Seymur ƏlioğluNədənsə qoyun sözünə və heyvanın özünə həmişə biganə yanaşırıq. Sovet dövründə camaatdan alınan qoyunlar hesabına yaradılan fermalarda çobanlar kolxoz rəhbərliyi ilə əlbir qoyunları «qurda yedizdirərək» dalına keçərdilər. Bəlkədə qoyuna hörmətsizlik və biganəlik bax elə oradan yarandı. Fərqinə varmadan bu gün qoyuna elə nifrətlə baxırıq ki, hətta bir-birimizə acıqlananda bir-birimizi qoyun da adlandırırıq. Amma təssüfki bu qoyunların qabağına düşüb, onları müəyyən istiqamətə aparan keçi isə artıq yoxdur.

Yeni bir keçinin sürü qabağında peyda olmasını isə qoyunlar hələki istəmirlər. Doğrusu «qoyun» termini Azərbaycan üzərindən o yana da getmir. Özümüzünkülərlə yanaşı, rus donuzları da bizə qoyun deyir. Amma qoyundan qoyuna da fərq var. Bizim ağ qoyun əvvəlcə ailəmizdə, sonra isə kəndimizdə xüsusi hörmətə və izzətə malikiydi. Yadımdıdar, ağ qoyunu dədəmə rüşvət olaraq vermişdilər. Bu həyatda dədəmin ilk və son olaraq qəbul etdiyi rüşvət idi. O zaman-sovet dövrünün son illiyində-dədəm kənd sovetində sədr köməkçisi işləyirdi. Birinin işini aşardığı üçün ənam olaraq həmən ağ qoyunu Hacı adlı kişi qapımıza gətirib atmışdı. Ağ qoyun qapımıza gətirilib qoyulanda çox çılız və ələngəydi. Düzü dədəmin heç bu qoyun məsələsindən xəbəri də yoximiş. Yazıq kişi günorta yeməyinə evə gələrkən onu görür və təcüblü-təcüblü ona baxarkən, anam kişinin başının üstünü alır və hirsli-hirsli:
- Ay kişi, bu nədir? Bax elə səni belə fərsiz görüb, xəstə-xüstə heyvanlarını sənə verirlər. Pul versəydi bundan yaxşıydı, heç olmasa evimizə bir palaz alardıq. On ildir ki, evliyik amma evimiz sənin fərsizliyinin ucbatından hələ palaz, gəvə üzü görməyib. Yaxşısı budur qaytar özünə, bundan qoyun olmaz.
Dədəm isə belə şeylərə fikir verən deyildi. Həmişə gülürdü, sanki dünya vecinə deyil zalımın. Anamıda Telli deyərək çağırırdı.
- Telli, vallah mən ondan qoyun-filan istəməmişəm. Hacının kişinin özü mənə demədəm bu qoyunu gətirib qapıya atıb. İndii də onu qaytarsam yaxşı düşməz. İnsandır, min cür fikirləşər. Düşünər ki, qoyun xoşuma gəlmədiyi üçün qaytarmışam. Nə edək, eybi yox, buna da bərəkət, işin yoxdur arvad, qoy dursun.
Kənddə yaşamağımıza baxmayaraq, ağ qoyun həyətimizin ilk heyvanıydı. Elə ona görədə hamı onu əzizləməyə başladı. İlk əvvəl ağ qoyun bizdən qorxub qaçırdı, soradan isə hər şeyə alışdı. Artıq onu əlimizlə yedizdirirdik. Bir müddətdən sonra qoyun ev yeməklərinə də öyrəşdi. Çörək, kartoşka qızartması, mürəbbə, konfet, qarpız və nələr, nələr…bax bunlar hamısı onun sevimli qəlyanaltısıydı. Yayda həyətdə ağac altında stol açıb nahar edərkən, ağ qoyun da həmən masanın başında bitərdi. Sanki ailənin bir üzvüdür. Həyətimizə gəldiyi bir ay idiki, həmən cılız, ələngə, arıqlıqdan tükləri tökülmüş, xəstəyə oxşar ağ qoyundan bir əsər-əlamət qalmamışdı. Qoyun kökəlmiş, daha da ağarmış, bədəninə gözəl ipək tüklər gəlmişdi. Günlər ötdükcə ağ qoyunla ailəmiz arasındakı əlaqələr daha da sıxlaşdı. Günlərin bir günü ağ qoyun qonşudakı qara qoçla ilk cinsi əlaqəni həyata keçirdi. Bununlada ovcumuzun içində bəslədiyimiz, hər nazını çəkdiyimiz qoyunumuz bakirəliyini, bağına keçdiyinə görə 6 dəfə toyuğumuzun qılçını qıran və bizə düşmən münasibəti bəsləyən qonşu Kəkonun qara qoçuna qurban verdi. Neyləyək, canı sağ olsun, təki balaları salamat olsun. Qoyunun bu hərəkəti heç də onu gözümüzdən salmadı. Onun hamilə olduğunu bilərək, daha çox diqqət ayırdıq və səbirsizliklə bala doğmasını gözləyirdik. Nəhayət altı aydan sonra ağ qoyun ilk ekiz balasını dünyaya gətirdi. Özü də ikisi də erkək. Balaların rəngi qara deyildi, boziydi. Çox qıvraq və kökiydilər. Ağ qoyuna və toppuş balalarına baxıb hamımız sevinirdik. Artıq qapımızda üç qoyun varıydı. Ekizlrin yaşı artdıqca çox iriləşirdilər. Onlar böyüyəndə dədəmgil onları yaxşı pula satdı. Ağ qoyun isə yenə də hamilə qaldı və balaladı. Təbii ki, bir cüt bala ilə bizi sevindirdi. Bu dəfədə erkək doğmuşdu. Ağ qoyun o qədər gözəlləşmiş və xanımlaşmışdır ki, dədəm onu anaş adlandırırdı.
- Telli, görürsənmi nə qoyundur anaş?! Deyirdin ki, ondan qapıya qoyun olmaz. Bəlkədə Hacı onu verəndə heç düşünməmiş ki, ağ qoyun belə qoyun ola bilər. Elə qapısındakı ən ələngəni başından rədd etmək üçün hörmət əlaməti olaraq bizə gətirib. İndi anaşı görsə götürüb aparar öz qapısına-deyərək, dədəm ürəkdən gülür.
Düzünü deyim ki, hamıdan çox dədəm ağ qoyuna diqqət ayırırdı. Əlinə nə keçirdisə həmən verirdi ağ qoyuna.
Payız ayıydı…bir gün dədəm evə gəlmədi. Sabahısı gün isə evimizə qohum-əqraba yığışdı və nəysə danışırdılar. Mən dədəmi soruşanda isə deyirdilər ki, rayona gedib, bir azdan gələcək. Nədənsə sonradan biz dədəmin dalınca rayona gedəsi olduq. Bəlli oldu ki, dədəmi tutublar. O vaxt dədəm pambıq məntəqəsində işləyirdi. Sovet dövründə Azərbaycanın birinci katibi, indi isə uluöndər adı verilərək «Fəxri xiyaban»a tapşırılan Heydər Əliyevin həyata keçirdiyi «pambıq perepiska»sının güdazına getmişdi yazıq dədəm. Dörd il iş aldı və Bakıdakı həbsxanaların birinə köçürüldü. Həmin vaxt respublika üzrə pambıq məsələsinə görə kolxoz sədrlərindən tutmuş, sürücüyə qədər çoxlu insanı həbs etmişdilər.
Çətin günlərimizi yaşayırdıq. Dədəm türmədə, anam işləmir, biz isə üç uşaq orta məktəbə gedirik. Sanki anaş da dədəmin tutulmasını hiss edirdi. Bekaflamışdı, bir azda gözündən yaş gəlirdi. Həmin ili anaş yenə də ekiz bala verdi. Amma bu dəfə bir erkək, bir dişi. Dədəm tutulandan sonra ağ qoyun ildə iki dəfə doğmağa başladı. Yalnız bircə dəfə dişi bala doğdu. Həmən dişi də böyüyəndən sonra elə anası kimi oldu. Həm gözəl, həm də ekiz bala doğurdu. Artıq qapımızda qoyunların sayı artmışdı. Onlara başcılığı isə ağ qoyun edirdi. Heç nədən xəbərimiz olmazdı. Ağ qoyun hamısını başına yığaraq otarırdı, sulayırdı, zamanı gələndə nigahlandırırdı da. Yadımdadır, bir dəfə gün əyilən vaxtıydı, kəndimizin kolxoz sədri Bahadur kişi yanında 3-4 nəfərlə həyətimizə gələrək, təngə nəfəs-«Ay bajı, bu ağ qoyun sizindir?» dedi.
Anam cavab verdi:
- Hə yoldaş sədr. Nə olub ki?
- Nə olacaq ki?! gəldik ki, qoyunlar pambıqda otlayır. İstədik ki, hamısını qabağımıza qataq, aparaq kolxozun damına. Elə bu zaman o deeey, o ağ qoyun hamısını başına yığaraq başladı sizin evə tərəf qaçmağa. Nə qədər elədik heç birini tutub apara bilmədik. Belə heyvanı mən birinci dəfədir ki, görürəm.
Həəə… bax bizim ağ qoyun belə ağıllıydı. Heç xəbərimiz olmadan da balalarını və nəvələrini başına yığaraq gedərdi evimizin aşağısında olan pambıqda, orda burda otlayardı və sonrada gələrdi qapımıza. Heç kim də cürət edib onu tuta bilməzdi. İndii həmən pambıqlıqdan bir şey qalmayıb. Kolxoz dağıldıqdan sonra o ərazilərdə evlər tikildi.
Heydər Əliyev siyasətinin güdazına gedən dədəm türmədə olarkən, ağ qoyun ailəmizi korluqdan əziyyət çəkməyə qoymadı. Ağ qoyunun yununu, südünü, pendir və erkək balalarını satmaqla anam bizi yaxşıca saxlayırdı. Düzdü qohumlarımız da, əsasəndə dayım da ailəmizə kömək əlini əsirgəmirdi. Amma yenə də ağır yük ağ qoyunun üzərindəydi. İldə iki dəfə bala doğması, özü də hər dəfə erkək, əlimizdən yaman tuturdu.
Nəhayət 3 ildən sonra, dədəm türmədə özünü intizamlı apardığı üçün vaxtından tez evimizə qayıtdı. Hamı sevinirdi, hətta ağ qoyun da. Daha nə sovet dövlət varıydı, nədəki Heydər Əliyev. Amma hələki kolxoz dağılmamışdı. Dədəm yenidən kolxoza qayıtdı, işləməyə. Respublikada kolxozlar dağılanadək orada təftiş komitəsinin sədri vəzifəsində işlədi. Dədəm qayıtdıqdan sonra anaş artıq ildə bir dəfə, ancaq yenə də ekiz bala verməyə başladı. Balaları və nəvələri də özü kimi ələ öyrənişikli və mehribanıydı. «Ceyran», «Doşu», «Dovşan», «Ceri», «Lir», «Muncuqlu» və sairə onun balalarının və nəvələrinin adıydı.
Zaman keçdikcə ölkəmiz müstəqillik termininə öyrəşməyə başladı, Heydər Əliyev isə yenidən Azərbaycanın rəhbərliyinə qayıtdı. O zaman artıq ölkədə keçiyə sayğı itmiş, bizim ağ qoyun isə əməlli başlı qocalmışdı. On bir iliydiki anaş həyətimizdəydi. Bu dövr ərzində qapımızda qoyunların sayı da artaraq, iyirmiyə çatmışdı. Mən isə böyüyərək yuxarı siniflərdə oxuyurdum. Elə buna görə də daha qoyunları aparıb, evimizdən uzaq örüşlərdə otarmaq gücünə malik idim. Hər dəfə ekiz bala doğmasına görə anaşın qarnının sağ tərəfi sallanırdı. Kəndimizin baytar həkimi-Cücə Rəşidin diaqnozuna görə qoyun gücə düşmüş və ondan irəli gələrək qarnı cırılıb sallanmışdı. Anaşın qocalması onu əldən salırdı. Daha o əvvəlki tək balaları və nəvələri ilə tullanqaç oynaya, çəpərə dırmaşaraq çəkilin yarpaqlarını qopara və ağzındakı otu gövşəyə bilmirdi.
Bir yay axşamı stol başında oturub qarpız-şor yeyərkən, dədəm ağ qoyun barədə fikirini açıqladı:
- Baxmayaraq ki, ölkəmizdə rüşvətxorluq baş alıb gedir, amma bizim ailə həmişə alnıaçıq yaşayıb. İşlədiyim yerlərdə nə pul vermişəm, nədəki pul almışam. Bu ağ qoyun isə heç xəbərim olmadan qapımıza gətirilmiş bir heyvandır. Bəlkədə hacının əli ilə Allah tərəfindən bizə verilmiş bir qismətdir ağ qoyun. Ağ qoyun ailəmiz üçün çox bərəkətli oldu. Yaxşı bilirsinizki mənim maaşımla dolanmaq mümkün deyil, məhz qoyunların hesabına taxılımızı, unumuzu, paltarımızı ala bilirik. İndi isə anaş çox yaşlaşıb, yəqin ömrünün sonuna çox az qalıb. Onun qapımızda ölməsi, onu burada ölü görmək həm bizim üçün, həm də qoyunlar üçün ağır olacaq. Odur ki, onu satmaq qərarına gəlmişəm. Hər halda sizdə mənimlə razılaşacaqsınız.
Səhərisi gün bir kilo qəndə dədəm ağ qoyunu kəndimizin ayağında yaşayan Temir dayıya satdı. Ağ qoyunsuz həyətimiz çox kasıb görsənirdi. Balaları və nəvələri də anaşsız bekaflamışdılar və tez-tez mələyərək onu axtarırdılar.
Artıq ağ qoyunun qapımızda yoxluğundan bir həftə keçmişdi. Bir gün dədəm yolda Temir kişi ilə rastlaşır. Salam sağoldan sonra həmən ağ qoyunu xəbər alır.
- Temir dayı, belə pis çıxmasın, qoyun necədi? Sizi çox incitmir ki?
Temir kişi cibinəki astra qutusunu səbirlə çıxararaq, içindən yarı tütünü tökülmüş siqareti götürüb yandırır, qəmli qullab alır və « yox ay qohum, qoyun məni incitmir, heç incitmədidə»-deyir.
- Temir dayı yoxsa, o artıq…
- Hə bala, sizdən gətirəndən sonra üç gün yaşadı. Yazıq çox qəmliydi. Heçnə yemədi, heç mələmədi də. Elə hey sizin evə tərəf baxırdı. Birinci dəfə görürdüm ki, qoyunun gözündən yaş gələr.
Həmin gün dədəm çox kədərləndi, elə biz də. Günlər, aylar, illər keçdi biz üç uşaq böyüdük, hərəmiz bir tərəfə getdik oxumağa və işləməyə. İndi qapımızda bir dənə də qoyun yoxdur. Sanki bərəkt ağ qoyunla gəldi və getdi. Düzü heç ölkəmizdə də indi düz əməlli qoyun qalmayıb.