Serhan Horasan: “Susuz ev”

«Divara söykənmə – yıxılır, insana güvənmə – ölür»

Sultan Süleyman Qanuni zamanında İstanbul davamlı bir su problemi içərisində idi. Şəhərin əhalisi artdıqca və əhatə dairəsi genişləndikcə problem daha da dərinləşirdi. Sultan Süleyman vəziyyəti görüb, dövrün ən məşhur memarlarından biri olan Memar Sinanı yanına çağırtdıraraq dedi:

- Memarbaşı, xalqımızın suya nə qədər möhtac olduğunu sənə xatırlatmağa yəqin ki, ehtiyac yoxdu. İş o yerə çatıb ki, bir at yükü suya xeyli miqdarda qızıl ödəyirlər! Əcəba, bu problemi həll etmək üçün şəhər memarları bir şey düşünmürlərmi? Memarbaşı:
– Sultanım, siz icazə verin, mən İstanbulun ətrafını bir az gəzib-dolaşım. Kənardakı su mənbələrindən şəhərə su gətirməyin mümkün olub-olmadığını yoxlayım. Yalnız bundan sonra sizə dürüst bir cavab verə bilərəm.
Memar Sinan bunu deyib, atına mindi, köməkçilərini də yanına alıb düzəldi yola. «Çəkməcə» adlanan yerdən tutmuş Beşiktaşa qədər İstanbul ətrafı bütün dərələri-təpələri bir-birinə vurdu, axar suları diqqətlə tədqiq etdi. Bu suların qarşısı kəsilərək bənd vurulacağı təqdirdə suyun hansı səviyyəyə qalxa biləcəyi, haradan haraya kəmər çəkilərək İstanbula gətirilə biləcəyi barədə uzun-uzadı ölçü-biçi aparandan sonra Qanuninin hüzuruna gəldi.
Sultan ondan soruşdu:
- Hə, memarbaşı, indi de görüm İstanbula su gətirmək mümkündü, ya yox?
Memar şəhərə suyun hansı əzab-əziyyətlər və xərclər bahasına başa gələcəyini çox ehtiyatla sultana bildirmək istəyirdi. Ona görə də dedi:
- Bəlkə də mümkündü, sultanım, ancaq bunun çox ağır bir şərti var…
- Nə şərtdi o elə?
- Sultanım, bunun üçün qızıl dolu kisələri gərək uc-uca düzəsən, – deyə memar cavab verdi.
Qanuni bir az əsəbilşmiş halda:
- Memarbaşı, sən mənə yalnız İstanbula su gətirməyin mümkün olub-olmadığını söylə!
Yetər ki, bu mümkün olsun, lazım gəlsə, mən kisələri uc-uca da düzdürərəm, yan-yana da!
Bu sözlərdən sonra Memar Sinan qollarını çirməyib, arxayınca işə başladı. Uzun-uzadı əziyyətlər öz bəhrəsini verdi: artıq şəhərin bir sıra meydanlarına gələn su ümumi çeşmələrlə axıdılmağa başlamışdı. Çox keçmədən bu çeşmələrin sayı qırxa çatdı və «Qırx çeşmə» adıyla məşhurlaşdı.
O vaxtlar indiki kimi su boruları və kranları yox idi. Ona görə də sular boş-boşuna axıb gedirdi. Lakin insanlar çox bahalı və əvəzedilməz neməti artıq bostanlara, yollara axıtmaq istəmirdilər. Bu zərurətdən lülə deyilən su kranları ixtira edildi və çeşmələrə qoyulmağa başladı. Suyun hansı xərclər və əziyyətlər bahasına başa gəldiyini nəzərə alan Sultan Qanuni belə bir fərman imzaladı: «İstanbul meydanlarındakı ümumi çeşmələr xalqın malıdır. Heç kəs bu çeşmələrdən gizlicə yer altından evinə su çəkə bilməz». Amma sultan bu ümumi qaydaya Memar Sinana aid bir istisna da əlavə elədi: «Sən İstanbula həyat verdin, gözəl işinlə nəhayətdə «Qırx çeşmə» sularını şəhərə gətirdin. Bu xidmətinin müqabilində sən xüsusi olaraq evinə bir lülə su çəkdirə bilərsən». Beləliklə, Süleymaniyyə civarındakı meydan çeşməsindən Sinanın evinə ayrıca su çəkildi və Memar Sinan, evində xüsusi suyu olan yeganə şəxs oldu…

~~~

İllər bir-birini əvəz edirdi. Artıq Memar Sinan yaşının ixtiyar çağlarındaydı. Bu illər ərzində o, öz gözəl memarlıq nümunələri olan əsərlərini – Şahzadəbaşı, Süleymaniyyə camelərini və Ədirnədəki Səlimiyyə camesini yaratmışdı. Zaman isə öz işindəydi. Memar Sinanın nüfuzunun və hörmətinin çox yüksək olduğu zamanlarda onun işini qiymətləndirənlər və təqdir edənlər bir-bir dünyadan köçmüşdü. Sultan Süleyman da vəfat etmiş, yerinə başqa padşahlar gəlmişdi. 99 yaşlı Sinan, onu layiqincə tanımayan yeni bir nəsillə üz-üzəydi. Ətrafındakı dostları da aradan getdikdən sonra İstanbulda tək-tənha qalan memar, olduqca zor anlar yaşayırdı…
Belə günlərdən birində Memar Sinanın qapısı döyüldü. Qoca memar əsasına dayanaraq gəlib qapını açdı və qarşısında tanımadığı bir şəxsi gördü. Memar «buyurun, kimsiniz, nə istəyirsiniz» deyə soruşdu. Qapını döyən şəxs cavab verdi:
- Mən Topqapı Sarayının poçtalyonuyam. Sizi divana çağırırlar, nəyə görə çağırdıqlarını bilmirəm, amma hər halda sorğu-suala tutulacaqsınız.
Memar Sinan bu ixtiyar halında, dostlarının hamısının köçüb getdiyi, özünü əsərləri tikildiyi zamanlarda görənlərin qalmadığı bu ixtiyar dünyada «Əcəba, Topqapı Sarayına niyə çağırılıram görəsən?» deyib əsasına söykənə-söykənə saraya yollandı.
Memarbaşı saraya girərkən orada bir dindirmə heyəti qurulduğunu gördü. Qazılar, alimlər və müftilər o zamanın vəkilləriydi. Dindirmə heyəti Sinana müraciət etdi:
- Sinan ağa, haqqınızda şikayət var. Evə su çəkməyin yasaq olduğu, padşahın bu haqda fərmanında «heç kimsə evinə xüsusi olaraq su çəkdirməsin» buyurduğu halda sizin evinizdə xüsusi su xətti varmış.
- Bəli, elədir. Mənim İstanbulda göstərdiyim su xidmətindən dolayı padşah özü mənə bu icazəni vermişdi.
- Elə isə, bu haqda xüsusi icazənizi və ya fərmanı göstərin, biz də bilək və səsimizi çıxarmayaq.
- Mən o zaman Sultan Qanunidən fərman istəməyi rəva bilməmişdim. Odur ki, indi əlimdə heç bir rəsmi icazə kağızı, fərman-filan yoxdu, amma su mənim evimdə axır. Memarbaşının cavabı divanı müşkil duruma saldı. Başlaydılar müzakirəyə. Biri dedi: «Sinanın doğrudan da böyük xidmətləri olmuşdur, qoyun evində suyu axsın». Başqaları isə bu fikrin əleyhinə çıxdı: «Ali-Osmana xidmət edən təkcə Sinandırmı? Onun kimi daha neçə xidmət edənlər vardır. Ya onların da evinə su çəkilsin, ya da Sinanın bu xüsusi hüququ tanınmasın».
Uzun müzakirələrdən sonra divan belə bir qərar qəbul etdi: «Sinan kimi digər xidməti olanların da evinə ayrıca su çəkilməsi imkan xaricində olduğundan Sinana verilən su kəsilməlidir, ancaq indiyə qədər fərmansız olaraq sudan istifadə etdiyi üçün də memara bir cəza verilməməlidir».
Bu qərardan sonra qoca Sinan evə qayıtdı. O, çox üzgün, fikirli idi, amma bir o qədər də mütəəssir olmamışdı. Çünki Sinan nə eləmişdisə, yalnız və yalnız Allaha xatir eləmişdi, özünə hansısa imtiyazlar və ya xüsusi bir mükafat verilməsi naminə yox!

~~~

Memar Sinan 100 yaşına girərkən xəstələndi və yatağa düşdü. Ölüm ayağında ikən ətrafındakılar bir bezi suya batırıb onun dodağına sürtmək istədilər, fəqət baxdılar ki, evdəki su kranından su axmır. Beləcə, İstanbula su gətirən Memar Sinan susuz evdə vəfat etdi…
Qoca memar hələ can verərkən bu kədərli hadisə barədə yatağı ətrafında təəssüflə danışanlara belə bir ibtəramiz cavab vermişdi: «Biz xidmətimizi dünyada bir bardaq suya satacaq qədər mənfəət düşkünü deyilik. Biz xidmətimizi yalnız Allah rizasına yapdıq və mükafatını da axirətdə gözləyirik. Dünyada evimizə su verilmədiyi üçün mütəəssir deyilik».
Bəli, bu, bir tarixi olaydır və bu olayın bizlərə verdiyi önəmli mesajlar vardır: – dünyada şana, şöhrətə, dosta, qohuma, kiminsə sənə arxa durmasına çox da güvənməməli;
- dünya o qədər də güvəniləcək, insanlar o qədər də bel bağlanacaq qədər vəfalı deyildir;
- şərtlər dəyişir, bu gün arxamız çox sağlam yerdə olur, çox etibarlı insanlarla yaxınlığımız olur, ancaq sabah bir də baxırıq ki, dayanacaq kimsə qalmayıb, hamısı köçüb gedib. Necə deyərlər, «divara söykənmə – yıxılır, insana güvənmə – ölür».

(Ə.Q) Elə isə, dərk etməliyik ki, fani olanlara arxalanmaq, fani şeyləri özünə qayə etmək əbəsdir. Əzəli və əbədi, tapınmalı və pənah aparmalı yeganə kimsə Allahdır. Yalnız Ona arxalanmalı, Ona güvənməli, gördüyümüz işləri, elədiyimiz xidmətləri yalnız Onun rizası üçün eləməliyik.

Türkcədən çevirəni: Əvəz Qurbanlı

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...