( Millətimin fədakar oğlu Əhməd Obalıya anasının vəfatına görə başsağlığı verib və bu hekayəni Güney Azərbaycan uğrunda mübarizə aparan bütün millətçilərin analarına ittihaf edirem.)
Dəfələrlə həbs olunub, işgəncəyə məruz qalsam da, amma evimizi tərk edib və özümə başqa sakit, əl-ayaqdan uzaq bir yerdə məskən seçmək fikrim yox idi. Lakin son işgəncə əvvəlkilərdən betər oldu. Məni İranın xüsusi təhlükəsizlik orqanının nümayəndələri tərəfindən həddələyib bildirdilər ki, ölkəni tərk etməsən, ölümünü gözünün qabağına al!
Nə qədər düşünsəm də, hər halda seçim qapıları üzümə bağlı idi. Ağır iqtisadi, siyasi duruma görə, Güney Azərbaycanı tərk etməkdən başqa əlacım qalmırdı. Mənlə çiyin - çiyinə mübarizə aparan onlarla milli fəal artıq ölkəni tərk edib xaricə mühacirət etmişdilər. Əlbəttə, öz xoşlarına yox. Belə demək mümkünsə, rejimin küçə - bazarlarda, xiyabanlarda, adamların gediş - gəlişinin çox olduğu ictimai yerlərdə dar ağacı qurub, ölkə gənclərini ana - bacılarının, doğmalarının gözünün qabağında vəhşi kimi asıb, sadiscəsinə ləzzət aldığı, insanın bədənini və ruhunu hər tərəfli təhqir etdiyi səhnəni yaşamadan, bir az da olsa, zirək tərpənib kəndiri boyunlarından çıxarıb qaçmışdılar. Günügündən işgəncənin sayını və növünü artıran hökumət dairəsi istəyirdi ki, əhali onların idarəçilik üsuluna tabe olub, səslərini çıxarmasınlar. Buna görə də ölkəni elə ölkənin özü boyda zindana çevirib əhalini isə onun içində əsir kimi saxlayırdılar. Belə demək mümkünsə, İran adlanan məmləkətdə adamlar qurbanlıq quzu taleyi yaşayırdılar. İstənilən halda qanlarının tökülməsi labud idi. Ölkədə ədalət məhkəməsi olmadığı üçün qan tökənin isə qəti mühakiməsi yox idi. Axı ədalət məhkəməsini kim qura bilərdi ki, əgər idarəçilik özü ədalətsizlik üzərində qurulubsa? Elə ona görə də haqqını sübut edə bilməyib, haqsızlığın qurbanı olan minlərlə Azərbaycan gənci ən yaxşı halda ölkəni tərk etməkdən başqa, real çıxış yolu tapa bilmirdilər.
Adlarını desəm, o, gedənlər içərsindən yəqin indi siz də çoxsunu tanıyarsız. Bizlə bir məhəllədə böyümüş Əli, xaricdən sığınacaq alıb, Kanadaya köçdü. Onluq olsaydı, yüz il qalsa da, getməzdi. Niyə də getməliydi ki? Axı o zavallının kiminlə nə işi var idi ki ? İş - gücü əkib - biçmək, axırda da biçdiklərini satıb, mədaxil - məxarici ödəyib, evin gündəlik təlabatları üçün çalışmaqdan başqa işinin adı yox idi. Məyəg onun əməllərində hökumət siyasətinə xələl gələsi nə isə var idimi ? Amma böyük qardaşı Məsud, universitetdə dərs otağında oturduğu yerdə tutulub, sorğu - sualsız, məhkəməsiz - filansız zindanda dörd divar arasında asılandan sonra, atası Həmid kişi dərddən yorğan - döşəyə düşüb xəstələndi. Bundan sonra ikinci oğlunun, əslində yerdə qalan bu bir tək oğlunun da qardaşına görə vaxtsız - vədəsiz xüsusi idarəyə aparılıb - gətirilməsi, evlərinin ələk - vələk edilib evdəki kitabların müsadirə olunması ailəyə növbəti xəbərdarlıq olduğu üçün onu xaricə ötürməyi məsləhət bildilər. Rəsulsa bacısının toyundan iki gün qabaq getməli oldu. Başqa neynəyə bilərdi? Əlirza isə üç dəfə zindana düşüb, ordan çıxandan sonra ağlının kəsdiyi bu oldu ki, ağ - qara, gecə - gündüz, həyəcan - sakitlik, həyat – ölüm, işıq - kölgə zolağının arasından özünə bir yol seçib, işıq gələn tərəfi tutub getməlidir.
Tay - tuşlarım seçimlərində yanılmadılar. Vətəni tərk etsələr də, onun məhəbbətini dərdi ilə birgə sevə - sevə özləri ilə qürbətə apardılar! Amma mən anamı buraxıb xaricə gedə bilməzdim. Çünki onun yalnız bir övladı vardı…
Məhəllədəki dost - tanışlarımdan hər dəfə kimsə evlərini tərk edib, çıxıb gedəndə anam deyərdi:
– Sən gözümdən getsən, ayrılıq dərdinə mən dözə bilmərəm.
Nəhayət, bir gün özümü məcbur etdim ki, anamla açıq danışım. Söhbətə belə başladım:
– Özün bilirsən ki, bu rejimə müxalif fikirlərimə görə dəfələrlə tutulub işgəncəyə məruz qalmışam.
– Bilirəm! Hamısını bilirəm, – dedi. Sakitcə üzümə baxıb, başını bir neçə dəfə silkələdi.
Onun sözlərimi təsdiq etməsi imkan verdi ki, fikrimi tamamlayım. Onun üçün də davam etdim:
– Amma indi ölümlə hədələnmişəm. Əgər xaricə getməsəm, gözlənilməz hadisə baş verə bilər…
Son sözümü deyib, səsimi içimə saldım. Dinmədim, səsim qısıldı. Anamın üzünün səyriməsi, rənginin avazıması imkan vermədi ki, fikirimi daha artıq açmaq üçün söhbəti davam etdirim, izah edim, sözümü tamamlayım. Amma araya çökən sakitliyi bu dəfə o pozdu:
– Hər şeyi bilirəm, deməsən də bilirəm.
Anam o qədər təmkinlə dilləndi ki, sanki mənim başıma gələnləri məndən də yaxşı o bilir. Mənsə:
– Nəyi? — Sual etdim.
O isə :
– Ağzıma daş, — deyib, — iraq - iraq, bizdən uzaq. Kiş - kişlər olsun… — Deməklə, bu dəfə qəm - kədəri insan ömründən qovan el deyimlərini bir - bir sayıb qurtarandan sonra, son ayda şəhərdə edam olunanların, tutulub uzun müddət zindan alanların adını dilə gətirdi. Sonda isə:
– Nə qal deyə bilirəm, nə də get! Ay oğul, yel vurub sındırıb sünbülümüzü … — dedi anam.
Sözünü qurtaran anam, bir an dinməz - söyləməz mənə baxdı. Hiss etdim ki, ürəyi doludu, amma bəlkə də ürəyindəkilərini dilləndirməklə məni incidəcəyindən qorxdu. Bilmədim, susması nədən oldu, o boyda dolu ürəklə!
Sonra ayağa durub qonşu otağa keçdi. Az keçmədi yanıma gəlib, qarşımda durdu. Sağ əlini qabağa, mənə uzadıb ağlaya - ağlaya dedi:
– Bunları götür, canını qurtar. Çıx get!
Qulağımla eşitdiklərimə inana bilmirdim. Doğrudanmı, bunu anam deyirdi? Mat - mat üzünə baxdım. Yəqin elə çaş - baş qalıb, onun nə etdiyini anlaya bilmədiyim üçün daha sonra əlavə etdi:
– Mən sənə deyəndə ki, istəyirəm mənim gözümün qabağında olasan. Səni daim şad və sağlam görüm.
Amma mən sənin məzarının göz qabağında olmağını istəmirəm…
“Sənin məzarın” kəlməsi anamı kövrəltdi, bu söz onun bərkdən hönkürüb ağlamasına səbəb oldu. Güman etdim ki, bu sözün mənasını canlandırıb yaşadığı üçün kövrəldi anam. Ona sarıldım, onu
möhkəm - möhkəm qucaqlayıb ana - bala hər ikimiz qara taleyimizə göz yaşı tökdük.
Yadıma gəlir o gecə məni yuxu aparmırdı. Birdən gördüm anam otağın qapısını yavaşca açıb, başını içəri uzatdı. Hərəkətsiz olub, qapının açılmasına heç bir reaksiya vermədiyimi görüb, yatdığımı güman etdi. Asta addımlarla irəli yeriyib yatdığım çarpayın yanına gəldi. Qurşağa qədər üstümə atdığım yorğanı kürəyimə çəkəndə qəfildən onun əlindən yapışdım.
– Ay ana, mən uşaq deyiləm ki, gəlib üstümü örtürsən. – Kəlməsini yavaş səslə, bir az da qınayıcı tərizdə dedim ki, mənlə bağlı narahatçılığını azaldım.
Anamsa üzünü mənə tutub dedi:
– Sənin əlli yaşın olsa da, mənim gözümdə hələ də o yaşdasan ki, beşikdə bələnmiş körpə tək. Elə bil heç böyüməmisən, beşikdə yırğalanıb lay - lay oxunan çağlarındı…
Sübh tezdən Ərdəbildəki ata - baba evimizdən çıxdım. Hava hələ işıqlanmamışdı. O qədər erkən idi ki, səhərin ala - qaranlığında obaşdan oyanıb, öz nəğməsi ilə aləmə səs salan torağaylar belə bahar nəğmələrini gecədən boğazlarında dincə qoymuşdular. Gecənin bitməməsi onların da köklənib avazla oxumamasına səbəb olmuşdu. Fikirləşdim, bəlkə yola çıxmağa çox tələsmişəm ? Görəsən, bir də onları eşitmək mənə nəsib olacaqmı ?..
Anamdan ayrıldım! Burasını danışmağa gücüm yoxdur. Bir də mənə elə gəlir ki, bütün analar balalarından eyni cür, eyni halla ayrılırlar.
Son dəfə anamdan ayrılıb yola düşdüm və bir qədər gedəndən sonra dönüb arxaya baxdım. Anam evə getməyib, həyət qapısının kəndərində durub, hələ də arxamca baxırdı. Ürəyim dözmədi, addımlarımı saxladım. Qabağa yox, bu dəfə arxaya addım atdım. Əlimdəki bağlamanı qaldığım yolun yarısında qoyub, qaçıb anamı qucaqladım.
– Ay ana, məgər dünyanın axırıdı?! — dedim.
– Ürəyimə damıb ki, səni son dəfə görürəm… — dedi.
Yolun ortasından yükümü götürəndə ürəyimdə öz - özümə dedim ki, bir də arxaya baxmayacam. Amma qonşumuz Həsən dayının evinin böyründəki cığırı dönüb böyük yola çıxanda özümdən ixtiyarsız boynumu arxaya çevirdim. Anam təzə - təzə açılmaq istəyən sübh dumanının içində qranit heykəl kimi hərəkətsiz donub durmuşdu.
Anamdan, doğama evimizdən və elimizdən ayrılandan sonra, ağır məhrumiyyətlərə dözə - dözə nəhayət, Avropanın bir ölkəsində yerbəyer ola bildim. Burda da vətənin azad, bir və bütöv olması üçün mübarizəmi davam etdirdim. Əslində mübarizənin bir başqa biçmini tapdım. Amma burda da olsa, sakit həyat yaşaya bilmədim. İran rejiminə qarşı müxalif qüvvə kimi təqiblərimi yerbəyerdən hər vasitə ilə göz önünə çəkib, qorxudub mübarizədən sapındırmağa çalışırdılar. Burda da təqib olunur, yerli - yersiz hədələrə məruz qalırdım. Bir sözlə, rejimə başağrısı olmuşdum. Dəfələrlə İran xüsusi idarəsinin nümayəndələri anamı hədələyib istəmişdilər ki, burdakı fəaliyyətimə son qoyum və mənim ölkəyə qayıtmağıma məni razı salsın. Amma həm mən və həm də anam yaxşı bilirdik ki, mənim geri qayıtmağım şəhər meydanında qurulub yiyəsini gözləyən dar ağacına baş əyməyimlə nəticələnəcək.
Nəinki ölkəyə qayıtmaq haqqında düşünmürdüm, əksinə anamı yanıma gətirməklə bağlı ardıcıl yollar axtarırdım. Hətta turist kimi heç olmasa bir dəfə Avropaya gəlib görüşməyimizi arzulayırdım. Bundan ötəri o
da çalışırdı. Bir neçə dəfə xarici pasport almaq üçün müvafiq dövlət idarəsinə müraciət də etmişdi.Sözsüz ki,mənə görə ona pasport verilməsi mümkün deyildi.
Yadıma gəlir, bir dəfə telefonda ona dedim ki:
– Bu ayrılıq məni çox kədərləndirir. Anadan ayrılıq qədər dərd olarmış?
Anam mənə dedi ki:
– Ay oğul, ağbirçək ana yerinə, ana vətənə fikir elə! Ana Vətən azad olmasa, anaların üzü gülməz.
Hər dəfə onunla telefon söhbəti edəndə qoyub gəldiyim hər şey haqqında ona sual verərdim. Hər kəsdən, hər şeydən xəbər tutmaq istəyirdim. Hətta, bağımızdakı alma ağaclarının hamısının öz yerində qalıb - qalmaması, necə bar gətirməsi belə qürbətdə Vətənlə bağlı doğan suallarımın silsiləsinə daxil idi. Bu yerdə inanmıram məni hər kəs başa düşsün. Bunu yalnız Vətəndən qürbətə bir zənbillə çıxmaq məcburiyyətində qalanlar bilər.
Beləcə nə az, nə çox, düz on dörd il anamı görmədim. Bir gecə telefon zəng çaldı. Uzaqdan idi, amma
doğma səs idi. Məhəlləmizin ağsaqqalı Həsən dayıydı. Gözlənilmədən anamın vəfat etdiyini dedi. Mən ona zənginə görə təşəkkür etdim və sonda dedim ki, sabah bilet alıb anamın torpağa tapşırılma mərasimində iştirak edəcəm.
Kişi bir az tutulub, dinmədi. Amma sonra peşman olmuş kimi sözünə davam etdi. Dedi ki, anan əvvəllər xəstə idi, amma halı birdən - birə qarışdı. Biz güman etmirdik bu xəstəliklə getsin. O zaman sənə telefon vurub, xəbər vermək istədik. Lakin ananın son vəsiyyəti bu oldu ki, o ölüb torpağa tapşırılandan sonra sənə xəbər verilə. Anan istəmirdi ki, ona görə sən çətinlik çəkəsən. O, hətta vəsiyyət etdi ki, torpağa tapşırılma mərasimindən sonra da sən qayıdıb onun qəbrini ziyarət etməyəsən.
Sonda Həsən dayı dedi ki, anan öləndə sənin şəklini əlində saxlamışdı, bağrına basdı. Son dəqiqədə üç dəfə sənin adını dilinə gətirib, canını tapşırdı.
Bu yerdə danışmaq istədim, dilim topuq çaldı. Mənim səsimin kəsilməsini hiss edən Həsən dayı, sonda əlavə etdi ki, gərək bunu sənə deməyəydim.
O peşiman olsa da, amma nə fayda! Ağızdan çıxan hansı söz öz ilk mənzilinə qayıdıb ki, onunku da həmçinin, yerinə qayıtsın, mən də sakitləşim. Anam son dəqiqələrində nə düşünüb, necə yaşamasını öz - özlüyümdə bir xeyli götür - qoy etdim.
Demək, anam ölümü ilə də mənim kədərlənməyimi istəmirdi!
Həsən dayı ilə söhbətimiz bitəndən sonra əllərim boşaldı, bədənim süst oldu. Əlimdəki telefon oturduğum divanın üstünə düşdü. Ayağa qalxıb anamın divardan asılmış çərçivədəki şəklinə sarı addımladım. Onunla üz - üzə durub bir xeyli sakitcə baxdım. Fikrim on dörd il qabağa, son görüşümüzə getdi. Anam cib yaylığını çıxarıb qara günümüzə yığdığı qara köpükləri mənə uzatdı. Həyəcandanmı, ya nədənsə bilmirəm, əlləri əsdi. Ona görə də pullar yaylığın arasında qalmayıb cingilti ilə yerə səpələndi. Kağız pullar isə yüngül olduqları üçün yerə çatmayıb havada uçuşurdular.
– Götür, get! Çıx get! Get!.. Təki sən salamat qal!.. — dedi.
Mən ikimizin ayağının altına səpələnmiş pullara nəzər yetirib, hamısı bir yerdə yol xərcini ödəmədiyi üçün təəssüf etdim…
Uzun hekayətdir, elə deyilmi? Amma inanmıram, vətəni əsir övladlardan kiminsə qürbət hekayəti bundan fərqli olsun. Mənim keçdiyim yoldan qısa olsa da.
Qürbət hekayətlərinin hamısı bir biçimdə, bir rənglə yazılır…
9 Qismət Günü, İşıq Ayı, 30 - cu il
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
Gulya(geleceyin kecmisi)
İyul 25th, 2008 at 13:17
NİYE KİMSE BU MOVZUYA FİKRİNİ BİLDİRMİR,MARAQLİ DEYİL HEEEE?!
yOX MARAQLİDİR,SADECE OLARAQ BİZ BASHQA MOVZULARDA YAZİLAN YAZİLARA SHERH YAZMAGA OYRESHMİSHİK.OYRESHMİSHİK BİZ YAZAQ BİZE CAVAB YAZSİNLAR BİZ DE BASHLAYAQ DİDİİSHMEYE.OZUMUZU HAQLİ GOSTERMEYE.
ONU DEYE BİLEREM Kİ,ELUCA XANIM,3 DEFE OXUDUM BU YAZİNİ MENİ CHOX KOVRELTDİ.
Savalan MUGANLI
İyul 26th, 2008 at 18:54
salam eluca xanim. yazi gozeldir, ancaq, ne demek isteyirsiniz-bu,melum deyil. sag olun. mugan@box.az
Eluca Atali
İyul 27th, 2008 at 12:50
Salam. Hekayeme sherh yazan her iki oxucuya oz minnetdarliqimi bildirirem. Gulya xanim lutfen mene email gondermenizi xahish edirem.
elucaatali@hotmail.com
Sayqi ile Eluca Atali.
Eluca Atali
İyul 27th, 2008 at 13:11
Salam Savalan Muqanli bey! Bu hekayede size catmayan “hesret” anlayishidir. Amma istemezdim ki, onu yashamaqla derk edesiniz.
Qurbet de bir olumdur, hem de olumlerin en pis formasidir. Bu hekayeni derk etmeye imkan vermeyen hem de yashinizin azliqi ve ondan doqan heyat tecrubesizliyinizdir.
Sayqi ile Eluca Atali.
Ilahä Ucaruh
İyul 29th, 2008 at 19:09
Sevgi sheirläri ilä dop-dolu sitälärimizdä yurdumuzun o tayindaki acilarini bädii dilä gätirän yazarlimiz chox azdir, chox. Eluca Atalinin axici, oxunaqli yazi dili Guneyimizdeki facievi siyasi-menevi duruma, oradaki mubariz genclerimizin saysiz häbslärinä, ishgäncälärinä, qätllärä tutulan bir guzgudur. Bakida yazan cavan ushaqlarin agzina dushän “filan shair, yazar lokaldir, mähällidir “, umumbäshäri deyil , vä s. bu kimi däbä dushmush chirkin bäsit ifadälär böyuk Sabirimizä, Cavidimizä dä yanashmamizda ängäl yaratmaqdadir. Bu yanlish baxish dunya yazarlarini diqqätlä oxumamaqdan gälir. Bu minvalla M.Uelbeki, U.Ekonu, A.Morua, V.Pelevin ve s. dä “lokal yazardir” deyä damgalamaq olar. Axi onlar öz yurdlarinin adamlari, problemläri, tarixläri haqda yazirlar…
Elçin Bilaloğlu
Avqust 12th, 2008 at 16:53
Eluca xanım, Sizin yazınız bizi illər əvvəl tərk etmiş bir dostumuzu mənə xatırlatdı. Vətən dərdi yaman olur, onu ancaq yaşayanlar bilər. Elə bir mövzuda yazıbsınız ki, bu mövzunu anlamaq istəməmək başa düşülməyə bilə, amma başa düşmədim demək mənə aydın olmadı. Hər hansı gənc yazardan çox geniş, əhatəli nə isə tələb etmək yersizdir. Şəxsən Sizin bu mövzuya müraciətiniz ızü təqdirəlayiqdir. Yeni əsərlərininzi oxumaq arzusuyla