İnsan ömrü boyu axtarır onu,
Ona qovuşmağa can atır hər gün.
Elə insan var ki, bir ömür boyu
Onun həsrətilə soldurur hüsnün.

Biz də axtarmışıq onu illərdir, -
Budur, qarşımızda durub o çiçək.
O, necə zərifdir, necə gözəldir, -
Biz qıymasaq, bir başqası dərəcək.

Məni bihuş edir o gözəl ətir,
Daha bəsdir ona kənardan baxdıq!
O zərif çiçəyi dər, mənə gətir,
İlk dəfə biz ona belə yaxınıq…

Niyə tərəddüdlə baxırsan ona?
Belə fürsət bir də çətin düşəcək…
Söylə, niyə axı qıymırsan ona,
O ki bizə xoşbəxtlik bəxş edəcək?!

Yəqin, xoşbəxtlikdən qorxursan indi, -
Kədərə o qədər öyrəşmişik ki…
O zərif çiçəkdən qorxursan indi, -
Tikanlara elə öyrəşmişik ki…

Nə biz dərdik, nə başqası istədi,
Zaman səbr etmədi, soldurdu onu.
Hər kəs xoşbəxtliyi sözdə istədi,
Üz-üzə gələndə görmədi onu.

Daha gecdir, şansımızı itirdik,
Bir də çətin o çiçəyə rast gələk.
Çox düşündük, boşa zaman itirdik,
Gəl, elə burdaca vida eləyək..

Sən

Mən bir kövrək ceyran,
sən isə ovçu,
Nişan alıb qəlbimdən
yaraladın.
Sevgimin bu işdə yoxdur
bir suçu,
Sevən ürəyimi sən
paraladın.

İndi günahsız tək durma
önümdə,
Vurduğun yaralar qanar
könlümdə,
Mənim həyatımda, mənim
ömrümdə
Bəyaz günlərimi sən
qaraladın.

Ürək fəryadı

İnana bilmirəm bu olanlara,
Sanki həsrətimi sən heç duymursan.
Daha dözümüm yox bu yalanlara,
Məni incitməkdən niyə doymursan?!

Vicdanın bu yükü de, necə çəkir,
Yoxsa, göz yaşıma baxıb gülürsən?!
Ürəyim ağlayır, hey həsrət çəkir,
Söylə, fəryadımı duya bilirsən?!

Səni sevmək həyatımın səhvidir,
Gündən–günə buna əmin oluram.
Sənsizliyim həyatımı məhv edir,
Gündən–günə mən saralıb–soluram.

Nifrət etməyi də bacarmıram mən,
Sevgin ürəyimdə dərin iz salıb.
Sənsiz yaşamağı bacarmıram mən,
Hicranın yaşama gücümü alıb.

Tanrım, bir yol göstər, kömək et mənə,
Çarəsiz qalmışam mən bu dünyada.
Səhvimi bağışla, Sən rəhm et mənə,
Yaşamaq çətindir onsuz dünyada!..