Sizə öz kiçik hekayəmi danışacam. Öz çilçıraq hekayəmi. Bəlkə də maraqsız, xüsusi təmtəraqsız çilçıraq hekayəsini. Mən otuz şamdandan ibarət olan gözəl, böyük, varlı, lakin zövqsüz insanların lovğalıqlarını qıcıqlandıran və məni alıb, evlərində göydən asmaq qədər pula malik olan çilçırağam. Mən gözələm. Mənim gözəlliyim bahalı olmağımda deyil, həm də üzərindəki işləmələr, əsl brilyant kimi parlayan şüşələr, bir cüt gözü heyran qoyan çilçıraq. Mənim sahibim də öz kök arvadıyla dükana girəndə gözləri birinci məni tutdu.

İnanmıram, gözləri mənim gözəlliyimdən qamaşdı. Sadəcə böyüklüyüm, onların pullarının çoxluğu ilə düz mütənasib olduğundan sevincək oldular. Məni tələm-tələsik alıb, öz qonaq otaqlarından asdılar. Sahibim biznesmen, yəni loru dillə pullu alverçi, arvadı isə özü kimi pullu xanımlara paltar tikən dərzi idi. Dərzi deyəndə ki, dərzidən başqa hər şey, modelyer, dizayner, stilist, imicmeyker, nə desəniz o. Deməli, varlı, ədabaz xanımlar qarderoblarının bəzi hissəsini gətirib, bizim xanıma göstərir, bizimki də bir-neçə paltarı hansı kəmərlə taxmağı, hansı ayaqqabı ilə uyğunlaşdırmağı, hansı çanta ilə götürməyi kimi məsləhətlər verirdi. Sual meydana çıxır ki, bizim varlı sahibənin başqalarına məsləhət verib, pul qazanmağına nə kimi ehtiyac var. Cavab olunur: “Artıq pul” məfhumu yoxdur və bir də onun səviyyəsində olan qadınların qarderoblarına bu yolla nəzarət etməkdən asan və əyləncəli vasitə yoxdur. Hələ bir bu söhbət əsnasında şəhər qeybətləri, təzə söhbətlər, “yuxarı”da baş verən dəyişikliklərdən, hansı salonda saç düzəltməsindən başlayıb, sabah kiminsə evinə aparılacaq xonçanın içində şirninin hansı dükandan və neçəyə alınmasına kimi, xonçanın hansı gül salonunda düzəldilməsinə qədər olan söhbətlər, bunları sizcə nəyə dəyişmək olar?
Bircə onların olduğu otağın divarlarına, çilçırağın, bütün əşyaların bəxti yaman gətirib. Bütün günü söhbətlər, dedi-qodular, təzə qeybətlər, bir-birinə qarımış bahalı ətirlərin xaotik  məcmusu, paltarlarını dəyişərkən öz fiquralarını reklam etdirən əndamlar, onların gözləri qabağında xoş mənzərə kimi canlanırdı. Bircə mən idim bu gözəl kompaniyadan ayrı düşən. Mən olduğum otaqdan bura yaxın düşmək belə mümkün deyildi. Yadımdan çıxmışdı axı, mənim yerimi dəyişmişdilər. Mən artıq cah-cəlallı qonaq otağını yox, koridorun lap sonunda yerləşən balaca otağı işıqlandırırdım. Hadisə belə baş verdi. Ev yiyələrinin kiçik oğlu qonaq otağında Ronaldoluq etmək eşqinə düşdü. Və vurduğu top zərbəsi Ronaldonun vurduğu kimi topu tora yox, düz mənim üstümə göndərdi. Nəticədə hesab dəyişmədi. Amma mənim şamdanlarımdan birinin lampasını dəyişməsi olduq. Ancaq bu də kömək eləmədi. Zərif şüşələrimin birində zərif çat yarandı. Sahiblərim onu düzəltmək əvəzinə ağılların daha orijinal fikir gəldi. Məni qaranlıq, balaca otağa keçirmək, bura isə daha gözəlini, daha təmtəraqlısını almaq. Beləcə mənim bəxtimin naxışı məndən üz döndərdi. Mənim kimi çilçırağı balaca otağa gömdülər. Mən o yeddi otaq qədər otaq işıqlandıra biləcək halda, dükanda hamının mənə həsrətli baxıb keçdiyi halda məni buna layiq bildilər. Adımı lap dəyişmək istədim, çilçıraq yox, qəmli çıraq. Böyük, gözəl olduğum halda lampa taleyi yaşamalıydım. Artıq elə qəmlənirdim ki, toz da mənim üstümü örtməyə başladı. Ayda bir dəfə yadlarına düşəndə gəlib, üstümü silirlər, vəssəlam. Mənim bu qəmli hekayətim el burada bitirsəydim, amma bir dəfə xoş bir hadisə də oldu. Mənim bu xanımımın evinə gələn gələn həmişə özündənrazı xanımlar olduğu üçün onlar mənim kimi çilçırağın belə uzaq otaqda varlığından belə xəbər tutmazdılar. Niyə ki, hamının yanında paltarlarını dəyişirdilər., heç o biri otağa keçmək barədə belə düşünmürdülər. Bir dəfə bu evə bir xanım öz kiçik qızı ilə gəldi. Onda ətəyini düzəltdirməyə gəlmişdi. Ətəyi geyinib dərzi xanıma göstərmək məqamı gələndə o, paltarını hamının yanında dəyişmək istəmədi. Koridora çxıb, düz mən olan otağa gəldi. İşığı yandırıb, içəri girdi. O, məni görəndə gözlərində elə qəribə ifadə yarandı ki, mənim dərdimə şərik olacaq yeganə məxluqu canlılar və cansızlar içərisində tapdım. O, heyifslənən kimi oldu, paltarını dəyişdi, getmədən əvvəl bir də çönüb mənə baxdı. Bu baxış məni sakitləşdirdi, deməli dünyada hələ anlayışlı insanlar var, bəxtində naxış olmayan, üzərində naxışı olan çilçırağın dərdinə şərik olan insanlar.