Öldüm

İltifat KöçəriAhım içimi tutdu,
Könlüm gözü buluddu.
Məni bir yar unutdu,
Elə ağladım, öldüm.

Ömrünün ilk baharı,
Taptandı etibarı.
Könlüm ondakı yarı,
Bilə, dağladım öldüm.

Gizlənmişəm sirr kimi,
Gözüm yuyur çirkimi.
Ömrü, ötən il kimi,
İlə bağladım, öldüm.

Göndər

Allahım, dərdimin dərmanı yoxsa,
Məni də dərd eylə, çəkənə göndər.
Bir loxma çörək et, bir ovuc su et,
Ehtiyac belini bükənə göndər.

Məndən üz döndərmə, səbrim tükəndi,
Məndə var olanlar Sənin tikəndi.
Al apar cismimi, qalanı Səndi,
Sən, səni sonsuzluq itənə göndər.

Nələr düşünsəm də, nə yaza bildim?!
Yazsam da neylədim?!- quruca dildim.
Səndən uman əli sənə çevirdim,
Öləndə ruhumu Vətənə göndər.

27 Comments: Trackback URL | Comments RSS

  1. Gülşən Says:

    Salam İltifat bəy, belə gözəl şeirlərə görə sizə və bu şeirləri bura yerləşdirənlərə böyük minnətdarlıq düşür. Şeirləriniz məni yaxşı mənada çox düşündürdü, çox sağ olun. Uğurlar

  2. Nərmin Says:

    Salam. Sizin şeirlərinizdə nəsə bir xüsusilik, fərqlilik var ki, bu da insanı cəlb edir. İkinci şeirin fəlsəfəsi daha güclüdür. Mən çox razı qaldım. Sizə uğurlar.

  3. Sevinc Şəhrazqızı Says:

    Salam, İltifat bəy. Bütün şeirləriniz kimi bu şeirləriniz də mükəmməldir. Poeziyamıza yeni nəfəs gətirəcəyinizə əminəm. Uğurlar!

  4. A.Uğur Olgar Says:

    Eziz İltifat Köçeri’nin şeirleriyle ilkin hörmetli Asiman xanım vesıtasiyle tanış olmuş, cox beyenmişdim. Bu iki şeir de daha evvel oxuduqlarım kimi olduqca gozel, seviyeli ve usta işi. İlki 7′li, ikincisi 11′li hece vezniyle yazılmış, mesajı, menası olan felsefi şeirler. İltifat dostumu tebriq edir, ona şeirin çetin yollarında mutleq muvaffaqiyetler dileyir, uğurlar arzulayıram. Helelik..

    A.Uğur Olgar
    Türkiye’den dost şairiniz

  5. Asiman Says:

    Salam. İltifat bəy, sizin əsərləriniz hər zaman mənim üçün çox dəyərli olub, eləcə də bu şeirləriniz. İşlərinizdə uğurlar arzu edirəm. Hörmətlə.

    A.Uğur Olgar bəy, məni xatırladığınız üçün minnətdaram.

  6. Lale Says:

    Salam, İltifat bəy. Sherleriniz hemisheki kimi gozel ve dushundurucudur. Xususile, “Al apar cismimi, qalanı Səndi,
    Sən, səni sonsuzluq itənə göndər.” xoshuma geldi. Ugurlar.

  7. Oxucu Says:

    Salam sair,
    Ikinci seirin birinci bendi xosuma
    geldi,
    seni sonsuzluq itene gonder ne demekdi???

    senden uman eli sene cevirdim,olende ruhumu vetene gonder.bu iki misra arasinda bagliliq vaar????

    Seirlerinizde yaxsi tapintilar var,
    amma heyat risheleri yoxdur,duyum yoxdu.
    birinci seir tamami ile soz oyunlari ucun yazilib.ikinci seir de felsefecilikdi.heyat musahidelerinizi derinlesdirin ve heyat hadiselerini seire cevirin
    ugurlar.

  8. scorpion Says:

    Təbrik eliyirəm İltifat bəy!!! Çox isti şeirlərdi…Ancaq bəzi ifadələrdə qeyri-dəqiqliklər var məncə… Məsələn:
    “Könlüm ondakı yarı,
    Bilə, dağladım öldüm.” və yaxud da bu şeirin elə 3-cü bəndi bütövlükdə… misralar arasında rabitəsizlik hiss olunur…

    İkinci şeirdə belə şeylər az olsa da,
    “Bir loxma çörək et, bir ovuc su et,
    Ehtiyac belini bükənə göndər.” əvəzinə bəlkə də
    “Bir loxma çörək tək, bir ovuc su tək,
    Ehtiyac belini bükənə göndər.” olsaydı daha şirin səslənərdi. Sizə uğurlar arzulayıram!!!

  9. Savalan MUGANLI Says:

    Salam Iltifat bey! Son aylar ,,bizimki,,de bele deyerli sher oxumamishdim. Eshq olsun! deyerl;i sherlerdir. Yaradiciliginizi izleyecem.

  10. Hafiz Hacxalil Says:

    Salam İltifat bəy. “Gondər” rədifli şeirin cox mükəmməldir. ” Öləndə ruhumu Vətənə göndər”. Bax bu tapıntıdır. Var olasan!

  11. Vüqar Says:

    Təbriklər İltifat bəy, təbriklər. Həmişə sizin müəyyən bir şeirinizi oxuyanda yaddaşımda iz salan hansısa başqa bir beytiniz yadıma düşür. İndi də bu beytiniz.

    Gözlərimdən süzüləni yığsalar,
    Yüz bağbanın becərdiyi bağ sular.
    Ömrü belə qocaltsa da qayğılar,
    Cavan yaşda, qara sacda qar gözəl.

    Bir daha uğurlar və yenə də uğurlar arzulayıram.

  12. İltifat Köçəri Says:

    Hər kəsi salamlayır və sabahkı Qurban bayramı münasibətilə təbrik edirəm.

    Gülşən xanım, Nərmin xanım xoş sözləriniz üçün minnətdaram, çox sağ olun.

    Sevinc xanım Şəhrazqızı, mən də sizin əsərlərinizin çoxunu mükəmməldir deyə qiymətləndirərdim. Kim nə deyir desin, çalışın özünüz olun, belə daha gözəldir. Bu təbii ki, söz sənətindən anlayanlara aiddir, yəni sizin kimilərə.Təşəkkürlər.

    A.Uğur Olgar bəy, sizə səmimi bir insan və bir şair kimi çox böyük hörmətim var. Şeirlərim üçün dediyiniz sözlərə görə isə sağ olun, var olun. Önümüzdəki ildə növbəti kitabımı Türkiyədə nəşr etdirməyi düşünürəm, işdir, ora gələsi olsam sizinlə şəxsən görüşəcəyəm.Hələlik.

    Asiman, şair üçün ən dəyərli şey, məncə onun əsərlərinə bu qədər dəyər verilməsi ola bilər. Çox sağ olun, minnətdaram.

    Lalə xanım, şeirləri bəyəndiyinizə və özünüz üçün xüsusilə iki sətiri seçdiyinizə görə sizə də təşəkkürlər.

    Hörmətli Oxucu, Sən, səni sonsuzluq itənə göndər-bu Tanrıya xitabdır, yəni məndəki səni sonsuzluğun bitdiyi yerə göndər, sonsuzluqdan bezmişəm-bu mənada.

    Səndən uman əli sənə çevirdim,
    Öləndə ruhumu Vətənə göndər.

    Soruşursunuz ki bu iki misra arasında bağlılıq var?-Əlbəttə var.
    Səndən uman əli sənə açdım, yalvarıram mənasında. İkinci misra məncə tam aydındır. Həyatın özünü həqiqi anlamda yaşamayan, həqiqi anlamda yaza bilməz hörmətli Oxucu, bunu da nəzərə alın. Münasibətiniz üçün çox sağ olun.

    Scorpion, baxışlarınız və fikirləriniz üçün təşəkkürlər.

    Savalan Muğanlı, Hafiz Hacxəlil, Vüqar şeirlərimi bu qədər qiymətli hesab etdiyiniz üçün çox sağ olun.

    Hörmət və ehtiramla.

  13. Elnarə Şəms Says:

    Salam İltifat Köçəri,ilk öncə Sizi,dəyərli oxucuları ve “Bizimki.org”bütün üzvlerini Qurban bayramı münasibətilə təbrik edirəm,can sağlığı,uzun ömür və halal rüzi arzulayıram…

    Hər zamankı kimi şeirlərinizi bəyəndim,əsasda “Göndər”şeirini…İnşallah həyatda Sizi heç kimi ağladıb,öldürmez…Uğurlar,hörmətlə
    Elnarə Şəms

  14. Namiq Haciheyderli Says:

    Salam Iltifat bey! sherlerin gerchekden deyerli sherlerdir. Sene ugurlar arzu edirem. Yeni sherlerini gozleyirem.

  15. Celil Says:

    Iltifat bey, sheirleriniz maraqli alinib. mence sechdiyiniz ifadeler tutarlidir. Ancaq birinci sheirinizde bir balaca Ramiz Rovshen ruhu var. yeqin menimle razilashmayanlar olacaq.
    Umumilikde ise sheirleriniz chox gozeldir
    Ugurlar ve basharilar

  16. Maral Says:

    Salam İltifat bəy, gözəl şeirlərdir, təbrik edirəm. Uğurlar.

  17. Natiq.M Says:

    Salamlar. İltifat Köçəri- mən bu ada haradasa rast gələndə yüksək keyfiyyətli ədəbi bir məhsulla rastlaşacağıma əvvəlcədən əminlik hissi duyuram, bu da mənə kifayət edir. Var olun İltifat bəy!

    Cəlil, məncə siz yanılırsız. Mən demək olar ki, İltifat bəy Köçərinin bütün əsərləri ilə yaxından(kitabını və mətbuatda yayımlanan əsərləri ilə) tanışam, məncə O, özündən başqa heç kəsə bənzəməyə ehtiyacı olmayan şairdir.

  18. Sima N. Says:

    - Gözüm yuyur çirkimi. – əgər ürəyiniz saf hisslərlə doludursa, bu çirk hardandır?
    - Allahım, dərdimin dərmanı yoxsa,
    Məni də dərd eylə, çəkənə göndər. – bu nə məntiqsiz fikir?
    - Sən, səni sonsuzluq itənə göndər.
    - Səndən uman əli sənə çevirdim – kimi ifadələr söz güləşdirməkdən başqa bir şey deyil. Hər halda, mən belə düşünürəm və inanıram ki, yuxarıdakı təriflərdən məst olub mənim də fikrimi düz anlayacaqsız. Poeziyada uğurlar!

  19. Aslan Says:

    Iltifat, salam! Şeirlərini və şərhləri oxudum. Düzü bir şey başa düşmədim. İstedadın var, “Bizimki”nin sayəsində kəşf elədiyim barmaqla sayılası gənclərdənsən. Əyər sənə həqiqəti bilmək və gələcəkdə bundan faydalanmaq lazımsa və belə düşünürəm lazımdır, yuxarıda yazılan şərhlərin böyük bir qismini nəzərə alma. Qoşmada, – yəni klassik şeirimizin əsas növündə işləmək, seçilmək, manevr eləmək, yeni detallar, mənalar gətirmək çətindir, bunu unutma. Şeirlərinin üzərində ciddi işlə, misralar arasında keçid verəndə, bağlılıq yaradanda diqqətli ol. Təkrar eləmək istəmirəm, İki kiçik şeirdə bu qədər məntiqsizlik, mənasızlıq olmaz axı. Yəqin çoxlarınızın o qədər də yaxşı tanımadığınız Ağa Laçınlının, – dünyasını yaxınlarda dəyişdiyi üçün ilk yadıma düşən o oldu, ruhu şad olsun, – şeirlərindən nümunələr verirəm.
    Bax könlümdən axan qana – çiçəyim budu,
    Bax gözləri can satana – göyçəyim budu.
    Toyuma da toy tutdular – gerçəyi budu, -
    Qarşıdakı qara vaya qaldı mənimki.

    Çox didildim içəridən mən didim-didim,
    Durum kimə gileylənim, ya hara gedim?
    Verdiyimi bu dünyadan ala bilmədim,
    O dünyaya, o dünyaya qaldı mənimki.
    Ha bax, araşdır, nə məntiqsizlik, nə də mənasızlıq tapa bilməzsən. Məna yükü, axıcılığı yerində, sözlə işləməyinə isə yalnız həsəd aparmaq olar.
    Qurulu yuvanı dağıdıb sökdük,
    Ağrı bayramıdı bu kefiköklük.
    Bir sıyıq sirdaşlıq, dəli dönüklük
    Məndən “yox” payını aldı qurtardı, -
    Oldu qurtardı.

    Satdı, gözü satdı üzü göyçəyi,
    Çoxdu bic ürəyin dal girəcəyi.
    Yazı bəyəndirən bəyaz çiçəyi
    Payızın boz yeli yoldu qurtardı, -
    Oldu qurtardı.

    Ta könlüm sığınmaz gözəl gözünə,
    Ta qaçıb girmərəm köz dənizinə.
    Bir gün canıyanan döyüb dizinə
    Deyər bu yazıq öldü qurtardı, -
    Oldu qurtardı.
    Dönə-dönə yazıram, xatırladıram, oxuyun, həm də oxumaqla kifayətlənməyin, müqayisə də eləyin. Yəni baxın görün, sizlərdən çox-çox əvvəllər bu üslubda yazanlar necə yazıblar, siz onlardan nə qədər fərqlənirsiz, nədə fərqlənirsiz, nə qədər irəli gedibsiz? Bunların fərqində olan sizin kimi istedadlılar böyak uğur qazanarlar, Böyük ədəbiyyatda öz səsləırini eşitdirər, imzalarını qoyarlar. Fərqində olmayanlar isə Böyük ədəbiyyata gedən yollarda vurnuxmaqla kifayətlənərlər. Qənaətimcə, sən fərqindəsən.
    Ugurlar!

  20. İltifat Köçəri Says:

    Salam. Elnarə xanım, diqqətiniz, arzularınız və xoş sözləriniz üçün minnətdarm. Mən də sizin bayramınızı təbrik edir, sizə uğurlar arzulayıram.

    Namiq Hacıheydərli, şeirlərimə verdiyiniz dəyərə görə təşəkkürlər. Allah qoysa ardı da gələr.

    Cəlil, münasibətinizə görə çox sağ olun. Bəlkə də inanmayacaqsınız(çox səmimi deyirəm), mən heç vaxt R.Rövşəni oxumamışam. İndi özünüz qərar verin.

    Maral xanım, bəyəndiyinizə sevindim. Təşəkkürlər.

    Natiq.M, çox sağ olun. Bir şeyi də nəzərə alın ki, hər kəsin öz fikri var və bu fikrə hörmətlə yanaşılmalıdır.

    Sima N, məncə siz şeirləri ya diqqətlə oxumamısınız ya da anlamaqda çətinlik çəkmisiz. Yuxarıda Oxucu adlı şəxs ona qaranlıq qalan məqamları etik çərçivələr daxilində məndən soruşub, mən də o məqamları aydınlaşdırmağa çalışmışam. Məncə siz də bunu sınayın. O ki, qaldı məst olmaq məsələsinə, siz məni tanıdığınız hansısa insanlarla səhv salırsınız. Sağ olun.

    Aslan, mən mübahisə etməyi xoşlayan insan deyiləm, amma bəzi fikirlərinə münasibət bildirəcəm. Həqiqəti bilmək həmişə lazımdır Aslan, həmişə lazımdır. Amma baxır hansı həqiqəti. Sənə görə həqiqət olanlar mənə görə həqiqət olmaya da bilər, eləcə də əksinə. Hər kəsin öz həqiqəti var, bax bu əsl həqiqətdir. Oxucuların xoş sözlərinin mənə mənfi təsir göstərə biləcəyini düşünməyin məni çox təəssüfləndirdi. Şeirlərimdə mənasızlıq, məntiqsizlik görürsən, neynək, bu da sənin baxışındır, sən də bu cür baxırsan. Aslan, mən həmişə öyrənirəm, ölənə qədər də öyrənəcəm, təvəzökarlıqdan uzaq olsa da deyəcəm, öyrətdiklərim də var. Amma mən öyrəndiyim mənbələri, məsləhətləşdiyim insanları kiminsə göstərişi və ya məsləhəti ilə deyil, öz düşüncəmlə seçirəm. Ağa Laçınlıya gəldikdə isə tanıyırdım, BDU-nin dosenti idi, Allah rəhmət eləsin.

    Bütün oxucularıma minnətdaram.

    Hörmət və ehtiramla.

  21. Qəşəm Nəcəfzadə Says:

    Hörmətli Aslan müəllimin fikirləri ilə şərikəm.Buradakıların çoxu süni şişirdilmiş məqsədli şərhlərdi. Ortababdan da aşağı şeirlərdi. İndi vaxt yoxdur,əgər dediklərimilə razılaşmasalar, sonra şeirləri təhlil edəcəyəm.

    sayqılarla Qəşəm Nəcəfzadə

  22. İltifat Köçəri Says:

    Qəşəm Nəcəfzadə, Aslan müəllimin fikirləri ilə şərik olmağın sənin öz işindir. Buna qarışmağa heç kəsin səlahiyyəti də çatmaz. “Buradakıların çoxu süni şişirdilmiş məqsədli şərhlərdir” deməklə burada şərh yazanlara və eləcə də mənə böhtan atdığının fərqində olacaq qədər düşüncə sahibi olduğuna ümid edirəm. Mən burda şərh yazanlardan Sevinc xanım Şəhrazqızını və Vüqar adlı şəxsi şəxsən tanıyıram, qalanlarını nəinki tanıyıram, heç üzlərini də görməmişəm. Şeirləri “ortababdan da aşağı şeirlərdi” deyə qiymətləndirməyin isə sənin poetik zövqünün nə səviyyədə olduğunu nümayiş etdirir. O ki, qaldı şeirləri təhlil etmək istəməyinə, Q.Nəcəfzadə, sən nəinki təhlilinə, duyğu və düşüncələrinə belə ehtiyacım olmadığı bir adamsan, bu qədər!

  23. Aygun Says:

    halal olsun cox gozel yazilmish ser …

  24. Asiman Says:

    Salam İltifat bəy, bu gün Təzadlar qəzetində sizin haqqınızda ” Öz qəm-kədərini sevməyi bacaran insan” başlığı altında verilən məqalə oxudum. Çox təsirləndim, öz hisslərimi sizinlə bölüşmək istədim və təbii ki, bu zaman “Bizimki.org” yadıma düşdü, düşündüm ki, nə yaxşı ki, bu elektron məkan var.
    Mən bütün yaradıcı şəxslərə böyük hörməti olan bir insanam, sizin yaradıcılığınızın isə məndə xüsusi bir yeri var, bu gün oxuduğum məqalə o yeri daha da möhkəmləndirdi. Bu yaxınlarda “Ədəbiyyat, biz və Vətən” adlı ədəbi bir sayt yaratmışam. Bu saytda sizin və diğər dəyərli şairlərimizin şeirləri, eləcə də, Aslan Quliyevin hekayəsi və dünya ədiblərindən nümunələr yayımlanır, zaman ötdükcə daha da zənginləşəcək. Buyurub ziyarət edə bilərsiniz. Əgər izniniz olursa bu gün oxuduğum məqaləni də saytıma ələvə etmək istərdim. Hörmətlə.

    “Bizimki.org”-a təşəkkürlər.

  25. Serxan Says:

    bu seirlerin zeif olsa da ,senin “Acil a zindan qapisi” seirine gore tenqid etmek fikrimden dasindim.Seni de Nesimi edebiyyat musabiqesinin qalibi olduguna gore tebrik edirem.

  26. məmməd savalan Says:

    İltifat Köçərli bəy!
    Şübhəsiz ki, istedadlı oğlansan. Amma, tənbəlliyin məni aşmadı.
    Allahdan buyruq istəyənlərə cavab budur ki,”səndən hərəkət, məndın bərəkət”. Hər şeyi Allahdan istəyincə, özün də bir iş görməlisən. Yəni, əztəğfürillah, Allah bizim əl buyruqçumuz deyil ki… Və əgər bir şey istəyirsənsə, xəsisliyin yeri deyil, “bir loxma çörək, bir ovuc su” əvəzinə bir vaqon istə bir dədrdini ödəsin… Azın-çoxun bizim üçün fıərqi var, Allajh üçün yox.
    “Gizlənmişəm sirr kimi,
    Gözüm yuyur çirkimi.”
    Bakınn su problemini çox gözəl təsvir etmisən, əhsən!
    Uğurlar!

  27. məmməd savalan Says:

    Aslana aralıdan cavab!
    Adətən nənələrimizin, babalarımızın söhbətləri yarımçıq qaqlanda bizdən soruşardılar:- Mən nə deyələkdim, yadımdan çıxdı?! Biz də sanki bir gözəgörnməz ipi qırıldığı yerdən tutub gətirib onlara verərdik. Söhbət davam edərdi. Mən də İltifatın yazıları haqqında şərhə bir daha qayıtmalı oldum. Amma, “ilan vuran ala çatıdan qorxar deyib” atalar, ona görə də mən də ehtiyatı daha əldən vermək fikrində deyiləm. Ancaq Aslandan bir az çəkinməyimin də səbəbi var. Bu yaxınlarda, Ukraynada bir nəfər vətən balası, yəni azəri yurdunun dırnaqlımı, ya dırnaqsızmı deyim, igid oğlu, (qrammatik mənadan yəqin söhbət gedir) bəlkə də dırnaqlı, zooparkda əsil, yəni rus demişkən, “naturalnı” aslanı görüb deyir: mən ondan qorxmuram, və istəsəm onun yanına girə bilərəm! Və tamaşaçıların alqışları altında girir də! Aslan da qalır mat-məəttəl, bilmir ki bu ona qarşı tərbiyəsizlikdir, ya hörmətsizlik! Axı o cənabın elə bir bazburutu da yox imiş ki, aslan ona qiymət versin. Hadisə çox qısa zamanda və sürətlə bitir. Aslan nə qədər ac-susuz, yorğun-arğın olsa da bu tənqidə və hörmətsisliyə dözməyərək lazımınca manevr edib, tərbiyəli və hörmətli bir aslan olduğunu bir daha sübut edir…
    Nəticə: nəinki aslanın, heç bülbülün də qəfəsinə girməzlər, vurar, adamın gözünü çıxarar. Müəyyən etik məsafədən müşahidə et, ya zövq al, ya da öz işinlə məşğul ol.
    Hörmətli Aslan yazanda ki, İltifat Saleh qoşmanın içində manevr edə bilmir, detallar tapa bilmir, düzü, Ukraynadan ucuz qiymətə alınmış və bəlkə də ordumuza baha qiymətə sırınmış tanklar yadıma düşdü… Şeytana lənət deyib, (əslində, bəlkə də o tankları satanın-alanın ata və babalarını yad etməli idik!) geri qayıtdım. Və gördüm ki, Aslanın atdığı daşlardan biri də mənim bostanıma düşdü. Az qala başımı yarmışdı. O yazır: “Yəqin çoxlarınızın o qədər də yaxşı tanımadığınız Ağa Laçınlının, – ” arxasını davam etməsək də olar.
    Yəni biz, coxluq təşkil edənlər, rəsmi olaraq bu ən azı 51%-dir, bu qədər ədəbiyyatdan savadsız adamlarıq ki,( Savalanı görməyən Asimanı da görmür əcəba?!( bəlkə də burada dağlar və göylət nəzərdə tutulur) rəhmətlik Ağa Laşınlını da tanımırıq, yaxud da tanımırdıq?! Əsl şairlər həmişəyaşardılar, çünki sənət ölmür! Qoy bunun cavabını Asiman xanım versin, bu tərbiyəsizlikdir, ya hörmətsizlik?!
    İkincvi sitat: “Dönə-dönə yazıram, xatırladıram, oxuyun, həm də oxumaqla kifayətlənməyin, müqayisə də eləyin.”
    Cavabı: Ustad Molla Nəsrəddinin təcrübəsindən istifadə edib dönə-dönə oxusaq və müqayisə etsək, görərik ki, küpə hamamdan üstündür və pop mahnı da muğamdan! Bu sirri heç konservatoriyanın müəllimləri də çətin ki, izah etsinlər. Amma Aslan yəqin ki, biməmiş olmaz. Xırdaca bir əlavəm var. Müdriklər deyiblər ki, fars dili şeir dilidir, ərəb dili elm dilidir, türk dili hünər dilidir. Onunçün ata-babalar hərdən çətinə düşəndə “türkün sözü”, “türkün məsəli” demişlər. Bunu da unutmayaq. Bunları xatırlatmaqla və hörmətli şairimizin ruhuna hörmətlə onu burada heç kimlə müqayisə etmədən Aslanın qalan ifadələri ilə tam razılaşdığımızı bildiririk.”Yəni baxın görün, sizlərdən çox-çox əvvəllər bu üslubda yazanlar necə yazıblar, siz onlardan nə qədər fərqlənirsiz, nədə fərqlənirsiz, nə qədər irəli gedibsiz?”
    Hamıya uğurlar və təşəkkürlər!

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...