Arzularım zəncirlənib
Ömrümün zindanında…
Qədrini bilmək istəmirəm bəxtimə düşən anın da.
Ümidlərim yol gedir
Yıxıla dura.
Sabahlar da sənsiz açılır
Könlümü qıra qıra.
Daha gülə bilmirəm
Gözlərimin içinə.
Sevgimiz vəsiyyət etmişdi mənə
Keçinə-keçinə:
Çalış heç kimi sevmə….
Bu gün sahilə getdim,
Çünki sonsuz sualların,
Canlı-cansız xəyalların,
Hisslərin, duyğuların,
Yarıgerçək yuxuların,
Arasında itən məndim.
Bu gün sahilə getdim,
Özümü də sənlə birgə tapım deyə.
Bəlkə onda heç olmasa
Mən də, mən də hamı kimi
Şirin yuxu yatım deyə.
Bu gün gözlərimdən yaş düşdü yerə,
Qaldıra bilmədim gücüm çatmadı.
Elə bil mən boyda daş düşdü yerə,
Daşa qovuşmağa ömür çatmadı.
Yol gəldi həyatdan ölümə qədər,
Torpağın çiynində getdi göz yaşım.
Ağladım yaşımın ilinə qədər,
Sevginin qoynunda itdi göz yaşım.