Qulağına səslər gəlirdi. Külək səsi, adam səsi, yarpaq xışıltısı, otun, torpağın, daşın, qayanın, göyün, yerin, quşların, heyvanların… səsi. Bu səslərin hamısı bir-birinə qarışmışdı. Qulaqları uğulduyır, bu qat-qarışıq - həm doğma, həm yad, həm munis, həm də vahiməli səslərdən qaçmaq, qurtulmaq istəyirdi. Qorxurdu bu səslərdən. Həm də qorxmurdu. Əfsanələrdə söylənilən Al qadınları kimi şirin, ovsunlu dilini işə salıb tanımadığı yerlərə çağırırdı həmin səslər onu.
Tərpənmirdi. Bir ovuc torpağa dönüb, yerdən bapbalaca boyu ilə azca seçilən torpaq yığnağına qarışmışdı sanki. Bu torpaq yığnağı ilə birgə heç yerdə, heç vaxt eşitmədiyi səsləri dinləyirdi. Həmin torpaq yığnağının özü də, o yığnağın baş ucuna sancılan neçə belə yığnaqlara yol yoldaşı olmaqdan qocalmış, üzü qırış-qırış olmuş daş parçası da, həmin daş parçasının xəcalət tökülən qırışlarını öz gözəl ləçəkləri ilə gizlətmək istəyən bir cüt qızılgül də onunla birgə o səslərə qulaq asırdı. Bəlkə elə bu torpaq yığnağı, üzü qırış-qırış olmuş bu daş da, hələ dünyanın zövqünü tumurcaqlarında yaşayan qızılgüllər özü də danışır, səsini səslərə qatırdı.
Bircə onu bilirdi, duyurdu ki, bura başqa bir dünya, başqa bir məkandır. Buranın daşları, ağacları, adamları tamam başqa cürdülər. Həm də bu daşlar, ağaclar, adamlar bir-birlərinin oxşarıdılar. Boy sırası ilə düzülmüş daşların hamısı bir rəngdə, bir səmtdə, ağacların hamısı bir qaydada, bir düzümdə, adamların isə hamısı bir gözdə, bir baxışdadırlar. Keşikçi ağacların altından zirehli daşlar, zirehli daşların üzərindən isə bir-birinə bənzəyən baxışlar… O baxışların hamısında eyni kədər, eyni hüzn, eyni dalğınlıq gizlənmişdi. O baxışların hamısı bir səmtə, bir tərəfə dikilmişdi. O baxışların hamısı ağrılı, acılı olsalar da heç birindən «imdad edin», «kömək edin» pıçıltıları eşidilmirdi. Heç kəsi gözləmirdilər o baxışlar. Sonsuzluğa dikilir, elə sonsuzluqda da qeyb olurdular.
Düşünürdü… Bəlkə elə bu qara daşlardan boylanan «qara» adamlardı bu səsləri çıxaran. Yox! Axı bu səslər adam səslərinə bənzəmirdilər. Həm də bənzəyirdilər…
Ha çalışdı ki, bu qat-qarışıq səslərin içindən bircəsini seçsin, anlasın. Amma mümkün olmadı. Yenə qulaqları uğuldadı, qarışıq səslərin içində özünün iniltisi də əridi, yox oldu.
Ona elə gəldi ki, sinəsi böyüdü, döşləri südlə doldu və həmin torpaq yığnağının üzərindəki bir cüt qızılgülə, sonra üzü qırışmış daş parçasına, oradan da bapbalaca torpaq yığnağına düşdü. İçində nəfəsini kəsən bir sancı baş qaldırdı. Sancı getdikcə şiddətlənir, bütün varlığını bürüyürdü. Kürəyindən sinəsinə doğru yönələn küt ağrı isə daha dözülməz idi…
… Həkimlər həmişəki kimi adi iş günlərini yaşayır, ana olmağa hazırlaşan qadınlar həmin müqəddəs duyğuları gerçəkləşdirəcək bir dünyanın astanasında gah qışqırır, gah ağlayır, analarını səsləyib, haray çəkir, həkimlərdən imdad diləyir, o müqəddəs dünyanın qapısına tez çatmaq, içəri girmək üçün qaçır, tövşüyürdülər.
Hələ ömründə belə ağrı, bulə sancı görməmişdi. Əvvəl bir saatdan, sonra yarım saatdan, iyirmi dəqiqədən bir tutun sancı bir iki dəqiqə davam edir və sakitləşirdi. Ona elə gəlirdi ki, həmin bir-iki dəqiqə bir az da uzansa dözməzdi…
Qışqırmaq, gücü çatanadək qaçmaq, ağrıların əlindən qurtarmaq istəyirdi. Həkimlərsə ona təzyiqinin çox yüksək olması ilə əlaqədar olaraq, qışqırmağın, hərəkət etməyin dünyaya gələcək körpəsi və özü üçün çox zərərli olduğunu söyləyirdilər. Hətta ışığın da ona mənfi təsir edəcəyini deyib, qaranlıq bir otaqda olmasını məsləhət bilmişdilər. Həsəd aparırdı dəhliz boyu qaçan, qışqıran hamilə qadınlara. Qaranlıq otaqda, arxası üstə uzanıqlı halda bu ölümdən betər sancının sakitləşməsini gözləyirdi. Dodaqları, bənizi dümmağ olsa da, əllərinin içı qıpqırmızı köpmüşdü. Sancısı hər tutanda dəmir çaprayıdan yapışar, var gücü ilə sıxardı. Artıq çaprayı da dilə gəlmişdi. Ondan qurtulacığı anı gözləyirdi. Sancısı dayanan kimi isə göz qapaqları yumulur, illərin yuxusuzu kimi, yuxuya dalırdı. Ağrı və yuxu onun iradəsinə, gücünə hakim kəsilmişdi.
Elə həmin dözülməz sancıların içində kürəyindən sinəsinə doğrü yön alan küt bir ağrı da onun olan hənirini kəsir, qüvvəsini tükəndirirdi. Ona elə gəlirdi ki, kimsə kürəyindən sinəsinə böyük bir bıçaq saplayıb və o bıçağı kürəyindəcə qəddarcasına burur, yenə bururdu.
Onun təzyiqini tez-tez ölçən tibb bacısı əvvəllər ürəyi ilə bağlı bir şikayətinin olub-olmamasını da soruşmuşdu. Yox, - demişdi. Yalan söyləmişdi. Gələcək körpəsinin xatirinə yox demişdi.
Dözürdü bütün bunlara. Bəlkə də uzun zamandır bu ana həsrət qaldığı üçün dözürdü.
Ürəyinin altında başqa bir ürəyin döyündüyünü hiss etdiyi gündən onda həyata bağlılıq, inam, yaşamaq eşqi baş qaldırmışdı. Yaşamaq və körpəsini yaşatmaq eşqi. Əslində həmin yaşamaq eşqinin özü də yaşatmaqdan irəli gəlirdi. O artıq bilirdi ki, bir canlını, həm də onun özünün canında olan canlını yaşatmalıdır. Elə həmin sancıların, ağrıların içində olanda da ürəyinin altındakı ürəyin döyüntülərini eşidir və o döyüntüləri yaşatmaq üçün dözürdü, yaşayırdı…
Bircə anlıq gördü körpəsini. Ağ xalatlı həkim çox həyəcanlı idi. Onun üzündəki həyəcandan hiss olunurdu ki, bu günkü iş günü heç də həmişəki kimi adi iş günlərindən deyil. Bəlkə elə bu gün də adi idi. Bəlkə də həmin ağ xalatlı həkim belə günləri yaşamış, belə anlara da öyrəşmişdi. Amma yox, həkim tələsir, təlaş keçirirdi. O, isə bütün bunları kənardan çox adi, çox sakit seyr edirdi. İçində bir rahatlıq yaranmışdı. Bayaqkı ağrılardan əsər-əlamət qalmamışdı. Qarnındakı sancılar, kürəyindəki «bıçaq yerinin» küt ağrısı hamısı yoxa çıxmışdı. Bir anlıq bu əzab dolu dünyadan uzaq düşdüyünü hiss etdi. Çarpayıdan aşağıyı doğru ümidsiz bir görkəmdə sallanan qollarını yuxarı qaldırdı. Sağ əlini ürəyinin üstünə qoydu. Yox, ürəyi də döyünmürdü. Onun ağrıları ilə birgə ürəyini də ağ xalatlı həkim çəkib bədənindən çıxarmışdı. Bir anlıq həkimin əllərinə baxdı. Gördü ürəyini o əllərdə. Ürəyi bapbalaca idi. Ürəyinin əlləri, ayaqları, saçları, bapbalaca ağzı, burnu var idi. Ürəyinin gözlərinə baxmaq istədi. Amma deyəsən ürəyi onu görmək istəmirdi. O bapbalaca gözlərini bərk-bərk yummuşdu. Ürəyinin avazımış sifətinə, balaca əllərinə, ayaqlarına, sarımtıl saçlarına bir də baxdı. Yavaşca ürəyinə yalvardı, yalvardı ki, gözlərini açsın, bircə dəfə açsın. Ürəyi onun bu yalvarışlarına da cavab vermədi. Susdu… susdu…
Bir azdan ağxalatlılar çoxalmışdı. Onlar tələsir, vurnuxur, onun ürəyini ona qaytarmaq üçün çalışırdılar. Onun ürəyinə iynə vurdular, döyündürmək üçün süni nəfəs verdilər açmadı gözlərini ürəyi. Onun bədənindən qopduğu, çıxarıldığı üçün ağlamadı, hayqırmadı ürəyi. Susdu… susdu!
Sonra isə onun bapbalaca ürəyini başqa yerə apardılar. O da yumdu gözlərini ürəyi kimi, o da susdu, ağlamadı, hayqırmadı susdu… içində ürəyinin gözlərinə baxmaq, səsini eşitmək, nəfəsini duymaq, onu bağrına basmaq, ürəyini öz yerinə - köksünə qoymaq arzusu olsa da susdu. Ürəyinin yerindən bir sızıltı çıxdı. Ürəyinin yeri göynədi. İki damla solğun rəngli yaş dənəcikləri çıxdı ürəyinin yerindən, ağladı ürəyinin yeri…
Yenə susdu… Söyləmədi, heç kəsə demədi ağ xalatlıların onun ürəyini çıxarıb apardıqlarını. Yoxdu daha onun ürəyi. Ağrıların əlində qovrulan zaman göz yaşları altında, inildəyə-inildəyə çağırdığı, səslədiyi, amma səsinə səs verməyən anasına, onunla birgə o məşum gecəni yaşayan ömür-gün yoldaşına da demədi daha ürəyi olmadığını. Heç kəsə demədi susdu…
Onun ürəyinin yeri göynədikcə ağlamaqdan gözləri şişmiş döşləri, bir də qan ağladı, bir də sızladı, bir də göynədi. O yer qan ağladıqca ürəyini gəzdi, ürəyini axtardı. Amma bilirdi… bilirdi ki, artıq ürəyi ondan çox uzaqlardadı. Bir də geri dönməyəcək. Onun bapbalaca ürəyi qocalmış, üzünə qırış düşmüş bapbalaca bir daş parçasının altında bapbalaca bir torpaq yığnağına dönüb. O bapbalaca torpaq yığnağından isə ürəyini alıb heç vaxt öz yerinə qoya bilməyəcək.
Ürəyini oxşamaq, illərdir sinəsində qoruyub saxladığı büküm-büküm, qönçə-qönçə laylaları söyləmək, ürəyinin bircə təbəssümünü görmək, nəfəsini duymaq istədi. Boynunu bükdü laylaları, yetim qaldı laylaları…
…Anladı, bildi ki, daha onun ürəyi başqa bir dünyanın yetim sakinidir, o isə bu dünyanın… Heç vaxt, heç kimə söyləyə bilmədiyi iniltilər dilə gəldi, danışdı…
Bu dünyada mən yetiməm,
O dünyada balam yetim!
Həmin iniltilər yenə də həmişəki kimi tanımadığı, bilmədiyi qatmaqarışıq səslərə qarışdı. Elə bu qatmaqarışıq səslər içindən qulağına çox aydın eşidilən, həm də başa düşülən bir səs gəldi:
- Gəl, ay bala, gəl, burada ha dursan, ha gözləsən də bir xeyri yoxdur. Mən on beş ildir ki, bu yerə-gəlib gedirəm. Amma bu on beş ildə bircə nəfərin geri döndüyünü görməmişəm. Gəl, gəl gedək…
Bir əlində yaylıq, o biri əlində gülabdan tutmuş qara örpəkli qadının səsi onun bütün ağrı acılarını əlindən aldı. O dəhşətli hənirini kəsən sancı, kürəyindəki ağrılar da birdən-birə yoxa çıxmışdı. Bayaqdan bəri qulaqlarında uğuldayan qatmaqarışıq səslər də susmuş, kirimişdi. Qeyri-ixtiyari əllərini sinəsinə apardı. Döşlərinin şişi də çəkilmişdi…
Başını qaldırdı. Sanki bu yerləri ilk dəfə idi görürdü. Fikirləşdi, fikirləşdi ki, aman Allah burada nə qədər bapbalaca torpaq yığnaqları var imiş. Həmin torpaq yığnaqları, üzləri qırışmış daşlar getdikcə böyüyür, böyüdükcə sanki üzlərinə sığal çəkilir, «qoca», dümmağ, simsiyah, par-par yanan mərmərlərə dönür, həmin mərmərlər isə ölümü cavanlaşdırır, sonra isə kiçildirdi…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Etibar
İyun 13th, 2008 at 01:44
Irade xanim,
belke men hisse qapilmisham. Bilmirem.
Belke menim omrumde de bele bir aqri olduquna gore Sizin hekayeniz mene bele tesir edib. Bilmirem.
Men ne vaxtsa bele bir agini ya ozum yazacaqina, ya da kiminse yazacaqina inanmisham.
Bu agini Siz yazmisiniz, Irade xanim.
Men Sizi opurem.
Meni baqishlayin.
Etibar
İyun 21st, 2008 at 01:47
İradə xanım, yuxarıdakı şərhimdə heç şübəhsiz mən hissə qapılmışam. Elə bilirəm, bu bir oxucu kimi mənim zeifliymi göstərsə də, bir yazıçı kimi Sizin uğurunuzdur.
Sizin hekayənizdə mənim xoşuma gələn nə oldu?
İlk növbədə yazıçı ilə mövzusu arasında sərhəddin olmaması. Siz əslində yazı texnikanızla tamamilə mövzunun içərisində «ərimiziniz» və əslində hekyənin müllifindən daha çox iştirakçısına çevirilmisiniz.
Bu yaxışıdır, yoxsa pis, deyə bilmərəm.
Amma hər halda yazıçını öz mövzusu ilə belə qaynayıb qarışması bədii əsərə heç də həmişə uğur gətirmir. Amma, elə bilirəm, bu hekyədə alınıb.
Hekayəde Siz çox mürəkkəb bir anı o qədər təbii, o qədər yerili - yerində ifadə etmisiniz ki, şəxsən mən bu qədər informasmyanın bir - birinə mane olmamasına ürəkdən sevinirəm.
«Çarpayıdan aşağıyı doğru ümidsiz bir görkəmdə sallanan qollarını yuxarı qaldırdı. Sağ əlini ürəyinin üstünə qoydu. Yox, ürəyi də döyünmürdü. Onun ağrıları ilə birgə ürəyini də ağ xalatlı həkim çəkib bədənindən çıxarmışdı. Bir anlıq həkimin əllərinə baxdı. Gördü ürəyini o əllərdə. Ürəyi bapbalaca idi. Ürəyinin əlləri, ayaqları, saçları, bapbalaca ağzı, burnu var idi. Ürəyinin gözlərinə baxmaq istədi. Amma deyəsən ürəyi onu görmək istəmirdi. O bapbalaca gözlərini bərk-bərk yummuşdu. Ürəyinin avazımış sifətinə, balaca əllərinə, ayaqlarına, sarımtıl saçlarına bir də baxdı. Yavaşca ürəyinə yalvardı, yalvardı ki, gözlərini açsın, bircə dəfə açsın. Ürəyi onun bu yalvarışlarına da cavab vermədi. Susdu…»
İradə xanım, ölüm ayağında olan insanın sevinməsini bu qədər dəqiq ya peşəkar yazıçı ifadə edə bilər, ya da mövzunu axıra qədər özünükü etmiş adam. Hər iki halda bu çox yaxışıdır. Bunu özünüz özünüzə aydınlaşdıra bilsəninz, bir yaradıcı kimi Siz öz yazıçı xarakterninizi də təyin edə bilərsiniz.
Yaradıcılıq üçünsə bu çox vacibdir.
Yazıçı bədii təkanın hardan gəldiynini aydınlaşdıranda daha asan, daha səmərəli işləyə bilir.
İradə xanım, mənim şərhim uzandı.
Bir məsəlyə də münasibət bildirməklə sözümü bitrimək istəyirəm. Elə bilirəm hekayənin adında «yetim» ifadəsi artıqdır. Hekayənin adı əslində «Layla»dır. Həm yazıçının laylası, həm hekayədki qadının laylası, həm də korpənin laylası… Sözün böyük mənasında layla…
Mən Sizin yazılarınızı izləməyə çalışacağam.
B.ELCAN
İyul 7th, 2008 at 19:28
NIYE OZUNU MEHV EDIRSEN AXI?
Irade_Aytel
İyul 19th, 2008 at 20:01
Etibar bey,menim yaradiciligima diqqet yetirdiyinize gore size teshekkur edirem.yazilarim saytimda var vaxtiniz olsa oxuyarsiniz . Iradeaytel.azeriblog.com