Erix FiredErix Fried 6 may 1921-ci ildə Vyanda doğulmuş və orada da böyümüşdür. Müharibə illərində kitabxanaçı, fabrik fəhləsi, süd kimyaçısı və sair peşələrdə çalışır. “Gənc Avstrya ”, “Kommunist Gənclər Təşkilatı” və digər siyasi qrumlarda təmsil olunur. 1944-cü ildə Avstryanın “PEN” nəşriyyatında “Almaniya”(Deutschland) adlı ilk şeirlər kitabı yayımlanır. E. Fried Müharibədən sonra qurulan bir çox dərgilərdə, 1950-ci illərin ilk yarısından BBC –nin almanca yayınlarında siyasi şərhçi olaraq çalışır. 1968-ci ildə BBC-nin apardığı “soyuq müharibə” səbəbindən BBC-dəki işindən ayrılır. İşindən ayrılmamışdan öncə Dilan Tomasdan (Dylan Thomas) etdiyi tərcümələr, “Şeirlər”(Gedichte) toplusu və birinci-sonuncu romanı olan “Əsgər və qız”(Ein Soldat und Ein Mädchen) romanı ona böyük şöhrət gətirmişdi. 1963-cü ildən sonra “47-lər qrupuna” qoşulur. Şeksprin əsərlərini də məhz bu dönəmlərdə tərcümə edir. 1977-ci ildə ilk önəmli mükafatını “Beynəlxalq redaktor mükafatını” (Priz İnternational des Editeurs ) aldı. 1978-ci ildə “Vətənsiz 100 şeir”(100 Gedichte ohne Vaterland) kitabı 7 dildə içıq üzü gördü.1979-cu ildə yayımlanan “Sevgi şeirləri”(Liebesgedichte) kitabı çox böyük uğur qazandı. E. Fried 1988 Almaniyada vəfat etmişdir. Sizlərə bu Cəlil Yurdsevənin tərcüməsi ilə şairin bir neçə şeirini təqdim edirik.

Dinlə İsrail

Arxamızca düşdüklərində o zamanlar
sizdən biri idim
Siz başqalarının arxasınca düşdüyünüzdə
necə sizdən biri olum mən?
Həsrətiniz idi,
sizi qətl edən
o biri xalqlar kimi olmaq
Oldunuz indi onlar kimi
Daha çox yaşadınız
vəhşiliyi.
sizə vəhşiliyi yaşadanlardan.
İçinizdəmi yaşar indi
vəhşiliyi onların?
“Çarıqlarınızı çıxarın”
deyə əmr etdiniz döyülənlərə
Çarıqları qumdan olanları
günah keçisi kimi
çöllərə,
ölümün
böyük toplumuna sürgün etdiniz
Ancaq qəbul etmədilər
Boyunlarına atmaq istədiyiniz
günahları
Bombalarınızın
və tanklarınızın izindən
daha uzunömürlüdür
qumdakı çılpaq ayaq izləri.

Ayrılıq

İlk gün asan idi
ikinci gün bir az çətin
Üçüncü gün
daha çətin ikincidən
Gündən günə daha çətin:
Elə çətin idi ki, yeddinci gün
çox dözülməz idi həqiqətən.
indi isə
həsrətini çəkərəm
yeddinci günün.

Zarafatsız

uşaqlar
qurbağaları
elə-belə daşlayırlar.
amma qurbağalar,
həqiqətən olürlər.

Pərdəli davranış

bəziləri
azadlığı
qaranlıq otaqda
qadını sevdikləri kimi
sevirlər.
əslində
qadını çılpaq və olduğu kimi görməkdən
çəkindiklərindən
onların eşqi
sadəcə toxunuşla(təmasla)
məhdudlaşır.

Nəzakət

asılaraq
edam edilənin evində
hal-hazırda
onun cəlladı
rahatlıqla
yaşayırsa,
həmin evdə
kəndirdən
söz
salmaq
nəzakətsizlikdir.

Tənliklər

tamam unutmuşam
məktəbdə
öyrəndiklərimi.
gələcəyi
qorxuya bölsək
huşsuzluq
alınar
həyatı
qorxuya bölsək
dəlilik
alınar
huşsuzluğu
dəliliyə bölsək
müharibə alınar
belə olnda
həyat
qorxuyla dəliliyin
hasilinə bərabər olacaq.
bunu nəzərə almalı olsaq
gələcək
qorxuyla huşsuzluğun hasilinə
bərabər olacaq.
əlbəttə
gələcəyin necə olacağını yaradan
bilir.
bəs o zaman
qorxuyla
qorxunun hasili nə edir?
bəs onda sülhü necə tapaq?
nədənsə
bizə
hesabı
uşaqkən öyrədirlər
görəsən niyə?

Cavab

kim isə daşlara
“insan kimi olun!”-
dedi.
daşlar belə cavab verdi.
“buna nail olmaq üçün biz
bir az da bərkiməliyik.”

Uşaqlar üçün bomba

üç gündən bir
Xirosima faciəsinin
təkrarlandığını
düşünün.
o vaxt birinci dəfə
yüz min
sonra isə
qırx min adam
qırılmışdı.
ancaq indi
üç gündən bir
partlayacaq
hər bombanın
yüzminlik qurbanları
sadəcə körpə uşaqlar
olacaqdır.
hər üç gündə
qırılan uşaq sayı
yüz min olarsa,
ayda bir milyon
ildə isə
oniki milyon uşaq qırılar.
hər il
aclıqdan qırılan
beş yaşına qədər uşaqların sayı
beş milyondur.
əslində
onlar üçüncü dünya müharıbəsinin
qurbanları sayılmalıdırlar.
çünki
hər dəqiqədə silahlanmağa
xərclədiyimiz iki milyon dollar.
onları doyunca yedirməyə
gen-bol bəs edərdi.