Author Archives: Leyla Mətin

Boş şeydir

Səni sevdiyini söyləyən
saysız adamların içində
dost axtarmaq qədər mənasız,
Qulağını oxşayan,
bəzəkli cümlələrin içində
səmimiyyət tapmaq qədər çətindir yaşamaq.
Zənn edərsən ki, var olduğuna dəlildir,
Və anlarsan ki, dayandırmaq istədiyin,
ən gözəl anlara qənimdir.
Boş şeydir!
Sadəcə və sadəcə ölməyə zəmindir
yaşamaq.

Qorxu

Heç kimdən bu qədər utanmamışdım,
Bu gün səndən utandığım qədər.
Sən gözümün içinə baxa-baxa yalan söyləyəndə
Çəkdim gözümü üzündən,
Utandım gözündən,
İnanmadığımı anlarsan deyə gözümdən,
Zillədim onları çayıma…
Qoydum özümü axmaqlığa ki,
Əmin olasan inanmağıma…

Uzaqsan

Biz yastıq qonşusu, yad insanlarıq,
Əlim əlindəykən məndən uzaqsan.
Cismimin sahibi sən olsan belə,
Mənim içimdəki “mən”dən uzaqsan.
Bu cavan yaşımda bəxtin duluyam,
Arşınınla ölçmə, səndən duruyam.
Səninçün həmişə bahar gülüyəm,
Məndəki çiskindən, çəndən uzaqsan.