Aslan Quliyev   Savaşdan qayıtdı, üç il döyüşmüş, yaralanmış, yorulmuşdu. Onu qəhrəman kimi qarşılamadılar, xoş üz göstərən olmadı. Döyüşçü, zavallı döyüşçü, xəyalında minlərlə qarşılama səhnələri yaradan, qabağına qaçanları, onu qucaqlayıb bağrına basanları dəfələrlə xəyalında canlandıran Qabil heç nə başa düşə bilmirdi. Anası danışır, döyüşçü heyrətlə qulaq asırdı. Yardımlını digər bölgələrlə bağlayan bircə yol var, qar yağdımı, o da kəsilir. Adamlar unu, qəndi, çayı, lampanı, nefti, hətta qaloşu da İrandan gətirirlər. Mis, aliminium aparırlar, köhnə mis qabları əzir, dirəklərdən məftilləri açırlar. Bizimsə gedənimiz yoxdu, qardaşların kiçik, atan xəstə, ümid bircə sənədi. Döyüşçü çaşıb qalmışdı, necə yəni. Bəs qanun, vətən, torpaq?

  Ev uçmuşdu, bircə otağı salamatdı, Qabilə yatmağa yer tapılmadı, artırmada, döşəmənin üzərində, açıq havada yatdı. Göydən lapar-lapar qar yağır, sanki qarı ələklə ələyirdilər. Əskər kürkünə bürünmüş Qabil soyuğu hiss eləməsə də, döyüşlərdə aldığı yaraları sızıldayır, zoqquldayırdı.
Gecədən bir qədər keçmiş qarın içindən adamlar çıxıb gəlməyə başladılar. Hamısının da arxasında kisələr, qutular. Qardan sıyrılıb çıxır, ağır addımlarla danqa-durunq salaraq gedir, qar dumanında əriyir, yox olurdular. Adamların ardı-arası kəsilmirdi, cavanlar, yaşlılar, qocalar, hətta uşaqlar da keçib gedirdilər. Bu köç karvanı  hardan gəlib, hara gedirdi? Balaca qardaşını səslədi, qardaşı üstünə əl qalınlığında qar qonmuş onun yanına gəldi. İrana gedənlərdi, dedi, dəmir aparırlar, un, qənd-çay alıb qayıdacaqlar. Sərhəddə keçidçi deyilən birisi var, adamın birini beş məmmədə, eşşəyi bir şirvana, atı üç şirvana, maşını isə yüz dollara buraxır İrana.
Burdan İrana azından on kilometr idi, bu qədər yolu keçilməz, qarllı dağ cığırları ilə piyada getmək hər adamın işi deyildi, qalıb yüklə gedib qayıdasan. Axın gecə yarısına kimi davam elədi, qar burulğanından xəyal kimi keçib gedən adamlar siqaret çəkir, ucuz tütünün qoxusu ətrafa yayılır, qarlı gecədə közərən, yanıb sönən siqaretlər canavar gözü kimi işıldayırdı.
Qabil sübhdən oyandı, üstünün qarını çırpıb ayağa qalxdı, bir parç qaynar su içib, bir parça  çörəyi də sobanın üstündə qızdırıb yeyəndən sonra başa düşdü ki, evdə çay, qənd, un yoxdu. Ailənin ümidi onadı, nə vaxt İrana dəmir-dümür aparıb un, ərzaq gətirəcəyini gözləyirlər. Çarəsiz qalıb razılıq verdi. Evdəki mis, aliminium qabları əzdilər. Kisəyə yığıb çəkdilər, on yeddi kiloqram oldu. Keçidçiyə vermək üçün beş məmmədi tapmaq isə müşkülə düşdü. Axır qonşu rəhmə gəldi, verirəm, dedi, ancaq riskli işdi, birdən bunu sərhəddə öldürsələr, pul batacaq. Azmı olur?
Günəş doğub Yardımlının bəyaz çöllərini nura qərq eləyəndə əskər paltarını əynindən çıxarmamış, burnundan barıt qoxusu getməmiş Qabil tapdaq cığırlarla sərhədə doğru gedirdi. Cibində beş min manat pul, arxasında da on yeddi kiloqram aliminium.
Qabil gəlib sərhəddə çatdı. Burda, tikanlı tellərin yanında qələbəlik idi, səs-küydən qulaq tutulurdu. Yüzlərlə qutu siqaret üst-üstə yığılmışdı. Telin o tərəfində əli avtomatlı əskər gəzirdi. Qabili görəndə: «Siz də gəldiz? – dedi. – Artıq döyüşçülər də gəlirlər. Bu gün nəhənglər mal keçirirlər. Sən get, şələçilər sabah gələcəklər. Gələrsən səni pulsuz buraxaram».  Əskər onunla tanış da oldu, adının Qabil olduğunu eşidəndə güldü, dedi, nə qəribə təsadüfdü. Bu siqaretlərin sahibinin də adı Qabildir.
Birdən atışma səsi eşidildi, çaxnaşmaya düşən adamlar hay-küylə yaxınlıqdakı meşəyə doğru qaçmağa başladılar. Onu vurub yıxdılar, ayaq altda qaldı. Bir təhər ayağa qalxıb adamlara qoşuldu.
Evə əliboş qayıtdı. Qonşunun pulunu verdilər, kişinin çiçəyi çırtdadı, əməllicə sevindi, əlini beş məmməddən üzübmüş. Ata-anamdan əlimi necə üzmüşəmsə, o puldan da əlimi elə üzmüşdüm, deyirdi.
Bir həftədən sonra Lənkəran hərbi prokurorluğundan Qabilə teleqramma gəldi. Bəs 18-ci zastavada baş verən hadisəylə bağlı şahid kimi dindiriləcəksiniz, təcili olaraq gəlin. Qabil döyüşçüydü, nizam-intizamın nə olduğunu bilirdi, bir halda çağırırdılarsa, getməliydi, getdi də.
Hamı Qabil kimi düşünmürdü, belə teleqramlara əhəmiyyət verən yox idi. Yardımlıda əcaib hadisələr baş verməyə başladı, Qabilləri həbs eləyib Lənkərana aparırdılar. Əskərər, polislər qarlı, yağışlı havalarda dağ kəndlərinə gedir, Qabilləri axtarırdılar. Yardımlıda belə mənzərələrə çox rast gəlmək olurdu. Ana evə qayıdan oğlunun qabağına qaçır, uzaqdan qışqırırdı. «Oğlum, sən Qabil deyilsən ha! Familsən!» «Ay ana, nə danışırsan, Famil kimdi? – oğul, başsız oğul da etiraz eləyirdi. – Adımı unutdun? Qabiləm mən, oğlunam!» «Oğlumsan, ancaq Familsən, Qabil deyilsən! Mənəmi öyrədəcəksən? Mən sənə uşaqlıqda lay-lay çalar, Famil balam lay-lay, deyərdim. Balama qurban alçalar, balam haçan əl çalar, deyərdim!» «Ay ana, vallahi də Qabiləm, billahi də Qabiləm!» «Lap yaxşı, dostum! – qarın ağırlığından  əyilmiş çəpərin arxasından çıxan polis razılıqla deyirdi. – Anan az qala məni çaşdırmışdı». Sonralar hərbi qarnizona yanına gələn anasına oğlu yana-yana deyirdi: «Eh, ay ana, əli avtomatlılar başımızın üstünü kəsdirəndə yox, məni dünyaya gətirəndə baş işlətməliydin. Adımı Qabil qoyunca Musti qoyurdun, Rusti qoyurdun». «Nə bilim, - ana günahkarcasına deyirdi. – Oğlum, bizdə bəxt yoxdu. Musti qoysaydım, Mustiləri tutacaqdılar, Rusti qoysaydım, Rustiləri».
Başqa bir dağ kəndində isə ana polislərə  yalvarırdı. «Oğlumun adı pasportda Qabildir. Əslində isə biz onu həmişə Qarabala deyə çağırmışıq». «Əsas odu adı pasportda Qabil olsun, - polislər anaya qulaq asmırdılar, - yoxsa dəxli nəymiş, siz onu Qarabala çağırıbsız, ya Ağabala. Sizə xoşdusa lap elə Sarıbala sağırın».
Daha əcaib hadisələr də baş verirdi. Elçilikdə əlində badə olan qız atası qohumlarına deyirdi. «Sizin kimi köklü-köməcli, əsilli-nəsilli, hörmətli adamlarla qohum olduğum üçün qürur duyuram!»  Amma kişi yeznənin adının Qabil olduğunu eşidəndə qapqara qaraldı, qədəhi hirslə döşəməyə çırpıb, səsi gəldikcə bağırdı. «Yandım Allah, yandım! Vurun bu əbləhləri! Birini də salamat buraxmayın! Ha gözünüzə dönüm möhkəm vurun! Ay urəşdər, sizdə bir utanan üz yoxmu, abır həya yoxmu? Hansı dəyyus Qabilə qız verər? Kişi olan şəxs də durub utanmaz-utanmaz Qabil üçün qız istəməyə gedər?! Ay başınıza dönüm, bərk vurun, yoxsa ürəyim partlayacaq!» Beləcə oğlan adamları özlərini qoruya-qoruya  həyətə yumalanır, qarın içinə yıxılır, canlarını qurtarmaq üçün bir təhər qaçıb aradan çıxırdılar.
Sərhəddə malı tutulan Qabil isə rayonda qorxusuz-hürküsüz gəzir, İrana siqaret daşıtdırırdı. Cidanı çuvalda gizlətməyin mümkün olmayacağını başa düşmüşdü. Gedib müstəntiqi tapmış, adını tutmasınlar deyə ona otuz min dollar vermişdi. İnsafən sözünü də demişdi. «Pulunuzu verdim, tamaşaya son qoyun. Əl çəkin Qabillərdən!» «Biz sən ağılda deyilik, - müstəntiq onu qınamışdı, - bəs sərhəddə tutulan malı kimin ayağına yazaq? Az.TV verib, bütün ölkə bilir. Sonrası da bir Qabil gətrib otuz min dollar verirsə, başqa bir Qabil niyə gətirib heç olmaya iki-üç min dollar verməsin?»
Polislərin bütün çabalarına rəğmən Lənkəran qarnizonuna cəmisi 9 Qabil apara bildilər. Yardımlıda bundan artıq Qabil tapılmadı, bir qismi gizlənmiş, bir qismi də duyuq düşüb xaricə, başqa ölkələrə qaçmışdılar.  Müstəntiq  Qabilləri otağına çağırtdırıb dedi. «11.02.1999- cu ildə İranla sərhəddə Qabil adlı birisinin malı tutulub. Zəhmət çəkin o Qabil olmadığınızı sübut edin!»
Qabillərdən biri Moskvadan gəlmişdi, Qrişa deyirdilər buna, Yardımlıya ayaq basdığı gün polislər yaxalamışdı. Yanıb yaxılırdı. Niyə qulaq asmadım Svetaya? Dedi, Qrişa, getmə Azərbaycana. Deyirlər orda aerportda düşən kimi polislər adamı qamalayırlar, nə pulu varsa alırlar. Mənsə qulaq asmadım, gəldim, qamarladılar.  Qrişa ayıq adamdı, belə fikirləşirdi, qoy elə pulumu alsınlar, daha canımı yox. Yol pulundan əlavə cəmisi 500 dolları var idi. Müstəntiqə deyəndə ki, mən 500 dollar verirəm, müstəntiq reaksiya vermədi, yalnız istehza ilə qımışdı.
Qabillərin içində heroinçi, qaçaqmalçı da var idi. Heroinçi  azadlığın auksionda  hərraca qoyulduğunu başa düşdü, kim çox  versəydi, qurtaracaqdı. Burda yatdığı hər gün ona böyük ziyan vururdu. Müstəntiqə on min dollar verdi, qaçaqmalçı da beş min təklif elədi. Müstəntiq  hər ikisini buraxdı. «Şişirdirlər, - deyirdi, - guya bizdə azadlıq çox bahadı. Şahid oldunuz da, biz azadlığı  ucuz satırıq. Avropalı cəmisi bir aylıq maşını verib bizdə istədiyi qədər azadlıq ala bilər».
Bir Qabil də vardı, Türkiyədən gəlmişdi, Əfəndi Qabil deyirdilər. Məlum kompaniya başlayanda ata-anasının qəbrini ziyarət eləmək üçün Yardımlıya gəlmişdi və gəldiyi gün də keçmişdi polislərin girinə. Bütün günü kamerada gəzişir, çiyinlərini çəkirdi. «Yahu, olmaz böylə şey!» Əfəndi Qabil Türkiyədə özünə yaxşı şərait yaratmışdı, Mehmet adlı bir ortağı da vardı. Mehmet deyirdi, Qabil, arkadaşım, bu kadar para sənin nəyinə lazımdı? Qabil də başını yırğalayırdı. Eh, Mehmet, Mehmet! Mənim məmləkətimdə para hər şey deməkdi! Verib vəzifə alacağam, alim olacaq, deputat seçiləcəyəm! «Necə gözəl məmləktin var! -  Mehmet həsədlə köks ötürürdü. – Yoxsa bizdəki kimi. Gecə-gündüz yatma, oxu, başını xarab elə, seçicilərə dil tök, yalvar, özünü öldür». İndi də Əfəndi Qabil məmləkətin gözəlliyindən bəhrələnməyi qərara aldı. «Orda nə qədər var?» - müstəntiqdən soruşdu. «Mən namuslu adamam, - müstəntiq dedi. – Yuxarısı on min, aşağası beş yüz». Əfəndi Qabil beş min verdi və elə həmən gün onu buraxdılar. Təyyarədən tutqun dumana qərq olmuş Bakıya baxır, kədərlə düşünürdü. «Əlbəttə gözəl məmləkətdir. Bir şərtlə, adın Qabil olmaya. Gələn dəfə gələndə gərək adımı dəyişdirib Maqsud qoyam. Dünyanın işini bilmək olmaz, bəlkə onda da Maqsudları ovlamaq kompaniyası başladı? Onda necə olsun? Yahu, mən bu məmləkətin işlərindən baş çıxara bilmədim ki, bilmədim!»
Döyüşçü Qabilin pulu yox idi, atası gəldi. Anasının yadigarı olan qədim xalçanı gətirmişdi. Müstəntiq xalçanı 350 dollara satdı və Qabilin atasına dedi ki, get, 151 dollar gətir, oğlunu buraxım.
Qabilin atası da rayona qayıdıb qonum-qonşudan, dost- tanışlardan, üzü gələnlərdən pul istədi. Verən də olurdu, verməyən də. Sərhəddə malı tutulan Qabil isə bir qəpik də vermədi. «Pula heyfim gəlmir, - dedi, - ancaq verə bilmərəm. Mənim ağlım qaydada deyil, namuslu oğlanlar həqiqəti mənə başa saldılar. Fikrin nədi, pul verim, sənin oğlunu çıxarıb, məni salsınlar ora?» Qabilin atası yığdığı pulları gətirib verdi müstəntiqə, onun gətirdiyi milli pullar idi. Müstəntiq hesablayıcını qoydu qabağına, hesabladı, 149 dollar eləyir, dedi, dünən gəlsəydin, oğlunu buraxacaqdım. Bu günsə məzənnə dəyişib, dollar qalxıb. Mən namuslu adamam, nəyə görə səndən 1 dollar artıq verən Qabili saxlamalı, sənin oğlunu buraxmalıyam?»
Döyüşçü Qabil bir şey başa düşə bilmirdi. «Mən üç il döyüşdüm, yaralandım, onda sizlər hardaydınız?» - müstəntiqdən soruşdu. «Hərənin öz işi var, - müstəntiq qımışdı, - biz də öz işimizi görürdük». Sanki Qabilin bədənindəki yaraların hamısının gözünü birdən qopartdılar,  ağrıdan ufuldadı. Müstəntiq ona nə olduğunu soruşdu.
- Yaralarım sızıldadı, - Müqəddəs Azərbaycan Ordusunun əskəri dedi və ağladı. Əskər belə adam qarşısında ağlamamalı olduğunu başa düşsə də, göz yaşlarını saxlaya bilmirdi.
Qrişa Qabili elə həmən gün buraxdılar. Daha Yardımlıya qayıtmadı, Lənkərandan birbaşa Bakıya gəldi. Aerportdan Svetaya danışdı, Sveta dedi ki, səndən ötrü döymədiyim qapı qalmadı, dedim, ərimi Azərbaycanda tutublar. Deyirlər, niyə,  cinayətmi törədib? Deyirəm, yox, Qabildir. Deyirlər, o nə cinayətdir elə, olmaya azyaşlıları… Qabil Qrişa arvadına sona qədər qulaq asmayıb dəstəyi asdı. Kədərlə düşünürdü ki, bir daha buralara gələ bilməyəcəyəm, təskinlik üçün bir ovuc da torpaq götürüb kağıza bükərək cibinə qoydu. Təyyarədə isə yanında oturan qadın sifətini büzüşdürmüşdü:
- Vətəndaş, sizdən neft qoxusu gəlir.
- Məndən yox, - Qrişa Qabil dedi, - torpaqdan.
- Hansı torpaqdan?
- Vətən torpağından!
- Vətəndaş, mənim neft qoxusuna  allergiyam var. Lütfən Vətən torpağını aparıb tualetə tökərmisiniz?
Qrişa Qabil kəsilə-kəsilə qalmışdı, anam-bacım qürbətdə, qərib eldə öləndə gözümə nə tökərlər, qəbrimin üstünə nə səpərlər? Qadının qırımına baxıb, könülsüz halda torpağı stüardessaya verdi, apar, Vətən torpağını səmaya səp, dedi. Qəşəng qız bunun mümkün olmadığını deyəndə, neyləməli, dedi, apar tök deyilən yerə, Vətən torpağını.
Təyyarə havalanıb göyə qalxanda isə az qala dəli olacaqı, bu nəydi, elə bil təyyarə geri dönürdü. Ayağa qalxıb səsi gəldikcə qışqırırdı. «Neyleyirsiz?! Bu nə deməkdi?! Sizdən soruşuram, bu nə deməkdi? Amanın günüdü, başınıza dönüm, qurbanınız olum, geri dönməyin! Başa düşün, mən qayıda bilmərəm! Mən Qabiləm, yerə düşən kimi  qamarlayacaqlar!» Yalnız təyyarənin geri dönmədiyini, sadəcə dövrə vurduğunu hiss eləyəndən sonra sakitləşdi.
Çox çəkmədən Qabili qaçaqmalçılıqda mühakimə eləyib, beş il iş verdilər. Müstəntiq  özündən razı qalmışdı. «Mən namuslu adamam, - deyirdi, - çox dəqiqliklə müəyyən elədim ki, Yardımlının ən kasıb Qabili kimdir!»
Qabilin atası qalmışdı mat-məətəl, oğlunu niyə tutmuşdular? Oturub məmləkət sahiblərinə məktublar yazır, teleqramlar vurur, oğlunun niyə həbs olunduğunu soruşurdu. Üstündən bir il keçəndən sonra nəhayət hökmün surətini Qabilin atasına göndərdilər. Kişi hökmü oxudu və başında tükləri vız durdu. Vah bə!!! Olmaz belə şey! Vallah da olmaz, billah da olmaz!!! Sən demə onun oğlunu, ac-yalavac, pulsuz-parasız oğlunu ondan ötrü tutmuşdular ki, oğlu sərhəddən 70 min dollar dəyərində olan 250 qutu siqareti keçirmək istəyirmiş. Olmazdı belə şey!!! Şey isə olmuşdu! Adamı tutmuşdular, təkcə adına görə, adı Qabil yox, Qafar olsaydı, indi evində rahatca yatırdı. Qabilin atası yenidən teleqarmmalar vurur, kömək istəyirdi. Ədalət istəyirdi bu kəndçi kişi. Kimdən istəyirdi? İndi səndən durub min dollar istəsələr, verə bilərsənmi? Bilməzsən. Yoxdu, ona görə. Bunlar da ədaləti verə bilmirdilər. Yox idi, ona görə.
Bu işdə bir həqiqət var idi, bu Qabil, döyüşçü Qabil doğrudan da Yardımlının ən kasıb Qabiliydi. Bir həqiqət də var idi, kasıbdısa, məmləkətdəki bütün pisliklər, kötülüklər üçün də cavab verməliydi.
Bu həqiqəti isə Qabil, Yardımlının ən kasıb Qabili bilmirdi.
……………………………….
R.S. Qabil həbsinin üçüncü ili həbsxanada dünyasını dəyişdi. Qabilin kiçik qardaşı onun İrana keçirə bilmədiyi aliminiumu sərhəddə aparmış, orda isə Milli ordumuzun əskərləri onu güllələmişdilər. Yarası yüngül imiş, ancaq soyuq, şaxtalı dağda səhərə kimi qaldığı üçün qan itirdiyinə görə ölmüşdü.  Qabilin dağın ətəyindəki xarabalığı xatırladan yarı uçuq evi isə Yardımlının hər yerindən aydınca görünür.