Onunla söhbət eləyəndə beynim ancaq sevinc “istehsal” eləyirdi. Bizim kiçik elmi-tədqiqat institutuna gəlməyilə dostlaşmağımız bir oldu. Çox həssasdı, sözü göydə tuturdu, vallah, varam belə qıza.
- Bilirsən, - dedim ona, -mən bir nağıl yazıram. Deməli, təxminən 40 yaşında, yox, bir az aşağı, 35 yaşında bir kişi cavan bir qıza vurulur. Kişinin arvadı da var, uşaqları da. Bir gün kişi, arvadı, bir də bu qız təsadüfən bağda görüşürlər. Yəni belə bir görüş təsadüfən alınır. Bağda yox, yox… Nəsə örtülü bir yer olmalıdı. Elə bir yer ki, bütün səslər, sözlər, qımıldanmalar, hər şey bir yerə cəmlənsin. Ev, idarə, ofis olsun-görüşürlər… Tamam sakitlikdi. Bu adamlar, üçü bir yerdə nə danışa bilərlər? Onların danışığını heç cür qura bilmirəm.
- Səssizliyi yaz.
- Səssizliyi nə təhər yazım? Necə ifadə eləmək olar, axı?
Birdən uğunub getdi. Nəsə tapmışdı. Belə gülməyindən xoşum gəlir.
- Bax, -dedi, -maqnitafonu qurursan e, amma heç kəs danışmır. Təkcə səs eşidilir: xışş…
- Həə?.. –Ona baxdım.
- Bəs, sənin bu nağılın necə qurtarasadı?
- Axıda hər üçü –kişi də, arvadı da, qız da xoşbəxt olmalıdı…
- Bu nə təhər ola bilər? -Tamam ciddi soruşdu.
- Tap da…
…Elmi-tədqiqat institutunun balaca otağında üç nəfər otururuq. Biri çox az-az işə gəlib gedir; bir də gördün gəldi, ağ varağı qənşərinə qoydu, bir-iki cümlə qaraladı, çıxdı getdi. Mənim özümün də bu balaca otaqdan o qədər xoşum gəlmir. Bizdə bir ümumi otaq var, vallah, hamının yığışdığı ümumi otaq çox yaxşı şeydi. Amma bir şərtlə: mütləq bir xırda otağın da olmalıdı! Hərdən gəlirsən, qurdalanırsan, danışırsan…
- Hə, neynirsən?
- Yazıram.
- Başa düşdüm, anladım, yəni ki, “mane olma”. Mən də gedim – ümumi otağa sarı çevrilir - bir zəng çalım.
- Get mənə zəng çal, bu gün yaman darıxıram…
Uğunub gedir:
- Sənin “metro”ya düşən vaxtında, saat 4-ü keçdi.
“Metro”nun mənasını ümumi otaqdakılar da bilir. Deməli, institutun böyründə bir kafe var; adı da “Metro”du, özü də metroya oxşayır: pilləkənlə, sakit addımlarla bir xeyli aşağı düşürsən, iki, uzağı üç nəfərlə. Stolun üstə əvvəlcə şoraba, salat qoyurlar, xörək gələnə yaxın, sağ əlindəki bükülünü açıb, astaca rumkalara süzüb deyirsən: “Bu gün yaman darıxıram…”
Sonra danışmaq çox asan olur!
- Nədi, - deyir, - “Metro”ya düşməyə pul yoxdu?
- Sən get, -deyirəm, -zəng elə mənə.
- Oqtay (hə, adımı çəkəndə də xoşuma gəlir), - deyir, - iki gündü başım yaman ağrıyır…
O elə deyəndə, Allah haqqı, ürəyimi qəhər tutur, istəyirəm deyəm ki, gəl qoluma gir, çıxaq havaya, bilirəm ki, sənə təmiz hava, bir də harasa getmək lazımdı. O heç vaxt “darıxıram” demir, “başım ağrıyır” deyir. Xoşum gəlir belə deməyindən.
Küçədən, ümumi otaqdan, evdən, ta nə bilim hardan yığdıqlarımı birdən üyüdüb tökürəm:
- Bütün elmi işlər, yaz-pozular, iş-güc, axtarışlar, səfərlər - hər şey ünsiyyət üçündü. Sevgi də, ağrı da, sevinc də “kommunikasiya” vasitəsidi. Başa düşürsən, sevgi də…Adamlar istəyirlər ki, harasa, kiməsə yol tapsınlar. Qızlar, dostlar bir də nə yaxşı ki, Allah var.
“İlahi, bəs, mən niyə tək-tənhayam?!”
…O, adamı darıxmağa qoymur. Heç vaxt salamı ləngitmir. Qapını açmağıyla “salam” deməyi bir olur. “Həə, deyir, dünən…” “Bu gün, deyir, avtobusda gələndə…” Harasa zəng eləməyə qaçır. Otaqda kimləsə şirin-şirin danışır.
- Ayişə, bura-a gəl. – Otaqdan çağırıram.
- Gəli-rəm.
- Sözüm var e…
- Gəli-rəm dəə. Çayımı, çayımı, çayımı içim…
Dodağı stəkanda çiyniylə astaca qapını açır. Mən ona nağıl danışıram.
- Səkkizinci sinifdə oxuyanda bir qıza vurulmuşdum. Sarı yaylığı varıdı. Birdən görürdüm, budu gəldi. Ayaqlarının ucunda yeriyə-yeriyə “salam” deyirdi. Lap arxada otururdu, geriyə boylanmağa bəhanə tapmaq necə çətinidi…Dərsdən sonra “kef olurdu”. O uzaqdan bulağa gəlirdi. Onu sarı yaylığından tanıyırdım. Vəssalam…
Maqnitafon lentində səssizlik xışıldayır…
-…
- Yamyaşıl bir yaz günüdü. Otların hər biri ağac boyu yerdən göyə qalxıb. Mən gün işığını, ağac boyu otları aralaya-aralaya məktəbə gedirəm. Kitabları partanın altına atıb məktəbin böyrünə çıxıram. Onun sarı yaylığı görünür. Gəlib astaca, elə bil, yüngülvari havada süzürmüş kimi böyrümdən sovuşur. “Salam” deyir… İnanmırsan, Ayişə, bir yaz günüdü, otlar ağac kimi qol-budaq atıb, onun sarı yaylığı…
“And olsun yaz gününə, and olsun otların üzü göylərə böyüməsinə, and olsun yaxından ötən qıza, and olsun sevgiyə”…
Hərdən deyəsən, o da danışmaq istəyirdi. Susurdum. Üstün vurmurdu, həssasdan həssasdı. “Nərgiz gülünün əfsanəsini bilirsən?” “Yox!” deyirdim.
Bir də dəfə, günortadan sonra - saat daha 4-ü keçmişdi - sumkasını eşələyib iki qələm çıxardı. Divardakı kağızın ağ yerinə nəsə yazdı; əvvəlcə qara, sonra qırmızı qələmlə üstünü bəzədi. Yazdı, yazdı, heç mən fikir vermirdim, eləcə həmişəki kimi başım özümə qarışmışdı. Sonra pəncərəyə sarı getdi, qayıdıb təzədən yazdığının qənşərində durdu. O, yana çəkiləndə, şükür Allaha, nəhayət gördüm: divara əl boyda “19” rəqəmi yazılmışdı.
- Nədi o? Deyəsən, pullarını hesablayırsan?
Belə ağlagəlməz sözə uğunub gedəndi. Bu dəfə dinmədi, çox soyuqca, “heç nə, dedi, əlim dinc durmadı”.
- Ayın 19-u harasa gedirsən?
- Yox ey, hara gedirəm ki? Elə-belə bekarçılıqdan yazdım… - Birdən ciddiləşməyi də var; hərdən adamı qorxuzmaq istəyir. Ta dinmədim. Tapmacaya verdiyim cavabın ikisi də uğursuzdu. Axşam evə gedəndə “19” hələ də divardaydı, bax, onda əməllicə fikirləşməyə başladım.
Səhər işə gələn kimi qayıtdım ki:
- Axşam oğluma nağıl danışırdım, tapmaca deyirdim.
- Oğlun cavabları tapırdı?
- Hamısını tapdı, “on doqquz”dan savayı.
Uğundu getdi: -Demərəm, -dedi.
- Deyəcəksən…
“Zəng eləməyə gedirəm” deyib çıxdı. Qayıdanda: - On doqquz - mənim telefon nömrəmdi, - dedi. – Altı üstəgəl dörd, üstəgəl iki…-Hamısını saydı. –Həmin gün həm də mənim ad günümdü. On doqquz mənim rəqəmimdi. Deyirsən, elmlər namizədiyəm, adi hesablamadan baş çıxarmırsan.
Tapmacanın cavabı tapılmışdı, ta vecimə deyildi, zarafata saldım:
- Düzünü demirsən, mən tapandı –sənin vergi- zad çıxılmamış maaşın düz 19 “şirvan” dı, cədvəldə görmüşəm.
- Mən bura işə girəndə ərizə yazdığım gün də ayın on doqquzuydu. Noolsun?… - deyib qapıdan çıxdı.
- Ayişə…-çağırdım.
Ağıllı oğlanam, qaraqabağam. Hərdən-birdən zarafat-zad eləyirəm, vallah, bu mənə əməllicə təskinlik verir. Noolub e, mənə?… Çevrəmdən, orbitimdən nə qədər çıxsam da, geri qayıdacam, narahat olmayın, qəza baş verəsi deyil. Heç kəsi zinhara gətirmərəm. Allah haqqı, zəhləm gedir üzlü adamdan. Hər kəsin ayrıca xırdaca bir otağı var. Darıxanda da hansısa bir ümumi otağa gedirsən. Oradan səni qovmurlar. Çünki ora hamı darıxıb gəlir.
“Nə yaxşı ki, kimsə dinləyir, yoxsa partlayıb ölərdim, ay Allah”.
O gün bilmədim niyə gərgin günüydü… Ayın 19-u deyildi, bu heç. O da deyəsən, hətərən-pətərən danışa-danışa gah gülürdü, gah uzun boyuyla pəncərənin qənşərin kəsirdi.
- Ayişə, -dedim. O, üzün çöndərincə söz tapmaq lazımıdı; ürəyim elə yumşalmışdı ki, kiminsə adını çəkmək istəyirdim.
- Ürəyində arzu tut. Əlini üzünə çək, kirpiyini tap. Həə, tapdın…
Gülmək istədi, çətinliklə gülümsədi.
- Nə arzu tutmuşdun?
- Sonra deyərəm. La-ap sonra.
- İndicə de, - dedim. – Mən bilmək istəyirəm…
Geri çevrildi, paltosunu geydi. Əlini saçına apardı, hələ vaxt vardı, lentə təkcə saat səsi düşürdü. Qapını açıb ayağının ucuna baxanda bildim ki, günlərlə danışdığıma, söylədiyim tapmacalara cavab verəcək…
- Qurtar!… –rəng avazımışdı, - Nişanlıyam, nişanlımı dünyalar qədər istəyirəm. Bildin?!
Dondum, ancaq keyim tez açıldı; məncə, nişanlı olmasını deməyi artıqdı. Ya da o biri sözləri nahaq dedi. Qapını bərk çəkdi, amma axıradək örtmədi.
“Oğlum, sənə Fatmanın nağılını danışım. Külək əlçimi Fatmanın əlindən alıb apardı. Fatma əlçimin dalıyca düşdü. Yel baba, yel baba, əlçimimi sal, baba!”
Səhərisi ərizə yazıb məzuniyyət götürdü. Arabir işə gəlib dəyirdi, sakitcə salam verib, ümumi otağa qaçırdı. Dünyada mənimçün hələ heç nə dəyişməmişdi. O, məzuniyyətdən qayıdana yaxın bizim balaca otağı təmir eləməliydilər. Bir həftəydi görünmürdü. Qəflətən gözüm divara sataşdı. İlahi, o nə vaxt “19” rəqəmini qaralamışdı? Nişanlandığına görə?.. Heç vaxt “19”u xırdalayıb onun telefon nömrəsini tapa bilməyəcəkdim, hətta tapsaydım da ona zəng eləməyəcəkdim… Çünki zəng elədiyi yerdə kimsə mütləq telefonu götürüb sənə, sənin tapmacana cavab verməlidi.
Bəs, “19”un üstünə təzə pırtlaşıq xətlərlə o, nə yazmışdı, bu, hansı tapmacanın cavabıdı?
Təxminən 2 ay sonra o, həqiqətən də nişanlandı. Özü də tamamilə yad bir olana. Bizim böyrümüzdəki firmada işləyirdi. İş yoldaşlarımız yığışıb Ayişəgilə təbrikə getdilər. Mən gedə bilmədim, Allah haqqı, çox hayıfslandım ki, kaş iş çıxmayaydı…Həmin gün oğlum zalım balası, xəstələndi. Elə bil canı yoxdu, ayda 3 dəfə xəstələnir. Özü də minim belə vacib işlərim çıxanda…
“Gedəni yola salmağı bacarmadım mən!”
…Hə, bu nağılda bir yer qaldı. Ustalar bizim otağı təmirə gəldiyi gün indiki kimi yadımdadı. Qapını taybatay açdılar. Elə də külək idi. Aləm qatışdı bir-birinə. Həmin anlarda o da tanış addımlarıyla gəldi. İki cavan usta, bir də bizidik. Onlar divarlardan kağızları dartıb cırır, ayaqaltı eləyirdilər. Ustalar qaralanmış “on doqquz”a yaxınlaşanda, çox hayıfsılanıram ki, sadəcə cəsarət eləyib Ayişənin üzünə baxa bilmədim! Və onun üzündəki son cizgiləri görmək mənə qismət olmadı. Maqnitafonun lentisə sonuncu dəfə fırlanırdı: - Xışşş…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Oxucu
May 19th, 2008 at 20:55
Men bu yazini kultaz.da oxuyub beyenmisem.maraqli hekayedir.
“butun yazi-pozular,is-guc axtarislar seferler ,her sey unsiyyet ucundu.agri da aci a sevgi de…adamlar isteyirler ki harasa,kimese yol tapsinlar.qizlar,dostlar bir de ne yaxsi ki ALLAH var”.dogrudan lezzet eledi.Ayise niye bele gozeldi??
ve butun gozeller kimi insafsizdi.
movzusu heyatda goturulduyu ucun mukemmeldi bu hekaye,belke de sizin oz yasantilariniz eks olunub..
Meni sevindirdiniz-TEBRIK ELIYIREM!!!
P.S.butun yazdiqlarimin arxasindayam.hemise…amma bezen ele seyle rastlasirsn ki yazmaga bir sey tapmirsan.
Oxucu
May 20th, 2008 at 14:32
Tebrik edirem!
Muellif
May 20th, 2008 at 15:26
llk sherh yazan oxucuya teshekkur edir ve bir vacib qeydi onun ve gelecek oxucularin nezerine catdirmaq isteyirem. Bu hekayeni ilk once hormetli “Bizimki” saytina gondermishdim, amma onun saytin sehifesinde yerlehsdirilmediyini gordukde, “Kultaz”a muraciet etdim. Dushundum ki, yeqin “Bizimki” onu derc etmek fikrinde deyil.
Bir hekayenin iki saytda derc olunmasinin tarixcesi budu, yani bu, muellifin bilerekden secdiyi taktika deyil.
Dushunurem ki, sherhlerinizi esirgemeyeceksiz…
qara
May 26th, 2008 at 16:05
tebrikler
Aydan
May 27th, 2008 at 15:44
Yaxşı hekayədir.Amma bir az dolaşıqdır.Mənə anlamaqda kömək edin.Düzmü fikirləşirəm;Bu şəxs evli ola-ola bir qıza aşiq olur.Və qız onun xətrinə dəymək istəmir.Lakin özü başaqasını sevir.Düzmü anlamışam?Hörmətli müəllif zəhmət olmasa cavab yazın.Öncədən təşəkkürlər.
Natiq Memmedli
May 28th, 2008 at 11:27
Eziz dostum Qurban. hekayeni diqqetle oxudm. Mene ele geldi ki real heyat hadisesi ile uz-uzeyem. Amma 19 reqemi yalniz qiz ucun yox hemen elmleri namizedi ucun de neyise ifade etseydi, yeni hemin alimin heyatinda da 19-la baqli nese olsaydi lap yerine dusherdi.
Mene ele gelir ki, bu hekayenin mahiyyeti insanin cemiyyetde duzgun basha dushulmemesidir. Insan hisslerinin duzgun qavranilmamasidir. Dostluq ve mehebbet arasinda serheddin ne qeder ince olmasidir. Bu menim geldiyim qenaetdir.
Bilirsen ki senin yaradiciliqina ister bedii olsun, ister publisistika hemishe diqqetle yanashmisham. Bele vaxtada zovqlu oxucular ucun yazdiqina gore sene teshekkurler. Uqurlar…
Muellif
May 29th, 2008 at 12:12
Həm Aydan xanıma, həm də hörmətli dostum Natiqə təşəkkür edirəm.
Öncə Aydan xanımın sualına cavab olaraq bir necə söz… Onu da deyim ki, Aydan xanımın sualına mənim izahım hadisəni, süjeti başa düşməyə calışan birisinin (! o, müəllif olsa belə) deyə biləcəkləridi. Bu hekayə iki insanın, iki cins mənsubunun münasibətləri haqdadı; bu münasibətlər bəzən sevginin özünə yetişməsə də,Onun - Sevginin lap yaxınlığından keçir. Bəlkə NƏSƏ çatışmır ki, həmin böyük sevgi yaşansın. Bəlkə Oqtayla Aişənin münasibətini sevgiyə çatdırmayan bir qanundu - insan yalnız bir dəfə böyük sevgini yaşayır (Oqtayın ilk sevgisi haqda xatirələrinə və Aişəninin də buna qulaq asmasına diqqət yetirin…) Oqtay artıq bir dəfə böyük sevgini yaşayıb, amma Aişə haqda bu sözü demək mümkün deyil.
Bəlkə maneə Oqtayın xəstə oğludu?..
Bu hekayənin oxucusu olmuş başqa bir insana demişdim: Aişə hirslənib çıxanda qapını yarı açılı qoyur. Deməli, hələ hər şey bitməmişdi. Məncə, günah Oqtaydadı. Təsadüfi deyil ki, Aişə guya nişanlı olduğunu desə də, əslində bu, bəlli bir priyomdu. O, bir qədər gec nişanlanır…
(Bəzi detallara varmadan keçirəm Natiqin şərhinə). Natiq, çox maraqlı yanaşmadı. Yuxarıda dedim ki, günah (bəlkə də formal mənada) Oqtaydadı. 19 rəqəmi, məncə, Aişənin kodudu. Bax, Oqtay həmin koda düşə bilmir. Mənim zənnimcə…
qedir qizilses
May 30th, 2008 at 09:29
qurban, sənə qurban, iki nəfərdən bir özün haqda yazılanlara müdaxilə etməyin internet təcrübənin azlığı kimi izah oluna bilər. ehtiyatlı ol və sakit qal ki, hekayəni oxuya bilək.
Muellif
May 30th, 2008 at 16:08
Təşəkkür edirəm, Qədir. Doğrusu, Aydan adlı istifadəçi birbaşa müraciət eləmişdi, mən də cavab yazdım. Zəhmət olmasa baxın. Mən də sizin fikirdəyəm, müəllif az müdaxilə eləsə yaxşıdı, amma mən imkan daxində o biri saytlara da baxıram, onlarda belə dialoqlar daha intensiv gedir.
P.S. Bir də, mən istənilən yerdə, istənilən mətndə xüsusi adların - xüsusən, adam adlarının böyük hərflə yazılmasına tərəfdaram.
Daha mən susdum…
Rebiqe
May 30th, 2008 at 20:35
Olduqca maraqli hekayedi… ve heyatda da bezen bele olur… hekayeden sonra mutleq fikrileshirsen - bashqa cur mumkun deyil - Oqtay niye bele soyuqqanli yanashir Aisheni itirmeyine? Onu sevmir, tamam, aydindir, amma qiymetini de bilir axi… Oqtay uchun qizin nishanli olmadigini anlamaq bu qedermi chetindi - yoxsa, Aisheden qurtulmaq uchun bu yalana inanmaq en yaxshisidir onun uchun? Chunki her ikisi ulgucun uzerinde yeriyirdiler… ve ya Aishe ozu bu perspektivsiz munasibetden ne gozleyir?..
chox xoshuma geldi…
amma adam istemir hekayedeki kimi olsun…
Rebiqe
May 30th, 2008 at 20:44
He, yeqin ki, sirr burdadi, Oqtay bilir ki, chevresinden, orbitinden ne qeder choxsa da, axirda geri qayidacaq. Geri - yeni onun olan - unun olmali oldugu yere - arvadinin, oglunun yanina…
19-a da buna gore dushe bilmir - chunki bu koda achari tapsa, geri qayida bilmeyecek… ona gore de mesafe saxlayir…
Rashad
İyun 3rd, 2008 at 16:38
Men Qurban muellimin yazilarini vaxti ile chox oxumusham. Avropa adli bir qezet vardi-orada. Menim fikrimce Qurban muellimin yazdigi yazilari forumlarda muzakirelere cixarmaga ehtiyac yoxdur. Size ugurlar Qurban Yaquboglu!
Nadir
İyun 6th, 2008 at 12:32
Qurban Yaquboglunun (allah ondan razi olsun) hekayesini bir nefese oxudum.dili cox yaxsidir. lakin edebi noqteyi nezerden hekaye cox zeifdir. dialoqlar besit ve energisizdir. bele hekayeni ondan hec gozlemezdim
amaravati
İyun 11th, 2008 at 11:37
yaxşı hekayədi, ama hələ oxumamışam.