İltifat KöçəriHara Vətən deyim, hara üz tutum?
Yarısı qürbətdi, yarı dərbədər!
Görən bu qəflətdə yatan ölkəyə,
Nə desəm yerindən onu tərpədər?

Baxıram, Təbrizin üzü dumandı,
Göyçəm, Zəngəzurum virana qaldı.
Dərbənd, Borçalının halı nə haldı,
Axır xəcalətin təri, tər nə tər.

Yaramın kor yeri Qarabağdadır,
Dədəmin, babamın göru dardadır.
Görən bu millətin məni hardadır?
Qəribə millətik, belə, birtəhər.

İtgin qeyrətimiz geri gəlməsə,
Köçəri, dəymərik quru bir səsə!
Bu millət ayağa dura bilməsə,
Olacaq bundan da betər, çox betər!!!

Açıl, a zindan qapısı!

Anamın gözü yoldadır,
Açıl, a zindan qapısı!
Harayın insan huyladır,
Açıl, a zindan qapısı!

Həsərtəm yarın üzünə,
Kölgə salma haqq izinə,
Sən ki, bilirsən düzü nə,
Açıl, a zindan qapısı!

Qollarim qandalda əsir,
Yatağım üçcə taxta tir.
Hər anım il kimi keçir,
Açıl, a zindan qapısı!

Gecələr səssizlik ular,
Qaçaqdı məndən uyğular.
Burda Haqq da gözün yumar,
Açıl, a zindan qapısı!

Havanın çürük qoxusu,
Gətirir ölüm yuxusu.
Canımın ehtiyacı su,
Açıl, a zindan qapısı!

Bir kağız, qələm istədim,
Üç rezin dəyənək yedim.
Qollarım qandalın didim?
Açıl, a zindan qapısı!

Tənə yeyib, kin qusuram,
Gecə siçovul pusuram,
Yenə dinmirəm, susuram,
Açıl, a zindan qapısı!

Dünya dəyişibdi anam,
Doğru söz olubdu haram.
Bir də doğruçu olmaram,
Açıl, a zindan qapısı!

Sanma ki, peşmanam, nəyəm,
Gözləmə boynumu əyəm.
Şairəm, xalqam, ölkəyəm,
Açıl, a zindan qapısı!

Havalıqdan ay boylanır,
Havalıq tək əl boydadır.
Mənim ünvanım ordadır,
Açıl, a zindan qapısı!

Yaşadım ömrün nəsini,
Bu da canımın bəsidi.
Duy bu məhbusun səsini,
Açıl a zindan qapısı!
Açıl, a zindan qapısı!

Məndə

Zaman nə qəddardı, ömürün, günün,
Ağı fələkdədi, qarası məndə.
Düzü, bilmirəm ki, belə dünyanın
Mən hansı yanıyam, harası məndə?!

Ömrümün karvanı ötdü, getdi, bax,
Ölüm qucaqlayar məni bir sabah.
Harda bir qəribdən ucalarsa ah,
O, yazıq insanın yarası məndə.

Yaşadım, keçmişə döndü, indimi,
Hayana yazasan dərdi, mindimi?
İllərdi görmürəm doğma kəndimi,
Vətənin olmayan parası məndə.

Köçəri, dünyanın dilinə uyma,
Haqqın qılıncını qınına qoyma!
Hələ bu nanəcib, əzəli dünya,
Bilmir ki, dərdinin çarası məndə.