Ey düha, bir neçə söz bəxş elə ki, yara deyim,
Könlümün naləsini, sevgimi gülzara deyim.

Mən ki, Məcnun kimi səhralara düşmək bilməm,
Qəlbimin sirrini sən söylə görüm, hara deyim?

Mənə canan ki, özü ruhunu vermiş getmiş,
İstəməzdim ki, bu sirri gedə əğyara deyim.

Ürəyim hicran əlindən alışıb yandı, aman,
Uçar dağlar, əgər ki, dərdimi dağlara deyim.

***

Ömrüm yasəmən kimi
Tez açıb, tez də soldu,
Həyatım çəkişmələr
Çarpışmalarla doldu.
Adamların çoxunda
Mən sədaqət görmədim,
Ən yaxın olanında
Pak dəyanət görmədim.
Hər tərəfdən amansız
Ehtiyac sardı məni,
Düşmən görsə məhv edər
Dost bərk tutardı məni.
Xilas olmaq istərkən
Qasıirğalar əlindən,
Məni qəlbən sevən şəxs
Basdı bir gün belimdən.
Yıxılıb üzü üstə
Qucaqladım torpağı,
Ayrılıq çəkdi mənə
Hər gün bir sinə dağı.
Yaşamaq arzusuyla
Əziyyətlə ucaldım,
Günlər çox tez otüşdü,
Vaxtından tez qocaldım.
Büsbütün məhrum oldum
Əvvəlki ehtirasdan,
Deyin görək, a dostlar,
Nə vaxt qurtarram yasdan?