CavidanGünahkar qadındı
Ay işığı…
Üzünün qarasından qopar
Pəncərəni qırıb tökər
Gecələr…

Bakirədir
Ay işığı…

Ruhunda bir saflıq var
Pərdələri çəksən, hürkər
Heç olar…

Zinakardı
Ay işığı…
Ürəyini daşa döndər
At ona
Vur
Yarala
Bu dünyanın
Son bakirə sevgisini…

Tələs!
Sonra
Gec olar…

Pıçıltılar…

Bir gecə
çaşıb səni istəyim,
sən də
eləməyəsən tənbəllik,
durub gələsən yuxuma…
saçlarım tökülə çiyninə,
əllərin oxşaya yanaqlarımı,
gözlərindən öpüm sənin,
dəniz dadı qalsın
dodaqlarımda,

nəfəsin gəzsin
barmaqlarım boyunca…

bircə söz deyəsən,
bircə söz eşidəsən-
sevirəm…
sevirəm…
sevirəm…

Amma…
nə mən çaşıram,
nə də sən atırsan
tənbəlliyin daşını…
yalnız dodaqlarımda
dəniz dadı var…
küləklərmi gətirdi
gözlərinin yaşını?
dalğalarmı pıçıldar-
sevirəm…
sevirəm…
sevirəm…

Div telefonları…

Beş yaşlı oğlan
Qəbir daşlarını
Cib telefonları bildi…

- Bu nəhəng telefonları
Bura kim düzüb belə?
Hansı divindi bunlar?
Kimə zəng etmək olar
Bu boyda telefonlarla?

Beş yaşlı oğlanın
Başından
beş dəfə böyük sualları
cavabsız qaldı…

əlimdəki
cib telefonuna baxdım –
əlimdə
kimin başdaşıydı?
İndi zəng çalınsa
Üstündə
Kimin adı yazılacaq bu başdaşının?..

…molla qardaş,
Al bu beş manatı,
Yığ ölənlərimin
Başdaşlarındakı rəqəmləri,
Çağır
Bu div telefonlarının
Üstündəki adları,
Bir
Polifonik
Yasin oxu onlarçın…
Bir
Salavat mesajı göndər…