Dəniz gözlərində nitqim boğulub,
Mən nə yaziım başdan-başa tərifsən.
Zərif sözü sənlə birgə doğulub,
Sənsə zərif sözündən də zərifsən.

Sən gülməsən bəşəriyyət gülməz ki,
Dünyanın ən nadir xəzinəsisən.
İnsan bu cür gözəl ola bilməz ki,
Sən mələk cinsinin nümunəsisən.

Bunlar həqiqətdir, fantaziya deyil.
Uzun tellərindən yazmiram hələ.
Ölsəm inanmaram keçsə milyon il,
Bir də sən kimisi dünyaya gələ.

***

Sən inadçı biri, mən dəli, xəstə,
Yenə də küsmüsən adi şey üstə.
Günahkar səniydin, ay boyu bəstə,
Məndə də bir səhv vardı deyəsən.

Çox ayrı qaldıqca sevgi itəcək,
Bu işin axırı hara gedəcək?
Mən zəng etməyincə davam edəcək,
Ayrılıq olacaq ardı deyəsən.

Zəng etdim açmadın, şübhə gətirdin,
Bütün ümidləri məndə itirdin.
İkinci zəngimdə şükür götürdün,
Düşündüm ki, yerin dardı deyəsən.

Niyə götürmədin ilk zəngimdə sən?
“Axı zəng gəlməyib mənə”-deyirsən.
Necə zəng gəlməyib? Zəng etmişəm mən.
Sənin telefonun kardı deyəsən.

***

Gülüm, mənə necə ilham vermisən?
Sonsuzlaşıb, zənginləşib xəyalım.
Səni sözlə təsvir edə bilirəm,
İnanmazdım bu zirvəyə ucalım.

Nə qədər birlikdə vaxt keçiririk?!
Baxmaqdan doymuruq bir birimizə.
Gündə dörd-beş saat məcbur yatırıq,
Qalan saatlar da çatmayır bizə.

Nə qədər saçına sığal çəkərəm,
Hər telinə ayrı-ayrı dəyərəm.
Sayını da hətta əzbərləmişəm,
Yuxulu da soruşsalar deyərəm.

Gözlərini seyr etməyi sevirəm,
Əksimi tapmağa diqqət verirəm.
Bu da bir cür möcüzədir, sevgilim.
Sənə baxıb özümü də görürəm.

Bədəninin qoxusu da dərmandır,
Çox sirri var bu ətirli məhlulun.
Mendeleyev yüz il yuxu görsə də,
Tapa bilməz bu qoxunun formulun.

Boğazında xal qoymusan, İlahi.
Kaş ki, onu yaradanda görəydim.
Mən bilməzdim hara qoyum yaraşsın,
Bir də zövqün qarşısında baş əydim.

Məndən bura qədər, üzr istəyirəm,
Başqa vaxt yazmağa sözüm də qalsın.
Çoxdur gözəlliklər, yaza bilmərəm,
Elə sirr var gərək özümdə qalsın.