Əvəz Qurbanlı: “Zərbalının topu “

Zərbalının topu və ya Azeriblog admininə novellasayağı açıq məktub

Vallah, adamın heyfi gəlir uşaqlıq xatirələrini oyadan bir əhvalatı bu günlərdə baş vermiş hansısa hadisəyə məsəl olaraq gətirsin. Ancaq bu məsəl Azeriblog saytının admininin son zamanlar fəaliyyətinin izahı üçün elə yerinə düşdü ki, vaz keçə bilmədim.

Bizim köydə zamanlar əvvəl, Zərbalı adlı bir uşaq varmış. İndi o artıq həyatda yox. Qocalıb dünyasını dəyişmiş, Allahın rəhmətinə getmiş…

Zərbalının bir topu varmış, rezin, özü də deşik, deşik yerinə tıxac vurulmuş, yarı havası çıxmış bir top. İndinin əksər uşaqları üçün nə qədər əhəmiyyətsiz olsa da o vaxtların bütün uşaqları üçün göydəndüşmə bir əyləncə vasitəsi! Top köhnə idi, deşik idi, rezin idi, hər nəydisə də reallıq bu idi ki, məhəllədə ondan başqası yoxuydu.

Uşaqlıq dövrünün qəribə xüsusiyyətləri olur. Biri budu ki, uşaqlar başqalarından seçilmək üçün hər vasitədən istifadə edir və özlərinin üstün saydıqları cəhətlə öyünürlər. Zərbalı da başqa uşaqlara öz üstünlüyünü diktə etmək üçün həmin rezin, deşik topundan istifadə edərmiş.

Məsələn, olurmuş ki, məhəllə uşaqları arasında kimin-kimdən güclü olması barədə mübahisə düşürmüş. Zərbalı bu mübahisələrdən məğlub çıxmağını özünə qarşı təhqir sayırmış, istəyirmiş hamı onun güclü, məğlubedilməz olduğunu etiraf eləsin. Ancaq iki qoçun başının bir qazanda qaynamadığı, hər kəsin özünü daha qoçaq hesab elədiyi məhəllədə Zərbalıya bu xoşbəxtlik hələm-hələm nəsib olmazmış.

Bir o qədər güclü olmasa da, Zərbalı ağılsız uşaq deyildi, məhəllə uşaqlarının zəif yerlərini gözəl bilirdi. Söz güləşindən məğlub çıxdığı, çarəsinin kəsildiyi anlarda kinini içinə toplayıb saxlayarmış top-top oyununa.

Oyunun şirin yerində Zərbalı, topu meydançadan qəfil götürüb uşaqları məyus edərmiş. Allah köməyi olmuş, bunun üçün elə vaxt seçirmiş ki, uşaqların ona yalvarmaqdan başqa çarələri qalmazmış. Dil töküb, başına dönüb, qurban olub, qadasını alırmışlar ki, təki Zərbalı topu ortaya atsın. Eynilə siyasətdə olduğu kimi diktə zamanı!

Və Zərbalı bu zamandan istifadə edərək top əvəzinə ortaya, yanında nidası olan sual atırmış: “Hə, indi kim güclüdü?!”.

Əlbəttə, məhz belə anlarda Zərbalının “güclü” olmasına heç şəkk-şübhə yox idi və uşaqlar da Zərbalının yox, bu vəziyyətin ortaya qoyduğu məntiqin gücü qarşısında məğlub olduqlarını bir ağızdan etiraf edirdilər: “Sən güclüsən, Zərbalı, sən güclüsən!” – deyərək topun yerə atılmasını həsrətlə gözləyərmişlər. Bütün gözlər onun əlinə dikilirmiş – bax, bundan böyük xoşbəxtlik yox idi Zərbalı üçün! Və xahiş-minnətin, yalvarışın sədaları altında, tələsmədən, bu səadətli anların ömrünü bir az da uzada-uzada topu yerə buraxarmış Zərbalı. Bu an elə bil uşaqlara sözün həqiqi mənasında bir dünya verirmişlər – sanki top əvəzinə göydən bir planet atırmışlar onların qabağına.

Səncə, kimsə cürət edib top sahibinə “sən yox, filankəs güclüdür” deyə bilərdimi həmin anda? Bir dəfə belə bir hal olmuşdu da. Uşaqlardan biri top-top oyunu zamanı Zərbalıya demişdi ki, mən səndən güclüyəm! Ancaq bu iddia təkcə həmin uşağa yox, bütün oyun iştirakçılarına baha başa gəlmişdi – Zərbalı nəinki topu yerdən götürmüşdü, hələ üstəlik, topun deşik yerinə vurduğu tıxacı da çıxararaq havasını bir az da boşaltmışdı. Bu, o demək idi ki, həmin gün top-top olmayacaq! Məhəllə uşaqları üçün o gün ən faciəvi günlərdən biri kimi yadda qalmışdı və dərsdən yayınaraq məhəllədə top-top oynamağa üstünlük verənlər üçün əsl dərs olmuşdu…

İndi deyəsən Azeriblog admini özünü Zərbalının, bloq istifadəçilərini isə məhəllə uşaqlarının yerinə qoyub. Onun blog sistemində qeydiyyatdan keçənlər nə demək istədiyimi gözəl anlarlar. Müxtəlif təbəqələrdən olan minlərlə insanın özünə şəxsi blog yaratdığı sayt yalnız ilk dəfə pulsuz blog sistemi kimi meydana atılanda onları sevindirib. Sonrakı vaxtlarda isə minlərlə insanı dəfələrlə promlemlərlə üz-üzə qoyub, onlara əsəb gərginliyi yaşadıb. Dəfələrlə “serveri köçürmək” bəhanəsilə admin saytı bağlayıb. O saytı ki, minlərlə insanın gündəlik həyat tərzinin dinamik hissəsinə çevrilib. Son “server dəyişikliyindən” sonra isə artıq Azeriblogun “pulsuz blog” nağılı başa çatıb. İndi isə saytda müxtəlif hoqqalar çıxarmaqla ayağını yerə dirəyib, istifadəçilərdən pul tələb edir Ərdəbilli qardaşımız Fərhad. Bilmirəm nə dərəcədə ehtiyac var bunu xatırlatmağa ki, istifadəçilər sadə bir bloga pul xərcləməkdənsə, həmin pulla gedib özlərinə keyfiyyətli bir sayt yaradarlar…

Bütün məhəllə uşaqları adından sənə yalvarırıq, Fərhad bəy, topu yerə at, hamıdan güclü sənsən!

Post a Comment

Your email is never published nor shared. You're allow to say what you want...