Uşaqlıqda hələ təzə yazı yazmağa başlayanda ən böyük arzum bu idi ki, haçansa mənim də bir kitabım çıxsın. Yaxşı yadımdadır, hələ uşaqkən babamgildəki kitab rəfini ələk-vələk edib, ordakı müxtəlif janrda olan kitabları əlimə götürüb həvəslə oxuyar, həmən kitabların müəlliflərinə (yaxşı mənada) qibtə edərdim. “Yəqin bir vaxt mənim də belə bir kitabım çıxacaq” deyə düşünüb özümdə bir yazıçı xəyalı qurardım.

O vaxtlar əsasən şeir yazmaqla “yazarlığa” başlamışdım. (Yadımdadır, ilk şeirimi 1998-99-cu illərdə özü də (özüm də bilmədən) əruz vəznində qələmə almışdım.) Öz-özümə yazıb-pozar, dərs vərəqlərindən kəsib özümə “kitab” düzəldər, sonra yazdığım şeirləri qələmlə həmən o “kitaba” köçürərdim. Bu məşğuliyyəti bitirəndən sonra öz “kitabıma” baxaraq mənəvi yorğunluğumu çıxarardım. Bir sözlə, kitab çıxarmağa son dərəcə böyük həvəsim vardı. Həm də uşaqlıqda mən özümə inanaraq bunu qarşıma bir məqsəd kimi də qoymuşdum. O vaxtdan düz on il keçəndən sonra bir gün həmən “o vaxt” nəhayət ki, gəlib çıxdı… Özü də necə…

~~~

Uzun tərəddüddən sonra “YAŞASIN ÖLMƏK!” adlı ilk kitabım nəhayət 2009-cu ilin may ayının 10-u “Vektor Nəşrlər Evi”ndə çapdan çıxdı. 33 səhifəlik olan bu kitabda mənim müxtəlif vaxtlarda, müxtəlif vəznlərdə və müxtəlif janrlarda yazdığım kiçik həcmli şeirlər toplanmışdı. Kitabda cəmiyyətin müxtəlif hadisələrinə ironiyalı münasibət ifadə olunmuşdu. Kitaba şair-publisist Əvəz Qurbanlı və tənqidçi Əsəd Cahangir redaktorluq etmişdi. Kitabın bütün maliyyə xərcini ədəbiyyata dəxli olmayan adamlardan biri öz boynuna götürmüşdü.

Bu kitab çıxmamışdan əvvəl hardasa düz bir il mən bu kitabı redaktə etdim, onun üzərində işlədim. Bir il ərzində bir neçə dəfə kitabın adını və üz görünüşünü dəyişdirdim. Nəhayət ki, sonunda kitabı çapa verdim. Buna baxmayaraq kitabda çox cüzi redaktə səhvləri də oldu. Amma mən indi bir az da kitabımın dizaynı barədə danışmaq istəyirəm. Kitabımın üz dizaynını özüm düzəltmişdim. Kitabın üstündəki şəkil isə beləydi ki, simasız naməlum adamlar hardasa baş tutan mitinqdə əllərində “plakat” tutublar. Plakatın üstündəki şüar isə belədir: “YAŞASIN ÖLMƏK!”. Şəkilin rəngini demək olar ki, çox solğun etmişdim. Üstəlik, nəşriyyatda da kitabın rəngini tamam solğunlaşdırmışdılar. Bu mənim elə də xoşuma gəlməmişdi və bu hadisədən dolayı təəssüflənmişdim də. Amma keçənə güzəşt deyib və sonrakı peşmançılığın heç bir fayda verməyəcəyini anlayaraq, onu da qeyd etməyi özümə borc bilirəm ki, kitabı nəşriyyatda çox ucuz qiymətə, özü də üç yüz tirajla çıxartdırmışdım. Guya ki, nəşriyyatdakılar mənim gənc yazar olduğuma və pulumun az olmasına görə mənə “güzəşt” də eləmişdilər. Atalar da elə yerində, özü də yaxşı deyib ki, “Ucuz ətin şorbası olmaz”. Amma nə isə… Buna bir quş…

Nəşriyyatdan kitabı götürüb özümə yükləyərək evə gətirəndən sonra və bir çoxlarına hədiyyə edəndə kitabın ümumi dizaynını bəyənən demək olar ki, çox az oldu. Kitabı əlinə alan bəziləri ağız büzərək dedilər ki, “kitabın niyə balacadır?” (onu da deyim ki, kitabımı A6 vərəqi həcmində yəni, cib kitabı şəklində buraxmışdım), bəziləri dedi ki, “kitabın üstündən heç nə anlamaq olmur, bu adamlar kimdir? Elə bil bunlar tabut aparırlar”, bəziləri isə bu adamları Muhərrəm ayının Aşura günündə keçirilən əzadarlıq mərasiminə gələnləri xatırlatdığını dedi, bəziləri də dedi ki, “kitabın vərəqləri niyə sarıdır?” Ümumiyyətlə, bizdə nədənsə əvvəl kitabın xarici görünüşünə, sonra isə daxili görünüşünə, yəni, içindəkilərə fikir verirlər. Amma mən onlara demədim ki, meyvənin üzünə deyil, içinə və dadına fikir vermək lazımdır. Bəziləri isə dedi ki, “sən bunları apar yandır, kitabını təzədən, özü də yaxşı görünüşdə çap etdir”. Mənsə dedim ki, əgər bir insanın övladı olubsa və o övlad xarici görünüşdən bir balaca qusurludursa, onu aparıb öldürməlidirmi?!” Onsuz da bizdə qaranlıqda işıq deyil, məhz qaranlıqda qaranlıq axtarmaq çoxdankı adətdir. Cəmiyyətin bir xəstəliyi də var ki, yazarın yazar kimi qəbul edilməsi üçün o, mütləq ya kitab çıxarmalı, ya da Aəzrbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olmalıdır… Bir sözlə, ilk kitabımın üzü oxucular tərəfindən bəyənilməsə də, içi çox bəyənildi. Həm də həddindən çox…

Kitabın içindəkiləri bədii zövqü olan yazarlardan bir neçəsi bəyənmişdi. Məsələn, Yusif Kərimov, İlqar Fəhmi, Həmid Herisçi, Əsəd Cahangir, Əvəz Qurbanlı kimi digər yazarlar kitab haqqında çox müsbət rəy bildirdi, bu kitabda mənim (ayıb olmasın!) özüməməxsusluğumu xüsusi qeyd etdilər. Uzun sözün qısası, kitabın içindəkilərini hələ bəyənmədim deyən olmadı…

~~~

Bir azərbaycanlı yazarın taleyi əsasən belə olur: O, zəhmət çəkib, tər töküb, gecəsini gündüzünə qatıb əsər yazır. Gedib ondan-bundan borca pul tapır, nəşriyyata gedib bir kasıbyana kitab çıxardır, sonra o kitabları özünə yükləyib gəlir bir-bir şəhərdəki (onsuz da barmaqla sayılacaq qədər) kitab mağazalarına ki, bu kitabları satışa versin. Hələ mən kitab dükanlarının yazara qoyduğu minnəti burada qeyd etmirəm. Kitabın necə satılacağını isə təbii ki, Allah-Təaladan başqa heç kim bilmir. Yəni, Azərbaycanda kitabdan qazanc götürmək xəyalı olduqca fövqəladə və son dərəcə möcüzəli bir işdir. Doğrudan da o boyda 2009-cu ildə baş verən beynəlxalq maliyyə böhranına bac gələn varlı Azərbaycan Respublikasının başıbəlalı kasıb bir yazıçısı, pul tapa bilmir ki, yazdıqlarını toplayaraq gedib özünə bir ala-babat kitab çıxartsın. Bəzi yazarlarımız isə pulsuzluqdan heç əsər də yaza bilmirlər. Çünki onların buna nə vaxtları var, nə də imkanları. Yazarlıqdan pul qazanmaq qane etmədiyinə görə yazar məcbur qalaraq gedib özünə başqa iş tapır. Nə işi olur, olsun, təki zəhmət çəkib, tər töküb günə beş-on manat pul qazanıb evinə gətirərək sənət, ədəbiyyat, yazar və bu kimi digər məfhumları hələ də anlamayan uşağına yedirtsin. Özü bir qarın ac, bir qarın tox olsa belə, fərq etməz. Həmçinin bu cılız qazancı ilə digər tələbatlarını ödəyə bilməsə belə…

~~~

Mədəniyyət və Turizm Nazirliyinin Gənclər və İdman Nazirliyi ilə birgə 17-18 aprel 2008-ci il tarixində keçirdikləri “GƏNCLİK – GƏLƏCƏYİN SƏSİ” adlı RESPUBLİKA GÖRÜŞ-SEMİNARIna bir gənc yazar kimi mən də dəvət almışdım. Görüş-Seminar Zuğulbadakı “GƏNCLİK” Beynəlxalq Turizm Mərkəzində keçirildi. Bu tədbirdə kifayət qədər istedadlı gənc sənət adamları iştirak edirdi (yazıçı-şairlər, teatr-kino işçiləri, musiqiçi-bəstəkarlar və sairə). Üç gün baş tutan tədbirdə hər iki nazirliyin əməkdaşları hər gün ac qarına üç-dörd dəfə gəlib başımızı az qala xarab edərək biz yazarlara bu sözləri deyirdilər: “Gənclər, Azərbaycan ədəbiyyatının gələcəyi indi sizin əlinizdədir. Baxın uşaqlar, siz heç nəyə fikir verməyin, ancaq yazın. Dram yazın, tamaşaya qoyub sizə yaxşı qonorar verək. Ssenarilər yazın, çəkək, yazılarınızı kitab şəklində çap etdirək. Amma siz təki yazın, qalanı bizim boynumuza, bizlikdir. Sizin başqa işiniz olmasın”. Biz də yazdıq, daha sonra bizimlə birgə olan uşaqlar gedib həmən bu iki nazirliyə müraciət etdilər ki, vəd vermisiniz, indi gəlin vədinizə əməl edin. Bu nazirliklərin ikisi də gənc yazarlara sonda bir barmaq hesabı göstərib dedilər ki: “Krizisdir, hələlik heç nə edə bilməyəcəyik”…

Mənsə burada bir haşiyə çıxıb diqqəti digər bir məqama yönəltmək istəyirəm. Gənclərin bu tədbirində idmançılar iştirak etməsə də, həmən günlərdə onlar da burada istirahət edirdilər. Yemək vaxtı yemək zalında gənclər üçün hazırlanmış stollardan bir sırası onların oturması üçün nəzərdə tutulmuşdu. Digərləri isə bizlərçün. Fürsət tapıb gözucu idmançıların oturduğu stolun üstündəki süfrədə qoyulan yeməklərə baxdım. Sonra isə biz oturduğumuz stolların üstündə olan süfrədəki yeməklərə. Balaca bir müqayisə aparıb gördüm ki, onların yeməkləri bizim yeməklərdən bir az fərqli və çoxdur. Bu məqamda barmağımı dişləməsəm də, fərqinə vardım ki, ölkəmizdə idmançıların hörməti daha çoxdur. Nəinki biz yazarların. Belə baxanda onlar heç olmasa xaricə gedib hər il bir mükafat qazanıb vətənə gətirir, ölkəmizin bayrağını vətəndən kənarda yüksəldirlər. Deməli onlar vətənə bizdən daha çox faydalıdırlar…

~~~

Satışa buraxmaq üçün yenə kitablarımı özümə yük edib, doldurdum çantama. Çantamı da çiynimə atıb düşdüm şəhərin canına və şəhəri gəzib (adları az qala qızıl kitaba düşəcək) bir neçə kitab mağazasına üz tutdum. Birinci kitab mağazasında kitabıma baxıb dedilər ki, “kitabın çox balacadır, o biri kitabları içində itib-batacaq”. İkinci kitab mağazasında dedilər ki, “yox, kitabı bəyənmədik, görünüşü yaxşı deyil”. Üçüncü kitab mağazasında isə dedilər ki, “indi şeir oxuyan yoxdur”. Yalnız bu mağazalardan birinə satış üçün kitablarımı verdim, qalan kitab mağazalarından isə heç birinə satışa qoymağa kitab vermədim. Əsəbiləşib bayıra çıxdım və daha heç bir kitab mağazasına daxil olmadım, elə bir baş yollandım evə. Bir anlıq öz-özümə fikrləşdim ki, kitablarımı kitab dükanlarına deyil, bəlkə bazarlara aparsaydım, daha yaxşı olardı. Yaxşı, bəs indi mən nə etməliyəm? Bunun isə bir cavabı var: kitabları yalnız özüm- fərdi şəkildə, əldə satmalıyam. Özü də metroda, vaqonun içində. Məsələn, elə bax belə: “Mən şairəm, yazıçıyam. Şeirlər, hekayələr, məqalələr yazıram, tərcümələr edirəm. Əlimdəki bu kitabı mən yazmışam. Özü də ki, bu mənim ilk kitabımdır. Kitabın adı “YAŞASIN ÖLMƏK!” adlanır. Kitabda mənim müxtəlif vaxtlarda və müxtəlif janrlarda yazdığım qısa şeirlər toplanmışdır. Alın, oxuyub “yoruldum” deməyəcəksiniz. Bir oxuyan bir də oxumaq istəyəcək. Qiyməti: bir manatdır. Amma bir şey də var ki, bu kitabı ac qarına oxumaq oxuculara məsləhət görülmür!..”

Qeyd: 300 tirajla çap edilmiş kitabımın 5 ədədini pulla, qalan 295 ədədini isə pulsuz satdım (yəni, hədiyyə etdim)…