Martın 3-ü, onun sevimli günüdü. Həmişə martın 3-ü olanda elə bil günəş də səxavətli olurdu, havanı elə isidirdi ki, adam ilıq yaz səhərində bir yerdə qərar tutmur, gəzmək, dolanmaq, zarafatlaşmaq, nə isə ürəyəyatan bir iş görmək istəyirdi. Elə bil tozlu-torpaqlı küçənin də tozu çəkilərdi, deyingən qonşu kişi də dilindən güldən ağır bir söz çıxarmazdı martın 3-də. Təbiət də insan da, bir sözlə yer üzündəki bütün canlı-cansız nə varsa, hər şey gözəlləşirdi, təzələnirdi, yeni bir təravətlə zövq oxşayırdı martın 3-də.
Uzun illər qarşılayıb yola saldığı, sevib əzizlədiyi 3 martların birində gözəl-göyçək balası dünyaya gəlmişdi. Adını İlyas qoymuşdu. Heç əri ilə də məsləhətləşməmişdi də. Eləcə anadan olan kimi uşağı belə adlandırmışdı. Yoldaşı da xətrinə dəyməyib - «qoy sən deyən olsun» demişdi. Qayınatası bir az incik düşsə də, sonradan onun da saqqızını oğurlamışdı: «Hə İlyas olanda nə olar, Allah saxlasın, adımıza layiq oğul olsun, atasına dayaq dursun». Beləcə martın 3-ü onun həyatının şirin, xəyallarının pərvazlanan günü idi. Oğlunun dünyaya gəlişi ilə dünya gözəlləşmişdi, uşaqlıq illərinin boz-bullanlıq xatiratı, yeddi yaşından daddığı yetimliyi, şəhərin hisinə, pasına, bürküsünə öyrəşənə kimi çəkdiyi müsibətlər elə bil yuxu olmuşdu. İlyasın doğulması ilə onu əhatə edən hər şey sanki təzədən doğulmuşdu. Özü də daha gözəl, daha qəşəng, hamısı da İlyasa oxşayırdı.
Yenə də martın 3-ü. Həmin hisslər, həmin ilıq yaz günəşi, həmin səhər mehi… İlyasın xoşladığı qırmızı donunu geymişdi. Daha doğrusu bu rəgndə, bu parçadan onun bir neçə dəst paltarı vardı. İllər ötür, qocaldıqca şişmanlaşır ona görə qırmızı donu tez-tez də olmasa üç-dörd ildən bir dəyişmək lazım gəlirdi. Çünki martın 3-də məhz belə, İlyasın xoşladığı kimi qırmızı donunu geyinmək istəyirdi. Dərzisi də öyrənmişdi, hər dəfə qırmızı parça alıb yanına gedəndə işin nə yerdə olduğunu bilirdi, dinməz söyləməz ölçüləri götürüb işə başlayırdı.
Çayını içdi, qırmızı paltarını geyinib güzgünün qabağına keçdi. İllərin alnında qoyduğu dərin izlərə, gözlərinin, dodaqlarının kənarında çoxdan yer eləmiş qırışlara, bir az boz bullanlığa çalan gözlərinə ötəvarı nəzər saldı. Güzgüyə baxmağı xoşlamırdı. Elə qız vaxtında, tələbə olanda da. Rəfiqələri güzgünün qabağında saatlarla vaxt keçirərdilər, demək olar ki, hamısı çantasında güzgü gəzdirərdi. O, isə bundan heç xoşlanmazdı. Səbəbini bilmirdi. Sadəcə güzgünün qabağında çox dayanmazdı. Ancaq bu gün bir az dayandı. Martın 3-ü idi axı…
Səhər saat 11 olardı. Küçədə qonşu qadınlardan bir neçəsi əl-qolla söhbət edirdi, onu gördülər söhbət kəsildi. «Sabahınız xeyir» deyib yubanmadan ötüb keçdi. «Yenə qırmızı geyinib?..», «Bu gün ayın neçəsidi ki?..», «Martın 3-dü də oğlunun yanına gedir».
Tini burulub küçənin yuxarı başındakı avtobus dayanacağına getdi. Ayrı vaxtı «39-u» gözləyənə kimi adamın gözünün kökü saralardı. Marşrut taksisi ya adamla dolu keçər, ya da ümumiyyətlə gec gələrdi. Bu dəfə isə elə bil avtobus dayanıb onu gözləyirdi. Bu gün İlyasın günü idi, ayrı cür ola da bilməzdi.
Avtobusda çox adam yox idi: dörd nəfər cavan uşaq arxada oturmuşdu, bir nəfər orta yaşlı kişi orta cərgədə, aynanın qabağında, iki nəfər ağbirçək isə qabaq sırada əyləşmişdilər. O, da keçib qadınlarla üzbəüz oturdu.
- Ahh!!!- ağbirçəklərdən biri hamının eşidəcəyi bir tərzdə köks ötürdü.
- Ahın dağlara. Nə yaman ah çəkdin, ay qız?- onun yanında oturan ikinci arvad dilləndi.
- Türməyə gedirəm. Üç aydı oğlum yatır. Zavallıya yemək aparıram. Dədəsinə çəkib, qurban olduğum hər şeyi yemir. Xəbər göndərib ki, ürəyi düşbərə istəyir. Neyliyim anayam da… Balamandan ötrü düşbərə nədi, lap canımı da verərəm.
- Niyə tutublar ki?- bayaqki, arvad sual dolu nəzərlə onu yenə süzdü.
- Şərlədilər. İki məhəllə aşağıda ev yarmışdılar, atdılar balamın üstünə. Nədi ki, bir dəfə yatıb çıxıb. İndi mənim balam bir dəfə qələt eləyib deyinə həmişə qələt eləməlidir. Nə qədər and-aman elədik, soyulduq-talanldıq xeyri olmadı. 5 il verdilər uşağa.
- Neçə yaşı var uşuğın?
-44.
-Bıy onun harası uşaqdı?
-Mənim üçün hamısı uşaqdı. Neçə yaşları olur-olsun, elə bilirəm böyüməyiblər.
«Nə qədər tanış hisslərdi, ilahi. Anaların hamısı belədi görəsən? Övladlarının yaşından asılı olmayaraq elə bilirlər ki, yenə də uşaqdılar. Bir vaxtlar İlyas haqqında da belə fikirləşirdi. Məktəbə yola salanda da, məktəbdən qayıdanda. Yuxusunu qarışdıranda səhərlər uşağın başına üzərlik hərlədi. İlyas hələ tələbə olanda bir dəfə yağışlı havada universitetə oğluna çətir aparmışdı. O, da bərk əsəbiləşmişdi: «Ay ana uşaq deyiləm ki?» demişdi. «Yox ay bala uşaqsan» - sən demə o tək deyilmiş… Sən demə 44 yaşında uşağı olan analar da varmış…»
-Elə bir oğlun var. O da türmədə? – ikinci yaşlı qadın deyəsən çənəsinin altına salmağa adam axtarırdı. Ona görə də birinci dəfə müsahibə götürən naşı jurnalistlər kimi cavabından asılı olmayaraq sualı-suala calamışdı.
-Bir niyə beş uşağım var.
-Maşallah allah saxlasın.
-Sizinkilərlə belə. Allah saxlasın deyəndə ki… Beşi də qənim kəsilib ömrümə-günümə. Biri türmədə, biri «rusetdə», üçüdə ki avarvdı. Biri-birinə dəyməz, biri də heçinə.
-Ay qız elə demə. Əlbət beşinin içindən biri qeyrətə gələr. Elə hamısı alçaq olmaz ki…
-Hamısı alçaqdı. Bir-birlərini danışdımırlar. Deyim arvadlar aralarını vurub, yalançı olaram. Elə öz qanlarında var. Atalarıyla əmiləri də ölənə kimi bir-birlərini dindirmədilər, bunlar da o yolu gedirlər. Görüm heç sağ getməsinlər. Bilmirəm, nəyimə lazım idi, Allah beş uşağı birdən verdi mənə.
«Aman Allah. Bu necə anadır. Heç belə ananı da sevmək olar? Gör oğulları haqqında nələr danışır. Hamısı da qara rəngdə. Axı beş uşağın beşi də necə fərsiz ola bilər. Bəlkə günah elə bu arvadın özündədir…»
- «Yasamal bazarı», düşən var? – altı-yeddi yaşlarında olan kandoktorun kal səsi onu fikirdən ayırdı. Qeyri-ixtiyarı qara, sısqa uşağın üzünə baxdı. «Görünür çox qışqırır, boğazının damarları necə çıxıb. Hələ bunun əllərinə bax, elə bil kömür mədənində işləyir. İşləyir demişkən, görəsən, məktəbə niyə getmir? Axı indi dərslərin qızğın çağıdır. Amma, nə qəşəng qap-qara gözləri var. Lap İlyasın gözlərinə oxşayır. Yox İlyasın gözləri parıldayırdı, İlyasın gözlərində işıq vardı. Bu uşağın gözləri isə sadəcə közərir. Təki bu közərmənin içində bir ümid olardı. Anası da o ümidə baxıb sevinərdi».
- …. İndi də gözləyirlər ki, başımı qoyam yerə öləm, daxmanı da aralarında bölsünlər – yaşlı qadın danışdıqca əsəbləşirdi, qara sifəti bir qədər də qaralır, gözləri az qala həlqəsindən çıxacaqdı – bilirsiniz başınızı da ağrıdıram, dərdli adam çox danışan olur, neyliyim. Qorxuram ki, öləndən sonra daxmanı bölə bilməsinlər, qırğın düşsün. Meyidim qala ortalıqda oğullarım bıçaq davasına çıxalar…
- Yəni, deyirsən beşinin içindən heç biri salamat çıxmadı? – naşı jurnalistə oxşayan arvad növbəti qızışdırıcı sualını verdi.
- Salamatı deyəndə ki,… «rusetdəki» babatdı. Heç olmasa bayramdan-bayrama zəng eləyir. Bakıya ayağı düşəndə bir saatlığa da olsa, gəlib dəyir mənə.
- Görürsən biri qeyrətli çıxıb. Naşükür olma.
- Mənə bax, bəs sənin nəyin var? Yarımısanmı oğuldan-uşaqdan? – dərdli qadın bu dəfə sual verəni qabaqladı.
- İki oğlum var. İkisinə də bir qoz. Elə səninkilərin tayıdılar. Böyütdük, yağ-bal içində bəslədik, korluq nədi bilmədilər. Ən yaxşı məktəbə düzəldik, əllərinə diplom verdik. Onlar institutu qurtarana kimi yazıq kişi özü tələbəlik elədi. Dedik ki, adam olsunlar. Onlar da yekəlib kişi olmaq əvəzinə uşaq oldular…
«Yekəlib uşaq oldular» - bir istədi bu sözə qəhqəhə çəkib gülsün, özünü güclə saxladı. İlyas da universitetə gedirdi. Amma onun əvəzinə atası tələbəlik eləmirdi. O, özü hamıdan yaxşı tələbə idi. Hamının sevimlisi idi. İlahi nə qədər dostları vardı. Amma bir sualdan yaman qorxurdu. Elə uşaqlıqdan qorxurdu bu sualdan. Qorxurdu deyəndə ki, cavab verməyə çətinlik çəkərdi. O sualı da ki, yalnız anasından eşidərdi «Ay oğul, yekələndə nə olacaqsan?» - «Ay ana bəsdi də, vermə bu sualı mənə…» deyərdi. «Yazıq bala, bəlkə yekələndə uşaq olmaqdan qorxurmuş. Ona görə yayınırmış cavabdan. Amma nahaq yerə. Gərək cavab verəydin oğul, cavab verəydin. Axı sən böyüyüb uşaq olmadın. Axı sən heç uşaq da olmamısan…»
- … Ataları öləndən sonra da darışdılar bir-birlərinin canına. Kişinin Masazırda torpağı, mülki vardı. Bölə bilmədilər aralarında. Didişdilər, dağılışdılar.
- Hara dağılışdılar? – dərdli qadın soruşdu.
- Biri getdi Türkiyəyə, o biri də Almaniyadadı. Deyəsən evləniblər, heç mənim ağzımı arayıb, xeyir-duamı alan da olmadı. Almaniyada yaşayan şəkil göndərib, altından da, yazıb ki, «ana bu mənim qızımdı, adı da Marinadı». Mən də yazdım ki, «ay qurumsaq heç olmasa Məryəm qoyaydın, «Marina» nədi?
-«Nəşriyyat»da düşən var? – kandokturun kal səsi yenidən eşidildi?
Orta yaşlı kişi düşdü, arxada oturan cavanlarsa qulaqcıqla radioda nəyəsə qulaq asırdılar.
-Ay bacı, sən nə əcəb dinmirsən? Səndə nə var, nə yox? – sualını verən arvad öz tarixçəsini qurtar-qurtarmaz bu dəfə üzünü ona tutdu – bacı səninləyəm e? Deyirəm sən də yarımısanmı oğul-uşaqdan?
Fikri hələ də balaca kandoktorun yanında idi. Uşağın gözləri yaman xoşuna gəlirdi. Öz-özünə düşünürdü ki, təki bu közərən gözlərdə ümid olsun. Bu balacanın anası da həmin ümidə baxıb sevinsin. Sevinə bilməsə də, hər halda özünü elə göstərsin, hər halda təsəlli tapsın, hər halda…
- Ay bacı səninləyəm e? – sual verməyi özünə peşəyə çevirən arvadın deyəsən tərsliyi tutmuşdu.
- Bir oğlum var – nəhayət ki, dilləndi. Sonra yadına düşdü ki, bu, onun səhərdən bəri «sabahınız xeyir» kəlməsindən sonra dediyi ikinci kəlmədir – indi gedirəm onun yanına – cavab verdi.
- Qırmızı geyinmisən, yəqin xeyir işdi? Neçə yaşı var oğlunun?
- 19.
- Hə, onda yüz faiz xeyir işdi. Bacıcan məndən sənə məsləhət, uşağa üz vermə. Bax bizə üz verib üzdən olduq.
- Nə badə özünü canıyanan göstərəsən. Qoy zəhmətə alışsın, müftəxor olmasın bizimkilər kimi. Mənimkinin 44 yaşı var, türməyə düşdüyü bəs deyil, hələ bir ağbirçək anasına düşbərə sifariş verib. Dəli şeytan deyir ver bu düşbərəni «şofir»ə qoy yesin, lap savab olar.
- Yaman dedin ay nənə, pis fikir dolü – sürücü söhbətə müdaxilə elədi – bir azdan da «obed» vaxtıdı, lap əntiqə olar.
- Barı, 19 yaşlı oğlun sözünə baxırmı? Yekəbaşlıq eləmir ki? – sual verən arvad növbəti cəhdini etdi.
- Yox nə danışırsınız. Mənimki yaxşı oğuldur – bu sözləri elə həyəcanla, elə səmimiyyətlə dedi ki, ona inanmamaq mümkün deyildi.
- Təki elə olun ay bacı, təki elə olsun. Eh hanı, hardadır yaxşı anaların oğulları? – Yasamaldan bəri dil qəfəsə qoymayan, sual yağdıran arvad nəhayət «yaradıcılığının» ən cazibədar sualını verdi. Amma sual konkret şəxsə ünvanlanmadığından heç kim ona cavab verməyə hazırlaşmırdı. O, sualı bir daha təkrar etdi, sadəcə elə-belə, cavab almaq üçün yox – Hardadır yaxşı anaların oğulları?
- «Şəhidlər Xiyabanı», düşən var? – balaca kandoktorun kal səsi yenə cingildədi.
- Hə mən düşürəm - qırmızı paltarlı ana gediş haqqını ödəyib bir daha balacanın gözlərinə baxdı…
Bu e-jurnal Azərbaycan gənc ədiblərinə həsr olunub və onlar tərəfindən ərsəyə gətirilib. Nəzərinizə çatdıraq ki, sayta mütəmadi olaraq yeni əsərlər yerləşdirilir. Bu e-meydanda ədəbiyyata könül verən hər bir gəncimiz öz əsərlərini təqdim edə və saytımızda yayınlaya bilər. Məqsəd Azərbaycan ədəbiyyatı naminə gənc ədiblərə net aləminə çıxmağa imkan yaratmaq, onları virtual oxucularla tanış etmək və bu sahədə olan boşluqları doldurmaqdır. Bunun üçün sadəcə bizimlə əlaqə saxlayın.
"Bizimki"də çap ol, bizimkilərdən ol!
amaravati
Avqust 7th, 2008 at 10:24
“adamı adlandirmaq” - belə ifadə yoxdur. hekayədə çoxlu redaktə, üslub, olduqca çoxlu korrektə və bir az çoxlu dil xətaları var. diqqətli olmaq lazımdı. movzu da dəqiq işlənməyib. yaxşı ananın oğulları yalnız şəhidlər xiyabanında deyil. bu populizmdir. tutaq ki, mən natiqin özünü də yaxşı ananın oğlu hesab edə bilərərm. nə olsun hekayəni yaza bilməyib.
novellavari hekayə çətindir. bütün güc əsərin sonuna, bəlkə də son cümləsinə verilir. sonluq da dəqiq olmayanda əsər bütövlükdə mənasını itirir.
amaravati
Avqust 7th, 2008 at 10:27
P.S.Ümumən hörmətli adminə iradım var. olduqca zəif əsərlər qoyursunuz sayta. bəzən şeirlər lap biabırçı olur. görünür zövqlü bir redaktora ehtiyac var. içində az da olsa bir şey olan əsərlərdə də o qədər səhvlər gedir ki, adam oxuya bilmir. mən qaçdım kultaza.
Elnarə Şəms
Avqust 7th, 2008 at 13:54
amaravati sən elə kultazdan gəlmisən də,bəyəm ordan getmişdin?
Elbala
Avqust 7th, 2008 at 14:41
Ideya primitivdi. Yeni yeni gelen yazarlar bele yazirlar. Axi bele movzular, bele tehkiye uslubu kohlelikdi. Ele bil Boyuk Veten Muharibesi qehramanlari haqqinda hese oxuyuram. Bishmemish, ciy cumleler lap ettokendi. Yeni ne demek isteyirsiniz bu memleketin butun yaxshi oqullari ancaq qebrstandadirlar…
Avtobusdaki kandoktorun gozleri Natiqi valeh edib. Axi ay hormetli yazici indi 39 nomreli marshurutda kandoktur yoxdur. Sen hahsi cemiyyetden yazirsan. Sen hansi dovrde yashayirsan? Bu hekayeni oxumaq ucun 15 deqiqe hesr elemishem. Ver menim 15 deqiqemi.
Elçin Bilaloğlu
Avqust 8th, 2008 at 15:59
Mən sizin elmi yaradıcılığınız barədə az-çox məlumatlıydım. Amma bədii yaradıcılğınızla ilk dəfədir tanış oluram. İlk növbədə Sizə bədii yaradıcılıqda uğurlar arzulayıram. Sizin yazdığınız bu kiçik hekayə haqqında hər hansı fikir söyləməkdən uzağam. Sadəcə olaraq tənqidi fikir söyləyənlərə bir dost məsləhəti vermək istərdim. Elə fikir söyləyin ki, sizin söylədiklərinizdən nəticə çıxarılsın, əksinə, qıcıq yaratmasın. Sonda bir fikri söyləmək istərdim ki, Natiq müəllim Siz ürəyiniz və zəhmətkeşliyiniz sayəsində yaxşı yazıçı ola bilərsiniz.
Teyyub Qeniyev
Avqust 11th, 2008 at 09:46
Salam Bizimkiler. Eseri marqala oxudum. Teshekkur edirem ki, yayin burkusunde bizi darixmaqa qoymursunuz. Her defe maraqli yazarlari bize teqdim edirsiniz. Yeri gelmishken men “amaravati” adli istifadeciye bir yaddashliq elemek isteyirem beli bu gun Azerbaycanda yaxshi analarin oqullari mehz Shehidler Xiyabanindadir. Onlar mehz yaxshi analarin oqullari olduqlari ucun shehid olublar. Inanin ki, sabah Qarabaq savashi bashlasa onde yene de yaxshi analarin oqullari gedecek. Bir daha teshekkur edirem. Saq olun!
Telet
Avqust 16th, 2008 at 17:03
Maraqla oxudum. Diqqetcekendi. Uqurlar