AdamlarHara baxırsan adamlar-
Metroda adamlar, küçədə adamlar,
Çöldə adamlar, içəridə adamlar…
Yad baxışlar, yad münasibət
qəti addımlar
Yıxılana baxmayanlar
Gülənlə gülməyən,
kövrəlibən ağlamayanlar
Bir anda pullananlar
Vəzifəyə minib quduranlar
Adama oxşar adamlar


Doğrudan qaçıban, yalana tapınanlar
Allahı unudub, şeytana uyanlar
Sayılan, sayılmayanlar
Adama oxşar adamlar
Mələyə oxşar adamlar
Torpağa, küləyə
Havaya, suya
Oxşar adamlar
Sənə oxşar, mənə oxşar adamlar
Bəs hanı insanlar?
Adamlıq körpüsündən keçibən
İnsan olmağı bacaranlar
Göstərin onları,
Tapım onları
Sığınım onlara-insanlara

* * *

Burada həyatla ölümün
dayanacağı,
bütün köz olmuş yaraların
qanayacağı
yerdir, məkandır.
Zər-zibalı evlərdə
İpək üzlü yorğanlar qalanıb,
pullar, əşyalar, bahalı
paltar qalanıb,
Bura puç olmuş ümidlərin, xəyalların,
yerinə yetməyən arzuların
qalandığı yerlərdir,
Ümid qəbiristanlığıdır
buralar
Yaşlılar, qadınlar, uşaqlar…
Kişilər azdır…
kişilik də qalıb ki?!
Bu adı daşıyanlar o qədər azalıb ki!…
Bircə həyat nişanəsi
Mələk üzlü körpələrin simalarında qalıb,
Təsadüfən yaddan çıxıb,
Yoxsa o da çoxdan ölüb gedərdi.
Burada ölümlü həyatdan yox,
Həyatsız ölümdən danışmaq dəbdədir,
qorxunc röyalar burada çin olur,
unudulmuşlar,
atılmışlar,
aclıq, səfalət,
humanitar yardım gözləyən yorğun
gözlər,
şişkin üzlər,
yorulub susan dillər,
Vətənində “vətənsiz” olanlardır, torpağından qaçıban,
torpağında “qaçqın” olanlardır,
yas çadırlarında oturmağa gələnlər deyil,
çadırlarda ömür sürənlərdir,
İnsanlığa xas olmayan yerlərdə
Həyat keçirənlərdir.

* * *

Sevdim hisslərimi
Bəzən anladığım
Bəzən qorxduğum
Bəzən soyuduğum
Hisslərimdən
Hisslərimi gördüm
duydum, göz yaşı ilə
Axıtdım hisslərimi
Ağlamaq-göz yaşı vasitəsilə
azad olmuş hisslər
Nə pisdilər?
Tək qoydular məni
Amma onları da sevdim
Göz yaşı-
Hisslərimin materiyalaşmış forması
əyyaş içkisini xatırladan göz yaşı
Gəl indi bu yükü daşı
Həm hisslərin,
Həm göz yaşlarının
Duz yükünü

Məkan məni gözləyəcək
Zaman məni izləyəcək
Addımbaşı, hər saniyə
Ki, qayıdım mən geriyə
Sənlə olan günlərimə
Qarğıyaraq taleyimə
Səndən bir də döndərim üz
Həyatımda qoymayım iz
Bizim ölü sevgimizdən
Üzüqara “körpəmizdən”
Asılan bir baş olacaq
Bil ki, asan mən olacam
Asılan isə sən
Hakimimiz qoca dünya
Sınayacaq, asacaq da
Çox incidib, vuracaq da
Ağır-ağır zərbələri
Mənim, yetim sevgimizin
qisasını o alacaq
sevgiyə xor baxanların
haqq hakimi odur, ancaq