Hər şey ondan başladı ki, Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu adlı qurum Kiyev şəhərində qeydiyyatdan keçdi. Daha doğrusu, Ukraynada yaşayan həmvətənimiz, tanınmış iş adamı, “Polisya” şirkətinin sahibi İlqar Abbasov qardaşı Azər Abbasovla birgə fondu qurdular. Onsuzda o vaxta qədər Abbasov qardaşları sosial yönlü onlarla layihə həyata keçirirdilər. Bəs onda fondu qurmaqda məqsəd nə idi? Çox adi. O vaxta qədər gördükləri çoxsaylı xeyriyyəçilik fəaliyyətlərini konseptual və sistemli hala gətirsinlər. Eyni zamanda hər iki ölkənin tanınmış mədəniyyət xadimlərinin məsləhətinə ehtiyac var idi. İlqar Abbasov fondun prezidenti kimi məhz bu yolu tutdu. İlk məsləhətlərini isə elə İlqar müəllimin də məsləhətçisi olduğu ölkəmizin Ukraynadakı səfirliyi, konkret olaraq isə cənab səfir Tələt Əliyev verdi.
Fond ilk böyük addımını atmalıydı. Artıq Bakıda fondun işinə tanınmış telejurnalist, respublikanın əməkdar artisti Rafiq Həşimov və “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, şair Səlim Babullaoğlu dəvət olunmuşdular. Üçlükdə olan söhbətin nəticəsi kimi GUAM ölkələri yazarlarını Bakıya toplamaq kimi böyük bir ədəbiyyat layihəsi gerçəkləşdirmək qərarı verildi: İlqar Abbasov “nə lazımdısa, edək, maliyyə probleminiz olmayacaq” dedi.
Niyə PENGUAM…?
GUAM təşkilatı Gürcüstan, Ukrayna, Moldova və Azərbaycanın beynəlxalq aləmdəki yerinin möhkəmləndirilməsinə xidmət edən strukturdu. Demək ki, həm də əməkdaşlıq üçün daha müvafiq zəmin vardır artıq. Bəs niyə bu zəmin var ikən, mövcud beynəlxalq siyasi formatın üstündə bir ədəbiyyat qurumu olmasın? Qərbdən Şərqə uzanan ox boyu niyə Ukrayna bizim ədəbiyyatın qərbə daha bir qapısı olmasın, yaxud tərsinə? Bunu layihəni gerçəkləşdirmək üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə olunan müraciətə cavab da təsdiqlədi. İdeya nazirlik və konkret olaraq nazir cənab Əbülfəs Qarayev tərəfindən dəstəkləndi. Özü də bu tədbirlər silsiləsi təkcə müstəqil Azərbaycanın deyil, həm də GUAM-ın yaradıcılarından biri olan Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuşdu.
Kiyevdə Azərbaycan mədəniyyəti günləri…
Layihənin birinci mərhələsi Kiyevdə məşhur olan “Kiyevskaya Rus” jurnalının bir sayının bütünlüklə Azərbaycan ədəbiyyatına həsr olunmasından ibarət idi. Yəni tərcümələr hazırlanmalı və nəşr olunmalı idi. Səlim babullaoğlu ilə jurnalın baş redaktoru Dimitro Stusun dostluğu ilə başlanan bu aksiyanın nəticəsi sonradan 50 azərbaycanlı müəllifin əsərlərinin peşəkartərcümədə və yüksək poliqrafik nəşrdə cəmlənməsi ilə bitdi, giriş məqaləsini isə Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov yazmışdı. Sonradan Bakıda ikən Dimitro Stus Azərbaycan telekanallarından birinə verdiyi intervyuda deyirdi: “Bilirsiz, Kiyevdə ümumiyyətlə azərbaycanlılara münasibət çox yaxşıdır. Amma birmənalı deyil. Digər tərəfdən, sizdə olduğu kimi bizdə də sizin ədəbiyyatı tanımırlar. Ona görə bir jurnalın özünü bütünlüklə kifayət qədər tanınmayan ədəbiyyata həsr etməsi, hətta bütün məsrəflər ödəndiyi təqdirdə belə, jurnalın gələcəyi baxımından ehtiyatlı olmağı tələb edirdi. Amma mən mətnlərlə iş prosesi zamanı anladım ki, seçim düz aparılıb, mətnlər çox maraqlıdır, Ukraynalı oxucu zövq alacaq. Nəticə gözləniləndən qat-qat yaxşı oldu. Ədəbiyyatşünaslar və oxucularımızın rəyləri bizim üçün çox sevindirici idi.”
Aprelin 20-25 arasında Ukraynanın paytaxtında, məşhur “Kiyev” otelində təmtəraqlı şəkildə təqdim olundu. Tədbirə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anarın başçılığı ilə nümayəndə heyəti də qatıldı. Bir neçə gündən sonra Kiyev mətbuatında İlqar Abbasovun intervyusu dərc olundu:
“Biz istəyirik ki, bizim xalqımız bütün dünyada olduğu kimi, Ukraynada da qədim mədəniyyətə sahib xalq kimi tanınsın. Biz istəyirik ki, azərbaycanlı deyəndə bütün insanların ürəyi sayğı və hörmət hissləri ilə dolsun. Bütün görülən bu işlərin, əvvəl gördüklərimizin də, indikilərin də, niyyətlərimizin də yalnız ölkəmizin dostluğuna, dövlət başçılarımız hörmətli İlham Əliyev və Vladimir Yuşşenkonun apardığı strateji dostluq siyasətinə bir vətəndaş töhfəsi kimi başa düşülməsini istərdik”
GUAM ölkələri yazarlarının antologiyası
Tədbirin ikinci mərhələsi belə bir antologiyanın hazırlanması idi. Səlim Babullaoğlunun tərtibçiliyi ilə hazırlanmış, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş antalogiyaya Ukraynadan Vasıl Stusun, Vasıl Gerasimyukun, Sergey Qrabarın, Aleksey Zaxaroviçin, Mariya Matiosun, Taras Fedyukun, Vyameslav Klokovun və Dimitro Stusun bədii mətnləri, Moldovadan Vladimir Lorçenkovun, Uzun Sergeyin, Olqa Xodovanın və Yekaterina Burlakın hekayə və şeirləri, Gürcüstandan Şota İataşvilinin, Zviad Ratianinin, David Çixladzenin, Lela Samniaşvilinin, Rusudan Kaişaurinin və Şalva Bakuradzenin, Azərbaycandan isə İmir Məmmədlinin, Əjdər Olun, Orxan Fikrətoğlunun, Yaşarın, Kamran Nəzirlinin, Rafiq Həşimovun, Əlizadə Nurinin, Əlişirin Şükürlünün, Rəbiqə Nazimqızının, Pərviz Yusifin, Elnarə Şəmsin, Əli Əlioğlunun, Qismətin və Orxan Muxtarlının bədii mətnləri daxil edilmişdi. Mətnləri Siyavuş Məmmədzadə, Rəbiqə Nazimqızı, Pərviz Yusif, Gülər Sadıqova, Mehriban Əsgərova və Səlim Babullaoğlu tərcümə etmişdilər. Antologiyada yer alan əksər mətnlər həmin ölkələrin yeni dövr ədəbiyyatı nümunələrindən ibarət olub, yaxın qonşularımızın çağdaş ədəbiyyatlarına kiçik baxış üçün gözəl imkan yaratdı.
PENGUAM günləri
Tədbirlərin əsas mərhələsi Bakıda baş tutdu. İyunun 1-5 arasında baş tutan tədbirin ilk günü yazarlar- Ukraynadan Sergey Qrabar, Dimitro Stus və Pyotr Kralyuk, Gürcüstandan Şota İataşvili və David Çixladze, Moldovadan Vladimir Lorçenkov ölkəmizin paytaxtına toplaşdılar. Qonaqlar üçün üçgünlük maraqlı proqram nəzərdə tutulmuşdu. Sabahı gün, yəni iyunun 2-si səhərdən etibarən gərgin və maraqlı proqram başlayırdı. Proqrama ümummili lider Heydər Əliyevin məzarını ziyarətlə start verildi. Ukrayna-Azərbaycan Dostluğu beynəlxalq Xeyriyyə Fondunun prezidenti İlqar Abbasov və fondun digər nümayəndələrinin iştirakı ilə qonaqlar ümummilli liderin məzarına əklil qoyduqdan sonra Şəhidlər Xiyabanını ziyarət etdilər. İlk görüş Yazıçılar Birliyində keçirildi. Azərbaycan Xalq Yazıçısı Anar tərəfindən qəbul olunan yazarlara ölkədəki ədəbi proses, dövlətin ədəbiyyata qayğısı və digər məsələlər barədə məlumat verildi. Sonra müstəqil fondların və təşkilatların sənətə və mədəniyyətə yardımı məsələsinin bu gün çox aktual olması ətrafında fikir mübadiləsi oldu. Xalq Yzıçısı Anar qonaqları maraqlandıran suallara aydınlıq gətirdi. Sonra isə Yazıçılar Birliyinin sədri ukraynalı yazar Dimitri Stusa, gürcüstanlı şair Şota İataşviliyə və moldovalı yazıçı Vladimir Lorçenkova birliyin fəxri üzvlük vəsiqələri təqdim olundu.
Növbəti maraqlı görüş Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə oldu. Layihə çərçivəsində fondla tərəfdaşlıq etdiyini məmnuniyyətlə dilə gətirən nazir Qarayev PENGUAM adlı bir ədəbiyyat təşkilatının xalqlarımızın ədəbiyyatlarının tanıdılması işində xidmət göstərəcəyinə əminliyini ifadəe tdi. Daha sonra layihənin koordinatoru Səlim Babullaoğlu qonaqlar və onların gördüyü işlər haqqında nazirə müfəssəl məlumat verdi. O qeyd elədi ki, fondun prezidenti İlqar Abbasovun dəstəyi və jurnalın baş redaktoru Dimitro Stusun rəhbərliyi ilə “Kiyevskaya Rus”- Azərbaycan buraxılışı işıq üzü görmüşdür. Eyni zamanda Şota İataşvilinin tərtibçiliyi və redaktorluğu ilə ötən il “Azərbaycan poeziyası antologiyası” nəşr edilmişdir. “Biz isə öz növbəmizdə nazirliyin dəstəyi ilə GUAM ölkələri yazıçılarının əsərlərindən ibarət bir antologiya nəşr etmişik, cənab nazir, bu nəşrə görə icazə verin sizə təşəkkür edək” deyə Səlim Babullaoğlu öz fikirlərini belə yekunlaşdırdı. Daha sonra yazıçılar Sergey Qrabar, Petro Kralyuk, Şota İataşvili, Elçin Hüseynbəyli də çıxış etdilər. Ukraynalı qonaqlar Petro Kralyuk prorektoru olduğu “Ostojskaya Akademiya” Ukrayna Milli Universiteti adından nazir Əbülfəs Qarayevə kollaj üsulu ilə hazırlanmış bir rəsm əsəri hədiyyə etdi. Sonda çıxış edən fondun prezidenti İlqar Abbasov nazirə layihə boyu fondu dəstəklədiyinə görə və qəbul üçün minnətdarlığını bildirdi, qeyd etdi ki, fondun əsas məqsədi xalqlarımızın mədəniyyətlərinin yaxşılaşdırılması işinə dəstək verməkdir. “Bizim üçün çox sevindiricidir ki, bu böyük tədbir ümummilli liderimizin anadan olmasının 85-ci ildönümünə həsr olunub. Çünki Heydər Əliyev həm də dünya miqyaslı siyasətçi kimi GUAM-ın memarı olub. İndi hörmətli prezidentimiz İlham Əliyev cənabları GUAM formatında Ukrayna, Gürcüstan, Moldova ilə ölkəmizin əlaqələrinin hərtərəfli inkişafı naminə uğurlu siyasət aparır, qoy bizim GUAM yazıçılarını bir yerə toplamağımız da həmin işə bir vətəndaş töhfəsi olsun.” Görüşdə qonaqlarla yanaşı yazıçılar Rafiq Həşimov, Günel Anarqızı, Pərviz Yusif, Elxan Zal Qaraxanlı, Məqsəd Nur, Aydınxan Əbilov da iştirak edirdilər. Görüşün sonunda qonaqlara təşəkkürünü bildirən və onlara nazirliyin adından hədiyyələr verən nazir qonaqları bir daha Azərbaycanda görmək istəyini dilə gətirib bəzi tövsiyyələrini də verdi.
Tədbirin növbəti və maraqlı anlarından biri Axundov adına Milli Kitabxanada təşkil olunan poeziya gecəsi idi. Gecədə ukraynalı şairlər Sergey Qrabar və Dimitro Stus, gürcüstanlı şairlər Şota İataşvili və David Çixladze, azərbaycanlı şairlər Qəşəm Nəcəfzadə, Elxan Zal, Rəbiqə Nazimqızı, Qismət, Əli Əlioğlu və başqaları öz şeirlərini oxudular. Sonra isə “İrəli” Gənclər Hərəkatının nümayəndəsi gənc yazıçı Orxan Muxtarlı qonaqlar üçün hazırlanmış hədiyyələrini təqdim elədi.
Tədbirin daha bir məqamı fondun nümayəndələrinin və qonaqların Heydər Əliyev Fondunu ziyarət etmələri, muzeylə tanışlıq oldu. Təkcə Azərbaycan tarixində deyil, bir vaxtlar onların ölkələrinin də daxil olduğu böyük bir dövlətə rəhbərlik edənlərin sırasınd aolmuş azman siyasət adamının keçdiyi dolğun həyat yolu ilə tanış olan qonaqlar öz heyrətlərini gizlətmirdilər. Sonda Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondunun prezidenti İlqar Abbasov həm fondun, həm də qonaqların adından Heydər Əliyev muzeyinin rəhbərliyinə məşhur Ukrayna rəssamı Vladimir Slepçenkonun “Şərq natürmortu” əsərini təqdim etdi
Görüşlərin xaricində əsas hadisələr qonaqların yerləşdikləri və məmnun qaldıqları “İçərişəhər” otelində baş verirdi. Belə ki, iyunun 2-3 bütünlüklə müzakirələrə və PENGUAM təşkilatının yaradılması məsələlərinə həsr edildi. Ukrayna tərəfdən məruzə ilə Dimitro Stus, Gürcüstan tərəfdən David Çixladze, Azərbaycan tərəfindən ədəbiyyatşünas Rüstəm Kamal məruzə etdikdən sonra məruzələr ətrafında Rafiq Həşimovun, Səlim Babullaoğlunun, Elçin Hüseynbəyli və Aydınxan Əbilovun qoşulduqları çıxışlar başladı.
Sonda isə heç bir şəxsi və dövlət asılılığı, eləcə də siyasi prioritetləri və məqsədləri olmayan, məqsədi üzv ölkə xalqları ədəbiyyatlarının təbliği, nəşri, habelə yazarların hüquqlarının qorunması olan PENGUAM Ədəbiyyatçılar və Mədəniyyət Xadimlərinin Yaradıcı Birliyi yaradıldı və onun idarəçilik, nizamnamə və prinsipləri müzakirə edildi. Birliyə sədrlik iki illik müddətə nəzərdə tutularaq dəyişkən xarakter daşıyacağı qərara alınandan sonra ukraynalı şair Sergey Qrabar ilk sədrliyi Azərbaycan tərəfinin etməsini və bunu PENGUAM Şurasının sədri kimi Səlim Babullaoğlunun keçirməsini təklif etdi. Qərar qəbul edildikdən sonra qonaq yazarlarla yanaşı PENGUAM-ın təsisçiliyinə təşkilat kimi qoşulan Ukrayna-Azərbaycan Dostluğu Beynəlxalq Xeyriyyə Fondu və “Ostrojskaya Akademiya” Ukrayna Milli Universiteti olaraq fondun prezidenti İlqar Abbasov, universitetin prorektoru Petro Kralyuk, Azərbaycan tərəfindən isə Səlim Babullaoğlu və Rafiq Həşimov həm təsis sənədlərinə, həm memoranduma imza atdılar.
Beləliklə, PENGUAM yarandı.
PENGUAM nə edəcək…
Bu suala çoxlu cavablar olacaq. Ən doğru cavab indiyə qədər görülən işlərdir. Və bir də zaman-zaman mətbuat və mediaya görülən işlər, imzalanan sənədlər, keçiriləcək görüşlərlə bağlı məlumatlar veriləcəkdir. Mətbuat üçün verdiyi ilk açıqlamalarında Səlim Babullaoğlu bildirdi ki, “əlbəttə, biz ilk növbədə ədəbiyyatların tanıdılması işinin mütəmadi xarakter almasına çalışacağıq. Artıq hər üç ölkədə həm ayrı-ayrı müəlliflərin publikasiyaları, antologiya və kitablarının nəşri istiqamətində konkret işlər görməyə başlamışıq. Hər halda 2010-cu ildə Kiyevdə toplaşmaq qərarını vermişik. Yəqin ki, o vaxta qədər çoxlu layihələrimiz olacaq.”
Ceyhun Məmmədov
Kiyev



Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!