Bir nağıl-yuxuydu gördüm elə bil,
Yarı yuxuluydum, yarı da oyaq.
Hər şey duman kimi çəkildi qəfil,-
Sən mənə arxaydın, mən sənə dayaq.
Bəlkə də sən yoxsan, xəyallarımda,
Səni uydurmuşdum bilə-bilə mən.
Əgər belədirsə necə olub ki,
Girib ürəyimdə uyuyur kölgən?
Sükütdan asılmış ruh…
Ruhsuz qalmış bədən…
Mənasız həyat
Mənasızlıqdan doğan sən
Biz əksiliklərin vəhdəti,
Vəhdətinsə əksiyiyik.
Nə qədər istəsək də,
Talehin qadağa etdiyi
Qovuşa bilməz cütlüyük.
Hara baxırsan adamlar-
Metroda adamlar, küçədə adamlar,
Çöldə adamlar, içəridə adamlar…
Yad baxışlar, yad münasibət
qəti addımlar
Yıxılana baxmayanlar
Gülənlə gülməyən,
kövrəlibən ağlamayanlar
Bir anda pullananlar
Vəzifəyə minib quduranlar
Adama oxşar adamlar
Baxıram bu pəncərədən,
Qəhqəhədir, iniltidir.
Hamı gəlib keçir bir-bir,
Salam dünya, sağ ol dünya.
Kim baş açdı səndən tamam,
Sən nə felsən, nə əməlsən?!
Nə axırsan, nə təməlsən,
Salam dünya, sağ ol dünya.
həyat bir sətrin əvvəlidir
hər şeyə gözəl başlasan
günlərin bir şeirin misrasına bağlansa
xoşbəxt nöqtələnər son paraqrafın
Yara tək Qarabağ yarası deyil,
Çəkir ondan betər işgəncə Gəncə.
Nə bir iş tapılar, nə bir boş vədə,
Tapılar min cürə işgəncə gəncə.
Yüz geyin qızılnan bürünc əyinə,
Yurdun qannan başqa bürüncəyi nə?
Babalar bürünsün bürüncəyinə,
Qalıb yerdə qalan iş gəncə, gəncə.
Hara Vətən deyim, hara üz tutum?
Yarısı qürbətdi, yarı dərbədər!
Görən bu qəflətdə yatan ölkəyə,
Nə desəm yerindən onu tərpədər?
Baxıram, Təbrizin üzü dumandı,
Göyçəm, Zəngəzurum virana qaldı.
Dərbənd, Borçalının halı nə haldı,
Axır xəcalətin təri, tər nə tər.