. Cəsarət edib, bu yanaşmaya bir az da öz fikirlərimi əlavə edim. Fikirlərimi bir qədər bəsit anlayışlarla çatdıracam, dərin mənalı fəlsəfi, elmi terminlər- filan işlətmək həvəsim yoxdur. İstənilən cəmiyyətdə, istənilən yerdə yüksəklik, ucalıq anlayışı var və yüksəklikdə görünən hər şey nümunə götürüləsi, hörmətəlayiq, alilik kimi qavranılır. Amma çox səhv olaraq. Hökmdar və xalqı məsələsini tabloya köçürüb, fikirlərimi də əlavə etsək, niyə səhv olduğu ilə razılaşacaqsız. Məsələ belədir: bir var xalq, bir var külək, bir var min bir zülmlə torpaqdan, xalqın içindən böyüyərək yüksəkliklərə ucalan ağac və bir də var küləyin havaya, yüksəkliklərə qaldırdığı şarlar, sellofan kulyoklar. Ağac torpağın, xalqın içindən böyüdüyündən gündə bir küləyin dəyişməsi ona əhəmiyyətli təsir göstərə bilməyəcək, küləkdən asılı olmayaraq, ağac öz yerində (mövqeyində), xalqın sırasında qalacaq. Həmin ərazidə küləklər yox, ağac tarix yazacaq. Ağacın içində qurtlar özfəaliyyətə başlasa (bu da olur, məsələn, mütəffəkkirin daxilində şöhrətpərəstlik nişanələrinin, varlanmaq hərisliyinin boy atıb, yetişməsi), əlbəttə ki, ağac əvvəlki ağaclığını itirərək hansısa küləyin güdazına gedəcək. Şarlara gəldikdə isə məsələ belədir. Baxırsan səmaya, görürsən ki, rəngbərəng, müxtəlif ölçülərdə şarlar var, göz oxşayanları da var, uşaqların hay-küyünə səbəb olanları da. Onlar da yüksəklikdədir, amma yalnız ona görə ki, külək onları həmin yerlərə qaldırıb. Şarların düz-əməlli məkanı da yoxdur, küləkdən asılı olaraq, hərdən bir tərəfə uçur. Baxırsan ki, səmada var, üzdən şişman, dolğun, rəngarəng görünür, amma içi boşdur, havadan başqa, heç nə yoxdur. Külək onu qaldırdığı kimi də yerə çırpır, ya da ağacın ən zəif budağına belə toxunmağı kifayətdir ki, bütün daxili boşluğunu, mahiyyətini göstərsin. Hər siyasi qüvvənin, hakimiyyətin (istər siyasi, istərsə də digər) havaya qaldırdığı şarlar, sellofan kulyoklar var, bəlkə də olmalıdır da. Amma əsas problem bu deyil, əsas problem odur ki, şarlara, sellofan kulyoklara uyub, əl-qol ata-ata qışqırışan, otluq, ağac olan yerdə şarlara aludə olaraq onların arxasınca düşüb qaçmaq üçün otları tapdalayan, ayaqaltı edən hay-küylü uşaq-muşaqlar çoxdur.
Qərb fəlsəfəsində rast gəldiyim bir yanaşma var (təəssüf ki, müəllifin kimliyini unutmuşam), yanaşmaya görə, tarix- bəşəriyyətlə zaman arasında gedən əbədiyyət uğrunda mübarizənin nəticəsidir. Deməli, tarix üçün əvvəlcə mübarizə lazımdır, özü də elə-belə mübarizə yox, zamanla mübarizə. Başqa sözlə, mübarizəyə başlamamış, zamana məğlub olan tarix yarada, tarix ola bilməz. Məsələn, bizim ədəbi mühitdəki ədəbi cərəyanlar hay-küyü kimi. Əgər hər hansı cərəyana keçid üçün əsas zamanın tələbi göstərilirsə, deməli, o adam(lar) artıq ölüb və tarix yarada bilməyəcək. Əgər zamanla aparılan mübarizədə hansısa xüsusiyyətlər, cəhətlər formalaşırsa və ətrafdakılar, müşahidəçilər bunu adlandırmaq üçün vahid termin axtarmağa başlayırlarsa, deməli, tarix başlayır.