Qapının ağzında atılıb düşür, hirsindən sözünü deyə bilmirdi. Ay qız, qışqırırdı, nədi, mənə ürəyin yanır? Haçandan belə canı yanan olubsan? Əxlaq mənimdi, qoy pozulsun, zay olsun! «Ürəyim yanıb eləmir? - ondan fərqli olaraq qız sakit danışırdı, ancaq gülüşünü güclə boğduğu aydın hiss olunurdu. – Əslində mənim üçün fərqi yoxdu, pozulsun da. Bu gün də olmasa, sabah pozulacaq. Sadəcə, şərtimiz var, şərt kəsəndə baş işlətməliydin!»
Deməyə bir söz tapmayıb, qızla vidalaşmadan içəri keçdi. Çöldən isə qapını döyürdülər, geri qayıtdı. Qız getməmişdi, pulunu almağı unutdun, dedi, məni saatı bir manata gəzdirməliydin, üç saat yarım gəzdirdin. Vəzifənin öhdəsindən vicdanla gəldin, al bu da üç manat əlli qəpiyin. Pulum var, borclu qalmağı xoşlamıram. Ürəyini tutub yerində fırlandı, başına oyun açmağı azlıq eləyirdi, hələ bir ələ də salırdı. « Bax belə, - qız gülürdü, - peşiman eləyə bildimmi?» «Elədin! Belə əməlli başlı! Sevin, şənlən!»
Pulu almadan qapını hirslə çəkib bağladı. Yatmaq istəyirdi, ancaq qarnındakı kəskin ağrılar imkan vermədi, qəfil sancılayıb iki qat oldu, özünü bir təhər ayaqyoluna yetirdi. Ordan çıxır, ancaq oturmağa macal tapmır, təzədən canıhöyüllü ayaqyoluna cumurdu. Özündə dərman yox idi, çıxıb qonşu qızdan istədi, qız dərman verdi, hələ bir təriflədi də, bilirsən necə dərmandı, atan kimi, bir dəfəlik kəsəcək. Qız deyən kimi də elədi, birini atdı, xeyri olmadı, ikincisini, üçüncüsünü atdı və daha ayaqyolundan çıxa bilmədi. Dərman atandan sonra əhvalı lap pisləşdi.
Qonşu qız da gəldi, dərmanın necə təsir elədiyini öyrənməyə gəlmişdi. Ey, hardasan, deyə onu səslədi, ayaqyolundan hay verəndə, qız onu məzəmmətlədi. Qız uşağı yanına gəlib, girib oturub ayaqyolunda, sən ordan çıxmırsan? «Hara çıxım? – heysiz halda dedi. – Çıxmalım var? Qız uşağı, nəyisə qarışdırmayıbsan ki? Sənin dərmanını atandan sonra əriyib gedirəm, səhərə tamam yoxa çıxaram». «Sənə yaxşılıq eləməli deyil, - qız hirslə dilləndi, - gör nə gündəsən, o cür dərman da təsir eləmir. Fil atsaydı, indiyə kəsmişdi. Hardadı dərman?» «Stolun üstündə! Mənim hərəkətim yoxdu danışmağa, sənsə nağıl danışırsan! Nə cür təsirli dərmandı, üçün atmışam, xeyri olmayıb, əksinə, bir az da pisləşmişəm!»
Bir azdan qızın həyəcanlı səsi eşidildi, bağışla, necə olubsa qarışdırmışam, islah dərmanı vermişəm. Üçün atıbsansa, işlər şuluqdu, düzəlməyəcəksən. «Demək, qarışdırıbsan?! – nərildəyirdi. – Billərəkdən qarışdırıbsan! Mənə əzab vermək sənə ləzzət verir!» «Yavaş danış, görüm nə deyirsən! Qışqırmağa başladınmı, nə dediyini başa düşmürəm. Gözlə, dərman gətirirəm».
Qız tez qayıdıb gəldi, ayaqyolunun qabağında dərman, su qoymuşam dedi, at, keçəcək. Atmaq istəmirdi, bəlkə qız yenə də qarışdırmışdı, amma məcbur oldu, bundan o yanası olmayacaqdı. Dərmanı atandan bir az sonra halı yaxşılaşdı, qarnını qucaqlamış halda ayaqyolundan çıxdı, qız gülməkdən uğunub getmişdi. Çay dəmləyib gətirdi, heyva mürəbbəsi də qoydu.
- İncidin? – soruşdu, səsində nəvaziş vardı.
- Bilərəkdən eləmişdin?
- Mən nə bilim sən üçünü birdən atacaqsan? – qız yenə də gülürdü. – Peşman eləyə bildimmi?
- Yox, - başını yırğaladı.
- Heç?
- Heç!
- Təəssüf, daha təsirlisini fkirləşmək lazım imiş.
- Peşiman eləmədin, yandırdın! Ciyərimi yandırdın! Cızdağımı çıxartdın!
Qız gülürdü, halı yaxşılaşana kimi onunla qaldı, evlərindən sancıgülü də gətirib çay dəmlədi və iki stəkan sancıgülü çayı içəndən sonra özünü yaxşı hiss eləməyə başladı. Səndə günah yoxdu, qıza deyirdi, mənim ağlım yoxdu ki, səndən dərman istəyirəm. Ay qız, gündə bir elçin gəlir, niyə çıxıb getmirsən, sən ailə-uşaq sahibi olardın, mənim də canım qurtarardı, qulağım dincələrdi! «Bir qoyun var, onu gözləyirəm. Görün haçan yuxudan ayılacaq, gözlərini açacaq». «Yaxşı, indi bu qoyun ayılmadı, gözlərini açmadı, qarıyıb qalacaqsan? Ömrünün sonuna kimi qoyunu gözləyəcəksən?» «Gözləyəcəyəm, ta qəbr evinə kimi!» - qız qətiyyətlə dedi.
***
Dostu zəng eləyib bütün işləri qaydaya saldıqlarını dedi, sabahdan şirkətimiz fəaliyyətə başlayır. Neçə vaxtı işsizsən, gəl, avans da verək, işinə başla. Bəri başdan xəbərdarlıq eləyirəm, avans sənin «Ağ quş»da qərar tutman üçün kifayət deyil, uzaqbaşı «Qara quş» çayxanasında lövbər sala bilərsən. Sevindi, bu başqa məsələ, kresloya yayxanıb tavanda çıxış yolu axtarmaq kimi yorucu işlərə, darıxdırıcı, bezdirici günlərə son qoyulurdu.
İşə çıxmaq üçün hazırlıq görməyə başladı, təzə aldığı, hələ geymədiyi şalvarını ütüləməyə əli gəlmədi, yandıracağından ehtiyatlandı, qonşu qıza verməyi qərara aldı. Bir dəfə köynəyini vermiş, insafən yaxşı da ütüləmişdi. İstirahət günüydü, evdə olmalıydı, şalvarı götürüb qonşunun qapısını döydü. Qız çıxdı, işə başlayıram, qıza deyirdi, daha zəhləm getmiş birilərini gəzməyə aparmağa vaxtım olmayacaq, işlə məşğul olacağam, amma şalvar problemim var.
- Mənmi həll eləməliyəm? – heyrətdən qızın sifəti uzandı. - Qızların belə problemi həll elədiklərini birinci dəfədi eşidirəm. Anam da mənə bu haqda heç nə deməyib.
- Niyə də desin, səndən əlini üzüb, şəkkini vurub! Bu dillə, ağılla ərə gedə bilməyəcəyini, qarıyıb evdə qalacağını bilir. Qoyunun yolunu gözləyir! Qoyundu da, yatıbsa, ayılmayacaq, əbədilik yatacaq! Hansısa qoyunun yuxudan ayıldığını görübsənmi?
- Neyləməli, qismət beləymiş. Hirslənmə, adam kimi danış. Yüz dəfə demişəm, hirslənəndə dediklərindən bircə söz də başa düşmürəm. Qızlar bu problemi ərə gedəndən sonramı həll eləyirlər?
- Keflərinə haçan düşdü, onda həll eləyirlər. Ərə getməmiş də, ərə gedəndən sonra da!
- Məncə sənin ağlına nəsə axmaq bir fikir gəlib. Əməlli fikirləşibsən də? Yəni sənin şalvar problemini mən həll eləməliyəm? Bəlkə necə həll eləməyimi də deyəsən?
Yerində bir-iki dəfə fırlandı, amma sakit danışırdı, deyim də, ütünü qızdırırsan, şalvarı da qoyursan ütü stolunun üstünə, qızmış ütünü şalvarın üzərində gəzdirib, başlayırsan şalvar problemini yavaş-yavaş həll eləməyə, amma bu dəfə nəyisə qarışdırmırsan. Başa sala bildimmi? Ehtiyatlı olarsan, özündə deyilsən, xəyalın göylərdə gəzir, fikrin-zikrin qalıb qoyunun yanında. Qız gülməkdən uğunub getmişdi, onu arxayın eləyirdi, narahat olma, şalvar problemini bir dəfəlik həll eləyəcəyəm, yaxşı həll eləyim deyə, xəyallarımı göydən yerə endirərəm. Başqa nə problemin də olsa, qarın-filan, utanma, de, çalışıb həll elərəm.
Bir azdan qapı döyüldü, çıxıb baxanda başında tükləri vız durdu, qız şalvarı əlində tutmuşdu, şalvarın bir qıçı dizdən yox idi, söz ola bilməzdi, bir dəfəlik həll eləmişdi., Necə oldusa, unutdum, qız pərt halda deyirdi, bir də gördüm tüstü çıxır. Bəlkə bu biri qıçını da kəsim, şorti ilə işə gedəsən, şotlandlar kimi. Sən şalvarı yox, məni yandırdın, yana-yana deyirdi! Bilə-bilə yandırıbsan, məni yandırmaqdan xüsusi zövq alırsan! Mənim yanmağım qədər sənə heç nə ləzzət eləmir! Müdirim məni şortidə görsə, bir də şirkətin həndəvərinə buraxmaz! Elə bilər zooparkdan qaçmış meymunam, tüfəng götürüb arxamsa düşər! «Müdirin haqlıdı, mən də görsəm, eynən elə fikirləşərəm. Dünya dağılmayıb, - qız hirslə dedi, - gedək, sənə şalvar alım, bundan da yaxşısını». «Nə…ə?! – qışqırırdı. – Səninlə çölə bir addım da atmaram! Gedək, al şalvarı, denən pulunu sən verəcəksən, dükanın işçiləri də sümüklərimi dilləndirsinlər! Keçən dəfə arzuna çatmadın, bu dəfə çatasan! Səndə günah yoxdu, mən də sən ağıldayam, özüm ütüləmirəm, sənə verirəm, problem həll elətdirirəm! Elədin, söz ola bilməz!»
Qapını çəkib bağladı, ağılsızlıq eləmişdi, danışmaqla əlinə heç nə gələn deyildi.
***
Telefon zəng çaldı, ekrana baxan kimi üzbəüz binadakı qızın zəng elədiyini başa düşdü. Dəstəyi qaldırdı, qız həyəcanla kəpənəyin orda olduğunu deyirdi. Bir banka götürüb aşağı düşdü. Pilləkəndə qonşu qızla rastlaşdı, qız gülürdü, ey, hara tələsirsən, apar məni gəzməyə, səxavət kisəmin ağzını açmışam, saatına iki manat verəcəyəm. Yox, boyun qaçırdı, bəsimdi! Yenə başıma nəsə bir oyun açmaq istəyirsən? Mane olma, qoy kəpənəyimi tutum! Ürəyimə damıb, mənə nə çıxsa, kəpənəkdən çıxacaq!
Ağacların arasındakı çəmənliyə getdi. Kəpənək yerə-göyə sığmayan gözəlliyi ilə onu sehrləmişdi, baxır, gözlərini çəkə bilmirdi. Pəncələrinin ucunda irəli yeridi, bankanı ehtiyatla kəpənəyin üstünə qoyub, cəld çevirdi və qapağını qoydu. Gözəl kəpənək bankanın içindəydi.
Paltar asılan ipə görə qızın hansı mənzildə olduğunu bilirdi. Pillələri qalxdıqca qəlbi şiddətlə döyünürdü, sirr, sehr pərdəsinə bürünmüş qızı yaxından görəcəyini, kəpənəyi ona verəcəyini fikirləşdikcə həyəcanlanırdı.
Qapını döydü və dərhal da qapı açıldı, qız onu gözləyirmiş. Aman Allah, ilk dəfəydi belə gözəl qız görürdü! Qızın gözəlliyi onu sehrləmiş, bura nə üçün gəldiyini unutmuşdu, ancaq hər nəydisə, bu gözəllikdə bir sünilik vardı. Kəpənəyi qıza vermək istəyəndə bankada kəpənəyin olmadığını gördü. Özünü itirmişdi, kəpənək necə ola bilərdi? Qapağı bağlıydı, bağlı bankadan necə çıxmışdı? Başını qaldırıb baxdı və yalnız indi qızın eynən kəpənəyə oxşadığını hiss elədi.
- Sənmişsən?! – inamsızlıqla səsləndi.
- Sənsə tutmaq istəmirdin, - qız başını yırğalayırdı.
- İstəyirdim, ancaq əziləcəyindən qorxurdum.
- Qorxma, əzilmərəm, - qız gülümsədi.
İstədi içəri keçsin, ancaq birdən dəhşətlə dərk elədi ki, içəri keçib qıza toxunarsa, qızın bütün zərləri töküləcək, kəpənək qız bir daha heç vaxt uça bilməyəcək. Həm də gözləri ehtirasla parlayan, baxışlarından od-alov, qaynarlıq, həyat eşqi yağan, səmimi, təbii, şıltaqlıqlarına, dəcəlliklərinə baxmayaraq ona doğma olan, qəlbində özünə yer eləmiş qonşu qızı bir dəfəlik itirəcək. Qızın nə deməsini gözləmədən geri dönüb, pillələrlə üzü aşağı qaçdı.
Evdə üzünü qırxdı, geyinib qonşunun qapısını döydü. Qız çıxdı, ona heyrətlə baxırdı, nə oldu, soruşdu, kəpənəyi tutmadın? Axı sənə nə çıxsaydı kəpənəkdən çıxacaqdı. «Çıxsaydı, burda nə işim vardı? Mənim kəpənək tutan yaşım deyil, tay-tuşlarım tutduqlarını çoxdan tutublar! Bu sualların yeri deyil! Tez geyin, çıx, səni gəzməyə aparacağam, amma abırlı geyin! - Qızın yenə də ağzını açıb nəsə demək istədiyini görüb, qolundan yapışaraq içəri itələdi. - Ay qız, tez ol, vaxtımız yoxdu, nə sözün varsa, yolda danışarıq!»
Qız geyinib çıxdı, dəbdə olan kostyum geymişdi, kostyum qıza çox yaraşırdı. Qızın əlindən yapışıb arxasınca dartır, az qala qaçırdı. Bax, deyirdi, sənin fərsizliyin ucbatından belə mühüm gündə təzə şalvar geyə bilmədim. Ürəyin istəyən kimi gəzəcəyik, ancaq əvvəlcə yolumuzun üstündə ZAQS deyilən bir bina var, ora getməliyik. Orda biriləri olacaq, kişi, ya qadın fərq eləməz, hamısı eynidi, balıq udublarmış kimi dümbədüz dayanırlar. Hansı olsa, çox danışacaq, ölkənin tarixindən tutmuş, cinayət məcəlləsinə kimi. Səsini belə çıxarmadan sakitcə qulaq asırsan. Qoy elə bilsin mədəni, ağıllı qızsan, yoxsa hansısa xəstəxandan arayış gətirməyimizi tələb elər. Nə danışsa, nədən danışsa, sonda deyəcək, razısanmı? Sən də ordakılar hamısı eşidə bilsin deyə ucadan, aydın səslə, deyəcəksən. Razıyam! Aydındımı, deyəcəksən də?
- Hələ bir soruşur, əlbəttə deyəcəyəm! Bəs deyirdin qoyun yatdı, ayılmır?
- Ayıldı? – heyrətlə soruşdu.
- Gec də olsa, hər halda ayıldı.
- Demək, o qoyun mən imişəm?
- Səncə başqa kim ola bilərdi?
Qız gülməkdən uğunub getmişdi, gözləri yaşarmış halda gülür, fərəh, bəxtiyarlıq dolu gülüşləri küçə boyunca dalğa-dalğa yayılırdı.
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Qismet
Dekabr 6th, 2007 at 15:07
Aslan müəllim hər zamankı kimi gözəldir.Yumuşaq ,səmimi adamın ruhunu oxşayan.Çox sağ olun.Qismət
Şahanə
Dekabr 7th, 2007 at 13:52
çox sadə, həm də çox sevimli göründü mənə…
qefildən sevdiyini başa düşmək xoş bir duyğu…
Aslan
Dekabr 7th, 2007 at 23:51
Əziz Qismət! Əziz Şahanə! Xoş sözləriniz üçün təşəkkür edirəm. Yazıçı üçün yazısının oxucuya xoş anlar yaşatmasından önəmli heç nə ola bilməz! Təşəkkürlər!
A.Uğur Olgar
Dekabr 8th, 2007 at 09:59
Aslan müellim salam,
Hekayeni oxudum, çox xoşuma geldi. Bir meltem küleyi kimi gözel, dadlı, maraqlı, insan ruhunu oxşar, başarılı bir eser. Tebriq edir, bu çeşid eserlerinizin devamını arzu eylerim. Siz, gerçeqden hususiyedle bele nesrde, kiçik hekaye ve deneme tarzında ustasınız, üstadsınız. Roman tarzında da çok başarılı olacağınıza inanıram. Çox çox salam, sevgi ve ehtiramlarımla..
Kardeşiniz A.Uğur Olgar
Türkiye, Dek. 8. 2007 - Saat: TSİ: 7.58
p.s. Eserinize lap çox hal olan 5 ses vermişem, ki daha çox hal olsa idi onu da verecekdim..
Aslan
Dekabr 8th, 2007 at 14:07
Təşəkkür edirəm, A.Ugur Olqar qardaşım! Azərbaycan ədəbiyyatında bu qədər yaxından iştirakınız, internet saytlarındakı fəallığınız bilsəniz məni nə qədər sevindirir! Azərbaycanımızı, musiqimizi, ədəbiyyatımızı tək başına təbliğ eləməniz qəlbimi qürurla doldurur! Bir ara səfərdə olduğumdan internetdən uzaq idim, vaxt yoxdu. Məktublarınızı bu gün oxudum, cavab yazacağam.
Hörmətlə: Aslan Quliyev
Dərviş
Dekabr 9th, 2007 at 17:49
Aslan bəy salam . Şərhlərinizi diqqətlə izləsəm də ilk dəfədir ki yazılarınızı oxuyuram . Və bu hekayəni oxuduqdan sonra yaradıcılığınıza laqeyd qalmamağı özümə borc bildim …
Yazını oxuduqca gülməkdən özümü saxlaya bilmirdim . Pis mənada yox , qonşu qızın şıltaqlıqlarına və oğlanın cavablarına . Həyatda həqiqətən də belə insanlar var .
Belə başa düşdüm ki siz bu əsərdə sadəliyi , ürəkdən gəldiyi kimi hərəkətləri gözəllikdən ( hardasa süni gözəllikdən ) üstün tutmusunuz . Oxunaqlı bir yazı olsa da etiraf edim ki zəifdir .
Əsəri oxuduqca yazarın nə demək istədiyi əsərin sonuna qədər müəmma olaraq qalır . Ylnız bu sətirləri oxuduqdan sonra ;
İstədi içəri keçsin, ancaq birdən dəhşətlə dərk elədi ki, içəri keçib qıza toxunarsa, qızın bütün zərləri töküləcək, kəpənək qız bir daha heç vaxt uça bilməyəcək. Həm də gözləri ehtirasla parlayan, baxışlarından od-alov, qaynarlıq, həyat eşqi yağan, səmimi, təbii, şıltaqlıqlarına, dəcəlliklərinə baxmayaraq ona doğma olan, qəlbində özünə yer eləmiş qonşu qızı bir dəfəlik itirəcək. Qızın nə deməsini gözləmədən geri dönüb, pillələrlə üzü aşağı qaçdı.
Yazarın nə demək istədiyi qaranlıq da olsa oxucuya çatır . Və belə olduqda ortaya belə bir sual çıxır . Qonşu qızın Kəpənək qızdan üstünlüyü nədədir ? Məncə qonşu qızı gözəlləşdirmək üçün hardasa kəpənək qıza mənfi don geydirməyiniz şərt idi . Ən azından onları xaratercə uzlaşdırıb üstünlüyü qabarıq şəkildə ortaya çıxartmalıydınız . Və yalnız bundan sonra oğlanı seçim qarşısında qoymalıydınız ….
İkinci bir tərəfdən qonşu qızın sərbəst şəkildə oğlanın evinə gəlib getməsi , oğlanın tualetdə oturaraq qızla söhbət etməsi Azərbaycan mentalitetinə görə əsərin qəhramanlarını ucuzlaşdırır …
Daha sonra imkanların qabarıq şəkildə ( qızın varlı , oğlanın kasıb olması ) göz önünə qoyulması , ortaya gələn pul söhbətləri , oğlanın qəfildən qıza evlənmək təklif etməsi və sairə kimi hadisələr oğlanın qıza olan sevgisini şübhə altına qoyur .
Əsərin qəhrəmanının ( oğanın ) iç dünyası oxucuya qaranlıq olaraq qalır . Bəzi məqamlarda oxucu hətta onun bir şəhvət düşkünü olduğunu düşünür … Bir sözlə əsərin qəhrəmanını çox ucuzlaşdırmısınız . Qeyri adi , onu oxucuya sevdirəcək heç bir nüans yoxdur …
Aslan bəy yazıb sizi ruhdan salmaq istəmirəm . Sizdə olan istedadı sezdiyim üçün şərh yazmağa , daha düzgün desək tənqid atəşinə tutmağı lazım bildim . Ümid edirəm ki incimək əvəzinə nəticə çıxardacaqsınız . Ən ciddi probleminiz isə ; tələsməyiniz , öz yazılarınız üzərində düzəliş etməməyinizdir .
Yaradıcılığınızda uğur diləyirəm . Yeni - yeni əsərlərinizi oxumaq diləyi ilə .
Aslan
Dekabr 10th, 2007 at 00:18
Əziz Dərviş, salam! İncimək, filan ağlıma gəlməz, yazılarımı diqqətlə oxuyan oxcularıma qəlbən minnətdaram, o cümlədən Sizə də. Biz bu yazıları oxucular üçün yazırıq, rəy söyləmək, müzakirəyə qoymaq, tənqid və tərif eləmək oxucuların şəxsi işidir və oxuculardan yalnız tərif gözləmək absurddur.
Keçək iradlarına. Yuxarıda xatırlatmışam, bu hekayəni ixtisar eləmişəm, əslində oğlan kəpənək üçün üç dəfə gedir, ikinci dəfədə kəpənəkdən xoşu gəldiyi üçün tutmur, qonşu qızla başqa macəraları da olur, bunlar ixtisar olunduğundan bəzi məqamlarda tələsgənlik, qeyri müəyyənlik gözə çarpır. Baxın, bu insan psixologiyasıdı, mən heç deməzdim qonşu qız kəpənək qızdan üstündür və hökmən də üstün olmalıdır. Əsla, sevən, qərarı verən mən yox, mənim qəhrəmanımdır. Demək, siz belə düşünürsüz insan sevəndə ancaq üstün olanları seçir? Yox, ətrafınıza baxın, atalar yaxşı deyib, könül sevən gözəl olar. Bu sona qədər açılmayan bir sirdir, insan bir də onda ayılır ki, kimisə sevir, darıxır, ancaq niyə, bilmir. Yalnız oğlan gözəlliyi ilə onu sehrləyən kəpənək qızı görəndən sonra sanki yuxudan ayılir, seçim qarşısında olduğunu dərk eləyir və seçimini eləyir. Bu zaman qızın nə pulunu, gözəlliyini düşünmür, sadəliyini, ona doğmalığını düşünür. Əsəri oxuyanda elə ilk cümlədən yazıçının nə demək istədiyi məlum olarsa, bu yazı olmaz ki. Qonşu qızla oğlanın münasibətlərində qeyri adi heç nə yoxdu, oğlan da əsla şəhvət düşkünü təsiri bağışlamır. Yalnız həmən gün qız onu cırnatdığı üçün aralarında bu kimi söhbətlər olur, sonrakı günlər isə bu haqda heç danışılmır.
Qardaşım, mən otuz ildən artıqdır ki, bu yolun yolçusuyam, ruhdan düşmək, problem-filan nə demək? Nə xətrin istədi, yaz, sadəcə, əsaslandır.
Yenə də sağ ol, təşəkkür eləyirəm!
Savalan MUGANLI
Dekabr 10th, 2007 at 17:54
salam Aslan bey . Eyer terifden xoshun gelirse istediyin qeder terif ede bilerim. Ancaq heqiqet bu ki, yaziniz zeifdir. sovet dovru edebiyyatindan ferqlenmir. ugurlar!
Aslan
Dekabr 11th, 2007 at 19:07
Salam, Savalan Muğanlı! Axı mən yuxarıda xatırlatmışam ki, yazını tənqid, ya tərif eləmək, daha dəqiqi, - dəyərini, qiymətini vermək oxucunun müstəsna huququdur. Kim deyib ki, mənim tərifdən xoşum gəlir və sən də məni tərifləməlisən? Belə yazmaq olmaz axı. Yazı zəifdir, xoşun gəlmir, bu sənin şəxsi qənaətin, amma əsaslandıranda yanlışlığa yol verirsən. Demişəm bir dəfə, biz sovet ədəbiyyatının şinelindən çıxmışıq. Sovet ədəbiyyatı deyilən ədəbiyyat da dünya ədəbi arenasında öz möhürünü, ştampını vurub, imzasını təsdiq elətdirib. Rusları bir tərəfə qoyaq, elə öz türk mənşəlilərimiz, Çingiz Aytmatov, Oljas Süleymanov ən gözəl əsərlərini (“Əsrdən uzun gün”, “Az i Ya”) məhz həmən dönəmdə yazıblar. Belə möhtəşəm ədəbiyyatı ironiya ilə xatırlamaq, zəif yazıları bu ədəbiyyatla müqayisə eləmək kimsəyə başucalığı gətirməz, həmən şəxsin ədəbiyyatdan bixəbərliyinə dəlalət edər. Hələlik!
scorpion
Dekabr 12th, 2007 at 01:08
Aslan müəllimin bütün hekayələri kimi bu hekayənin də eni var, uzunu var hündürlüyü (və ya dərinliyi) yoxdur. Yalnız bir tərəfdən baxanda nəsə böyük bir şey görünür. Qalan tərəflərdən yalnız düz xətt parçası… Bəlkə bir az anlaşılmaz görünəcək bəzilərinə… Hər halda səhv etmirəmsə Aslan müəllim riyaziyyatçıdır…
Oxucu
Dekabr 14th, 2007 at 11:48
Salam Aslan muellim,hekayenin birinci hisse si ucun de de dediyim kimi bu hek.nizden bir sey goturmedim,qerezli yazmiram ,men sizin,ANAM,ANAM! adli hekayenizi cox beyenib bu barede serh de yazmisam.O hekaye insani dusundurur,saflasdirir , cunku orda insani keyfiyyetler on plandadi “cismani keyfiyyetler” yox…
Burda ise sevgiu nece yarandi:oglan qizla gezende onun ve.s ve ilaxir geyiminden,ve qizin bedeninin heraretinden…bu sevgidiiir???
ugurlar.
savalan MUGANLI
Dekabr 15th, 2007 at 11:43
Salam Aslan bey! adini chekdiyin eserler eslinde shablon sovet edebiyyatina etiraz kimi yaranmishdi. Ve birde ki, her sheyi qara rengde gormurem. Sovet dovrunde shablon, enerjisiz edebiyyatla bahem Memmed Arazin, X. R. Uluturkun ve bu kimi chox az sayda ustadlarin yashadigini danmaq olmaz. Ancaq, teeusuf ki bu dovrde F. Qoca ve f. qocakimiler choxluq teshkil edir. (nesrde de veziyyet beledir)
Asiman
Dekabr 15th, 2007 at 18:41
Salam Aslan müəllim, necəsiz? Hekayənizi oxudum, düzü digər hekayələrinizlə müqaisədə mənə çox zəif təsir bagışladı. Uğurlar.
Aslan
Dekabr 15th, 2007 at 22:21
Əziz şəhrçilər, salamlar, hamınızı xoş gördük! Skorpion, çoxdandı görünmürdün, yenidən görünməyinə sevindim. Səhv eləmirsiz, riyaziyyatçıyam, nə demək istədiyiniz də narahat olmayın, kimsəyə anlaşılmaz görünməz, məncə hamıya anlaşılar.
Əziz Oxucu, Savalam Muganlı, şərhlərinizə görə təşəkkür edirəm. Savalan, təbii ki, o dövrdə çoxluq təşkil eləyənlər var, olub, amma deyə bilməzsiz ki, o dövr arxada qalıb, biz də ədəbiyyatda inqilab eləmişik. Eləməmişik, fakt budu. Elə isə heç olmaya üstündən xətt çəkməyək, demək istədiyim buydu.
Asiman, xoş gördük! Həmişə daimi oxucularımın soragındayam, hekayə xoşuna gəlmədiyi üçün təəssüfləndim.
Hamınıza can sağlığı, yeni görüşlərədək!
scorpion
Dekabr 16th, 2007 at 00:50
Əziz Aslan müəllim!!! Əminəm ki, nə dediyim aydın oldusa məndən inciməzsiniz… Görünməyə gəldikdə mən demək olar ki, yenə həmişəki qaydada “Bizimki”ni izləyirəm… Şərhlərim görünmür bu da tamamilə təbiidir…Bir müddət saytda problemlər yaşandı…keçmiş olsun… Biz burdayiq…
AYSEL
Yanvar 14th, 2008 at 12:10
Aslan bey yazılarınızla yeni tanıs oldum tebriklər.Bundan bele daimi oxucunuz olacam.Men özümdə,ser yazıram lakin üzə çıxarmağa qardasım izin vermir.Səbəbdə” filankəsin bacısı mehebbet serleri yazır”sebebidir.Hərdən bir telebe yoldaslarımın kömekliyi ile basqa adla qezetlerde cap etdirirem.Deyilene göre beyenilir,neise size uğurlar,qeleminiz qüvvetli olsu!
Aslan
Yanvar 14th, 2008 at 23:29
Salam, Aysel xanım! Kiməsə qardaşımı, ata-anasımı oxumağa imkan vermir, bunu çox eşitmişik, amma ilin-günün bu çağında kiməsə qardaşı şeir yazmağa icazə vermir, inanılası deyil. Sizə nə köməyim dəyə bilər? Məsləhət lazımsa, burda ünvanım var, şeirlərinizi göndərin, vaxt eləyib oxuyan kimi, fikrimi yazaram. Sonrası da hələlik məhəbbət şeirləri yazmayın, hökmən deyil. Vətəndən, təbiətdən, insanlardan, hisslərinizdən, gördüklərinizdən yazın. Mövzu bəs qədərdi. Sağlıqla qalın, uğurlar!
ARZU
Fevral 8th, 2008 at 16:27
Bu sevimli senet eseri mene xos duygular bexs etdi.Kas butun herkes bele ofsunlayici hekayeler qeleme alaydi.Inanin oz adima birce onuye bilerem ki,gece-gunduz yatmayim bu cur hekayeler oxuyardim.Hetta seheri gun imtahanda heyatimin hell olunacagini bilsem de.Cox sag olun yazan elleriniz,barmaqlariniz yorulmasin.
Aslan
Fevral 15th, 2008 at 01:45
Salam, Arzu xanım! Bağışlayın, sayta gec baxdığım üçün gec münasibət bildirdim. Xoş sözləriniz üçün təşəkkür edirəm! Yazılırımı gənclərimizin bəyənməsi, həm də bu səviyyədə, məni çox duyğulandırır. Yeni yazılarla görüşünüzə gəlməyi özüm də səbirsizliklə gözləyirəm, inşallah etimadınızı doğruldaram. Sağlıqla qalın!
Bu arada biriləri mənə deyə bilərmi saytda nələr baş verir? Niyə jurnal yenilənmir? Sorum nədədir?