Sima ƏnnağıMənim adi küçəmdə
Günəş şüaları
Havada uçan tozcuqları
Qızıla boyayır,
Yuxusuz qapılar
Gecələr sızlayır
Evə qayıdan kişilərin xəyanətindən,
Asfalta bürünmüş yolların

Tər qonaqları –
Alaq otları
Göyərir, daş sinəni cürətlə yararaq,
Mən də
Bu möcüzəyə baxaraq,
Düşünürəm
Insanın nədən bu qədər qoçaq olmadığını…..

İntihar etmiş pal-paltar
Eyvanlardan asılmış,
Pəncərələrin dəcəl pərdələri
Susqunlaşmış,
Küləyin üzü dönmüş bu küçədən,
Bəlkə buna görə
Mənim adi küçəmdə
Heç nə dəyişmir…

Payız

Yayı məğlub etmiş payız
Təntənəylə şəhərə girir,
Müqavimət göstərməyən ağacları
Asanca özünə təslim edir,
Saralmağa etiraz edən yarpaqları
Külək havada oynadır,
Budaqlardan qoparıb
Yorğun yolçuların ayaqlarına atır.
Boz asfalt üstündə
Sarımtıl yarpaqlar
Aram-aram can verir,
Kədərli çılpaq budaqlar
Küləklə savaşaraq,
Göylərdən haqqını tələb edir,
Elə hey titrəyir,
Titrəyir,
Titrəyir…